Bəxtiyar Tuncay «Çənlibel»dən meydanlara uzanan yol



Yüklə 121.51 Kb.
tarix25.12.2016
ölçüsü121.51 Kb.
Bəxtiyar Tuncay

«Çənlibel»dən meydanlara uzanan yol

Bəli, «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə də Azərbaycan xalqının, xüsusən də ziyalıların rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixi var. Fəqət bu tarixdə yaradılan gizli təşkilatların, görülən işlərin heç biri uğura gətirib çıxmamışdır. «Çənlibel»in tarix səhənəsinə çıxdığı ərəfədə də Semaşko adına xəstəxananın həkimi, əslən Güney Azərbaycandan olan Babək Ədalətinin başçılıq etdiyi gizli «Şah İsmayıl Xətai» adlı bir təşkilat fəaliyyət göstərirdi və üzvlərinin də sayı bir xeyli çox idi. «Çənlibel» yarandıqdan sonra təşkilat, demək olar ki, fəaliyyətini dayandırdı və üzvlərinin çoxu tədricən Məhəmməd Hatəminin ətrafında toplaşmağa başladı. Həmin günlərdə Firudin Cəlilov (Ağasıoğlu), Əbülfəz Əliyev (Elçibəy) və əslən Güney Azərbaycandan olan, Azərbaycan Dövlət Universitetində hüquqdan dərs deyən İsmayıl Təriqpeyma da bir araya gələrək, öncə gizli, sonra isə açıq fəaliyyət göstərən «Varlıq» təşkilatı qurmuşdular. Fəqət bu təşkilat da heç bir ciddi fəaliyyəti ilə yadda qalmadı.

Firudin Cəlilob (Ağasıoğlu). “Varlıq təşkilatının qurucularından biri
Bəs, nədən «Çənlibel» uğur qazandı?

Çünki bunun üçün tarixi şərait yetişmişdi. Bir yandan M. Qorbaçovun «Yenidənqurma» və «Aşkarlıq» siyasəti açıq fəaliyyət göstərməyə, fikrini, qismən də olsa, açıq şəkildə ifadə etməyə imkan verirdi, digər yandan da ermənilərin təxribatçı fəaliyyətləri xalqımızı birləşərək hərəkətə keçməyə, kütləvi şəkildə siyasi mübarizəyə qoşulmağa sövq edirdi. Üstəlik də iş görmək əzmində olan bütün passionar ruhlu ziyalı və gənclər məhz «Çənlibelin» ətrafında birləşmişdilər.

Məlum olduğu kimi, 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) rəhbərliyi vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-yə verilməsi haqda Sov. İKP MK-ya müraciət etdi. Bu Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq şəkildə təcavüz idi. Sov. İKP MK 24 mart 1988-ci ildə bu müracətə cavab olaraq bəyan etdi ki, bu kimi tələblər Azərbaycan və Ermənistan zəhmətkeşlərinin mənafelərinə ziddir və millətlərarası münasibətlərə ziyan vurur. Elə həmin andan da Yerevanda və Ermənistanın digər şəhərlərində, eləcə də DQMV-də nümayişlər və mitinqlər gücləndi. Xankəndində, Yerevanda on minlərlə erməni küçələrə və meydanlara axışaraq dövlətə təzyiq göstərməyə cəhd etdilər. Yerevanda günlərlə müəssisələr işləmədi, Dağlıq Qarabağda isə iş tamamilə dayandırıldı. «Separatçılar camaatı məcburi mitinqlərə təhrik edir, getmək istəməyənləri xalq arasında biabır edirdilər. Balaca uşaqlar belə meydanlarda “miatsum” (birlik) qışqıraraq, özlərini faşist Almaniyasının “hitelyugend” uşaq təşkilatının üzvləri kimi aparırdılar. Qarabağda yaranan iğtişaşlara “Krunk” və “Qarabağ” separatçı təşkilatları rəhbərlik edirdilər…

Əlbəttə, “Qarabağ problemi”nin ortaya atılmasını təkcə imperiya rəhbərlərinin üzərinə yıxmaqla ermənilərə haqq qazandırmaq olmaz. Qeyd edək ki, siyasi boşboğazlıqların ssenarisi Moskvada imperiyanın müxtəlif institutları tərəfindən hazırlanıb, həyata keçirilməsində isə şübhəsiz ki, son iki əsrə yaxın bir dövrdə rus müstəmləkəçiliyinin Qafqazda əsas dayağı olan ermənilərdən istifadə olunurdu. Eyni zamanda ermənilər də öz növbələrində yaranmış əlverişli şəraitdən bacarıqla istifadə edərək, illər boyu hazırladıqları “Böyük Ermənistan” ideyasını həyata keçirirdilər. Sovet İttifaqı Kommunist Partiyasının dövlət orqanlarında rəhbər vəzifə tutan erməni və ermənipərəst qüvvələrə, ABŞ-da, Fransada və dünyanın bir sıra nüfuzlu dövlətlərində formalaşmış, iqtisadi-siyasi cəhətdən güclü erməni lobbisi dayaq dururdu.

DQMV-də yaşayan ermənilər, guya, sosial-iqtisadi vəziyyətlərinin ağırlığını və hüquqlarının pozulmasını bəhanə edərək, Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşmək istəklərini meydanlarda, mitinqlərdə elan edirdilər ki, bu da sadəcə, quru böhtandan savayı bir şey deyildi. On illər ərzində Qarabağ erməniləri Azərbaycanın digər bölgələrindəki azərbaycanlılardan qat-qat yaxşı yaşayırdılar. Onların iqtisadi həyatlarını daha da varlı etmək üçün hətta Azərbaycan hökuməti 1976-cı ildən etibarən onlara iqtisadi müstəqillik vermiş, Dağlıq Qarabağ Muxtar Vilayətinin mədəni və sosial tərəqqisinin yüksəldilməsi haqqında xüsusi qərar da qəbul etmişdilər. Həmin qərara əsasən DQMV-nin təsərrüfatları istehsal etdikləri məhsullardan özləri sərbəst istifadə hüququ qazanmışdılar, yalnız onu demək kifayətdir ki, onlar üzümü və taxılı hara istədi sata bilərdilər. Və həmin qərara uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayətində bir neçə elmi idarə, institut açıldı. Yeni nəhəng müəssisələr tikildi. Vilayət başdan-başa elektrikləşdirildi və qazlaşdırıldı. Yeni yollar çəkildi, abad yaşayış binaları tikildi. Çox təssüf ki, bu idarələrdə, institutlarda və müəssisələrdə işləmək üçün ixtisaslı kadrlar da Ermənistandan gətirildi.

Ermənistan Ali Sovetinin sessiyasının isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qərar qəbul etməsi, faktiki olaraq, Ermənistan-Azərbaycan müharibəsinin başlanğıcına rəvac verdi. Bu hadisədən az sonra, Ermənistanda yaşayan Azərbaycan türkləri oradan qovuldu. Yüz minlərlə soydaşımız öz doğma el-obasından didərgin düşərək dədə-baba torpağında qaçqına çevrildi. Bütün bunlar da 1988-ci ildə erməni separatçılığına rəvac verən amillərdən ən birincisi oldu.

Ermənilər respublikamızda yaranmış qarışıqlıqdan istifadə edərək xalqımıza qarşı müxtəlif təxribat xarakterli tədbirlər həyata keçirməyə müvəffəq oldular» (1, s. 168-169). Bu təxribatların fonunda ermənilər tərəfindən törədilmiş Sumqayıt hadisələrini xüsusi qeyd etmək lazımdır.

1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi gudən qanlı cinayətlərindən biri idi. Həmin hadisələr zamanı Sumqayıtda muxtəlif millətlərdən olan 32 nəfər həlak olmuş, 400-dən cox insan bədən xəsarəti almış, 200-dən cox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmışdı (7).



Sumqayıt hadisələrindən bir fraqment
1988-ci il fevral hadisələrindən sonra M. Qorbacov yuksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Cunki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yuksək dairələrdən idarə olunması faktı ortaya cıxa bilərdi. SSRİ-nin milli munaqişələr zəminində dağıdılması ssenarisinin əsl muəllifləri ittiham olunardı, Sumqayıtda torədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı uzə cıxardı. Bir də ermənilərin dunyaya bəlli olan ic uzləri acılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: “Mən muharibədə cox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları otub keciblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə oldururlər”. Əslində dunya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qanicən, bir sozlə, umumbəşəri bəla kimi... (7).

Ə. Nəcəfxanlı haqlı olaraq yazır ki, «bu hadisələr SSRİ Dovlət Təhlukəsizlik Komitəsinin ermənilərin ozlərilə birgə təşkil etdiyi və həyata kecirdiyi ssenarinin tərkib hissəsi idi. Hadisələrin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatcı qruplar xususi rol oynayıb.

Yeri gəlmişkən, Vladimir Jirinovski SSRİ-nin cokməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk novbədə, Mixail Qorbacovu muqəssir sayaraq bildirmişdi ki, o, ABŞ-ın casusudur. Jirinovski acıq şəkildə deyib ki, “Sumqayıt faciəsində Qorbacovla yanaşı, kecmiş SSRİ DTK-sı, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır. Ermənistan isə boyuk bir oyunda alət olduğunu dərk edir, lakin buruzə vermək istəmir. Cunki torpaq iddiasındadır”.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələri Moskvanın torətməsini SSRİ Dovlət Təhlukəsizlik Komitəsinin o vaxtkı sədri N. Kryuckov da etiraf etmişdi.

Fevralın 27-də axşam SSRİ Baş prokurorunun muavini A.Katusev Mərkəzi televiziyanın proqramında məlumat verdi ki, fevralın 22-də Əsgəran yaxınlığında iki azərbaycanlı həlak olub. Olənlərin milliyyətinin bilərəkdən vurğulanması, təsdiq edildiyi kimi, qisascılıq hərəkətlərinə başlamaq ucun qığılcım təsiri yaradıb» (5).

Azərbaycan ictimaiyyəti baş verənlər haqqında sadəcə bir necə gün sonra xəbər tutdu. Təsadüfi deyil ki, «Çənlibel»çilərin də Sumqayıtda baş verənlərdən doğru-dürüst xəbəri yox idi. Bununla belə, dövlət orqanları təhlükəsizlik önləmləri almaq məqsədi ilə təşkilatın növbəti tədbirinin qarşısını almağa çalışdılar, fəqət üzvlərlə milislər arasında qarşıdurma yaranacağında ehtiyat etdikləri üçün geri addım atmalı oldular. M. H. Tantəkin həmin gün baş verənləri belə qələmə alıb: «Dostum Xəlil Rza 28 fevral 1988 tarixində Çənlibeldə "Ədəbi dilimizin vəziyyəti" mövzusunda məruzə ilə çıxış etməli idi. Mərkəzi Komitə gecəynən onu aradan çıxartdığından, mən məruzə edəsi oldum. Səhər saat 10-da məşğələyə gələndə Azərnəşri qoşunla, milislərlə mühasirə edilən gördük. Xəbərimiz yox, sən demə Sumqayıtda erməni aksiyası başlayıbmış. Hadisənin Bakıda təkrarlanmasından qayğılanan dövlət, Azərnəşrin qapısına yekə bir qıfıl vurdurmuşdu ki, məşğələ olmasın. Çənlibelçilər, məşğələyə gələn kənar adamlar dirənərək qapını güc-bəla ilə açdırdılar» (3, s. 25).



Həmin gün M. Hatəmi Tantəkin Şeyx Məhəmməd Xiyabəninin mübarizə yolundan bəhs edən məruzə ilə çıxış etdi. Məruzə məşğələyə toplananlanlar tərəfindən çox böyük coşğu ilə qarşılandı. Xüsusən onun Xiyabəninin dilindən səsləndirdiyi «Vicdanıma and olsun, bir millətin ki istiqlalı yoxdur, demək ki, heç nəyi yoxdur», eləcə də «Müstəqilliyi vermirlər, onu qanla ödəyib, zorla alırlar» kimi fikirləri sürəkli alqəşlarla qarşılandı. Sonda səsləndirilən aşağıdakı fikir isə məruzənin kulminasiya hissəsi oldu: «Şimallı-cənublu Azərbaycan xalqı nə qədər ki, müstəmləkə əsarətindən, yadların təpiyi altında tapdalanmaqdan, var-yoxu vəhşicəsinə talanmaqdan xilas olmamışdır, əziz rəhbərin beyinləri yandıran, qanları coşduran bu alovlu çağırışı öz dəyərini itirməyəcəkdir. Bu gün daha aktual və gur səslənən bu çağırışa xalqımız namusla, qeyrətlə cavab verib, ölkəsindəki əcnəbi ağalı-ğına son qoyacaq, azad, qayğısız, xoşbəxt həyata qovuşacaqdır» (4, 1990).

Bu məruzədən sonra Hatəmini dərhal DTK-ya çağırdılar: «Məni dərhal DTK-ya çağırdılar. Çağırtdıran DTK-nın sədr müavini polkovnik Namiq Abbasov idi. Onun otağına məni DTK-nın ziyalı agentlərlə işləyən şöbə müdiri podpolkovnik Eldəniz Əliyev apardı. Bu həmin E. Əliyevdir ki, məni gözdə tutaraq, Bəxtiyar Tuncaya deyəcəkdir: "İranlıların dalınca düşüncə, (Əliyev) Əbülfəzin ardınca gedin də"… 

Kef-əhvaldan, iş-gücümlə, dolanışığımla, ailə durumumla ilgili bəzi sual-cavablardan sonra günahlandırılmağa başlandım ki, məşğələdə xalqı silahlanmağa çağırmışam. Məruzədə silah məsələsi başqa cür dilə gətirilmişdi. İttihamı rədd etdim. E. Əliyev başladı mənimlə hədələyici uca səslə danışmağa. Bu vaxt onlara, sonralar rəsmi adamların dilində, qəzetlərdə rast gəldiyim, bu sözləri dedim: "Mən xalqı üçün tabutunu çiynində gəzdirən bir insanam. Mənimlə bu tonda danışmağın nə anlamı var?"  Bundan sonra onlar özlərini mənimlə mülayim apardılar.

Çənlibel Təşkilatının məşğələlərində arvadı erməni olanlar haqqında ara-sıra söz-söhbət qalxırdı. N.Abbasov buna etiraz etdi. Ona cavab verdim ki, biz məhəbbə-tin əleyhinə deyilik. Arvadı erməni olanların mühüm dövlət vəzifələrində işləmələri əleyhinəyik.  N. Abbasov soruşdu: "Sumqayıt hadisəsinə necə baxırsınız?" Fikrimi gizləməyib, açıq cavab verdim: "həm pis, həm yaxşı". Sual: "Yaxşı cəhəti nədədir?". Cavab: "Başqasını yurd-yuvasından edəndə, isti ocağına su calayanda, şirin canına qıyanda, vətəninə göz tikəndə adamın gözünü tökərlər. Nə tökərsən aşına, o çıxar qaşığına".

Söhbətimizin sonunda N. Abbasova tanışlıq verib dedim: "Biz səninlə jurnalistikada bir yerdə oxumuşuq. Siz Yalçınla, güneyli Səfərlə bir kurs məndən yuxarıda oxuyurdunuz". Üzündəki xoş bir ifadə ilə, əvvəl təəccübləndi, sonra birdən yadına düşdüm. Ayrılarkən mənə öz telefon nömrələrini vermək istədilər ki, nə çətinliyim olsa, onlara zəng edim. Hər ehtimala qarşı imtina etdim ki, birdən zəiflik edib zəng çalaram. Heyrətlə üzümə baxa-baxa qaldılar. Yeriykən qeyd edim ki, görüşümüz zamanı öz vətənsevərliklərindən az danışmayan N. Abbasov, gələcək meydan mitinqlərinin birində məni Azərbaycan KP MK-nın ikinci katibi V. Polyaniçkoya xatalı şəkildə belə təqdim edəcəkdir: "Tanış olun, başımızı çox ağrıdan Hatəmi budur"» (3, s. 25-26).

«Çənlibel»in 28 fevral 1988 tarixli məşğələsində Hatəminin məruzəsi və ona verilən reaksiya xalqımızın artıq mübarizəyə tam hazır olduğunu göstərməkdə idi. Odur ki, artıq iclas zalından keçələrə və meydanlara çıxmaq barədə ciddi düşünməyə başlamışdıq. Sadəcə nə isə bir bəhanəyə ehtiyac var idi. Və bu bəhanə tapıldı: «Çənlibel Təşkilatının məşğələlərdən kənar atdığı ilk siyasi addımlardan biri fantanlar bağında açılacaq 7 gözəl qorelyefi ilə bağlıdır. Ermənilər necəsə əl taparaq, abidəyə erməni, xristian elementləri daxil etmişdilər. 1 və 9 may 1988-ci il tarixlərində Çənlibel Təşkilatı piketlər təşkil edərək, abidənin açılışına mane oldu. Abidə o vaxt açıla bildi ki, ondakı yabançı elementlər islah edildi.

Piketlərdən birində milislərlə çənlibelçilər arasında toqquşma çıxdı. Bir milis polkovniki məni və Ənvər Yusifoğlunu tutmaq istədi. Gənclər onu təpikləri altına salaraq hər tərəfdən əməlli-başlı tapdadılar. Milis işçisini günün günorta çağında, adamların gözü qabağında beləcə tapdalamaq, Sovetlər Birliyində deyə bilmərəm, Azərbaycanda görünməmiş olay idi. Çənlibelçi cavanlar çayxanada hey bu olaydan iftixarla danışıb gülüşürdülər. Bu olay onlara cəsarət, milislərə qorxaqlıq hissi gətirmişdi.



Azərbaycan SSR Daxili İşlər nazirinin müavini, milis generalı Kamil Məmmədovla ilk tanışlığım bu piketlər zamanı olmuşdur. Mayın 9-da generaldan aralanıb, milli ruhlu insan olan Rəfibəyli Oktay Kərimovun kabinetində çənlibelçilərin iclasını keçirdik» (3, s. 26).

1 və 9 maylarda (1988) ilk piketlərin keçirildiyi fəvvarələr meydanı
Məhəmməd bəyin haqqında məlumat verdiyi 1-9 may piketləri «Çənlibel»çilərin üzərində işləməkdə olduqları 16 may mitinqinə hazırlıq xarakteri daşıyırdı. Fəvvarələr meydanında keçirilən bu piketlərə səbəb Tağı Xalisbəylinin qopardığı, Məhəmmə Hatəminin dəstəklədiyi, əslində əsassız olan hay-küy idi. Meydanda açılması gözlənilən sözügedən çoxfiqurlu abidə tuncdan şəbəkəli barelyef üslubunda hazırlanmışdı və Nizami Gəncəvinin əsərlərindən müxtəlif süjetləri əks etdirirdi. Tağı Xalisbəyli və Məhəmməd Hatəmi bəzək elementləri içərisində yer alan və dövrə üzrə bir neçə dəfə təkrarlanan 4 narın guya erməni xaçını ifadə etdiyini, meydandakı zibil yeşiklərinin üzərində də xaç çəkildiyini iddia edirdilər. Sözügedən yeşiklər boşaldılması asan olsun deyə sütuna bərkidilmiş xaçvari sadə mexanizmdən ibarət idi. Yeşiklər narıncı rəngdə, sütun və xaçvari mexaniki element qara rəngdə olduğundan müəyyən qədər xaçı xatırladırdı. Amma təbii ki, «erməni xaçı» ilə heç bir əlaqəsi yox idi.

Tağı Xalisbəyli (ayaq üstə)
İddialar bununla da bitmirdi. Yaxınlıqda yerləşən «Azərbaycan» kinoteatrının foyesinin divarı başdan başa Azərbaycan filmlərindən, o cümlədən «O olmasın, bu olsun», «Arşın mal alan», «Nəsimi» və s. filmlərindən müxtəlif fraqmentləri əks etdirən elementlərlə bəzədilmişdi. Çöldən, pəncərədən sadəcə dərisi soyulmaq üçün əlləri çarmıxa bağlanmış Nəsiminin fiquru daha aydın görünürdü. Və Tağı Xalisbəylinin fikrincə, orada Həzrət İsa (ə) təsvir edilmişdiş O, bütün deyilənləri «erməni təxribatı» kimi qələmə verirdi və ən qəribəsi isə budur ki, söylədiklərinə də ürəkdən inanırdı. Hatəmi də onun kimi. Düşünürdüm ki, bunu ehtirasları qızışdırmaq üçün qəsdən edirlər. Amma yox, dediklərinə özləri də inanırdılar.


Nəsimi” filmindən Nəsiminin dərisinin soyulduğu səhnə
Bütün bu deyilənlərlə yanaşı, iddialardan biri ilə, qismən də olsa, razılaşmaq olardı. Tunc kompozisiyanın elementlərindən biri divə bənzər mifoloji bir varlıqdan qaçan qadın fiquru idi ki, onun yönü vaxtilə yəhudi sinaqoqu kimi fəaliyyət göstərən, sonralar erməni kilsəsinə çevrilən binaya tərəf idi. Sanki, divdən xilas olmaq üçün kilsəyə qaçırdı…

Nə isə, biz – o dövrün gəncləri, iddiaların böyük əksəriyyətinin əsassız olduğunu bilsək də, eyni sözləri təkrar edir, bununla da ehtirasları qızışdırmağa, milləti küçələrə tökməyə çalışırdıq və istəyimizə nail olduq. Üstəlik də polislə əlbəyaxa olub, onları geri çəkilməyə məcbur etdik. Məqsədimiz qorxu sindromunu qırmaq idi, buna da nail olduq.

Keçirdiyimiz piketlərdən qorxuya düşən hökumət və dövlət orqanları dərhal fəvvarələr meydanındakı zibil yeşiklərinin başqa rənglə boyanmasına, heykəl-kompozisiyada isə dəyişiklik edilməsinə göstəriş verdilər. Nəticədə üzü kilsəyə tərəf olan qadın fiqurunun yönü əks istiqamətə dəyişdirildi, 4 nar formasında olan bəzək elementlərindəki narlardan biri ləğv edildi. Edilən dəyişikliklər əsərin bədii keyfiyyətinə heç bir xələl gətirmədi. Həmin abidə İlham Əliyevin hakimiyyəti illərinə qədər meydanda qalaraq, könül oxşamaqda davam edirdi. Meydanın rekonstruksiyasından sonra isə onu götürdülər.

Bəhmən Sultanov (Sultanlı)
«Çənlibel» olaraq, əsas istiqamətlərimizdən birini də bölgələrdəki təşkilatlarla görüşüb, ümumi fəaliyyət planlarını müzakirə etmək idi. Mən özüm dəfələrlə eəssam dostum Əhməd Raza ilə birlikdə Yevlax və Şəkidə görüşlər keçirmişdim. Eyni işi Hatəmi və Nemət bəy də görürdülər. M. H. Tantəkin xatirələrinin birində yazır: «Mingəçevirdən Çənlibelin məşğələlərinə gəlib-gedən Əhməd Rzanın yaxından iştirakı ilə Yevlaxda "Azərbaycanın tarixini, mədəniyyətini öyrənən birlik" yaranmışdı. Buraya məruzə etməyə dəvət olundum. Fizika elmləri namizədi Bəhmən Sultanovu özümlə götürüb Yevlaxa tərpəndim (Nemət Pənahov sabah gələcəkdi). Biz mayın 2-də səhər saat 8-də Yevlaxda qatar-dan enəndə birliyin başçıları Əhməd Rzanın, Rafiq Həsənovun, Vahid Şirinovun, Yelmar Şirinovun, Aydın Ələkbərovun və başda sədr olmaqla, Yevlax DTK əmək-daşlarının stansiyada ayrı-ayrılıqda toplaşaraq gəlişimi gözlədiklərini gördük. DTK əməkdaşları Yevlaxa gəlişimi bilərək, heç bir söz demədən çıxıb getdilər. Gedib də gəlişimlə ilgili aləmi biri-birinə qatdılar. Onlar, başqa cür deyə bilmirəm, primitivlikləri ucbatından rayon partiya komitəsi, icraiyyə komitəsi, milis idarəsi ilə birlikdə haqqımda elə panika qaldırdılar ki, sanki nağıllardan qopub gələn əjdahaymışam, Yevlaxda peyda olub daş-torpağı qarışıq buranı udacaqmışam.

Yerli orqanların bu axmaqlığa yol vermələri yevlaxlılarda mənə və məruzəmə marağı gücləndirdi. Hara tərpənirdimsə 150-200-ə qədər adam dalımca düşürdü.



Sabir Yanardağ
Saat 11 radələrində Ocaq Cəmiyyətinin rəhbərləri, aralarında da Aşıq Sakitlə bakılı (şəkili-B. T.) yaxın tanışım Sabir Yanardağ, Şəkidən gəlib bizə qoşuldular.

Məruzə Yevlax Dəmir Yolu Mədəniyyət Evində olmalı idi. Yevlax milis rəisinin müavini podpolkovnik Çoban Dadaşov və Gəncədən (telefonla) dəmir yolunun rəisi icazə vermədilər. Bəhanələri bu idi ki, Dağlıq Qarabağ olayları ilə ilgili olaraq, regionda gərgin durum yaranmışdır, kütləvi toplantılara yol vermək olmaz. Onları inandıra bilmədim ki, məruzənin Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur. İnadlı müqavimətim sonucu məsələnin həlli qaldı saat 2-də raykomun icazəsinə.

Hələ vaxta vardı. Əlliyə qədər adamla Qarabağ çayxanasına gəldik. Maqnitafonu qurub, səsimdə lentə alınmış " Qurtuluşa səsləyən publisistika" mövzusundakı çıxışımı və onu izləyən "Koroğlu" uvertürasını burada adamlara səsləndirdik. Özəl bir ehtiras və yanğı ilə milli mübarizəyə səsləyən çıxışımla musiqi lentdə əl-ələ verərək, sovet ideologiyasının dumanlandırdığı beyinlərə, xəstə ruhlara, ölgün ürəklərə yepyeni bir dünya gətirmişdi. Çayxanadakılar, məruzə mütləq olmalıdır, deyirdilər.

Rafiq Həsənov. Azərbaycanın tarixini, mədəniyyətini öyrənən Birliyin (Yevlax) sədri 
Məruzənin olmasını məndən çox onlar istəyirdilər.

Amma raykom icazə vermədi. Milis zabiti özümü də tutmaqla hədələdi. Ona dedim: "Ağzını boşa qoyma, məni tutmaq sənin üçün asan deyildir".

Durum belə olduqda, Akifin yeməkxanasına yığışıb bir neçə birliyin birgə konfransını keçirdik. Konfransda kommunist rejiminin imperialist, qeyri-insani siyasəti o ki var ifşa edildi.

Konfrans iştirakçıları Yevlaxa siyasi dadı damaqdan getməyəcək tarixi bir gün yaşatdılar. Bu tarixi gün, burada baş verəcək gələcək siyasi olayların özül daşı olacaqdır» (3, s. 27).



Nəsib Muxtarov “Ocaq” təşkilatının (Şəki) sədri
Mitinqə nail olmaq istəyimiz isə hələ ki, baş tutmur, cəhdlərimiz nəticəsiz qalırdı. Bu barədə Nemət Pənahlının aşağıdakı xatirəsi həmin dövrü çox gözəl əks etdirir: «Dağlıq Qarabağda baş verən təxribatlarla bağlı 88-ci ilin fevral ayının 19-da keçirilmiş mitinqdən sonra biz dəfələrlə nümayiş keçirməyə cəhd etmişdik. Ancaq bu nümayişlər baş tutmamışdı. Bizim onları təşkil edə bilmək üçün kifayət qədər təcrübəmiz yox idi. Bu səbəbdən də nümayişləri asanlıqla dağıdırdılar. 88-ci ilin fevralında Elmlər Akademiyasının qarşısında təşkil etməyə cəhd etdiyimiz nümayiş də eyni səbəbdən baş tutmamışdı» (6, s. 114).

Qeyd etməliyəm ki, həmin dövrdə N. Pənahlı çalışdığı L. Şmidt adına zavodda və «Çənlibel» təşkilatında yetərincə məşhur olsa da, eləcə də respublika rəhbərliyində çalışanlar onu yaxşı tanısalar da, hələ geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmırdı. Onun ulduzu 1988-ci ilin 21 martında Azad Əligilin «Aktyorlar evi»ndə təşkil etdiyi Novruz şənliyində parlamağa başladı. «Çənlibel»çilərin zəfər bayramına çevrilən həmin tədbirdə ilk çıxış edən M. H. Hatəmi oldu və həmişəki kimi ağzına qədər dolmuş zalı coşdurdu.

Növbəti çıxış Xəlil Rzanın olmalı idi. Elə bu məqamda L. Şmidt adına zavodun bir neçə fəhləsi mənə yaxınlaşaraq, həyacanla tədbirə gələrkən yolda N. Pənahlının milislər tərəfindən saxlanıldığını söylədilər. Dərhal Xəlil Rzaya yaxınlaşıb durumu bildirdim, o da tribunaya qalxar-qalxmaz dedi:

-İndicə mənə xəbər verdilər ki, Azərbaycan fəhlələrinin lideri Nemət Pənahovu həbs ediblər. Onu həbs edən milisslərə ar olsun!..

Xəlil Rzanın bu təqdimatından sonra Neməti hər kəs Azərbaycan fəhlələrinin lideri kimi qəbul etməyə başladı, amma vaxt gələcək o, ümumxalq liderinə çevriləcəkdi.

Xəlil Rzanın alovlu nitqi bitməmiş Neməti azad etdilər və o özünü tədbirə yetirdi.

Uzun çalışmalardan sonra, nəhayət ki, Bakıda, Linin (bugünkü Azadlıq) meydanında ilk kütləvi mitinqi keçirməyə nail olduq. Məhəmməd Hatəmi həmi günləri belə xatırlayır: «Bakıda başlayacaq nümayiş, mitinq, tətillərdən danışmazdan öncə, o vaxtlar qafamda daşıdığım bəzi qənaətlərimi hörmətli oxucuya çatdırmaq istərdim.

Dağlıq Qarabağda və Ermənistanda xalqımıza rəva görülən erməni zülmünə qarşı nümayişlər, mitinqlər, tətillər vasitəsilə dirənməkdən əsas qəsdim rus sovet imperializmi olmuşdur. Sovet xalqları, o sıradan Azərbaycan türk xalqı bu imperializmdən o vaxt xilas ola bilərdi ki, onu iqtisadi yöndən əldən salıb çökdürə və dövlət düzənini pozaydın. Nümayişlər, mitinqlər, tətillər buna ən gözəl vasitə idi. Bundan başqa, haqqında danışılan tədbirlər xalqın canından totalitar rejim qorxusunu çıxardar, onu birləşdirər, milli ruhda tərbiyə edər, Kommunist Partiyası ilə qarşı-qarşıya qoyardı. İmperiya dağıldıqdan sonra ermənilərlə danışmaq çətin olmayacaqdır.

Bakıda ikinci nümayiş 16 may 1988-də olmuşdur. Ə.Elçibəyin bu nümayişin təşkilini "Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti"nin ayağına yazmasına (2, s. 9-10) adam qurumaya, şaşırmaya  bilmir. Çənlibel təşkilatının, şəxsən mənim rəhbərliyim altında onu aşağıdakı cavanlar təşkil etmişlər: Lenin adına Neftayırma zavodunun mühəndisi Namiq Qulamov, M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun tələbəsi Etibar Sadıqov, Azərbaycan Dövlət Universitetinin tələbəsi Namiq bəy, D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun tələbəsi Cavid Abdullayev, fəhlə Adil Qasımov, Ç. İldırım adına Politexnik İns-titutunun tələbəsi Təmkin bəy (o həm də "Ulduz" zavodunda işləyirdi), mühəndis Xalid Əlimuradov və nəhayət Orxan və Rəfael Əliyev qardaşları. Nümayişin təşkilində zəncirvari şəkildə başqaları da iştirak etmişlər» (3, s. 27-28).

Həmin mitinqin birbaşa təşkilatçılarından və kordinatorlarından biri mən idim və tam məsuliyyətim ilə Məhəmməd bəyin haqlı olduğunu təsdiq edir, "Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti"nin rolu barədə söylənilənlərin həqiqəti qətiyyən əks etdirmədiyini bildirirəm. Lakin onu da qeyd etməliyəm ki, yuxarıdakı sitatda adı Namiq Qulamov kimi keçən şəxsin adı əslində Namiq yox, Natiq idi. Bəhmən Sultanlının bacısı oğlu olan bu gəncin «Çənlibel»in təşkil etdiyi ilk iki mitinqin (16 və 18 may) ərsəyə gəlməsində müstəsna xidməti olub. Sonra isə onu DTK-ya çağırdılar, qorxutdular və o da qorxusundan növbəti mitinqi pozdu. Bizim təbii ki, bundan xəbərimiz yox idi. Etdiyi əməldə peşimançılıq hissi keçirən Natiq bəy bir-iki gün sonra mənə yaxınlaşaraq başına gələnləri, qorxduğu üçün mitinqi pozduğunu etiraf etdi və dedi ki, «zavod və universitetlərin inqilabçı rəhbərlərinə tapşırmışam ki, bundan sonra Hatəmiyə və sənə tabe olsunlar. Mən qorxuram və kənara çəkilirəm. Amma bundan sonra hər şey qaydasında olacaq».

Ondan sonra hər şey gerçəkdən də qaydasına düşdü. Mən onun mənimlə tanış etdiyi fəhlə liderləri Nemət bəylə, universitet tələbələrinin başçılarını isə Hatəmi ilə tanış etdim və bundan sonra göstərişləri onlardan almalı olduqlarını söylədim.

Yuxarıdakı sitatda Orxan və Rəfael Əliyev qardaşlarının da adı çəkilir. Tarix üçün qeyd etməliyəm ki, böyük qardaşın adı əslində Orxan yox, Robert idi. O, ata-anasının hansısa filmin və ya bədii əsərin təsiri ilə ona qoyduqları bu addan utandığı üçün hamıdan xahiş etmişdi ki, onu «Orxan» deyə çağıraq. Biz də elə edirdik.

Görünür, Məhəmməd bəy unudub, ilk və sonrakı mitinqlərin həyata keçirilməsində Nemət Pənahlı başda olmaqla, L. Şmidt adına zavodun fəhlələrinin rolu da az olmayıb.

M. H. Tantəkin davam edir: «16 may nümayiş-mitinqini Ermənistanda türklərin evlərinin yandırılmasına etiraz olaraq təşkil etmişdik. Səhər saat səkkiz otuzdan fantanlar bağında oturub, onun baş tutub-tutmayacağını həyəcanla gözləyirdim. Bağda DTK-nın, Daxili İşlər Nazirliyinin xəfiyyələri, həmin bağın milis nəzarətçiləri dolaşır, oğrun-oğrun məni izləyir-dilər. Özümü o yerə qoymayıb, başımı əlimdəki qəzetlərə qatmışdım. Onların rahatsız hərəkətlərindən hiss etdim ki, dövlət mitinqin təşkilindən xəbər tutmuş və onu basdırmağı qərarlaşdırmışdır. Amma basdıra bilmədi. Xalqın qarşısına çıxarılmış milis qüvvələrinə ratsiya ilə göstəriş verildi ki, şəhərin hər tərəfindən meydana axın var, qabağında durmayın. Nümayiş baş tutmuşdu. Sevincimin həddi-hüdudu yox idi.

Xalq elə bil ermənilərə qarşı etiraz mitinqinə toplaşmamış, qanlı, zülmkar sovet rejimi əleyhinə üsyana qalxmışdı. Qızmar may günəşi altında dəniz kimi coşan, dalğalanan millət az qala özünü şəhid edirdi. Yönüm mitinqin hansı səmtinə çevrilirdisə, əzab-əziyyət çökmüş, məzlumluq tökülən üsyankar üzlər görürdüm. Onlara dözə bilməyərək, tribunanın arxasına çəkilib, xalqımın bədbəxtçiliyinə içdən acı-acı ağladım.

Tribunada mikrafondan dövlətə qarşı ağzından od püskürən cavan bir qadının natiqliyi diqqətimi çəkdi. Yanıma çağıtdırıb tanış oldum. Məlum oldu ki, o, uşaqlıq yoldaşım, astaralı Təhmures Cahaninin qızı Sevil xanım Cahanidir.

Sevil xanım milli hərəkat zamanı mənim yaxından tanıdığım mübariz 4 gözəl natiqdən biri olmuşdur: Xəlil Rza, Mənsur Əlisoy, Sevil Cahani, Seyid Tahir Qarabaği.

Sonralar mübariz qadınlardan aşağıdakılarını tanıyacağam: Süsən xanım Paşa qızı, Süsən xanım Əliyeva, Rima xanım, Sima xanım, odlu-alovlu türk qızı Solmaz xanım Akçay, Fatma xanım Yusifzadə, iki bacılar Fəridə xanım Həsənova, Əminə xanım Həsənova, Gülnaz xanım, Cəmilə xanım, Vəturə xanım Həsənova, Naibə xanım və b.

Könül adlı gənc bir qadın öz nitqində Türkiyə və islamiyyətlə ilgili, xalqın gur alqışıyla qarşılanan, cəsarətli şüar verdi. Dövlətyanlı ziyalılar xalqın gözü qabağında onu mikrofondan çəkərək, hər tərəfdən başına qapaz tökməyə başladılar. Qadını təpikləyənlər də vardı. Bir dəstə ruspərəst, qeyrətsiz ziyalı alçağın zəif bir qadın xaylağının, özü də milli ruhlu bir qadın xaylağının, üstünə düşmələrini vicdanım, qanım, ruhum götürməyib, onun müdafiəsinə qalxdım. O biri tərəfdən olaydan əsəbiləşmiş xalq hücum edərək, biz qarışıq, tribunadakıların hamısını əzişdirmək, hər şeyi dağıtmaq istəyirdi. Ara qarışacaq, mitinqi çağırmağımız heç nə olub gedəcəkdi. Xalqı sakitləşdirmək üçün çəkdiyimiz çətinliyi bir Allah bilir!

Əlimdə mitinqin içərisindən tribunaya göndərilmiş çoxlu qeydlər vardır. Mitinq zamanı və mitinqdən sonra dövlət onları əlimdən çıxartmaq üçün çox çalışdı. Vermədim, qoruyub saxladım. O vaxtlar xalqı duymaq, bilmək baxımından tarixi dəyəri olan həmin qeydlər bunlardır: 

"Arvadları erməni olan rəhbər azərbaycanlı işçilərimiz işdən qovulsun. Onlardı torpağımızı satır",

"Qazax, Naxçıvan torpaqları geri qaytarılsın", "Mərkəzi Komitənin nümayəndəsi A. Rəsizadənin dəhşətli ağlasığmaz hərəkəti Azərbaycan xalqına, onun mədəniyyətinə ağırdan da ağır zərbə oldu. Hökmən Rəsizadə bu hərəkətini MK qarşısında izah etsin. Torpaqdan pay olmaz. 5000 hektar torpağı pay verməklə o, anasının südünü, bacısının namusunu pay verdi. Qətiyyətlə tələb edirik: o, bu müqəddəs torpağı qarış-qarış yadelli işğalçılardan alıb birləşdirən Şah İsmayıla, Babəkə, Azərbaycanda adı çoxdan unudulan Hacı Zeynalabdin bəy Tağıyevin müqəddəs ruhuna cavab versin!... M. Əliyev adına ADİİ tələbəsi Zülalova G.Y ",  

"Ermənistanda ölən əsgərlərin ölümü haqqında məlumat verilsin", "Ermənistan cinayətkarları haqqında məlumat",

"Bütün qəzet səhifələrinin axırındakı ünvan Avakyan adı ilə bağlıdır. Tələb edirik: Avakyan küçəsinin adı dəyişdirilsin!",

"Necə ola bilir ki, Sumqayıta qoşun yeriyir, əmin-amanlıq yaranır, ancaq Qarabağda, xüsusi ilə Stepanakertdə indi də işləmirlər. Bu barədə xalqa niyə məlumat verilmir?",

"Sumqayıtda tutulanlar xuliqan adlandırılmasın və buraxılsın!",

"Sumqayıtda tutulanlar buraxılsın! Azərbaycan xalqı",

"40-cı illərdə Stalinin əmri ilə köçürülmüş 100 min azərbaycanlı öz vətənlərinə qaytarılsın!",

"Azərbaycan tarixi haçan öz yerini tutacaq?",

"Milli qəhrəmanlarımızın heykəlləri Bakının görkəmli yerlərində qoyulsun!",

"Tələbimiz: 1. Şah İsmayıl Xətainin abidəsi ucaldılsın, şəhərimizin görkəmli yerlərindən birində. 2. Zeynalabdin Tağıyevin adına küçələr və meydanlar qoyulsun, abidəsi ucaldılsın!",

"Sovet İttifaqında... ən çox xeyir verən bərəkətli Azərbaycan torpağıdır. Belə isə Moskva, konkret desək, Qorbaçov və durğunluq dövrünün havasından heç cür yaxa qurtara bilməyən Azərbaycan Mərkəzi Komitəsi nə vaxta qədər bizim xalqın arzularını boğacaqlar?",

"Bütün zəhmətkeşlər ümumi tətilə çağrılsın".



Qeydlərin bir sırasında ali məktəblərin qapılarını bağlatdırıb tələbələri mitinqə buraxmaq istəməmiş İsmayıl İbrahimov, Timuçin Əfəndiyev kimi rektorlara etiraz və Sumqayıtın keçmiş partiya katibi Cahangir Müslümzadənin köhnə iş yerinə qaytarılması tələb edilir» (3, s. 28-29).
Qaynaqça


  1. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  2. Elçibəy Ə. "Bu mənim taleyimdir", Bakı, 1992.

  3. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  4. "Qurtuluş" qəzeti, № 1, 1990.

  5. Nəcəfxalı Ə. Sumqayıt: SSRİ-nin suqutunun başlanğıcı. “Xalq qəzeti”, 02 mart 2015.

  6. Pənahlı N. Əbədiyyət yolunun yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  7. Puc olan erməni təxribatı . “Azərbaycan”, 01 Mart 2015.

: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə