Qələvi məhlullarla təsir üsulu layda natrium sabunlarını əmələ gətirir ki, bu da səthi gərginliyi azaldır və neftin suda emulsiyasını yaradır. Yataqlardan çıxarılabilən əlavə neftin miqdarı emulsiyanın parametrlərindən və layda olan neftin paylanmasından asılıdır. Beləliklə, laylara qələvi məhlulu ilə təsir etdikdə yüksək dispersli emulsiya dalğası əmələ gəlir ki, bu da neftvermənin artırılmasına təsir edir.
Üsulun tətbiqindən qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 100 mPas qədər, neftlədoyumluluq 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, neftin sıxlığı 850-980 kq/m3, lay temperaturu 1000C -yə qədər və s. olduqda daha yüksək effekt alınır. Əlverişsiz amillərdən layların çatlılığı, gilliliyin çox olması və lay sularının yüksək minerallaşması hesab olunur. Müəyyən olunmuşdur ki, laylara qələvi məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 5-10% artırmaq mümkündür.
Polimerlərlə təsir üsulu. Neft yataqlarının işlənilməsinin effektivliyi məsamələrdəki neftin müxtəlif üsullarla sıxışdırılıb çıxarılmasından asılıdır. Laya vurulan suyun özlülüyü lay neftlərin özlülüyündən kəskin fərqləndiyindən onun sıxışdırıcı qabiliyyəti yüksək olmur: müxtəlif modifikasiyalarla laya vurulan su yüksək keçirici kanallarla işlək quyulara doğru hərəkət edərək neftlərin məsaməli mühitdən maksimum yuyulmasını təmin etmir. Odur ki, laya vurulan suya polimerlər əlavə edilir ki, bu da onun özlülüyünü artırır. Nəticədə, lay neftlərinin daha aktiv yuyulmasına şərait yaranır, suvurma prosesinin səmərəliliyi yüksəlir.
Üsulun tətbiqi qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 10-100 mPa·s olduqda, süxurların neftlədoyumluluğu 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 900C-yə qədər, gillilik zəif (8-10%-ə qədər) olduqda daha yüksək effekt verir. Əlverişsiz amillər isə layların çatlılığı, süxurlarda yüksək gillilik və suların codluluğu hesab olunur. Müəyyən olunmuşdur ki, laylara polimer məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 7-10% artırmaq mümkündür.
Mitselyar məhlullarla təsir üsulu. Məlum olduğu kimi, yataqların işlənilmə prosesində neftin sahəvi yerdəyişməsinin səlis formasına nail olmaq çox çətindir: yataq sahəsində müxtəlif formada qeyri-müntəzəm qaydada paylanmış qalıq neftli zonalar mövcud olur. Onların yaranmasına səbəb isə süxur məsamələrində yerləşən neftlərin özlülüyü, kapilyar və səthi-molekulyar qüvvələr və s. amillərdir. Belə şəraitdə neftin bərabər formalı hərəkətini təmin etmək üçün qeyd olunan qüvvələrin təsirini azaltmaq lazımdır. Məhz bu məqsədlə laylara mitselyar məhlullarla təsir etdirilir.
Suvurma prosesində mitselyar məhlulların istifadəsi yataqların işlənilməsinin bütün mərhələlərində yaxşı effekt verir.
Üsulun tətbiqi qumlu kollektorlarda layın qalınlığı 25 m-ə qədər, neftin özlülüyü 15 mPa·s-dan kiçik, neftlədoyumluluq 25%-dən çox, süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 70-900C qədər, duzluluq 5 mq/l olduqda yüksək effekt verir. Əlverişsiz faktorlara kollektorların çatlılığı, suların codluluğu aiddir.
Mitselyar məhlulların suvurma prosesində tətbiqi yataqların son neftvermə əmsalını 8-15% artıra bilər.
Köpüklə təsir üsulu. Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Məsaməli mühitə köpük vurulmasının əsas nəticəsi layların su keçiriciliyini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. Köpük maye halında emulsiyalı qazdan ibarətdir. Köpüyün maye fazası su, turşu və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azotdan ibarət olur və bəzi hallarda SO2-dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv qalınlığı 20 m qədər, neftin özlülüyü 1-100 mPa·s, qeyri-bircinsli kollektorlarda, çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,05 mkm2, neftlədoyumluluq 50% çox, lay temperaturu 900C - qədər olduqda yüksək effekt alınır. Köpük vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3-4% artırmaq mümkündür.