İSKİT VƏ SAKLARIN MƏNŞƏYİ VƏ ETNİK MƏNSUBİYYƏTİ
Ayrı - ayrı aşşur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən Tuqdamme (Toxtamış) bir yerdə "umman manda hökmdarı" adlandırılır. İ. M. Dyakonova görə, buradakı "umman manda" adı kimmerlərə verilən addır. Onun fikrincə, "Umman manda" və "Maday" Midiyanın fərqli adları olmuşdur. Kameron isə hesab edirdi ki, "umman Manda"lılar iskitlər idilər və Kiaksar e.ə. 612 - ci ildə iskitləri özünə tabe etdikdən sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır.
"Manda" kəlməsini "kim bilir" kimi tərcümə edən B. Landsberqer və T. Bauer bildirirlər ki, bu adla bir çox xalqların koalisiyası ifadə edilmişdir. B. B. Piatrovski və İ. Əliyevin fikrincə "umman manda" adıyla midiyalılar və şimal köçəriləri adlanmışlar.
Şübhəsiz ki, bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olmuşdur: bütün bu xalqlar, yəni həm kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar (midiyalılar) eyni etnosun ayrı - ayrı qrupları, başqa sözlə, soy və boyları idilər. Əslində bu məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı onların hansı etnosun qrupları olduqları və hansı dildə danışdıqları barədədir. Bəziləri onları irandilli hesab etməkdə, digərləri isə türkdilli olduqlarında israr etməkdədirlər. Birinci versiyanın tərəfdarları əsasən tarixçilər, ikinci versiyanın tərəfdarları isə əsasən dilçilərdir. Birincilərin arqumentləri o qədər əsassız və məntiqsizdir ki, həmin versiya üzərində durmaq belə mənasızdır. İkincilərin arqumentləri isə təkzibedilməz faktlara söykəndiyi üçün tədqiqatımız baxımdan böyük önəm daşımaqdadır. Çünki bütün bu etnik qruplar Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmişlər.
Qeyd edək ki, yunanların "iskit", farsların isə "sak" adlandırdıqları bu qohum xalqlara aid indiyə qədər Avrasiyanın geniş düzənliklərindən - Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahllərinə qədər yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.
Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ. M. Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır.
Eynən Oranski kimi iskitləri və sakları irandilli hesab edən R. Fray yazmışdır:
"İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idilər... Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsirlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır. Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib olmuşlar."
B.Q.Qafurov bildirir:
"İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə və indiki dövrə nisbətən daha geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur."
E.A.Qrantovski yazmışdır:
"E.ə. l minillikdə irandilli tayfalar və xalqlar bizim ölkəmizin (keçmiş SSRİ - nin) - Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər.
Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözüge-dən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.
Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V. İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də, Herodot da daxil olmaqla, bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun iskitlərin ilkin vətəni kimi Araz çayı sahillərinin adını çəkməsi və Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdu. Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.
A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək, yazmışdır:
"Buradan bir qədər şərqdə - Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan... qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlərin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdilər."
A. İ. Terenojkin isə başqa, gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:
"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar."
İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu Herodotun öz yazdıqları sübut edir:
"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..."
"(Farslardan, midiyalılardan, saspirlərdən...) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir..."
İkincisi ona görə ki, iskit - sak dairəsinə daxil olan xalqların - kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı-larda onlardan məhz Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:
"Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır...
(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular.
(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər."
Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya (Maday) torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir:
"Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayının keçib kimmerlər ölkəsinə gəldilər."
Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə Vll əsrdən Azərbaycan sakinləri olduqlarını bütün mənbələr birmənalı şəkildə təsdiqləyir. Yəni iskitlər Azərbaycana kənardan gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. Kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da var idi.
Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947 - ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R. Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir.
M. A. Dandamayev və V. Q. Lukonin xəzinə barədə yazmışlar:
"Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi rayonları ilə normal əlaqələr üçün münasib deyildi. Bu üzdən də bir çox əşyalar, ilk növbədə də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır."
Sözügedən xəzinəyə aid 341 əşyanın (43 - ü qızıldan, 71 - i gümüşdən, 103 - ü fil sümüyündən) tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir. Bir vaxtlar İranın Arxeoloji Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdi. "Heyvani üslub" terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaların çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.
Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu incəsənətin iskit incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin "Manna" incəsənəti olduğunu bildirmişdir. Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində "Zubie qalası" kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu söyləyərək göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O, Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir.
R. Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Güney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqan-larından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını iddia etmişdir.
Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y.Y. Kuzminadır. O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir.
İskit və saklara aid edilən "heyvani üslub" barədə bir çox alimlər fikir söylə-mişlər. Bu baxımdan A. Alfoldi, D. Karter, E. Farkaş, V. Abayev, K. Şefold, İ. Yatsenko, Q. Fyodorov - Davıdov, A. Xazanov, A. Şkurko, M. Rostovtsev, İ. Braginski, K. Trever, S. Tolstov, Q. Puqaçenkova, S. Rudenko, B. Litvinski, V. Lukonin, D. Rayevski, Q. Bonqard - Levin, A. Akişev, B. Mazolevski, V. Qolmsten, A. Qraç, L. Dyula, Q. Qeybullayev və s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmişlər.
Məsələn, A. M. Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə, B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir:
"Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə.Vll - Vl əsrlərə aiddir. Beləliklə aydın olur ki, Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub) adətən, Amu - Dərya və Volqa tərəfdən gələn iskitlərlə əlaqələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb."
Maraqlıdır ki, iskit incəsənətinin Ön Asiyanın mədəni xalqlarının incəsənətinin təsiri ilə formalaşdığn söyləyən təkcə A.M. Xazanov deyildir. Bənzər fikri bir çox digər rus alimləri də dilə gətirmişlər. Belələri içərisində M. Dandamayev və V. Lukoninin adlarını da xüsusi çəkmək lazımdır. İskit – sak incəsnətinin, bütövlükdə Manna mədəniyyətinin guya Aşşur və Urartu mədəniyyətinin təsiri ilə formalaşdığını iddia edən bu alimlər fikirlərini isbat etmək üçün e.ə Vlll əsrə aid Aşşur və Uratu sənət nümunələri içərisində rast gəlinən paralelləri misal çəkmişlər. Fəqət e. ə. Vlll əsrə aid incəsənət əsərlərinin e.ə. lX əsrdə, yəni özündən 1 əsr öncə yaranmış iskit – sak (Manna) mədəniyyətinə necə təsir göstərə biləcəyini izah etməmişlər. Məsələn, M. Dandamayev və V. Lukonin birlikdə qələmə aldıqları “Qədim İranın mədəniyyəti və iqtisadiyyatı” (M. 1980) adlı kitabın 91 – ci səhifəsində Ziviyədən və Həsənludan tapılan Manna, eləcə də iskit – sak incəsənət nümunələrinin e.ə lX əsrə aid olduğunu təsdiq edirlər. Həmin kitabın 92 – ci səhifəsində bu mədəniyyətin Aşşur və Urartu mədəniyyətinin təsiri ilə yarandığını iddia edən bu müəlliflər bu iddianı “sübut etmək” üçün 95 – ci səhifədə e.ə. Vlll əsrə aid Aşşur barelyefindəki bir təsviri misal gətirirıər.
Qəribədir, deyilmi? Açıq - aydın görünür ki, bu cür cəfəng, qeyri – elmi və qeyri – məntiqi fikrlərin ortaya atılmasında məqsəd Azərbaycan (Manna) – türk (iskit) mədəniyyətinin özünəməxsusluğunu və önəmini azaltmaq, buna kölgə salmaqdır. Həqiqət isə budur ki, şumer mənbələrindən göründüyü kimi, e.ə. lll - ll minilliklərdə Şumer mədəniyyətinə güclü təsir göstərmiş Azərbaycan – türk mədəniyyəti e.ə l minillikdə də Aşşur – Babil və Urartu (e.ə. Vlll – Vll əsrlər), eləcə də fars – Əhəməni incəsənətinə təkan vermiş, həlledici təsir göstərmişdir. Ədalət xatirinə söyləyək ki, adıçəkilən müəlliflər fars-Əhəməni mədəniyyətinin Manna – Midiya mədəniyyətinin, yəni Azərbaycan mədəniyyətinin təsiri ilə yarandığını inkar etməmişlər.
İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Artomonov "heyvani üslubun" əsas motivinin maral motivi olduğunu göstərmişdir. Bu təsbitin iskit və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində "iskit maral daşları" adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və "iskit maral daşları"nın kökləri e.ə. lX əsrdə formalaşan "heyvani üslub"dan daha qədim dövrlərə qədər uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.
Mövzu ilə bağlı tarixçi alim X. Mahmudova deyir:
"Maral daşları iskitlər dövrünün incəsənətini, ideologiyasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir. XX əsrin 70 - ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir. Belə abidələrə Kabarda - Balkar ərazisindəki Qızburun - 1 kurqanında, Rumıniyada, Dinoqeti - Tarvanadlı yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstan-da, Şərqi və Mərkəzi Qazaxıstanda, Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir.
Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”
Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təsvirlərinə Qobustanın petroqlifləri içərisində rast gəlinmişdir.
Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir. Bu dövrdə ən çox rast gəlinən petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 № - li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 № - li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.
Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər iskit - sak mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-məyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.
Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış (e.ə V əsr) dünyanın ən qədim xalısında da özünü göstərməkdədir.
Artıq qeyd etdiyimiz kimi, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ilk öncə Araz çayı sahilində yaşadıqlarını, sonradan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildirmiş, digər yunan müəllifləri isə mis alətlərin yaradılmasını, dolayısı ilə Eneolit dövrü səhifəsinin açılmasının iskitlərlə bağlı olduğunu qeyd etmişlər. Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl Vll - Vl əsrlərə aid Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz açmaqdadır. Təbii ki, Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi və yox idi də. Lakin fakt budur ki, bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.
Tarixçi alim A. Seyidov bununla bağlı bildirir:
Naxçıvan ərazisi çox - çox qədim zamanlardan, eramızdan əvvəl Vl minillikdən başlayaraq, yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-dən biri kimi çıxış etmişdir. Burada çox sayda qədim metal məmulatı nümunəsi, eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki, bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını sübut edir. Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.
Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələrindən olan Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu üzə çıxarmışdır. Kültəpənin erkən Eneolit dövründən son Tunc dövrünə qədərki bütün mərhələlərini əks etdirən və qalınlığı 22, 2 metr olan mədəni təbəqəsindən tapılan məmulatların təhlili əsasında edilmiş bu böyük kəşf sayəsində Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen mərhələsinin olduğu dünyaya məlum oldu.
Məlum olduğu kimi, metallurgiyanın yaranması və inkişafı üçün xammal bazasının olması vacibdir. Naxçıvan ərazisində belə bir baza vardır. Bu, mis, arsen və polimetal yataqlarıdır. Azərbaycanda qalaydan başqa bütün zəruri metal yataqları mövcuddur. Və bu yataqlarda malaxit, azurit, xalkopirit, helenit, sfalerit, antimonit və sairə minerallara da rast gəlinir. Onların erkən dövrlərdən emal edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri tapılmışdır. Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ, Dizixçay, Parağaçay, Göy - göl, Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”
Maraqlıdır ki, Ordubadın Nüsnüs kəndindən qərbdə "Sak dağı" adlanan bir dağ iskitlərin, daha dəqiq desək, sakların adını yaşatmaqdadır. Sözügedən kəndin ən böyük küçələrindən biri "Sak" adını daşıyır və bu küçə Sak dağının şərqindədir. Mahmud İsmayıl bu toponimlərin, eləcə də Nüsnüs kəndinin şimal - şərq, Naxçıvanın qərb istiqamətində yerləşən Saqqarsu adlı yerin də saklarla bağlı olduğunu yazmışdır .
Siciliyalı Diodorun aşağıdakı sözləri bu xalqın ilkin vətəninin Araz sahilləri olduğunu və onların məhz buradan Avrasiyanın geniş ərazilərinə yayıldıqlarını göstərməklə yanaşı, adlarının daha öncələr nədən eşidilmədiyinin, yəni daha qədim mənbələrdə hansı səbəbdən qeyd olunmadığını da anlamağa kömək edir:
"İndi də (hindlilərlə) qonşu ölkədə məskun olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdılar, lakin sonralar özlərinin artan qoçaqlığı, hərbi gücü ilə böyük ərazilər zəbt edib öz boylarını şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə özlərinə ölkə əldə etdilər... Xeyli vaxt keçəndən sonra ...Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər, Misirin Nil çayına qədər özlərinin hökmranlığını yaydılar."
Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə. 63 - b.e. 23) iskitləri əsasən iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikincilərin isə çar sarmatları və kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır. İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskitlərin sarmat adlanan hissəsi" ifadəsini işlətməkdədir.
Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü " sarmat - kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olmuşlar. Musa Kağankatlının yazdığına görə, sarmatların soy babası, Yafəsin başqa bir oğlu olan Aşkenazdır. Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit dilində danışırdılar.
Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara dəniz iskitlərindən və Don çayından şərqdə məskun idilər. Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol, Krasnodar və Rostov bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları "savromat" da adlandırmışlar. Məsələn, Herodot "savromat" yazdığı halda, eradan əvvəl lV əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovidiy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları "savromat" adlandırdıqlarını bildirmişdir.
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan (Madaydan), yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiyalıların (madayların) törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyniləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri də sarmatlardır və onlar qazaxların içərisində "şermat" və "sarmat teleu" adları ilə məşhur idilər. Bu fakt qədim Atropatenanın paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nədən qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur. Əslində isə qıpçaq elementinin Azərbaycandakı kökləri ən azı kumanların tarixi qədər qədimdir. Xatırladaq ki, e.ə. lll – ll minilliklərə aid mixi yazılarda kumanların adına “kumen” formasında, Azərbaycan və Şərqi Anadolu sakinlərindən birinin adı kimi rast gəlinməkdədir.
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıqları maday xalqının da qazaxların etnogenezində iştirak etdikləri məlumdur. Bu barədə Qiyasəddin Qeybullayev özünün rusca qələmə aldığı “Azrbaycan xalqınn etnogenezi” adlı kitabında ətraflı məlumat verməkdədir. Eyni kitabda sarmatlar barədə də yetərincə bilgi yer almışdr.
Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılarkən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl lX - Vlll əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan - maday xalqından və eradan əvvəl Vll - Vl əsrlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanın cənubunda qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri, o cümlədən eradan əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar.
Azərbaycandan iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən darmadağın edildikdən sonra bir neçə istiqamətə yayılmışdılar. Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın etnogenezində yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət bu ərazidə hökm sürmüşlər. Ücüncü qrup isə Britaniya istiqamətinə yürüş edərək, orada Britaniya dövlətçiliyinin və ilk kral sülaləsinin əsasını qoymuşdular. İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot şəhər - dövlətinin və kral sülaləsinin əsasını qoyan ser Artur sarmat idi. O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının üzərində böyük bir kurqan ucaldılmışdı. Dördüncü qrup isə Quzey Afrikya qədər gedib çıxmışdı.
Klavdi Ptolomey (ll əsr) özünün "Coğrafiya bələdçisi" adlı əsərinin "Avro-pa Sarmatiyasının mövqeyi" adlı bölümündə bu ölkənin sakinlərindən biri kimi iskit-alanların da adını çəkməkdədir. İosif Flaviy də özünün "Yəhuda savaşı haqqında" əsərində alanları iskitlərin bir qolu adlandırır.
Alanlara xüsusi bir tədqiqat əsəri həsr edən və var gücü ilə bu xalqın guya irandilli osetinlərin əcdadı olduğunu sübut etməyə çalışan V.B.Kovalevskaya məsələ antropologiyaya gəldikdə yazır:
"Katakomba tipli qəbirlərdən çıxan kəllələrinin quruluşu bir çox mütəxəssis tərəfindən incələnmişdir. Alanlar ensiz sifətli, uzun başlı cənubi avropoid irqinə məxsus olmuşlar və həm özləri ilə çağdaş olan girdəbaş tipli yerli əhalidən, həm də onların birbaşa varisləri olan müasir osetinlərdən fərqlənmişlər" .
Maraqlıdır ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən azı Mezolit dövründən tutmuş son Tunc dövrünə qədərki böyük bir zaman kəsiyini əhatə edən skeletlər uzunbaşlı kaspi-oğuz tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdə-baş kafkasion tipinin daşıyıcılarının isə bu bölgəyə çox - çox sonrakı dövrlərdə gəl-diklərini sübut etməkdədir.
Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:
“Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki- coğrafi şəraitinin mürək-kəbliyi və bu mürəkkəbliyin ayrı - ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo-antropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır. Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis - daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz” tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.”
Antropoloji tədqiqatlar bütün Qafqaz və Cənubi Azərbaycan ərazisində Me-
zolit dövründə yaradılan zəngin mədədniyyətin qurucularının məhz Azərbaycan türklərinin əcdadları olduğunu birmənalı şəkildə sübut etməkdədir. Bu faktı Qobustan ərazisində təsbit edilən və ayrı - ayrı türk soy və boylarına aid soy tamğaları da sübut etməkdədir. Mövzu ilə bağlı F. Muradova deyir:
“Qobustanda insan, heyvan, balıq və sairə təsvirləri lə yanaşı,müxtəlif işarə və tamğalara da rast gəlinməkdədir."
İskit, sak və sarmatları irandilli hesab edən bir çox elm adamı alanların da irandilli olduğunu söyləyərək, onları osetinlərin ulu babaları olduqlarını iddia etməkdədirlər. Lakin həmin alimlər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skeletlərin antropoloji cəhətdən irandilli osetinlərə deyil, qıpçaq mənşəli, türkdilli qaraçay və balkarlara uyğun gəldiyini, həmin qəbirlərdən çıxan əşyaların üzərində tük-run yazılarına və türk tamğalarına rast gəlindiyini etiraf etmiş, bunu izah etməkdə çətinlik çəkmişlər. Halbuki, bu halı izah etmək üçün alanların və asların dili haqqında Biruninin (Xl əsr) söylədiklərini yada salmaq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq və Xorəzm (karluq) dillərinin qarışığı olan xüsusi bir dildə danışdıqlarını yazmışdır.
Maraqlıdır ki, qaraçay və balkar türkləri bugünə qədər özləini alan-kumanların davamı hesab etməkdədirlər. Osetinlər də balkar türklərini "ası" və ya "asiaq" (aslar), qaraçay türklərini isə "Stur - Asiaq" (böyük aslar) adlandırırlar.
Tarixi mənbələrdə kumanların da iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə edilmişdir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:
"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur."
İskitləri "işquz” adlandıran Mahmud İsmayılın yazdığına görə, l yüzilliyin müəllifləri Pomponi Mela və Pliniy iskitləri türkdilli hesab etmiş, V yüzilin müəllifi Zozima isə yazmışdır ki, bəziləri iskitləri hunlar adlandırırlar. Xl əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli özünün Kartlis Tsxvoreba" (Gürcü çarlarının tarixi) adlı əsərində iskitləri xəzər türkləri ilə eyniləşdirmişdir. Eyni dövrə aid edilən rus salnaməsində - "Ötən illərin salnaməsi"ndə də xəzərlərlə iskitlər arasında bərabərlik işarəsi qoyulmuşdur.
Bir vaxt Atillanın qərargahında olmuş və bu böyük türk hökmdarı ilə görüşmək şərəfinə nail olmuş Prisk isə hun türklərini "çar iskitləri" adlandırmışdır. Ondan öncə isə Yevnapiy eyni fikri söyləmişdir. lV əsrdə yaşamış Misir yepiskopu Seneziyanın Roma imperatoru Arkadiyə yazdığı məktubda da hunlardan iskit kimi söz açılmaqdadır.
Vlll əsrin Bizans tarixçisi Feofan özünün "Xronoqrafiya" əsərində iskit və xəzər türkləri arasında heç bir fərq qoymur, xəzərləri iskit adlandırır. Bizans müəlliflərinin, demək olar ki, hamısı, o cümlədən Zemarx, Menandr və Simokatta türklərdən iskit kimi söhbət açmış və iskitlərin türk olduqlarını təsdiqləmişlər. Bu hal XV əsrə qədər davam etmişdir. Mençen-Helfen özünün "Hunların dünyası" adlı əsərində iskitlərlə, eləcə də kimmerlərlə hun türklərini eyniləşdirən bütün əski qaynaqları ortaya qoymuşdur.
Bu qaynaqları dərindən incələyən görkmli rus şərqşünası A. N. Bernştam haqlı olaraq yazmışdır:
“Türklərin substrat etnogenezi birbaşa hunlarla bağlıdır. Hunların sələfləri bilavasitə iskitlərdir. Həm Asiya, həm də Avropa hunları iskit bətnindən doğulmuşdur. Hunları türklələ bağlayan nəzəriyyə belə deməyə əsas verir ki, iskitlər də türkdür.”
Başqa bir tanınmış rus şərqşünası V. V. Bartold isə demişdir:
“Ərəb coğrafiyaşünaslarının əsərlərində Ptolomeyin iki iskit yurdundan biri qərbdə yerləşir və “Türk torpaqları” anlamına uyğun gəlir, ikincisi isə şərqdədir, doqquz oğuz torpaqlarıdır.”
Eyni müəllifin aşağıdakı sözləri də eyni fikri ifadə etməkdədir:
“Vl əsrdə böyük bir imperatorluq qurmuş türkləri qədim türklərlə əlaqələndirmə cəhdləri olmuşdur... Qərbdəki türklərin iskitlərin yaxın qohumu və ya ən azı bu xalqın bir parçası olduğu düşünülməktədir.”
Şübhəsiz ki, bu fikir boş yerdən yaranmamışdır. Bartoldun haqqında söz açaraq, Vl əsrdə böyük imperatorluq qurduqlarını söylədiyi türklər elmi ədəbiyyatda “türküt” (türk + “üt” cəm şəkilçisi) adı altında tanınmaqdadırlar. Y. Oğuz l əsr müəllifi Strabona istinadən yazır ki, Strabonun dövründə, yəni l əsrdə Tiras (Dnestr) çayı sahilində iskitlər yaşayırdılarlar və bu bölgə “Türket” (Türküt) adlanırdı.
Strabondan fərqli olaraq, türkütləri “turaqet” və “turreqetau” adlandıran Pliniyin yazdığına görə, iskitlr və saklar, turreqetau və ya turaqetlərdir. Farsların bütün iskitləri “sak” adlandırması səbəbindən onlara “sak” deyirlər.
Bizans imperatoru Aleksi Kommenonun qızı Anna Komninanın qələmə aldığı və atasına həsr etdiyi “Aleksiada” kitabında da mövzumuz baxımından maraq doğuran bilgilər bulunmaqdadır. Xl əsrin sonları, Xll əsrin əvvəllərində baş vermiş hadisələrdən söz açılan bu kitabda Bizans ordusundakı muzdlu türk əsgər və komandanlarından da söz açılmaqda və onlar “iskit” adlandırılmaqdadır. Bu barədə fikrini bölüşən Yunus Oğuz yazır:
“Məlum həqiqətdir ki, Bizans ordusunda məşhur türk sərkərdələri vardı. Anna Komnina onların ikisinin adını qeyd etmişdir. Birinin adı Uz (Oğuz) xalqınn adına uyğun olaraq Uz, digərinin Uz xalqına aid olan Ərgir Qaracadır. Anna Kominina atasının qıpçaqlardan ibarət daha bir ordu qurduğunu yazır və sarayda qıpçaqlara, uzlara və digər türk xalqlarınn hamısına “iskit” deyildiyini bildirir.”
D. İlovayski yazır:
“Çeşidli qaynaqlarda hunları iskit adlandrırlar. Bununla yanaşı, Bizans elçisi Prisk hunların baş komandan Atilla haqqında təəssüratlarını yazmışdır; “iskitlər... böyük həvəslə hun dilində danışırlar. Bu torpaqlarda toplanmış xalqlar iskit dilində danışırlar””
D. İlovayskinin sözlərini təhlil edən Y. Oğuz haqlı olaraq bildirir ki, Prisk “hun yasaları”. “hun dili” yerinə “iskit yasaları”, “iskit dili” ifadəsini işlədir:
“Əgər biz hunların babalarının iskitlər olduğu tezisini qəbul ediriksə və Prisk də onların adını tez – tez dəyişdirərək, “hun dili” əvəzinə “iskit dili” deyirsə və bunda bir problem görmürsə, demək, biz də “iskit dili” əvəzinə “türk dili” deyə bilərik.”
Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:
"Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir... Yunanların "ska" dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür...
Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqa-dır. Türkləin yetişdirdiyi ilk böyük tarixi şəxsiyyətdir."
Maraqlıdır ki, qədim hind mənbələri də şakyalar (saklar), turuşkalar (türklər) və hunlar arasında bərabərlik işarəsi qoymaqda, onlardan eyni etnos kim danışmaqdadırlar. Gördüyümüz kim, qədim və orta əsr mənbələri iskit və sakları birmənalı olaraq türk kimi təqdim etməkdədir. Artıq həmin mənbələrin söylədiklərinin doğruluğunu təsdiq edən təkzibedilməz arxeoloji dəlillər də tapılmışdır. Söhbət Qazaxıstan ərazisində, saklara aid İssık kurqandan tapılan gümüş nimçə üzərindəki türk yazılarından gedir. Bu barədə söhbətə keçməmişdən öncə qeyd edək ki, Qədim Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin arxeoloqlarının Cunqariyada üzə çıxardıqları və tədqiq etdikləri sak qəbirləri də e.ə. V - lV əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir.
Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını söyləməyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır:
"...1970 - ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə (e.ə. Vl - V əsrlər)aid edildi...
...İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərf-dən ibarət ilan bu əlifba Orxon-Yenisey yazısını xatırladır."
Mahmud İsmayıl bildirir:
"Məlum olduğu kimi, 1970-çi ildə Alma-Ata şəhəri yaxınlığında, İssık rayonunda arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir gümüş cam aşkar edilmişdir. Qazax alimi A. S. Amonjolov cam üzərindəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur."
İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:
"Arxeoloq K. A. Akişevin tədqiqatarı xüsusi maraq doğurur, o," iskit məsələ-si" mövzusunda son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə məlumat verməkdə-dir."
İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin Əlibəyzadə mövzu ilə bağlı deyir:
"İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təxminən 2500 - 3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir".
Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:
"Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir".
İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara - Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll - lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkar-lanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamış-lar.
Murad Acinin söylədiklərini İ. Dyakonov da, B. Livşits də təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakları irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn İ. Dyakonov yazır:
"Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin – Alma - Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə. Vl - V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə, şərti olaraq, "İssık" adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır. Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və l - Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub - şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir."
Bir sözlə, İ. Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq həmin yazının guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə "İssık" yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir, amma nədən "İssık" yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.
Dostları ilə paylaş: |