Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə1/15
tarix04.01.2017
ölçüsü1,81 Mb.
#4500
  1   2   3   4   5   6   7   8   9   ...   15




Bəxtiyar Tuncay




AZƏRBAYCAN İMPERATORLUĞU
(Əlyazması hüququnda)


BAKI 2012

Xalqımızın ümummilli lideri, ulu öndər Məmməd Əmin Rəsulzadəyə ithaf edirəm.
l BÖLÜM

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK DÖVLƏT – ARATTA.


Azərbaycanda qurulan ilk dövlət, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini tamamlamaqdadırlar. Həmin məlumatlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir.

Vlll əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin (Olcayın) soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verilməkdədir:



"Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı"

Bu məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll - V əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vll fəslində Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.

Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşühisə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur:

...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar,iskitlər, tavriyalılar.., bastaranlar...



Yerləşdikləri ölkələr isə bunlardır; Midiya, Albaniya, Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...”

Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir.

XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll - XlV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəl-lifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir. Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mətkəz kimi “Şərq ölkələri və Türküstsnın” adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir:

Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, - Allah ona rəhmət eləsin, - yer üzünün adamlar yaşayan hissəsini oğlanları arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O, səhrada yaşayırdı.



Olcay xanın yaylağı və qışlağı Türküstan torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə - Qaraqorum adı altında məşhur olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı. İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülklərinin yaxınlığındadır və Kaydudan asılıdır... Olcay xanın paytaxtı da burada yeləşirdi.”

Türklərin mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fikrində bütün yəhudu, xristian və müsəlman mənbələri yekdildirlər. Bu baxımdan türkologiyanın atası hesab edilən Kaşğarlı Mahmudun söylədikləri də maraqlıdır

Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Türkə qədər uzanır.”

Olcay xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman tarixçilərinin verdikləri məlumatlar ilk baxışdan bir-birindən fərqli görünsə də, birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik. Əslində müsəlman tarixçilərin söylədikləri sələflərinin söylədiklərini inkar etmir. Məsələ burasındadır ki, xristian mənbələrində, o cümlədən “Alban tarixi” kitabında Azərbaycanın şimalı, yəni Albaniya həm də “Şərq ölkəsi” adlandırılır ki, bu barədə kitabımızın növbəti bölümlərindən birində məlumat verəcəyik. Fəzlullah Rşidddin də “Şərq ölkələri” ifadəsini işlədir. Bu ifadənin açmasını biz irəlidə, Parfiya dövlətindən söhbət açarkən və l əsr müəllifi Pompey Troqdan sitatlar gətirərkən verəcəyik. “Türküstan” ifadəsinə gəlincə, bu ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə etmişdir və bunun ən gözəl sübutu “Kitabi – Dədə Qorqud”dur. Bu əsərdə Həm Qazan xan, həm də Bayandır xan “Türküstanın dirəyi” adlandırılır. Bu fikri başqa bir Azərbaycan tarixçisi Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi – Diyarbəkriyyə” əsəri də təsdiqləyir. Həm yazılı mənbələr, həm də mövcud arxeoloji və yerüstü abidələr bir-birini heyrətamiz şəkildə tamamlayaraq, Yafəsin (Olcayın) atası Həzrət Nuhun yaşayış yeri kimi Azərbaycan ərazisinə işarə etməkdədir. Deyilənlərin ən əsas və təkzibedilməz sübutu Həzrət Nuh əleyhissəlamın məzarının Azəbaycanda, daha dəqiq desək, Naxçıvanda olmasıdır.

Mahmud Kaşğarlı da Azərbaycanı Türküstan, başqa sözlə, Turan sınırları içərisində göstərmişdir. Bu barədə Zəki Vəlidi Toğan belə yazmışdır:

“”Oğuz” dastanının əsas əməlini təşkil edən “Şu” və Tonqa Alp” rəvayətlərində, İran hökmdarları ilə hərb edikləri anladılan xaqanların mərkəzi Çu hövzəsində Balasağun və şərqi Türküstandakı Kaşğar şəhərləridir. Ancaq Azərbaycann şimalndakı Şabran ilə cənubundakı Qəzvin şəhərləri də bu Tonqa Alpın (Əfrasiyabın) şəhərləri olaraq göstərilməkdədir”.

Həzrət Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda rast gəlirik. Tövrat və Qurani-Kərimdəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa, bü-tünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəmbər Utnapişti adı ilə yad edilməkdədir. Baş verənlər isə onun öz dilindən nəql edilir. Xatırladaq ki, söhbət Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan süjetdən gedir.

Tövratda Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı dağı olduğu bildirilir. Qurani – Kərimədə isə söhbət Cudi dağından gedir. ”Bilqamıs dastanı”nda isə bu dağ Nisir dağıdır. Bu halda söhbət Naxçıvandakı Nəhcir dağından gedir. Azərbaycan rəvayətlərində isə belə deyilir: Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, sonra Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhcir dağına ilişib dayanır. Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir. “Naxçıvan” adı da buradan yaranıb.

Hər halda, fakt budur ki, Nuhun qəbri Naxçıvandadır və minillərdir ki, xalq tərəfindən ziyarət edilir. Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də l - ll əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır. O, Nuhun Nuksuanada, yəni Naxçıvanda yaşayıb burada öldüyünü, burada yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir.

Maraqlıdır ki, Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər öncə, yəni təqribən Həzrət Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin məlumatını təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.

Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə tikildiyini, sonrakı əsrlərdə bir çox səyyahların bu sərdabəni ziyarət edərək, əsərlərində bu barədə qeydlər etdiklərini əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət deyil, real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətrafında bir çox miflər uydurulduğu heç bir şübhə oyatmır.

İkiçayarasında uzun müddət arxeoloji qazıntılar aparmış və şumerlərin qədim Ur şəhərinin qalıqlarını üzə çıxarmaqla məşhurlaşmış görkəli amerikalı arxeoloq Leonard Vulli qazıntılar zamanı “Nuh tufanı” nın izlərini aşkarlamış və beləcə, sözügedən olayın mif olmadığını sübut emişdir. Deməli, Həzrət Nuh gerçək tarixi şəxsiyyət olduğu kimi, tufan da qədimdə baş vermiş gerçək bir hadisədir.

Madam ki, bu belədir, deməli, xristian və müsəlman tarixçilərin Yafəsin türklərin ilk şahı olması və böyük bir dövlətə başçılıq etməsi barədə söylədiklərinə tam ciddi yanaşmaq lazımdır. Həmin mənbələr bu dövləti dünyann ilk dövləti kimi təqdim edir. Təsadüfi deyil ki, qədim şumer mənbələri ölkəmizin ərazisində mövcud olan və Şumer dövləti ilə iqtisadi-siyasi əlaqələr saxlayan bir dövlətdən söz açmaqdadır. Söhbət mixi yazılarda Aratta adı altında yad edilən və Şumer ilə eyni dövrdə mövcud olmuş qədim bir dövlətdən gedir.

Görkəmli Azərbaycan alimi, qədim Şərq tarixinin gözəl bilicisi, mərhum Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl lll minillikdə Azərbaycanda dövlət qurmlarının meydana gəldiyi müşahidə olunur.

Cənubi Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yerləşirdi. İkiçayarası-nın qədim Azərbaycan tayfaları ilə erkən siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi yazılarında əks olunmuşdur. Bu qaynaqlar göstərilən hadisələrlə əlaqədar Aratta ölkəsini, kuti, lullu və su tayfalarını yad edir. Uruk şumer şəhər - dövləti Aratta ilə iqtisadi əlaqələr yaratmaq və hətta ölkəni özünə tabe etmək istəyirdi. Akkad hökmdarları kuti və lullu tayfalarının İkiçayarasına müdaxiləsinə qarşı mübarizə aparırdılar. Şumerlər və akkadlar Cənubi Azərbaycan, onun təbii sərvətləri barədə müəyyən təsəvvürə malik idlər.

Aratta dövləti Azərbaycan ərazisində yerləşirdi. Şumer və Aratta dövlətləri arasında əlaqələr “En - Merkar və Aratta hökmdarı”, “En - Merkar və En-Sukuşsiranna”, “En - Merkar və Luqlbanda”, “Luqalbanda və Hurrum dağı” kimi bir neçə şumer dastanında əks olunmuşdur. Sözügedən dastanların və digər mənbələrin təhlili Arattanın ərazisinin Cənubi Azərbaycanın ərazisi ilə üst-üstə düşdüyünü, onun cənub sınırlarının Qəzvin və Həmədandan keçdiyini söyləməyə əsas verir.

Aratta Cənubi Azərbaycanda miladdan öncə lll minilliyin birinci yarısında, bəlkə, ondan da qabaq meydana gəlmiş ilk dövlət qurumu idi. Bu dövlətin Şumer dövləti ilə diplomatik, siyasi və iqtisadi əlaqələri ümumdünya beynəlxalq diplomatiya, siyasət və iqtisadi əlaqələr tarixinin başlanğıc nöqtəsidir. Aratta və Şumer şahları arasındakı yazışma isə tarixin ilk diplomatik sənədləridir. Həmin sənədlərin məzmunu şumer mixi kitabələri sayəsində dövrümüzədək ulaşmışdır.

Mixi yazılardan belə aydın olur ki, Şumerə hökmranlıq edən Uruk sülaləsindən En-Merkar, bugünkü dillə desək, Merkar (Berkə) xan Aratta xanından Uruka tabe olmağı tələb etmiş, Aratta xanı da öz növbəsində Uruku və bütün Şumer şəhərlərini özünə tabe etmək üçün tədbirlər görmüşdür. Mənbələrin məlumatına görə, Şumer xanı Arattanı ziyarət etmiş, bu iki dövlətin başçıları arsında daim məktublaşma aparılmış, sami tayfalarının Şumerə hücumları zamanı Merkar xan Aratta xanına kömək üçün müraciət etmiş, o da Şumerdən yardım əlini əsirgəməmişdir. Hətta Şumerin dağıdılmış məbədlərini bərpa etmək üçün ora tikinti materialları və sənətkarlar göndərmişdir.

Arattada çoxtanrıcılıq mövcud idi. Şumerdə olduğu kimi, Arattada da İninni (Umay Ene) və Utu kultları geniş yayılmışdı. Məhsuldarlıq və çobanlar tanrısı Dumuzi də böyük hörmət görməkdə idi. Lama adlı bir tanrıya sitayiş edildiyi barədə də məlumat var.

Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qur-ğuşun, mis, dağ daşı, lacivərd istehsal edirdi. Qiymətli metallardan hazırlanan əşyalar və lacivərd Şumerə ixrac edilirdi.

Şumer mətnləri bizə təkcə Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət, onun mədəniyyəti, iqtisadiyyatı və xarici siyasəti barədə deyil, həmçinin Arattanın dövlət quruluşu barədə də çox önəmli məlumat verməkdədir. Bu mətnlərdən göründüyü kimi, Arattanı ali kahin (qam, şaman) idarə edirdi. Bu isə dövlətin teokratik yapıya sahib olduğuna dəlalət edir. Ən maraqlı məlumat isə odur ki, Arattada parlament tipli bir şura da mövcud olmuş və hökmdar bəzi hallarda həmin şuranın fikrinə də müraciət etmişdir. Bu barədə Y. Yusifov yazır:

Şumer ilə Aratta arasında siyasi rəqabət gücələnirdi. Aratta hökmdarı En-Sukuşsiranna En-Merkarın onu ali hökmdar kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görürür. Aratta hökmdarı bu təklifi rədd edir...”

Şumer mənbələrindən göründüyü kimi, Azərbaycan ərazisində hələ e.ə lll minillikdə parlament tipli bir qurum da olmuşdur ki, bu qurumu dünya parlamentarizm tarixinin başlanğıc nöqtəsi kimi qəbul etmək olar və lazımdır. Fəqət hökmdarın bu qurumun təklifini rədd etməsi onun hüquqlarının məhdudluğuna dəlalət edir. Bununla belə, Şumer – Akkad mənbələri sübut edir ki. Artıq e.ə lll minillikdə ölkəmizin ərazisində dövlət başçısının seçilməsi, özü də bəlli bir müddətə seçilməsi praktikası da mövcud olmuşdur. Üstəlik də əcdadlarımız bu praktikanı hakimiyyətləri altına aldıqları Şumer və Akkad ərazisində də tətbiq etmişlər. Bu barədə Manna (Mahan) dövləti və kutilər (oğuzlar) haqqında söz açarkən danışacağıq.

Yuxarda söylənilənlrdən belə aydın olur ki, Azərbaycan ərazisində mövcud olmuş ən qədim türk dövlətilə, yəni Aratta ilə qədim Şumer dövləti arasında sıx iqtisadi, siyasi, diplomatik və mədəni əlaqələr mövcud olmuş, hər iki dövlət eyni tanrılara sitayiş etmişlər. Türklərin sitayiş etdikləri Tenqri qədim Şumerdə Dingir adı ilə məşhur idi. Bundan başqa hər iki ölkədə türklərin Odu və ya Qodu, şümerlrin isə Utu dedikləri eyni günəş tanrısına və türklərin Umay, Umay Nənə, Umay Ene (Ana) və ya da sadəcə Ana və ya Nənə, şümerlrin isə İninni və ya İnana adlandırdıqları doğum və bərəkət ilahəsinə sitayiş edilmişdir. Əldə olan şumer mətnləri bu günə qədər Azərbaycanda yaşamaqda olan bəzi inanc və adətlərin Şumerdə də mövcud olduğunu göstərməkdədir.

Maraqlıdır ki, ölkəmizin ərazisində kökü minilliklərin dərinliklərinə, daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uzanan “yağış çağırmaq” ovsunu Aratta dövləti dövründə (e.ə lll – ll minilliklərdə) də davam etmişdir ki, bu barədə şumer mətnləri xəbər verməkdədir. Həmin mətnlərdən aydın olur ki, Aratta əhalisinin həyatında əkinçilik önəmli yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkin sahələrinin məhsuldar olması isə yağışın yağıb – yağmamasından asılı idi. Əsasən taxıl və noxud əkən Aratta əhalisi quraqlıq zamanı kahinə (şamana) müraciət edir, o da ovsun oxumaqla yağışın yağmasını təmin edirdi. Bu, şümer mixi kitabələrinin birirndə öz əksini belə tapmışdır:

Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə salır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir... yetişən buğdanı anbara... Arattanın ali kahini üçün gətirir və sarayda onun qabağına tökür...”

Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.

Şumer mənbəyində haqqında bəhs edilən olay bu ənənənin köklərinin ən azı lll minilliyə və Azərbaycan (Aratta) ərazisinə uzandığını sübut edir. Arxeoloji qazıntılar nəticəsində isə məlum olmuşdur ki, ölkmizin ərazisində bu inam və adət hələ Eneolit dövründə (e.ə. Vl – lV minilliklər) mövcud olmuşdur. Xatırladaq ki, arxeoloq H. Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “çağırmaq”mərasimi ilə bağlayırlar.

Şumer mənbələri Arattanın mədəni səviyyə baxımından Şumerdən üstün olduğunu, bu üzdən də Şumer hökmdarı En – Merkarın (Merkar xanın) öz ölkəsində məbədlər tikdirmək üçün arattalı ustalara ehtiyac duyduğunu əks etdirməkdədir. Həmin mənbələrə görə, Şumer hökmdarı Aratta sənətkarlarına sahib olmaq üçün İniniyə (Umay Nənəyə) dua edərək deyərmiş :

Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parcalarından, qızıl – gümüş qatışığındn, təmiz lacivərddən... Urukda, açıq təpədə, sən yaşadığın “Anşan evində” qoy (məbəd) tiksinlər. İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı ibadətgahın) ortasını, sən yaşadığın yeri Aratta (adamları) qoy mənim üçün bəzəsin... Aratta adamları dağlarından dağ daşı gətirsinlər, qoy mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi, (tanrılar) məbədini qoy parıldatsınlar. Mənim ayinlərimi kulabda qoy mənim üçün qoy düzgün ifadə etsinlər. İşıqlı dağa bənzər “abzu”(hovuz, şəlalə, fontan) qoy mənim üçün qursunlar, (meşəli) dağa bənzər “eredu” mənim üçün qoy təmizləyib hazırlasınlar...”

Bu mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər tikmək üçün yox, həm də dini ayinləri düzgün ifa etmk üçün arattalılara ehtiyac duymuşdur ki, bu da dolayısı ilə şumerlərin Arattanın dini təsiri altında olduğunu və ya hər iki ölknin eyni dini görüşləri paylaşdıqlarını göstərir. Başqa bir mətndən isə belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni yazıdan istfadə olunurdu. Həmin mətdə şumer qasidinin En – Merkarın məktubunu Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır və deyilir:

Arattann ali kahini bişmiş gili (mixi kitabəni) elçidən aldı..., gilə baxdı, sözlər mismar kimi qalxdılar”.

Aratta sakinlərinə, yəni bu ölkənin əsas etnosuna gəlincə, mixi yazılarda onlardan “turuk” adı altında bəhs edilir. Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq uğrunda aşşurlarla mübarizə aparırdılar.

Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus - sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir. Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi çəkilr.

Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən "turukku"e tnonimi "türk"etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır. İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar. Yusif Yusifovun yazdığına görə, "türk" adına erkən orta əsrlərə aid hind qaynaqlarında “turukka", Xotən mətnlərində "ttrruki", Tibet mənbələrində "druq" və "druqu" formasında rast gəlmək mümkündür.

Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir.

Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır. Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular. Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər. Ümumiyyətlə, onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.

Aşşur mixi yazılarından belə məlum olur ki, Aşşur hökmdarı l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökmdarı l İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:



"O ki qaldı Şuşarra olkəsinə, siz mənə yazırsınız ki, bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik. Qoy qasid sizə vəziyyəti izah etsin. Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz."

Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adlarını "türk" enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar. Lakin bu fikrin əleyhinə çıxanlar, yəni bu halda söhbətin sadəcə adların təsadüfi bənzəyişindən gedə biləcəyini, türk xalqının Altayda formalaşdığını və çox-çox sonralar Ön Asiya və Qafqaza gəldiklərini iddia edənlər də təəssüf ki, az deyillər və hətta daha çoxdurlar. Odur ki, biz mövqeyimizi təkzibedilməz şəkildə sübut etməliyik. Hərçənd ki, Aşşur mənbələrində turuklarla (türklərlə) yanaşı, kumen (kuman), qaşqay, tirqiş (türkeş), sak, kanqar, subar, kimmer və s. türk soy və boylarının adının çəkilməsi artıq təkzibedilməz sübutdur. Lakin, görünür, oponentlərimizi susdurmaq üçün bu faktlar da yetərli deyil.

Biz də bu fikirdəyik ki, adlarına ilk dəfə eradan əvvəl lll minilliyə aid Akkad və Aşşur mixi yazılarında "turuku" kimi və eradan əvvəl l minilliyə aid Urartu mənbələrində "truxi" kimi rast gəlinən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq sonrakı dövrlərdə, Vl - Vlll əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki Monqolustan ərazisi olmuşdur.

Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlarından biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir.

Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır. Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.

Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar. Bu fəla-kətdən yalnız bu gənc qurtuldu. Bu gəncin iki arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi. Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi.

İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin, yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı. Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir. Bunlardan yalnız bir oğlan uşağı sağ qalır. Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir, onu böyüdür və onunla evlənir. Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq tərəfinə keçirir və Altaya aparır. Orada dişi qurd 10 oğul doğur. Bu oğullardan türk xalqı törəyir

Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə dörd məqam diqqəti cəlb edir. 1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl lll - ll minilliklərə aid Akkad və Aşşur mənbələri, eləcə də eradan əvvəl l minilliyə aid Urartu mənbələri təsdiqləyir.

Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın 4- cü şahı olmuşdur.

Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır.

Su ölkəsi harada yerləşmişdir?

Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan əvvəlki lll minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşamış kuti, lulu, subar, kuman və turuk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda və Su ölkəsinin adı çəkilməkdədir.

Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir:

"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları olmuşdur. Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər."

Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, haqqında qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin - Aratta dövlətinin başqa bir adıdır.

Mövzu ilə bağlı Lev Qumilyov yazır:

"İkinci əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır. So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən... məhv olurlar. Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar. Bu əfsanəni şərh edən N. A. Aristov əfsanədəki "So"nu Altayın quzeyindəki Biye çayı sahillərində yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə - ku kijilərlə (ku kişiləri, ku adamları)...eyniləşdirmişdir."

Maraqlıdır ki, "Su" (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çəkilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön Asiya etnonim və toponimləri kimi söz açılmışdır.

Su ölkəsi ilə bağlı türk genoloji əfsanəsində deyildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlasığmaz dərəcədə üst-üstə düşən bir məlumat var və həmin məlumata əsasən, Quti sülaləsinin hakimiyyətdə olduğu çağda ( e.ə.XXlll əsrdə ) Akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur.

Əgər gerçəkdən də mixi yazılardakı "turuk"larla Göytürk Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin qərbində yaşamışsa və sönralar dənizin şərqinə, oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qalmamış olsun. Əgər belə bir mənbə olarsa, oponentlərimizə elə bir öldürücü zərbə vurmuş olarıq ki, ağ bayraq qaldırmaqdan başqa heç bir çarələri qalmaz.

Xoşbəxtlikdən belə bir mənbə var və həmin mənbə təkcə türk xalqının deyil, eləcə də albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını təsdiq edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur "Qotların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından gedir:

"İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və hunların, albanların və sereslərin yayıldıqları uzaq ərazilərə qədər uzanır."

Müəllif bir qədər sonra isə deyir:



"İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsi- nə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar."

İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Appolodor və s. müəlliflərin əsərlərində də söz seres xalq barədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sərhədində yaşayırdı, əsil adları da "ser" və ya "sir" idi. Yəni "seres" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə "ser" və ya "sir"dir.

Eramızın l əsrində ser (sir) xalqı və onu yerləşdiyi coğrafiya haqqında ən ilk məlumat verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı iskitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.

ll əsr müəllifi Klavdi Ptolomey yazır:



"İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir."

Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:



"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları yaxınlığında, 174 dərəcə-47 dərəcə 30 dəqiqədə yerləşir..."

Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiyaşünas alim bu ölkənin şəhərlərinin - Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:

Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o tayında, uzunluq dairəsi üzrə yerləşən İskitiya (Skifiya, İskitlər ölkəsi) ilə, şimaldan Fuludan keçən paralel xətt üzrə uzanan bataqlq torpaqlarla, şərqdən son ucu 180◦/63◦ və 180◦/35◦ arasında yerləşən naməlum torpaqlarla, cənubdan isə öncə Qanq çayının o tayında yerləşən Hindistanla, 173◦/35◦ xətti ilə, sonara isə eyni xətt üzrə sonu bilinməyən Çinlə əhatələnmişdir.

Serikadan (Türk - sirlər ölkəsindən) keçən dağlar bunlardır: Son ucu 153◦/ 60◦ və 171◦/ 56◦ arasında yerləşən “Annib” adlandırılan dağlar; 167◦ / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən Avzak dağlarının şərq tərəfi; 167 / 47◦30′ və 174◦ / 47◦30′ arasında yerləşən və “Asmirey” adlandırılan dağlar; son ucu 162◦ / 44◦ və 171◦ / 40◦ arasında qalan Kasi dağları; ortası 170◦ / 43◦ - yə düşəm Faqur dağı; sonu 165◦ / 36◦ ilə əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 169° / 36° və 176° / 39° arasında qalan Ottorokara dağı.

Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mənbəyini yeri artıq qeyd edilmiş Avzak dağlarından, digər mənbəyini isə Asmirey dağlarından (174° / 47°30′) alan, 160° / 49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu da oradan (161° / 44°15′) alan Oyxard və mənbələrini eyniylə Kasi (160° / 43◦), Ottorkara (176° / 39°) və Emod (160° / 37°) dağlarından alan Bautis.

Serikanın şəhərlərinin adları bunlardır: Damna - 156° / 51° 40′; Piada -160° / 49°40′; Asmireya - 170° / 48°/20′; Aspakara - 162°30′ /42°40′; Drosaxa - 167°40′ / 42°30′; Paliana - 162°30′ / 41°-; Abraqana - 163°30′ / 39°30; Foqara -171°20′ / 39°40′; Daksata - 174◦ / 39◦40′; Orosana - 162◦ / 37◦30′; Ottorokara - 165° / 37°15′; Solana - 169° / 37°30′; paytaxt Sera - 169° / 37°30′...

Paytaxt Sera 14 saat 45 dəqiqəyə bərabər olan ən uzun günə sahibdir və Aleksandriyadan (İskəndəriyyədən) 7 saat 50 dəqiqə və ya tam 8 saat şərqdə yerləşir...”

İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqla-rı və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır .

Sir və ya ser xalqının kim olduğunu isə biz Orxon-Yenisey abidələrindən öyrənirik. Belə ki, uzun müddət Göytürk xaqanlarının vəziri olmuş Tonyuquq ucaltdırdığı abidədə özünün mənsub olduğu xalqı "türk sir xalqı" adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq:

" Türk sir bodun yerintə bod kalmadı" (Türk sir xalqının yerində boy qalmadı).

Eyni abidənin 11-ci sətrində isə deyilir:



"Türk sir bodun yerintə idi yorımazun" (Türk sir xalqının yerində yiyə yürüməsin).

Tonyuquq abidəsinin 60, 61 və 62-ci sətirlərində də eyni etnonim ilə rastlaşırıq:



"Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti. İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın türk sir xalqını yürində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək (taxtda) oturur).

Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötüge-nə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yer- ləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı-nın, yəni Dərbəndin də adını çəkməkdədir:



"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk." ( Doğma türk xalqını Ötügen yürinə mən - müdrik Tonyuquq özüm gətirdim. 17 - ci sətir).

"Təmir Kapığa təgi irtimiz, anta yanturtımız... Ol küntə təgdi türk bodun Təmir Kapığka." (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45 - 46 - cı sətirlər).

Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri bildiriən türklərin Çin qaynaqlarında adı "Kapan Pu" kimi çəkilən ilk xaqanlarının adının "Tonyuquq" abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə etmək laımdır.

Türklərin qədim Çin mnbələrində əbədiləşərək dövrümüzədək ulaşan “Boz qurd” dastanının, daha doğrusu qurda totem münasibətinin Qafqaz xalqları içərisində geniş yayılması da türk-sirlərin Qafqaz mənşəli olmasının əlavə sübutu kimi gözdən keçirilə bilər. Məlumat üçün bildirək ki, bənzər mifik süjetə osetinlərin, xevsurların, çeçenlərin, meqrellərin və s. Qafqaz xalqlarnn əsatirlərində rast gəlinir.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin