ORTA ASİYA TÜRKLƏRİNİN ETNOQONİK RƏVAYƏT VƏ DASTANLARINDA BU XALQLARIN ETNOGENEZ MƏRHƏLƏLƏRİNİN ƏKSİ VƏ TÜRKLƏRİN İLKİN ATA YURU MƏSƏLƏSİ
Azərbaycnın ən qədim soy və boylarının hamısı barədə ayrı – ayrı türk şəcərə əfsanəlrində bu və ya digər dərəcədə məlumat tapmaq mümkündür. Bu baxımdan adları ən qədim zamanlardan kutilərlə birlikdə çəkilən lulular (lulubilər) da istisna deyillər və onlar barəsində özbək “Xannamə”sində söz açılır. Fəqət digər soy və boylardan fərqli olaraq, bu xalqın Nuh oğlu Yafəsin soyundan deyil, türkmənlərlə birlikdə Nuhun qızı Vəjilənin soyundan gəldikləri qeyd edilir. Daha doğrusu, türkmənlər gerçək Vəjilənin, lulular isə Vəjilənin simasını alan köpəyin övladları kimi təqdim edilir:
Nuhun Ham, Sam, Yafəs adlı üç oğlu ilə bir də Vəjilə adlı bir qızı var idi. Nuh qızını tufanda gəmini qayıran dülgərlərə verməyi vəd etmişdi. Tufan qurtardıqdan sonra gəmini qayıran üç dülgər gəlmiş və Nuha bu sözünü xatırlatmışlar. Nuh peyğəmbər Allahn izni ilə bu vədi vermişdi. Lakin tufandan sonra bu vədi yerinə yetirmək ona çox çətin gəlirdi. Tanrı Cəbrayılı Nuhun yanna göndərir, bir eşşəklə bir it alıb, onları qızı Vəyilə ilə bir otağa salmağı əmr edir. Nuh Allahın əmrini yerinə yetirir və bir müddət sonra otağın qapısını açanda orada bir – birinə bənzəyən üç qız görür. Nuh bu üç qızı üç dülgərə ərə verir və maraqla nəticəni gözləyir...
Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular törəyir (Ögəl, 2006, s. 383-384).
Maraqlıdır ki, özbək “Xannamə”sində Azərbaycanın qədim sakinlərindən kimmerlərin də adına rast gəlinməkdədir. Bu isə buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli olduğunu göstərməkdədir:
Bükdi xan özbək xanı Təlim xan tərəfindən öldürülən zaman türkmənlər özbəklərə qəti surətdə hücum etmişlər. Özbəklərin tərəfində özbək, rak (Midiyanın Raqa vilayəti ?!), toxmaş, kimeri, səkləb, uyğur və tiber (Qafqazda yaşamış qədim türk eli ?!) kimi on el var idi (Ögəl, 2006, s. 399).
“Xannamə”nin başqa yerində Kimeri adlı bir vəzirdən də söz açılır:
Toxtamış xan bəylərini toplayır və ağıllı tədbirlərə ehtiyacı olduğunu bildirir. Bəylərdən Pir Arslan adlı biri Bənən şəhərində Kimeri adlı bir vəzirinin yaşadığını bildirir. O vəzir Ozqan xana da vəzirlik etmişdir, yaxşı məsləhətləri ancaq ondan almaq olar. Toxtamış xan dərhal adam göndərib Kimerini gətirtdirir və ondan məsləhətlər almağa başlayır (Ögəl, 2006, s. 402).
Dastanın sonrakı bölümlərindən aşağıdakı məlumatı da əldə etmək mümkündür:
Kil xanın oğullarından Kimeri adlı bir xan var idi. Kimeri xan Ozqan xanınən hörmətli vəzirlərindən biri idi. Özü də Bənən şəhərində yaşayırdı.
Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O da Bənən şəhərindən idi (Ögəl, 2006, s. 409).
Maraqlidir ki, özbəklərə qarşı vuruşan türkmənlərdən söhbət açılarkən Herodot tərəfindən Azərbaycan ərazisində yad edilən Sakarta ölkəsinin sakinlərinin - sakarların, eləcə də Salur Qazan ellərinin də adı çəkilir. Bu etnonimlər içərisində Ləbnət (Ləbnə + ut – cəm şəkilçisi) etnonimi də xüsusi maraq doğurur. Həmin türkmən boyunun adı Gürcüstanın azərbaycanlılarla məskun Lənbəli kəndinin adında bugünədək yaşamaqdadır. Azərbaycanda eyni adda xalça çeşnisi də olmuşdur:
Türkmənlərin ordusu isə İski, Salur Qazan, Təmir taş, Çavdar, Çavuldur, Bükdi, Çandır, Çigil, Ləbnət, Sakar, Yıpar və Oğud ellərindən meydana gəlirdi (Ögəl, 2006, s. 402-403).
Şübhəsiz ki, bu halda söhbət Azərbaycan türkmənlərindən, yəni oğuzlardan getməkdədir. “Xannamə”də Xəzərin Şərqində yaşayan türkmənlər də ayrıca yad edilir. Özbəklərin onlarla döyüşü təsvir edilir. Bu türkmənlərin boyları sadalanır və həmin boyların adlarının Xəzərin qərbindəki türkmənlərin boylarından fərqli olduğunu görürük:
Bu döyüşdən sonra türkmənlər şərqdən qərbə köç etdilər. Şərqdən qərbə köç edən türkmən boyları sıra ilə bunlardır: baklan, aklan, köklən, vardınıq, təkə, yomut, dərdən (Ögəl, 2006, s. 405).
Burada yad edilən boyların böyük əksəriyyəti bu gün də Türkmənistanda yaşamlarını sürdürməkdədirlər. Türkmənistandan fərqli olaraq onların adları Azərbaycan və Anadoluda qeydə alınmamışdır. Türkmənistanda isə “Oğuznamə”lərdə rast gəlinən oğuz boylarından dördü istisna edilməklə, digərlərinin adını daşıyan soy, boy və ya yer adına rast gəlinmir. Azərbaycan və Anadoluda isə bunun tam əksini görürük. Bu barədə X. Koroğlu yazır:
“Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız Mahmud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. “Qorqud Kitabı”nda da 24 rəqəmi təkrarlanır... Müasir Orta Asiya türkmənlri də 24 tayfaya bölünürlr. Ancaq onların adları çox dəyişmişdir. Qədim adları yalnz 4 tayfa (Salır, Əmirli, Çaudar, Karqın) saxlamışdır...
Maraqlıdır ki, Ön Asiya türkmənlərinin etnik tərkibi genoloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir” (Koroğlu, 1999, s. 15-16).
S. P. Tolstov və ona istinad edən X. Koroğlu Səlcuqluların Azrbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni oğuzların yaşadığını etiraf etmişlər:
“Xl əsrdə Azərbaycana gəlmiş oğuzlar burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar. Gəlmə oğuz – qıpçaqların artıq Azərbaycanın əsil əhalisinə çevrilmiş hun mənşəli türklərlə etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir. Məsələn, tarixi əsərlrdə və eposda Oğuz xanın hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilmişdir. Oğuzların 12 sağ, 12 sol (yaxud İç oğuzlar və Daş oğuzlar) qanada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümənbaşı ümumi adın adını daşyan 24 hun ağsaqqalı) tam uyğun gəlir (Толстов, 1938, s. 80; Koroğlu, 1999, s. 14-15).
Yeri gəlmişkən qeyd edək ki, ərəb tarixçilərinin dövrümüzədək ulaşmış əsərləri oğuzların Azərbaycan və Anadoluya guya Səlcuqlular dövründə gəldiyi barədə qondarma konsepsiyaları kökündən rədd edir. Məsələn, Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır (Koroğlu, 1999, s. 57-58). Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir.
Maraqlıdır ki, “Xannamə”də Gün xanın məşhur vəziri Irkıl Xocanın adı ilə də rastlaşırıq ki, burada onun adı özbəklərin ikinci əfsanəvi xanı Uluq xanın adı ilə yanaşı yad edilir:
Başçısız və padşahsız gəzən özbəklər Uluq xana bir elçi göndərir və onlara tabe olmasını tələb edirlər. Əgər tabe olmasa, döyüşəcəklərini bildirirlər. Bu vaxt özbəklərin içində İrkıl Kugərdi adlı bir ağıllı adam var idi. Bu yaşlı kişi bütün özbəkləri toplayır və Uluq xanla birləşmələri üçün məsləhətlər verir. Onun sözü ilə bütün özbəklər Uluq xana tabe olmağa razı olurlar və bir çox hədiyyələrlə xanın yanına gedirlər. Xan da onları bəy eləyir (Ögəl, 2006, s. 394).
Dastanın “Uluq xanın türkmən döyüşü” adlı növbəti bölümündə türkmənlərin 27 uruqdan (boydan) ibarət olduğu bildirilir və onlardan bir neçəsinin adı sadalanır. Bu dəfə də Azərbaycan və Anadolu boylarının adı çəkilir, Türkmənistandakı boylardan isə söhbət belə getmir. Yuxarıda təqdim edilən siyahıda adı “ləbnət” kimi keçən boyun adı bu siyahıda daha düzgün, “lənbə” kimi təqdim edilir. Bu siyahıda ığdırların da adına rast gəlinməsi diqqət çəkir:
...Türkmənlərin boylarının adları isə belə idi: çavuldur, çandır, salur qazan, çavdur, çigil, ığdır, ükdi, bəktaş, sakar, yıpar, lənbə, oğud, vardınq, qaynar, iski... (Ögəl, 2006, s. 395).
Dastanda suriyalılardan da (aşşurlardan) söhbət açılması özbəklərin etnogenezinin ilkin mərhələsinin Ön Asiya və Qafqazla, başqa sözlə, Azərbaycanla bağlı olduğu fikrini möhkəmləndirir. Və məsələ bununla da bitmir. “Xannamə”də özbəklərin ilk xanlarının xəzərlərlə döyüşündən söhbət gedir. Halbuki, tarixən yaşadıqları arealın Şərqi Avropa, Qafqaz və bilavasitə Azərbaycanla sınırlı olduğu məlum olan xəzərlərin ölkələrinin bugünkü Özbəkistan ərazisi ilə heç bir sınırı yoxdur və bu ərazilər bir-birindən çox uzaqdır. Eyni zamanda, xəzərlərin heç vaxt Ural çayından şərqə tərəf keçmədikləri məlumdur. Əgər özbəklərin ulu babaları ilə onlar arsında gerçəkdən də nə zamansa döyüş olubsa, bu mütləq Qafqaz ərazisində olub. Dastanda həmin döyüş belə təsvir edilir:
Ozqan xan xəzərlərə qarşı yürüşündə Xəzər xanını öldürmüşdü. Xəzər xan öldürülən zaman oğlu Kümüş hələ doğulmamışdı. Kümüş xan böyüyəndən sonra olub-keçənləri öyrəndi və Ozqan xanın oğlu Uluq xandan atasının intiqamını almaq qərarına gəldi. Uluq xan da bunu eşidən kimi, dərhal ordusunu çəkib, onun üzərinə yeriyir və iki ordu qarşı-qarşıya gəlir. Yenə təkbətək döyüş başlayır və xəzərlərdən Dimuk adlı bir igid ortaya çıxır. Uluq xan da öz igidi Macar pəhləvanı meydana göndərir. Macar pəhləvan xəzərlərdən meydana çıxan üç igidi dalbadal öldürür. Buna görə xəzərlər Tuğraq Dilavər adlı bir igidi meydana çıxarırlar... (Ögəl, 2006, s. 396).
Bu fraqmentdə Macar antrponiminə rast gəlinməsi böyük maraq doğurur. Həm ona görə ki, bu fakt macarların etnogenezinə müəyyən aydınlıq gətirir, həm də ona görə ki, döyüşün Şərqi Avropa ərazisində baş verdiyini ehtimal etməyə əsas verir. Bu son dərəcə qiymətli informasiya özbəklərin ulu əcdadlarının Ön Asiya və Qafqazlardan Orta Asiyaya hansı yolla köçdüklərinə müəyyən aydınlıq gətirir.
“Xannamənin başqa bir yerində xəzərlərlə ikinci döyüşdən və bu döyüşdə məğlub olan özbəklərin xəzər hakimiyyətini qəbul etmələrindən söhbət açılır:
Təlim xan xəzər xanı Kümüş xanı öldürərək, atasının taxtını almışdı. Gümüş xanın Ay Tokuş adlı bir oğlu var idi. Ay Tokuş böyüyüb bir igid olanda, hər şeyi təfsilatı ilə öyrənir. Atasının intiqamını Təlim xanın oğlundan almaq üçün yola düşür... (Ögəl, 2006, s. 403).
“Xannamə”nin bu yerində növbəti dəfə Azərbaycanın ən qədim sakinlərindən olan kimerlərin adı ilə rastlaşırıq. Bu dəfə də kimerlər özbəklərin müttəfiqi kimi çıxış edirlər:
Rak, Ilaq, Ruyin, Kimeri, Uyğur, Səkləb elləri də özbəklərə qoşuldular (Ögəl, 2006, s. 403).
Dastanın ən maraqçəkici məqamlarından biri də özbəklərin öz soylarını eynən digər türk xalqları kimi Nuh oğlu Yafəsə bağlamalarıdır:
Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi...
Bütün xanlar, özbəklər, türklər və şimal xalqları Yafəsin soyundan gəlirlər. Bütün gözəllər Yafəsin soyundandırlar. Buxaranın gözəlləri Xorasanınkından, Səmərqəndin gözəlləri Buxaranınkından, Daşkəndin gözəlləri də Səmərqəndin gözəllərindən daha gözəldirlər. Ta şimala qədər bu şəkildə davam edir... (Ögəl, 2006, s. 385).
Görünür, Ön Asiya və Qafqaz mənşəli bütün bu süjetləri Orta Asiyaya özbəklərin etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri aparmışlar. Bu, çox güman ki, “Xannamə”də 32 özbək boyundan biri kimi yad edilən kanqlılar olmuşlar. Fəqət bu “missiya”nı matienlərin (myutenlər) də yerinə yetirə biləcəyi qətiyyən istisna edilmir. Adlarına e.ə. ll – l minilliklərə aid mixi yazılarda Azərbaycan və Şərqi Anadoluda yaşayan türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun əfsanələrində onların indiki Özbəkistan ərazisinə Urmiya gölü (Güney Azərbaycan) sahillərindən köç etdiklərini əks etdirən süjet də yer almaqdadır. Bu barədə məşhur türkoloq L. Tolstova özünün “Xorəzm vadisinin tarixi onamastikasının bəzi məsələləri” adlı məqaləsində ətraflı məlumat verməkdədir. Alim matienlərin adının Herodot tərəfindən yad edilən və Şərqi Anadoluda yerləşdiyi anlaşılan dağın adı ilə bağlı olduğunu söyləyir (Толстова, 1971, с. 246-253). Herodotun dediyindən isə belə anlaşılır ki, Araz çayı mənbəyini məhz bu dağdan alır:
"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..." (Алиев, 1987, c. 14).
Strabon isə Matien ölkəsini Midiyanın bir əyaləti adlandrmışdır (Strabon, ll, 1, 14). F. Ağasıoğlu mövzu ilə bağlı yazır:
“...Starbonun dövründə (m.ö. l – m. s. l əsrlər) Armeniyanın doğusundakı, Atropatenanın batısındakı Matien bölgəsi Mada (Maday, Midiya) ölkəsinin əyaləti adlanır. Sonrakı minilliklərdə matien boyları türklərin (özbək, qaraqalpaq) bir boyu kimi xatırlanır” (Ağasıoğlu, 2005, s. 331).
Bizcə, özbək – matienlər (myutenlər) deyil, Matien dağı öz adını bu türk soyunun əcdadı kimi yad edilən Matienin (Myutenin) adından alıb. Belə ki, əski türk inanclarına görə, dağ, çay, göl adları yalnız cоğrafi adlar dеyil, həm də о yеrin sahibi оlan əcdad ruhun adıdır. Altay türkləri inanmışlar ki, Abu Kaan, Südgöl, Ağ qaya və sair yеrlər canlı varlıqlar оlmaqla insanların dualarına cavab vеrir, insan kimi övlad sahibi də оlurlar. Abu Kaan dağının iki qızı vardır. Yеlbiz (alvız, albıs, al anası) adlandırılan bu ilahi varlıqlara Altaylılar dua еdir:
Unutma bırıkma (bеni),
Ak yurdun еsеn yatsın (Kalafat, 1999, s. 85-86).
“Maaday Qara” adlı Altay eposunun qəhrəmanı yeni doğulan və sağ ovcunda doqquzbucaqlı qara daş, sol ovcunda yeddibucaqlı ağ daş (Маадай-Кара,1973, c. 84) olan oğlunun düşmən əlinə keçməməsi üçün onu Qara Dağın başında dörd qayın ağacının altında qoyur və deyir: “Qara Dağ sənin atan, dörd qayın ağacı anan olsun (Маадай-Кара,1973, c. 87).
Altaylıların inancına görə, “Maaday Qara” dastanının baş qəhrəmanı Maaday-Qara və оğlu Göküdеy-Mеrqеn dağ ruhundan yaranmışlar:
Оnun tünd qоnur atı su ruhundan yaranmış,
Maaday-Qara özü dağ ruhundan yaranmışdır (Seyidov, 1994, s. 195).
Dastanda Maaday Qaranın dilindən belə dеyilir:
Qara dağ atamdır-dеdi.
Qara dağ atam оlmuşsa,
Sözsüz mən batıram-igidəm-dеdi (Seyidov, 1983, s. 196).
M.Cəfərli oğuz epik-mifoloji düşüncəsindəki dağları diri və ölü dağlar deyə təsnif edərək yazır:
“Ən maraqlısı və mühümü ondan ibarətdir ki, oğuzlar üçün canlı və ölü dağlar vardır. Əks təqdirdə, ana dağa qarğış etməzdi. Oğuzlar insanları qarğadıqları kimi, dağları da qarğaya bilirlər. Qarğışın insana təsiri məlumdur. Qarğış insanı tutur, başına pis işlər gətirir, öldürür. Demək, oğuzlar üçün dağ insani keyfiyyətlərə malikdir, ən azı, canlı keyfiyyətlərinə malikdir. Bu canlılıq məhz onun sadaladığımız elementlərində üzə çıxır. Dağı qarğış o vaxt tutur ki, suyu axmır, otu bitmir, keyiki qaçmır, arslanı, qaplanı olmur. Yəni saydığımız bu beş element öz fəaliyytini dayandırdıqda, öldükdə dağı qarğış tutur, yəni dağ da ölür. Beləliklə, oğuz epik ənənəsində onların canlı dağ anlayışına daxil olan su, ot, keyik, arslan, qaplan semantemləri dağın ruhunu, canını bildirir. Dağın canı bu obrazlardadır” (Bəydili, 2007, s. 145).
“Altay-Buuçay” adlı Altay eposunun variantlarından birində bəlaya düçar olan qəhrəmanın Temiçi-eren adlı atı Altaya - Ağ Tayqa dağına qaçır. At üç il Ağ Tayqanın ətrafına dolanır. Sonra bir yerdən qapı açılır. Ağ paltarda ağ saçlı qadın (Ak emegen) qızıl əsaya söykənərək bayıra çıxır. Altay-Buuçayı diriltmək üçün qoca qadın səmaya Ak Burxanın yanına gedir. Baş Allah qoca qadını Ağ Altayın ruhu Ak emegen (Ağ qoca qadın, ana) adlandırır. Bundan başqa qoca qadın Altay Buuçayın anası hesab olunur (Бутанаев, 1984, с 94).
Şor türklərinin inanclarına görə, “dağ əyəsi (iyəsi) gecələr adamın yanına gələr, özünə ər eləmək istədiyi kişinin yanına uzanıb onu qucaqlar, bilən adam olsa ki, bu dağ ruhudur, onda uzun sallaq və iri döşlərindən tutub həmən dağ iyəsini başı üstündən geri tullayar. Belə eləyən zaman dağ iyəsi : “Səndən mənə ər olmaz”- deyib çıxar gedər. Yox, əyər ona qarşı belə etməsələr, dağ iyəsi həmin adamın canını alıb aparar ki, ondan sonra da o adam ağlını itirib qamlıq eləməyə başlar, gəzib gəzib dolanar və sonda ölər” (Bəydili, 2003, s. 89).
A. Ptapovun topladığı mifoloji mətnlərdən aydın olur ki, dağ iyəsi uzun boylu, böyük döşləri olan qadındır (Потапов, 1946, c. 148). Telengitlər inanmışlar ki, övladı olmayan qadınlar dağa çıxıb dua edərsə, oğul-uşaq sahibi ola bilər (Традиционное мировоззрение..., 1989, c. 244).
Əbdülqədir İnan dağı Ana kompleksinə daxil edərək bildirir ki,. Türk mifologiyasında dağın ana rolunda çıxış etməsinə dair bir çox miflər mövcuddur. Bu da öz növbəsində dağın ulu əcdad kimi kultlaşmasını və onun ətrafında inamlar kompleksinin yaranmasını təmin etmişdir. Elə bu inancın təzahürüdür ki, Türküstan türklərinin olduqları hər bölgədə dağ kultunun izləri tapılmışdır. Buradakı dağların çoxu “müqəddəs, ulu əcdad, ulu xaqan” anlamlarını verən Xan Tanrı, Buztağ Ata, Bayın Ula və b. adlarla da tanınmışdır (İnan, 1976, s. 32 ).
Azərbaycanda dağ kultu ilə bağlı miflərin birində deyilir:
Susuzluqdan bir çoban və onun qoyun-quzusu əziyyət çəkir. Çoban üzünü Qır Dağına tutaraq deyir: “Ey Qır Dağı, sən buradan bir bulaq çıxar, mən bir ağ, bir də qara qoyun qurban kəsəcəyəm”. Çoban bu sözləri deyəndən sonra baxıb görür ki, həmin yerdən bulaq çıxdı. Özü də necə bulaq, göz yaşı kimi duru, buz kimi soyuq. Çoban ilə sürüsü bulağın suyundan içirlər. Amma çoban nə ağ qoyunu, nə də qara qoyunu kəsir. Elə həmin saat çoban da, sürü də daşa dönür (Azərbaycan mifoloji mətnləri, 1988, s. 83).
“Dağların ayrılığı” adlı başqa bir mifdə isə deyilir:
Alvız Dağı sac asıb yuxa bişirmək istəyirdi. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın qızmağını gözləyirdi. Böyük oğlu Qoşqar, ortancıl oğlu Murov, kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmış. Qabaqlarında da dələmə, ovma, yuxa bişdikcə bölüşdürüb isti-isti yeyəcəkmişlər.
Alvız ana ilk yuxanı sacın üstünə salan kimi Kəpəzin tərsliyi tutur:
– Bu yuxa təkcə mənimdir, - deyir, - heç birinizə verməyəcəm.
Murov:
– Yox, mənimdir, – deyir, - hər şeyin ilkini həmişə sən götürürsən, indi də mən.
Qoşqar onlara acıqlanır:
– İndi ki, belə oldu, heç biriniz ona əl vurmayın. Gözləyərik, üç yuxa bişər, hərəmiz birini götürərik.
Qardaşlar höcətləşir, yuxa bişməmişdən bir-birinin yaxasını cırası olurlar. Alvız ana onlara nə qədər təpinirsə, kirimirlər. Kəpəzlə Murov dalaşmağa başlayır. Qoşqar onların arasında oturur, onları sakitləşdirmək istəyir. Lakin Murov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-bar bağırır. Boynunu tuta-tuta qaçır. Qoşqar Kəpəzi çox istəyirmiş, kiçik qardaşının şivəninə dözmür, qızmar sacı qaldırıb Murovun başına çırpır. Murov da çığıra-çığıra başqa səmtə üz tutur. Alvız ananın üzü bozarır. Qoşqar döyüləcəyindən qorxub günbatana yüyürür.
Üç qardaşın hərəsi ayrılıb bir yanda qərar tutur, Alvız ana tək qalır. O vaxtdan bəri qardaşlar öz analarına, ana da öz oğullarına baxa-baxa qocalmışlar. Hər bulaq, hər çay onların bir göz yaşıdır, onların bu həsrətləri, bu intizarları dənizlərdə, dəryalarda görüşür (Azərbaycan mifoloji mətnləri, 1988, s. 23-24).
C. Bəydili mifdəki Alvız obraz ilə əlaqədar bildirir ki, İran mifologiyasında bütün dağların anası olaraq bilinən Əlbürz dağının adı da Albız//Alvız//Yalbuz adının təhrifə uğramış şəklidir (Bəydili, 2007, s. 162).
B. Ögəlin sözlərinə görə, oğuz türkləri daş-dağ ruhundan güc aldıqlarna inandıqlarından sadəcə bir torpaq, daş yığını kimi deyil, duyğularla yoğrulmuş, insanlaşmış varlıq kimi düşünmüşlər (Ögel, 1995, s. 424).
Bütün bu deyilinlər Matien dağının adının semantikasına aydınlıq gətirmək baxımından, şübhəsiz ki, böyük önəm daşıyır və özbək-matienlər, onların və qaraqalpaq myütenlərin ulu əcdadı və Matien dağı arasındakı mifik bağı ortaya qoyur.
“Xannamə”də yad edilən özbək boylarına gəlincə, sözügedən dastanda onların sayı 32 kimi göstərilir və belə sıralanır:
O dövrdə özbəklər 32 uruqdan, türkmənlər isə 27 uruqdan ibarət idi. Aşağıda adları çəkilən özbək boyları dərhal Bilmən Salur üzərinə hücum edirlər. Bu boyların adları bunlardır: qıyat, moğol, dörmən, saray, cəlayır, nayman, qanqlı, xitay, kereyit, qıfçaq, minq (Ögəl, 2006, s. 395).
Burada sadalanan bütün böylar Çingiz xanın qurduğu siyasi birliyə daxil olmuş türk boyları ilə tam üst-üstə düşür. Əslində, özbəklərin öz adlarını Qızıl Orda xanı, Çingiz xanın nəvəsi Özbəkdən aldıqları məlumdur. Bu, əlbəttə ki, çox-çox sonrakı dövrlərdə baş vermişdir. Həm Çingiz xan, həm də yuxarıda adları keçən boylar elmi ədəbiyyatda yanlış olaraq, monqol kimi təqdim edilirlər. Odur ki, bu məsələnin üzərində xüsusi durmağımıza ehtiyac var.
Bəri başdan qeyd edək ki, “Xannamə”də bütün bu boylar Yafəs oğlu Türkün söyu kimi, yəni türk boyları kimi təqdim edilirlər (Ögəl, 2006, s. 387-388).
Çingiz xanın mənsub olduğu soy da mənşəcə bir türk-tatar soyu idi. Lakin bütün bu soy və boyları “moğol” və ya muğal” da adlandırmışlar ki, bir çoxları yanlış olaraq həmin etnonimi “monqol” adı ilə eyniləşdirir. Gerçək olan isə bundadır ki, bu iki etnonim arasında heç bir əlaqə yoxdur. “Moğol” adı sözügedən türk xalqının ərəb və fars mənbələrindəki adıdır. Azərbaycan əhalisi, o cümlədən ölkəmizdə yaşayan bəzi azsaylı xalqlar onları “muğal” adlandırmışlar, məsələn, ləzgilər, avarlar, buduqlar, saxurlar bu günə qədər Azərbaycan türklərini “muğal” adlandırmaqdadırlar. Yeri gəlmişkən qeyd edək ki, N.Baskakov da özünün “Türk dilləri” kitabında muğallardan ayrıca söz açmış və onları Azərbaycan türklərinin etnogenezində yaxından iştirak edən türkdilli soy və boylardan olduğunu qeyd etmişdir.
Məlumat üçün bildirək ki, qafqazdilli xalqların əksəriyyəti “azərbaycanlı” anlamında ayrı-ayrı türk soy və boylarının adını işlədirlər. Məsələn, vaynaxlar (çeçenlər və inquşlar) bu yaxın zamana qədər bizə “padar” deyirdilər. Laklar üçün biz “qacar”, ləzgilər üçün “muğal”, gürcülər üçün isə “tatar”ıq. Yalnız ermənilər və irandilli xalqlar bizi gercək adımızla çağırırlar. Ermənilər bizə türk, talışlar isə eyni anlama gələn “tırk” deyirlər. Maraqlıdır ki, talış dilində “Azərbaycan dili” kəlməsi yoxdur və bu dildə həmin mənada “tırki zəvon” (türk dili) sözbirləşməsi işlənir.
Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Bakının Maştağa kəndinin əhalisini də qonşu tat və tərəkəmə (türk) kəndlərinin sakinlərindən fərqləndirərək həmin “moğol dilində” danışanların nəsli kimi qələmə verir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (muğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Cığatay türkcəsində) danışdıqlarını, Şirvana Mahan vilayətindən gəldiklərini qeyd edir (Koroğlu, 1999, s. 100).
Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur.
Hülakülər dövrü moğollarının, başqa sözlə, Azərbaycana kənardan gəlmiş moğolların, yəni Çingiz xan övladlarının hansı dildə danışdığını, moğol dilinin nə olduğunu isə biz Xlll əsrin görkəmli Azərbaycan dilçisi İbn Mühənnanın “Tərcümani Farsi və Türki və Moğoli” (Fars, türk və moğol dillərinin lüğəti) adlı əsərindən öyrənirk. Dövrümüzədək 5 qədim əlyazma nüsxəsi ulaşmış bu möhtəşəm əsər ərəb dilində qələmə alınmış və ilk dəfə P. M. Melioranski tərəfindən geniş tədqiqata cəlb edilmişdir. Alim uzun araşdırmalardan sonra lüğətin Azərbaycanda, özü də XlV əsrdən gec olmayaraq, yəni Hülakülər dövründə qələmə alındığnı aydınlaşdırmışdır. Daha sonra isə o, əsərin Xlll əsrdə Azərbaycanda yazıldığını qəti şəkildə bildirmişdir. Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır:
“Kitabın ümumi bölməsində bir sıra maraqlı nəzəri məsələlərə toxunulur. Bunlar türk dillərinə indiki elmi baxımdan belə faydalıdır; bunlar, həqiqətən türk dilləri, Xlll əsrdə onların mövqeyi, müxtəlif qolları, dialekt və şivələrinin bir – biri ilə əlaqəsi, yaxınlığı və s. barədə əhəmiyyətli mülahizələrdir. Müəllif tez –tez “bizim ölkənin türk dili və ya ləhcəsi” istilahını işlədir ki, bu, “Azərbaycan ölkəsi və onun dili” deməkdir.
Burada yenə məsələnin qoyuluşuna P. M. Melioranskinin münasibəti diqqəti çəkir. O yazır: “Bizim müəllif, daha sonra, qrammatikanın müxtəlif yerlərində dialektlər arasındakı fərqlərdən danışır. O, ümumiyyətlə dialektləri belə fərqləndirir: Türküstan, türkmən və “bizim ölknin türkcəsi”, yəni məncə, “qədim Azərbaycan” dialekti... Bizim müəllif türkmən dialektindən çox ötəri bəhs edir, lakin “bizim ölkənin türk” dili ilə müqayisədə “Türküstan” dilinin səs quruluşunu kifayət qədər dolğun səciyyələndirir; bununla belə, o, əlbəttə, bu axırıncı ilə daha çox məşğul olur, həm də, hətta, müxtəlif kənara çıxmalara “bizim ölkənin türk” ləri arasındakı şivələri dönə - dönə nəzərə çarpdırır...”
Belə aydın olur ki, İbn Mühənna öz əsərində ümumilikdə “türk dili” və ya “türk dilləri” dedikdə, onun üç mühüm qoludan danışır ki, bunların biri də... Azərbaycan dili və ya dialektidir...”
Kitabda yazılanlardan o da aydın olur ki, müəllifin bəzən “Türküstan türkcəsi” də adlandırdığı moğol dili uyğur dilindən başqa bir şey deyildir. Bunun belə olduğunu Hülakülərin (Elxanlıların) dövrümüzədək ulaşmış fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənədlər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildirək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən dildədir və sözügedən əlifba ilə qələmə alınmışdır. Xlll əsrdə qələmə alınmış, müəllifi bilinməyən və T. Hautsman tərəfindən nəşr edilmiş “Kitab – məcmu – e – tərcüman türki və əcəmi və moğoli və farsi” adlı lüğətdə də uyğur dili “moğol dili” kimi təqdim edilir.
Yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də özünün “Yazı tarixi” kitabında Çingiz xanın və oğullarınn dövründə uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır. Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum olan və dövrümüzədək “Şəcərət əl - ətrak” (Türklərin şəcərəsi) adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd şeri də uyğur türkcəsindədir:
“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,
Terek tubtin cıqılsa turquzar olum Cuçi dur.”
Odur ki, moğolların (muğalların) bugünkü monqollarla eyniləşdirilməsi kökündən səhvdir və rus “alim”lərinin siyasi məqsədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, əsli guya çin heroqlifləri ilə monqol dilində olan, fəqət dövrümüzə çin dilinə tərcümədə gəlib çatan saxta “Monqolların gizli tarixi”nə əsaslanır. Əgər gerçəkdən də nə zamansa çin heroqlifləri ilə yazılmış və guya monqol dilində olmuş mətnlər olubsa, onun gerçəkdən də monqol dilində yazılmış olduğunu kim və necə müəyyənləşdirmişdir? Axı, heroqliflər fonetik yazı deyil, bütöv sözlərin işarələrlə yazılışıdır və heroqliflərlə yazılmış mətnlərin fonetik səslənişini müəyyən etmək mümkün deyil. Çin dilinə tərcümə mətninə gəlincə, həmin mətnin sadəcə bir neçə vərəqinin dövrümüzədək ulaşdığı söylənilir və o da Çingiz xanın və nəslinin tarixçəsinin çoxsaylı variantlarından başqa bir şey deyildir. İkincisi, moğol türklərinin tarixinə aid olan bütün Çin sənədlərində, eləcə də adının əslində nə olduğu məlum olmayan, rus saxtakarlığı sayəsində dünyaya “Monqolların gizli tarixi” kimi tanıdılan və beləcə də qəbul edilən yazıda bu xalqın adı, eynən rus və Avropa mənbələrində olduğu kimi, “tatar” (ağ tatarlar və qara tatarlar) kimi qeyd olunub və bu mənbələrin heç birində “monqol” etnoniminə rast gəlinmir.
Hülakülər dövründə, yəni Xlll-XlV əsrlərdə Azərbaycan imperatorluğunun rəsmi dövlət dili olmuş uyğur (Türküstan) türkcəsi bir müddət Osmanlı sarayında da rəsmi dil kimi işlənmiş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə yazışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin, rus, Avropa və fars mənbələrində isə onlar “tatar” adlandırılır və onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur. Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur. Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.
Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərənamələrində, o cümlə-dən “Çingiznamə”də Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı və ya “tatar” adının sinonimi kimi işlədilən “moğol” (muğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır:
Dostları ilə paylaş: |