Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


M. Hatəmi “Qurtuluş” batalyonunun komandiri qismində Qarabağ müharibəsində də iştirak edib



Yüklə 396 Kb.
səhifə5/6
tarix25.12.2016
ölçüsü396 Kb.
#3079
1   2   3   4   5   6
M. Hatəmi “Qurtuluş” batalyonunun komandiri qismində Qarabağ müharibəsində də iştirak edib
Xudata sürgün edilər-edilməz, arxamızca ADF-nin orqanı olan "Azərbaycan" qəzeti atam və dostları haqqında siyasi böhtan dolu məqalə nəşr etdi. Elə buna görə Xudat rayonunda yaşayan güneylilər bizə "antipartiya", "xalq düşməni" kimi baxır, bizdən uzaq qaçırdılar. Bu, atama bəraət verilənə qədər  davam etdi. Meşələrin içərisində güneyli kimi tək qalmışdıq. Bu illərin acı  xatirələri məni indi də tərk etməmişdir. 

Quzey Azərbaycana yerləşdikdən sonra 6 №-li kənddə yenidən ibtidai təhsilə başladım. Şamaxının 1 №-li orta məktəbində yeddiyə qədər oxudum. 1956-cı ildə Xudatda orta məktəbi tamamladım. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, 1963-cü ildə müxbir  ixtisası ilə buranı bitirdim.

Universitetdə oxuduğum 1959-cu ildə atəşli milli ruhumun etkisi altında gizli "Azad Azərbaycan Təşkilatı"nı yaratmışam. Təşkilatın amalı  hər iki Azərbaycanı milli əsarətdən xilas edib vahid dövlət şəklində birləşdirməkdən ibarət olmuşdur. İmperiya təbliğat maşınının uzun illər propaqanda etdiyi Azərbaycanın birləşməsi ideyasından (Güney Azərbaycan İrandan ayrılıb SSRİ daxilində Quzey Azərbaycanla birləşsin) büsbütün fərqlənən bu ideya, düz 30 ildən sonra, yəni 4 dekabr 1989-cu il tarixində mənim tərəfimdən Milli Qurtuluş Partiyasının bəyannaməsində Azadlıq meydanında səsləndirilərkən bomba kimi partlayacaq, dalğa-dalğa bütün Azərbaycana, xariclərə yayılacaq, respublikada yerindən duran siyasi təşkilatın proqramına daxil olacaqdır.

Orta məktəb illərində məndə güclü şəkildə yazıçı olmaq yanğısı baş qaldırmışdı. Dünyanın ən yaxşı yazıçılarından biri olmaq arzusu ilə mən, bir allah bilir necə çalışırdım! Azərbaycan folklorunu, ədəbiyyatını, dünyanın V. Hüqo, L. Tolstoy, D. Dostoyevski kimi görkəmli sə-nətkarlarını gecə-gündüz mütaliə edir, dahiyanə bədii sənətin sirlərini incəliklərinə qədər mənimsəməyə çalışırdım. Gələcəkdə yazacağım əsərlərə daxil etmək məqsədilə həyatda rast gəldiyim orijinal tiplərin zahiri və daxili portretlərini, danışıq tərzlərini, təbiət mənzərələrini, maraqlı olay, əhvalat və süjetləri və s. olduğu kimi qeydə alaraq saxlayırdım. Beşinci sinifdə ikən Güney Azərbaycandakı 1945-1946-cı il milli hərəkatından bəhs edən yüz səhifəlik povest yazdım. Səkkiz, doqquz, onuncu siniflərdə olarkən  bir  sıra  hekayələr  yazıb,  yuxarıda  ad apardığım, "Azərbaycan" qəzetində çap etdirdim. Növbəti bir hekayəmdə yaratdığım xəstə, acınacaqlı yaşantılı, fəqət vətənin azadlığı üçün hər an ölməyə hazır olan xarakterli bir gəncin obrazı ilə əlaqədar, Bakıda yaşayan bəzi güneyli yazıçı və şairlər mənə qorxulu "antisovet" adı yapışdırdılar. Mən həyatı, həyat olduğlarını (həqiqətlərini) olduğu kimi qələmə alan realist yazıçı olmaq istəyirdim. "Antisovet" damğasından sonra bunun mümkün olmayacağını dərk edib, yazıçı olmaq arzumdan vaz keçdim. Xəstə ürəklə ağır-ağır işlərdə çalışıb atamla birlikdə biz balalarının başını saxlayan zəif vücudlu anama deyərdim: "Mən böyük yazıçı olub səni cənnətdə yaşadacağam". Ürəyimdə qalan nisgilli arzularımdan biri bu oldu.

Mən yazıçı ola bilmədim. Ancaq məni tərk etməyən vətənə, xalqa faydalı insan olmaq istəyi sonralar məni akademiya sistemində xalq yaradıcılığı ilə uğraşan bilgin olmağa gətirib çıxaracaqdır. Burada çalışdığım zaman məndə belə bir fikir yarandı ki, bir xalqın dahi sənətkarı, bilgini olmaqdansa, ağıllı kiçik diplomatı olmaq daha faydalıdır. Mən həvəslə, ehtirasla, fanatikcəsinə folklorla uğraşsam da, bu anlayışla ürəyim həmişə siyasi şəxsiyyət olmağın yanında qalacaqdır. Qarşıma çıxdığında onu əldən uçurmayacağam. Xudatda orta məktəbin doqquzuncu sinfində oxuyarkən ADF-yə daxil olmuşdum. Rejimlə əlbir olub şəxsiyyətə pərəstiş dövründə Quzey Azərbaycanda güneylilərin taleyi ilə oynamış ADF-nin Qulam Yəhya kimi əliqanlı başçılarına qarşı çıxdığım üçün, 1963-cü ildə, yəni universiteti bitirdiyim il, məni firqədən xaric etdilər  (Mənə  “burjua  ideoloqu” adı qoyub firqədən çıxarılmağımı tələb edənlərdən biri şair Söhrab Tahiri olmuşdur).

Gəl indi Sovetlər Birliyində yaşa görüm necə yaşayırsan! Qayğıdan məhrum, acı ruzigarların döyəclədiyi alaq otuna çevriləcəyəm cəmiyyətdə. İşləməyə, yaşamağa imkan verməyəcəklər. Geyməyə paltar, yeməyə çörək, başımı soxmağa daxma tapmayacağam. Dost-tanışların qoltuğuna sığınacaq, yay-yaz fəsillərində gecələri parkların skamyalarında yatacağam. Hər tərəfin dizə qədər qar olduğu, qarlı tufandan uca-uca binaların beş-on metrlikdən görünmədiyi dəhşətli bir qış gecəsi (çöldə it-pişik də görünmürdü) evsizlikdən küçədə qalıb az qala öləcəyim heç yadımdan çıxmır. Düşdüyüm ağır durumdan xilas olmaq üçün özümü öldürmək qərarına gəlmişdim. Ruhu şad olsun, məşhur türk sosioloqu Ziya Gökalpın ümid və ümidsizliklə bağlı bir məqaləsi özümə qıymağımın qarşısını aldı. Dözə, yaşaya bilmədiyim əzici, məhvedici həyat məni bədbin, məhzun, kədərli etmişdi. Orta və ali məktəbdə ateist ruhunda tərbiyə edilməyimə baxmayaraq, sarsılmış pəjmürdə ruhumu gedərmək üçün məscidlərə sığınıb allahpərəst oldum. "Ədalətli sosializm ideyası", "ideal sovet quruluşu" illuziyaları məndə göyə sovrulmuşdu. Yaxşı ki, sovrulmuşdu, yoxsa mən sovet həyatına heç vaxt dərindən nüfuz etməyəcək, onun xalqla birlikdə yaşadığım cəhənnəmlərini yaxşı görə, dərk edə bilməyəcək və milli ruhumun qanadlarında doğru mübarizə yoluna çıxa bilməyəcəkdim.

Əmək kitabçama baxılarsa, ixtisasım üzrə mənə iş verilmədiyindən 1965-ci ilin iyuluna qədər Bakının müxtəlif zavod-fabriklərində fəhlə işləmişəm. 04.05.1964-13.07.1964 tarixləri arasında Bakı Polad Kanatlar Zavodunda hətta hamballıq etmişəm. Vaqondan gündə 30 tona qədər məftil yükü boşaldar, yaxud bu qədər məftil topunu zavodun anbarında çeşidləyib yerbəyer edərdim. İstismarın dərəcəsinə bax ki, bu qədər işə 5-6 manat pul yazılardı. Rayon bölgələrində kənd zəhmətkeşlərinin necə qansızcasına istismar olunduğunu az görməmişdim. Zavod-fabriklərdə işlədiyim zaman fəhlə sinfinin dövlət tərəfindən eynilə beləcə istismar olunduğunun canlı şahidi oldum.

Vaqondan məftil boşaldanda, özəlliklə zavodun anbarında məftil toplarını çeşidləyib yerbəyer edəndə başdan-ayağa qara mazut olardım. Bir dəfə mebel fabrikindən bizim zavoda gəlib çıxmış dostum Məmməd Azərlunun arvadı Aliya xanım məni bu kökdə görüb gözlərinə inanmadı.

1964-cü ildə ailəliklə Polşaya köçüb getmək fikrinə düşdük. Polşanın Moskvadakı səfirliyindən ərizəmizə yox cavabı alacağam. Lakin bu cavabı alana qədər, Polşaya getməkdən vaz keçək deyə, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi məni akademiya sistemində işə düzəltdi və mənə ev verdirdi. Ancaq Sovetlər Birliyindən çıxıb getmək fikri bir an da olsa beynimdən çıxmayacaqdır. İranda 1979-cu il 11 fevral inqilabı olan kimi, İranın Bakıdakı konsulluğuna sənədlər təqdim edib vətənə qayıtmaq üçün yeddi-səkkiz il çalışdım. Dövlət Təhlükəsizlik Komitəsi özünün Bakıdakı iranlı agentləri vasitəsilə konsulluğa təsir edərək, vətənə qayıtmağıma maneçilik törətdi. Maneçilik törətdi, ancaq Dağlıq Qarabağla ilgili 1988-ci ildə Azərbaycanda başlayan tətil hərəkatından dövlət milyardlarla manat zərbə yeyincə, həmin komitənin moskvalı nümayəndələri 08.06.1989-cu il tarixində Azərbaycan SSR DTK-nın həbsxanasında qabağıma kağız-qələm qoyaraq deyəcəklər: "Sən bizim ölkə üçün arzuolunmaz adamsan. Diləkcə yaz, 24 saata dünyanın hansı ölkəsinə istəyirsən səni ötürək". Həmişə elə bu haqda düşünməmişdim?! Əzablı, təhqirli həyatdan xilas olmağın anı gəlib çatmışdı. Təsəvvür edin ki, gözlənilməz halda qarşıma çıxmış bu mutluluqdan, istəyimə rəğmən, imtina etdim. 1988-ci il noyabr-dekabr mitinq olayları zamanı mənə atılan: "vizası cibində üç gündən sonra Qərbi Almaniyaya qaçır"  böhtanına  cavab  olsun  deyə açıqlayım niyə imtina etdim. Rusiya müstəmləkəçiliyinin çarmıxına çəkilmiş vətənimiz Azərbaycanın üfüqlərində müqəddəs bozqurd - milli azadlıq hərəkatı görünməyə başlamışdı. Dövlət, onun yüzlərlə, minlərlə agentləri, tərəfdarları bu hərəkatı beşikdə ikən boğmağa çalışırdılar. Başçılıq etdiyim Çənlibel, Xalq Hərəkatı Cəbhəsi təşkilatları ilə onların qarşısına tikilmişdim, Çin səddi kimi. Belə bir vaxtda öz şəxsi mutluluğu xatirinə xaricə çıxıb getmək mənim tərəfimdən vətənə, xalqa, xalqın milli azadlıq hərəkatına xəyanət demək olardı. Sovetlər Birliyindən çıxıb getməyi rədd etməyim yalnız və yalnız bu xatirə olmuşdur.

01.07.1965-ci il tarixində akademiya sistemində işə başlayıb və burada Nizami adına Ədəbiyyat İnstitutunda, Şərqşünaslıq İnstitutunda, Nizami Muzeyində uzun illər çalışıb şahidi oldum ki, DTK ictimai elmlərimizə müsəllət olmuşdur. Bu orqanla əməkdaşlıq etməyən adam  çətin   ki,  institut direktoru, direktor müavini, şöbə müdiri və s. vəzifə sahibi ola bilsin. Özüdə bunların əksəri türk olmayan, türkə, onun tarixinə, mədəniyyətinə, dilinə nifrət bəsləyən, Azərbaycan türk xalqının assimilyasiya olunub ortadan qalxması arzusu ilə için-için tüstülənən vələdüznalardır (ümumiyyətlə ictimai elmlərimiz, özəlliklə tarix və dilçilik institutu belə adamlarla doldurulmuşdur). Onlar tariximizin, mədəniyyətimizin saxtalaşdırılmasının başında dayanır, institutları ictimai elmlərimizin qəbiristanlığına  çevirir, Azərbaycanın namuslu, vətənsevər alim oğul və qızlarını maddi və mənəvi məhrumiyyətlərlə qarşı-qarşıya qoyub məhv edirlər. Sevimli, mübariz alim dostlarım Əbülfəz Hüseyni, türkmən Ramazan Qurbanov, Məmməd Azərlu bu adamların əlində şəhid oldular desəm, yəqin ki, mənə nöqsan tutulmaz.

Akademiya sistemində ictimai elmlərimizi qatı zülmətlər içində görüncə, özümə anlamı "səhər işığı kimi" olan “Tantəkin” ləqəbini götürdüm (Akademik Məmməd Arif bu ləqəbə görə mənə "pantürkist" adı qoyub, "Bir nağılın dünyasına ötəri baxış" adlı məqaləmin çapına mane olmaq istədi). Həmin ləqəblə bu iddiaya düşmüşdüm ki, ictimai elmlərimizi qaranlıqlardan işıqlığa çıxaracağam. Buna, heç olmasa folklor, tarix sahəsində, hardasa nail olub-olmadığımı deyə bilmərəm, amma məmmədhüseyn təhmasiblərin, məmməd ariflərin, şirəliyevlərin, həmid araslıların, iqrar əliyevlərin, ziya bünyadovların, cəmil quliyevlərin əlində yazıq oldum, bax bu olduğdur. Bu adamların əhatəsində 1972-ci ildə "Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi adı almağım sonralar mənə ağlasığmaz görünürdü. Təsadüfi deyildi ki, 1984-də tamamladığım "Sehrli nağılların onqon və əsatiri surətləri" adlı doktorluq dissertasiyamı müdafiə etmək mənə nəsib olmadı. Ancaq axırıncı dəfə həbsdən azad edildiyimdə (1990-da) filologiya elmləri doktoru seçiləcəyəm.

Azərbaycan  tarixinin,  mədəniyyətinin saxtalaşdırılmasını ali məktəb proqramından kənar mütaliələrim nəticəsində hələ tələbəlik illərində duymağa, başa düşməyə başlamışdım. Akademiyadakı elmi fəaliyyətim dövründə yazdığım məqalə və kitablarımla,  etdiyim məruzə və çıxışlarımla bu saxtakarlığa qarşı barışmaz cəbhə aldım. Bu nədənlə 1975-ci il noyabrın 18-də Akademiyanın partiya konfransında filologiya elmləri namizədi Ramazan Qurbanov və tarix elmləri doktoru Zelik Yanpolski ilə birlikdə mənə "Azərbaycan tarixşünaslığında tərtib olunmuş qaydaların əleyhinə çıxan təftişçi" markasını yapışdırdılar. Partiyadan çıxarılmış adam olduğuma görə onsuz da yaxşı olmayan durumum lap pisləşdi. Hamı, hətta ən yaxın dostlarım belə məndən qaçırdılar. Tək qalıb sarsılmışdım. Azərbaycan tarixinə aid yazılar yazmaq, işlədiyim Şərqşünaslıq İnstitutunun direktoru Həmid Araslı tərəfindən mənə qadağan edildi. Ətrafımda məhdudlaşdırıcı elə atmosfer yaratdılar ki, bir yerdə çıxış, məruzə edə bilmədim. Bir yerdə  bir əsərə redaktor, rəyçi, bir dissertasiyaya opponent ola bilmədim. Bir aspirant yetirə bilmədim. Məqalələrim, kitablarım çap olunmamış qaldı. Elmi işlərim institut rəhbərləri tərəfindən ona-buna hey oğurlatdırıldı… Düz doqquz il baş elmi işçi olmağımın qabağını alaraq (nə var ki, ayda 100 manat artıq donluq alacağam), məni maddi ehtiyac və məhrumiyyətlər içərisində boğulmağa buraxdılar. Üstəlik məni bu institutdan o instituta, o institutdan bu instituta qovalamış, bir yerdə qalıb elmi işlə sakit məşğul olmağıma mane olmuşlar. Elə etmişlər ki, yəni səsimi, fəaliyyətimi elə batırmışlar ki, Çənlibel Təşkilatını yaradana qədər respublikada mən adda bir bilginin olduğunu Akademiya sistemində məhdud elmi dairədən başqa kimsə bilməmişdir (4, s. 3-21).



M. Hatəminin kim olduğunu anlamaq baxımından "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin M. Hatəmi ilə bağlı aşağıdakı xatirəsi də çox maraqlıdır. O yazır ki, «1992-ci ilin 10 mayında Nəcməddin Sadıkovun əmri ilə Tərtərdən Ağdərə istiqamətinə hücuma keçdik. Təxminən 1 saat ərzində Marağa kəndini azad edib Marquşevan kəndinin içlərinə doğru getməyə başladıq. Lakin qəfildən nəsə (?) baş verdi və texnikalarımız vurulmağa, igidlərimiz qırılmağa başladı. Harada toplu döyüşçülərimiz vardısa oraya mina atılırdı. Bizim, Suraxanı batalyonu iki kəndin arasındakı "Kənd təsərrüfatı malları" dükanı ilə Marquşevandakı bir sovxoz qarajının arasında mövqe tutmuşdu. Bir də onda ayıldıq ki, üçbucaq formasında mühasirəyə düşürük. Ya sona qədər döyüşüb irəli getməli, ya da ölməliydik. İrəli getmək mümkünsüz idi - düşmən qarışqa kimi artmışdı, geri çəkilmək isə ölüm idi - çünki geri çəkilmək üçün tam açıq hədəfə çıxmalı idik. Təxminən yarım saat sonra Məhəmməd Hatəminin (o vaxt onu Hatəmi Tantəkin kimi tanıyırdıq) rəhbərlik etdiyi Milli Qurtuluş batalyonunun igid döyüşçüləri yetişib mühasirəni yardılar və qurtulduq. Güllələrimizin və gücümüzün tükəndiyi bir vaxtda onlar bizi ölümün pəncəsindən aldılar, 60-a yaxın döyüşçümüz sağ-salamat geri dönə bildik” (5).

Yüklə 396 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin