OĞUZLARLA BAĞLI ETNOQONİK MİFLƏR, İLK OĞUZ YURDU MAHAN: ƏFSANƏ YOXSA REALLIQ
Türk soy və boyları içərisində genezisi haqqında ən çox mənbə bulunan xalq, şübhəsiz ki, oğuzlardır. Eim aləminə çox sayda “Oğuznamə”lər məlumdur ki, onlardan ən məşhurları uyğur və Rəşidəddin variantlarıdır.
Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız Mahmud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. “Qorqud Kitabı”nda da 24 rəqəmi təkrarlanır. Müasir Orta Asiya türkmənləri də 24 tayfaya bölünürlər. Ancaq onların adları çox dəyişmişdir. Qədim adları yalnz 4 tayfa (Salır, Əmirli, Çaudar, Karqın) saxlamışdır. Ön Asiya və Qafqaz oğuzlarının, yəni Azərbaycan və Anadolu türklərinin etnik tərkibi genoloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir (Koroğlu, 1999, s. 15-16).
R. Əlizadə yazır ki, türk etnik-mədəni ənənəsində müstəsna yer tutmuş əcdad kultunun izlərinə türk etnoqonik miflərinin əks olunduğu dastanlarda rast gəlmək mümkündür. Bilavasitə Oğuz etnosunun soykökə sıx bağlılığı, əcdadlarına pərəstiş və tapınmaları bu toplumun yüksək mənəvi yaşam tərzini, eləcə də siyasi baxımdan mövcudluğunu şərtləndirən ciddi aktlardan biri idi:
“Türk epos ənənəsindəki əcdadlar düzümündə özünəməxsus şəkildə yer almış və Ulu Türk adı ilə kodlaşmış ilkin obrazın, dünyanın yaradılması aktı ilə bağlılığı və bütövlükdə xaos-kosmos qarşıdurmasından törəməsi kosmogenez haqqındakı təsəvvür sistemini bəlli edir. Bu baxımdan Ulu Türk obrazı mədəni qəhrəmana aid cizgilərə sahib olmaqla, həm də Boz Qurd, Oğuz, Qorqud Ata və başqaları ilə yanaşı türk dünya modelinin qurucularından ilkinidir” (Əlizadə, 2008, s. 96).
“Oğuznamə”lərdə oğuzların ümumi əfsanəvi əcdadı və qəhrəmanı kimi çıxış edən Oğuzun altı oğlu (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) nizamlı kainat (dünya) yaratmaqla yanaşı, 24 oğuz boyuna başlanğıc verir və ulu əcdad Oğuz xanın bölgüsünə əsasən bozoklar və üçoklar adı altında böyük türk elinin idarəçilərinə çevrilirlər. Bu halda Oğuz xanın özü həm də bir növ hami ruh qismində çıxış edir və bu cür də kultlaşır. “Dədə Qorqud” eposunda isə əcdad kultu kompleksində Qorqud Ata obrazı da xüsusi diqqət çəkir. R. Əlizadənin fikrincə, arxaik strukturunu qoruyub saxlamış obraz kimi Qorqud Ata eposun müqəddimə və boylarında həm bir övliya, həm də ulu əcdad olaraq əksini tapıb:
“Eposun oxunuşu zamanı aydın görünür ki, Qorqud Ata funksional baxımdan bir çox mifoloji varlıqlara (Boz qurd, Xızır, Uluq Türük, Domrul və s.) yaxınlaşmış, mərasim hamisinə xas özəllikləri daşımış və eyni zamanda mədəni qəhrəmana aid edilən cizgilərə də sahib olmuşdur. Diqqəti cəlb edən başlıca elementlərdən biri budur ki, Qorqud Ata mərasim hamisi obrazında çıxış edərək əcdadlar dünyasına, yaxud axirət aləminə bağlanır. Bu bağlantı Qorqudun möcüzəli yolla dünyaya gəlişini, yaşamını və ölümünü açıq şəkildə təqdim edir” (Əlizadə, 2008, s. 100).
Ə.Nəvai türklər arasında çox məşhur olan bu şəxsin, olacaqları öncədən xəbər verdiyinə işarə edərək, onu böyük övliya kimi xarakterizə etmişdir (Özdək, 1992, s. 12).
Maraqlıdır ki, başqırdların mərasim nəğmələrində Qorqud bir sehrkar kimi təqdim edilir, onun yaman ruhları qovmaq gücünə sahib olduğuna inanc diqqət çəkir. Bir sözlə, o, qam (şaman) kimi tərənnüm edilir. Qorqud Atanın fəlakətlərdən hifzetmə qüdrətinə inanmış baxışlar bunu belə dilə gətirmişlər: “Ölü desəm, ölü eməs, tiri desəm, tiri eməs, Ata Qorqud övliya” (Радлов, 1870, с. 47).
Əfsanələrin dəyişik variantlarında Qorqud ağsaqqal, qopuzu yaradan şaman olaraq göstərilir. «Dədə Qorqud» eposunda şaman tipində funksiya yerinə yetirən digər bir obraz Bayındır xandır. Bunu onun adındakı «bay» sözü və atasının Qam (şaman) olması da təsdiqləyir (Əlizadə, 2008, s. 101).
R. Orucoğlu «Kitabi-Dədə Qorqud» eposunun boylarında zaman və məkan anlayışlarına münasibət bildirərkən haqlı olaraq yazır ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara və Trabzon içi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, albanların varisləridirlər (Qafarov, 2010, s. 18-19).
Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yafəsə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.).
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandan toplanmış bənzər əfsanə və rəvayətlərin, demək olar ki, hamısı bu və ya digər dərəcədə Rəşidəddin “Oğuznamə”sinin süjeti ilə səsləşməkdədir. Onlardan birində deyilir:
Çox əzazil, özündə deyən bir padşah varımış. Bütün adamnar bının əlinnən zağ-zağ əsirmişdər. Bir adamın hünəri nəymiş ki, bınnan icazəsiz cınqırığını çıxatsın. Ta işi o yerə çıxatmışdı ki, özünü allah élan eləmişdi. Hamı da qorxudan bını allah sayırdı.
Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taja kim sahib olacax?
Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, əmə gərəh oğlan nə desə əməl eliyəsən.
Padşah razılaşır, almanı götürüp arvadıynan yeyir. Bəli, vədə yetişir, bının bir kürəyişütün oğlu olur. Tez qurban kəsillər, sora camahətə əhfalatı deyillər.
Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar. Elə bu vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu. Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar, əmə uşax ta danışmır. Bının adını Uğuz qoyullar.
Bir xeylah keçir. Uğuz on beş yaşına çatır. Bir iyid olur ki, tayı-bərabəri tapılmır. Günlərin bir günü Uğuz cəməhəti başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi, özü də heş kimin gözünə görsəmməz.
Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atasını öldürür, özü keçir onun yerinə. Deyir ki, hamı gərəh göydəki allahı tanısın. Bınnan sora insanlar həqiqi allahı tanıyıllar (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42).
Maraqlıdır ki, “Oğuznamə”lərin uyğur və Rəşidəddin variantlarından, eləcə də Orta Asiyada qələmə alınmış variantlardan fəqli olaraq qərbdə yaranmış variantlarda oğuzların mənşəyi bilavasitə Azərbaycan və Anadolu ilə bağlanılır. Bu baxımdan Övliya Çələbinin qeydə aldığı rəvayətlər xüsusi maraq doğurur. İşin ən maraqlı tərəfi isə budur ki, onun oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın adına eyniylə qədim şumer mənbələrində də rastlanılır.
S.N. Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəslində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən buradakı Mahan toponimidir:
"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,
Dilmun gəmiləri şalban daşıyır.
Mahan gəmiləri göyə qədər yüklənib,
Meluhhidən "mahilum" yelkənli gəmilər
Qızıl və gümüş gətirir onlar.
Hamısı daşıyırlar Nippura." (Oğuz, 2002, s. 42-43).
Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:
"Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. Bu yeri "Axlat məhəlləsi" adlandırırlar" (Koroğlu, 1999, s. 62-63).
Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.
Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin "Nuffar" (Nippur adının bir qədər dəyişikliyə uğramış adı) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu illərdə aparılan qazıntılar Fərat çayının aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı (Церен, 1986, c. 140).
Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında, Bağdad yaxınlığında yerləşirdi (Koroğlu, 1999, s. 60). Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.
Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:
"Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında ("Qorqud Kitabı"nda oğuzların baş hakimi) Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, "Qorqud Kitabı"ndakı Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.
Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Kitabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir." (Koroğlu, 1999, s. 63).
Maraqlıdır ki, “Kitabi-Dədəd Qorqud”da Bayandır xanın Amid (Diyarbəkr) sahillərindən olması qeyd edilir. Qazan xan da Amid (Diyarbəkr) soylu adlandırılır. Qədim Amid şəhərinin, yəni bugünkü Diyarbəkrin isə həmin bölgədə yerləşdiyi məlumdur.
Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi (Koroğlu, 1999, s. 63). Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Qeyd edək ki, bəzi alimlər Şumer-Akkad mənbələrində adlarına "kuti"(quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab edirlər və irəlidə görəcəyimiz kimi, onlar səhv etmirlər.
Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdə "kuti" kimi çəkilən tayfa olmuşdur. "Kuti" etnonimi e.ə. III-II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir.
Tədqiqatçı B. Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə "quz" (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin fikrini təsdiqləmişdir (Azərbaycan tarixi, 1994, s. 81-82). Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarının daşıdıqları “Yarlaq” adını qədim türk yazılarındakı Yarlakar Kan Atanın, “İbra” adını "Kitabi-Dədə Qorquddakı İmrənin, “Kurum” adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda xanı Kurum xanın, “Elulameş” adını Elalmışın (İlalmışın) adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur (Ağasıoğlu,2005, s. 148).
Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər (Azərbaycan tarixi, 1994, s. 81-82).
Bu nüans mövzumuz baxımından o qədər önəmlidir ki, onun üzərində xüsusi durmamıza ehtiyac var. İş burasındadır ki, Əbülqazi Bahadır xan “Oğuznamə”sində (“Şəcərə – ye - Tərakimə”) türkeşlərin soy babası, bu türk soyuna öz adını vermiş olan Türkeş bəyin də adı keçməkdə və o, Div Yavqunun vəzirlərindən biri kimi qeyd edilməkdədir. Əbülqazi Bahadır xanın yazdığına görə, Türkeş bəy Div Cıngüşümün oğludur və Div Yavqunun vəzirlərindən olub (Ögəl, 2006, s. 237). Sözügedən “Oğuznamə”də Div Yavqu haqqında isə bunlar yazılıb:
Qayı xanın (Söhbət Oğuz xanın oğlu Gün xanın oğlu Qayı xandan gedir) oğulları çox idi. Qayı xan bir oğluna ulu babalarından birinin – Div Yavqunun adını vermişdi. O, öldükdən sonra elin kiçiyi də, böyüyü də, bir sözlə, hamı sözü bir yerə qoyub, Div Yavqunu taxta çıxardılar.
Günlərin bir günü Div Yavqu xan xalqdan soruşdu:
Bizimlə yaşayanlar arasında Oğuz xanı görən adam varmı?
Sualına cavab olaraq ona bildirdilər:
-Bir nəfər qalmışdır. Bu da Salur elindən Ulaş adlı birisidir.
Xan bunu eşitcək tez bir adam göndərdi və Ulaşı gətirtdi.Ondan Oğuz xanın yurdda necə yaşadığını, necə iş gördüyünü, dostlarına necə mürəvvət göstərdiyini düşmənlərinə qarşı necə hərəkət etdiyini soruşdu. Ulaş da nə bilirdisə, hamısını danışdı. Xan buna görə ona çoxlu hədiyyə verdi və yurduna göndərdi.
Div Yavqu xanın uluq (böyük) bəyləri yazır elindən Alan və Arlan, dügər elindən də İrkıl Xoca idilər.
Xan bir gün ov ovlayıb, yurd quranda atdan yıxıldı, kəllə sümüyü qırıldı və elə bundan da öldü.
Firidun Ağasıoğlu yazır:
"Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda "quti" adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir”.
Alimin sözlərinə görə, Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir (Ağasıoğlu,2005, s. 147).
Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında (Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.
Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı (Azərbaycan tarixi, 1994, s. 69).
Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdı:
"Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi." (Ağasıoğlu,2005, s. 148).
Yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix "Oğuznamə"lərdə söylənilənlərlə üst-üstə düşür. "Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi" adlı çox maraqlı monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:
" Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)... fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu... Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır." (Tahirzadə,1991, s. 63).
Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:
"Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır." (Tahirzadə,1991, s. 64).
Naran-Suen e.ə. 2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L. Helpen e.ə. 2622-ci ili, E. Meyer, Ş. Günaltay e.ə. 2550-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki , F. Ağasıoğlu da bu fikrə şərik çıxır.
Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (c) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (Turan, 1993, s.22).
Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (Сеидов, 2005, c. 22-24). Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində mövcud olmuş Aratta ölkəsindən söz açılmaqdadır və mütəxəssislər həmin ölkənin adı ilə sözügedən dağın adı arasında bir bağlılıq görürlər. Məsələn, Yusif Yusifov yazır ki, “Aratta” kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl Vlll əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir:
“Bu sözlərə oxşar oronimlər dağ, dağ silsiləsi mənalarında ancaq türk dillərində işlənmişdir. Məsələn; Alatta, Alatuu, Alatoo kimi dağ bildirən türk mənşəli adları göstərmək olar. Bu formalar Orta Asiyanını türk xalqlarının dilində işlədilir. Bundan başqa, türk dillərində Altay, Alatey, Aladağ, Alatau və sairə formalar da vardır. Çox güman ki, Aratta, eləcə də arattu, aratu sözləri erkən prototürk forması olmuş, sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış, yəni Alataa, Alatuu, şəklinə düşmüşdü. Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü təzahür etmişdi. Eradan əvvəl Vlll əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey adlandırmışdı və ona dağ mənasını vermişdi. Alatey türk dillərində işlənən Alatay, Altay, Alatey və Alatau dağ, dağ silsiləsi bildirən sözlərin erkən forması kimi qəbul edilə bilər. Bu sözlərin prototürk dilinə nənsub olması heç bir şübhə yaratmır”(Yusifov Y., Kərimov S., 1987., s. 55; Юсифов, 1989, c. 22 прим. 15).
Fikrimizcə, Rəşidəddin "Oğuznamə"sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən "Oğuznamə"də oxuyuruq:
"Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yaylaqlarını Səbalan, Alataq və Ağdiberiyə qədərbütün dağlıq yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində "meydana gələn", "dikələn" bir şeyə səbalan deyilir." (Сеидов, 2005, c. 22).
Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (Ağasıoğlu, 2005, s. 151).
Firidun Ağasıoğlu bu halı tam haqlı olaraq, qədim türk-oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır:
"Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. Ona görə də İ.M.Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarları-nı) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alış-madıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük. İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.
Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2, 3, 6, 7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5-i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. bunlardan sonuncu - Tirikan devrilmiş, digər 4-ü isə, görünür, ya vəzifədə ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar..." (Ağasıoğlu, 2005, s. 150-151).
Alimin aşağıdakı sözləri ilə razılaşmamaq mümkün deyildir:
"Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "El" sözü ilə ifadə olunmasıda türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki, Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur" (Ağasıoğlu, 2005, s. 147-148).
Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin "pri-mitivliyi" kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan türk – oğuz ölkəsinin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söyləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi islamım qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir:
"Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur." (Koroğlu, 1999, s. 9).
Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk-oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq, hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur (Bayat, 1993, s. 19).
Füzuli Bayat mövzu ilə bağlı yazır:
"Bir çox qəhrəmanlıq dastanlarıı kimi "Oğuz kağan" da ulu toyla qurtarır. Dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşahidə olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göündüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur." (Bayat, 1993, s. 310).
Süleyman Əliyarov izlərinə "Dədə Qorud"da rast gəlinən demokratiya və parlament sistemi barədə deyir:
"Kitabdakı "qocalar" anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı "kəngəş bəyləri"nə tam uyğundur; Rəşidəddinin "kəngəş yapın, bəylərin istədiyi nə olsa, elə hökm verin" yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası) oğuz tarixində doqquz "qocadan" - kəngəş bəylərindən ibarət olmuşdur." (Əliyarov, 1991, s. 151).
Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn "El" termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən "toy" və "qurultay" terminləri ilə yanaşı "kengəş" (şura, parlament) (ДTC, 1969, c. 299) kəlməsinin də olması və Avropa dillərindəki "konqres" (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir. Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər.
Kutilərin Ön Asiyanın geniş əraziləri üzərindəki uzunmüddətli hakimiyyəti ilə bağlı Mahmud İsmayıl yazır:
"Azərbaycan torpaqlarında məskunlaşmış soylardan kuti soybirləşməsini də qeyd etmək lazımdır. Onların bu ərazidə olmaları hələ lll minilliyə aiddir. Bilicilərin fikrincə onlar ll minillikdə xeyli zəifləmiş, l minillikdə isə bu ərazidə məskun olan digər soylarla qaynayıb-qarışaraq tarix səhnəsindən çıxmışlar." (İsmayıl, 1955, s. 5).
Mütəxəssislərin nəzərini çoxdan çəkmiş şumer-türk paralellərini kutilərin (oğuzların) İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:
"Eyni sözləri türk-şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV-ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür... şumer-türk əlaqəsini də "dil ittifaqı" hesab etmək olar.
Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərə miqrasiya edən türk boyları daha sonra çin, monqol və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma "Altay nəzəriyyəsi" ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər. Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan protürkləri) isə ilkin Ata-yurdda qalmışlar" (Ağasıoğlu, 2005, s. 211).
Tədqiqatçılar ilk dəfə “şumer” ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar nəticəsində üzə çıxan və Aşşur-Babil mədəniyyətindən də qədim olan mədəniyyətə “şumer mədəniyyəti”adı verilmişdir. Alimlərin şumer adlandırdıqları xalq isə özünü “kenqir” və ya “kəngər”adlandırmış, qonşuları isə onlara “qarabaşlar” və ya “qarapapaqlar” demişlər.
Tarix elmləri doktoru, mərhum Yusif Yusifov şumerlərin daşıdığı və qonşuları tərəfindən onlara şamil edilmiş bütün adlara sonrakı minilliklərdə də türk soy və boyları içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.
Şumerlər Messopatamiyanın,yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı idi.Onlar bu əraziyə kənardan gəlmişdilər.Belə hesab edilir ki,eramızdan əvvəl 4-cü minilliyə aid edilən əl-Übeyd,eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdı.
Ayrı-ayrı alimlər şumerlərin Messopatamiyaya, başqa sözlə, İkiçayarasına Anadoludan, Şərqi Qafqazdan, yəni şimali Azərbaycandan, Cənubi Azərbaycandakı Urmiya gölü sahillərindən, eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri baraədə fikirlər irəli sürmüşlər. Bu da təbiidir. Cünki alimlər həm Anadolu, həm Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.
Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri, tanınmış arxeolq Samuel Kramer özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü, bunun eradan əvvəl lV minillikdə baş verdiyini yazmaqdadır.
Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təsvirlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir.
Nəsir Rzayev yazır:
“Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi, həm də Şimali Azərbaycanda rast gəlinir. Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının, etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır. Bu etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir. Bu dil qohumluğu həm qədim, həm də uzun tarixi bir prosesin nəticəsidir.
Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət, incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.
1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış, eramızdan əvvəl lll minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər” Rzayev, 1985, s. 67).
Qədim şumer yazılı abidələrindən belə məlum olur ki, Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi, ilk şəhərləri də Kiş şəhəri olmuşdur. Buradakı “Kiş” adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir. Görünür, qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar. Məlumat üçün bildirək ki, eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.
“Tövrat”da Nuh tufanından, Nuhun oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:
“Yer üzndə bir dil və bir ləhcə var idi. Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar”(Библия, l. X. l).
Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkəsindən gəldiyi bildirilir. Qədim və orta əsrlər yəhudi və xristian abidələrində, o cümlədən Musa Kağankatlının “Albaniya tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.
Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:
"Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır..." (Kalankaytuklu, 1993, s. 18).
Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır. Onun yazdığından belə aydın olur ki, qədim Çol, yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur. Deməli, şumerlər İkicayarasına, başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki, yəni Azərbaycandakı Kiş çayı hövzəsindən köçmüşdülər.
Əski şumer mənbələrinin yazdığına görə, Kiş sülaləsinin və Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur. Bu adın bir türk adı olduğu, Anadolunun bir parçasında bir müddət bəylik etmiş türk sülalələrdən birinin Eretana oğulları adlandığı məlumdur. Qədim şumerlr Etana ilə bağlı bir dastan da qoşmuşdular və bu dastanın süjeti Azərbaycanda çox məşhur olan Məlikməmməd nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür. Dastanda əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür. O orada balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün şahidi olur və ilanı öldürür. Etana qartalın belinə minib göyə qalxır. Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. Quş qəhrəmana yerə baxmağı və onun nəyə oxşadığını təsvir etməyi təklif edir. Etana yeri öncə xəlbirlə, sonra çörəklə müqayisə edir.
Dastanın yazıldığı gil lövhə qırıq olduğundan onun ardı məlum deyil. Lakin elə bu qədər də söhbətin “Məlikməmmədin” şumer variantından, daha dəqiq desək, prototipindən getdiyinə heç bir şübhə oyatmır. Beləki, bizim qəhrəman da əbədi həyat çiçəyi axtaran Etana kimi, cavanlaşdırıcı almanın dalınca gedir. O da quyuya düşür. O da əjdaha ilə zümrüd quşunun konfliktinin şahidi olur.O da əjdahanı öldürür və quşun belində uçur. Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir. Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir.
“Bibliya təpələri” kitabının müəllifi, qədim Şərq tarixinin böyük bilicisi Erix Tseren vaxtilə yazmışdır:
“Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də saymaqda davam edirlər”( Церен, 1986, c. 193).Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar. Sonralar bu fikir Əhməd Cavad, Naili Boratav və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir.Bu iş sonrakı dövrlərdə də davam edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi Aydın Məmmədov və tanınmış qazax alimi Amanjolov, məşhur qazax şairi Oljas Süleymenov, araçay-balkar alimi Miziyev, türkiyəli tədqiqatçı Osman Nədim Tuna və başqalarının əməyini xüsusi qeyd etmək lazımdır. Hommel və Qroznı bu dillərin genetik qohumluğu müddəasını ilk növbədə həmin dillərin hər ikisinin aqqlünativliyinə əsaslanaraq irəli sürmüşlər. Amanjolov da bu yolla gedərək, 20-dən artıq şumer sözünün türk sözləri ilə eyniliyini fonetik qanunauyğunluqlar əsasında açıb göstərmişdir.
Əhməd Cavad, Naili Boratav və Miziyev də Hommel kimi bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və bu dillərin genetik qohum olduqları versiyasını müdafiə etmişlər. Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi ilə tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şumer-türk leksik uyğunluqlarını müəyyən etmişdir. Alim fonetik səs əvəzlənməsi prinsipinə istinad edərək belə nəticəyə gəlmişdir ki, şumer dilində həm qərbi, həm də şərqi türk ləhcə və şivələrinin ünsürlərinə rast gəlinir. Əhməd Cavad yazmışdır:
"Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vulli şumerlərin morfoloji cəhətdən əski türkcəyə bənzər bir dildə danışdığını qəbul edir: Şumerlərin türk olduğu məsələsinin çoxlu sübutu var. Bizi bu qənaətə gətirən ən güclü sübut ikidir: 1)Dil sübutu; 2)Geoloji və arxeoloji sübut." (Cavat, 1933, s. 58-59).
Dmitri Rederin sözlərinə görə, Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum olan dillərlə onu bağlamaq hələlik əsaslı və mübahisəsiz nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər (Редер, 1965, c. 15).
Qulo Vinkler isə bildirmişdir:
"Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə bizdə yetərincə təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir" (Винклер, 1903, c. 6-7).
Filoloq alim Elməddin Əlibəyzadə deyir:
“Məşhur Amerika şumerşünası Samuel Kramer şumerlərə həsr etdiyi kitabını belə adlandırıb: “Tarix Şumerdən başlayır.” Kitabın ayrı-ayrı fəsil və bölmələri bu məntiqi davam edir: “İlk məktəblər”, “İlk ikipalatalı Parlament”, “İlk tarixçi”, “Heyvanlar haqqında ilk təmsillər”, “İlk ədəbi mübahisələr”, “Bəşəriyyətin ilk qəhrəmanlıq əsəri”, “İlk matəm nəğmələri”, “İlk ədəbi əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk kitabxana kataloqu” və sairə. Hər şeyin ilki, hər şeyin çıxış nöqtəsi, yəni tarixin başlanğıcı.
Kitabda zəngin mətnlər, yazılar əsasında təsdiq edilir və göstərilir ki, miladdan ən azı 3 min il əvvəlki qədim Şumerdə güclü mədəniyyət, elm, ədəbi ənənə olmuşdur. Şumerdə məktəblər, sistemli oxu mətnləri, sabit dərsliklər, müəllimlər, mirzələr, xəttatlar var idi. Şumerdə zəngin kitabxana və orada gil lövhələrdən ibarət kitablar, yüzlərcə müxtəlif növ kitablar, elmi əsəsrlər vardı. Rəsm və şumer dili müəllimləri fəaliyyət göstərirdi, yaxşı işlənmiş qrammatika kitablarından istifadə edilirdi. Elmin ayrı-ayrı sahələrinə aid dərs vəsaitləri, proqramlar yaradılmışdı və sairə” (Əlibəyzadə, 1998, s. 61-62).
Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov belə hesab edir ki, qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş şumer vokal sisteminin bərpası məsələsində müasir türk dili materialı ilə müqayisənin böyük əhəmiyyəti vardır. Onun fikrincə, bu halda U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir.
Oljas Süleymenov şumer cingiltili samitlərinin bir qayda olaraq türk kar samitlərinə uyğun gəldiyini söyləyir və fikrini aşağıdakı nümunələrlə əsaslandırır:
Şumercə Türkcə
-----------------------------------------------
DİNGİR TENQRİ (TANRI)
UD UT (OD)
UDUN UTUN (ODUN)
ADA ATA
DİRİQ TERİK (DƏRİN)
TAQ TAK (TƏK)
-------------------------------------------------
“Məsələn, şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski türk dilində bu kəlmə “Tenqri” formasında qeydə alınmışdır. Əski türk mənbələrində “od” kəlməsi “ut”şəklində yazıldığı halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi yazılmışdır. Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar samitinin uyğun gəlməsini dərin mənasında olan “diriq-terik”qarşıdurmasında da müşahidə edə bilərik. Bu halda “Q-K” qarşıdurması da diqqəti çəkir. Eyni hal “taq-tak” münasibətlərində də özünü göstərir”(Süleymenov, 1993, s. 207-208).
Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süleymenov həmin dilin morfologiyasına istinadən “məsdər + k = isim” türk sözdüzəldici sxeminin qədimliyi haqqında fikir söyləyərək maraqlı nəticələrə gəlmişdir:
Şumercə Türkcə
---------------------------------------------------
URU QURmaq, QURUluş
URUQ QURĞU, tikili, şəhər
YÜZÜ ÜZmək
YÜZÜK ÜZGÜ, ÜZən, su quşu
EŞTİ EŞİTmək
QEŞTUQ qulaq
TURU DİRİ olmaq
TURUQ DİRİLİK, həyat (Süleymenov, 1993, s. 207-208).
Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şumer dilində bu felə “q” sözdüzəldici şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir.Nəticədə yeni “uruq” kəlməsi yaranmışdır ki, bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur və tikili, şəhər mənalarını da ifadə edir. Eyni yolla, yəni “k” və ya “q” sözdüzəldici şəkilçisinin artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən üzgü, üzgüçü vəya da su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.
Bu sözlərdən göründüyü kimi ortada 5 min illik bir fasilə olsa da şumer dilinin sözləri ilə bugünkü dilimizin sözləri arasında fərq o qədər də böyük deyildir. Feldən isim düzəldilməsi mexanizmi də, bu zaman işlədilən sözdüzəldici şəkilçilər də eynidir.
Elməddin Əlibəyzadə yazır:
“Artıq XlX əsridən dünya tarixində yeni bir elm sahəsi - Şumeşünaslıq yaranıb və inkişaf etməkdədir. Dünyanın bir çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir. Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi, hansı müasir xalqların əcdadları olması problemidir. Problem ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və söylənilir. Bu, təbiidir; lakin bir həqiqət gün kimi aydındır ki, əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birindən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir: Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır; şumerlər müasir türk xalqlarının əcdadlarıdır.” (Əlibəyzadə, 1998, s. 61).
Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuşdur ki, şumer dilində türk dilinə xas olan nümunəvi “imperativ + en və ya “-an” şəkilçisi = keçmiş zaman feli sifəti” sxemi də mövcud olmuşdur. Bu isə ümümi sintaktik quruluşdan xəbər verməkdədir. Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan “ra” yönlük hal şəkilçisinin Orxon-Yenisey kitabələrində hələ məhsuldar şəkilçi kimi çıxış etməsidir. Eyni şəkilçi bu gün də dilimizdə işlənir. Məsələn, “ora”, “bura”...
Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki dilin leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir. Özü də bu halda həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən seçilmişdir. Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində, yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 faizi bu gün də öz yaşarlılığını sürdürməkdədir. Məsələn:
Şumercə Türkcə
---------------------------------------------------
AB, EB EV, OBA
EŞ EŞİK
ED GET
ZAQQİN YAXIN
QULŞE GÜLÜŞ
ME MƏN
QAŞ QUŞ
DEŞ DEŞİK
UŞ ÜÇ
HAME NƏ, NƏMƏNƏ
EN ƏN həyat (Süleymenov, 1993, s. 195-203).
-------------------------------------------------------
Elməddin Əlibəyzadənin sözlərinə görə, hazırda elmi ədəbiyyatda çox-çox qədim və Şumerdən əzəli olan Kür-Araz mədəniyyətindən söz açılır. Kür-Araz mədəniyyəti, onun daha qədimliyi, inkişafı, əhatə dairəsi barədə tədqiqatlar aparılır, fikir və mülahizələr söylənilir:
“Azərbaycanın Kürlə Araz çaylarının qoynuna sığınmış Qarabağında, bu ana torpağın dağlı - düzənli yerlərində miladdan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı kurqanlar məhz bu mədəniyyətin canlı yadigarları deyilmi? Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni, ocaqlarıdır” (Əlibəyzadə, 1998, s. 61).
Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:
“...Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik, leksik və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradırsa, digər tərəfdən də türk dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tutarlı əsas verir" (Məmmədov, 1989, s. 5).
Aydın Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir. Məsələn:
Şumercə Türkcə
--------------------------------------------
UZU OZAN
UD ÖD (zaman)
UŞ US, HUŞ (ağıl)
UŞ UŞAQ
İZİ İSTİ
ARA ARA (orta)
KAŞ QAÇ(maq)
AŞTAR AÇAR
E DE
UMA UMMAQ
DURU DURU
BAR BARDAQ
PA BAĞIR(maq)
PA BAĞ(lamaq)
SA SÖZ
DE DEMƏK
BE BƏY
BADARA BAYRAQ
SA SAĞ
SAA SAP (kəndir)
QUM QUM
SU SU
Mİ MƏMƏ (Məmmədov, 1989, s. 5-6).
Maraqlıdırki, Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi istisna olmaqla, heç biri Oljas Süleymenovun 60 sözü ilə üst-üstə düşmür. Yəni bu halda tamam başqa sözlər müqayisəyə çəkilmişdir. Bu deyilənlərlə kifayətlənməyən alim “Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər məqaləsində müqayisələrdə daha da dərinə getmiş, bu dəfə ayrı-ayrı türk ləhcə və şivələrində rast gəlinən sözləri deyil, ümumtürk mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu təkzibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra prototürklərin, yəni əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı olduğunu qeyd etmişdir.
Şumer-türk paralellərinin və bu paralellər əsasında genetik qohumluq əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir. İstər fonetika, istər leksika, istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxaran alim müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları barədə deyir:
“Şumercədə bəzi mütəxəssislər 4, bəziləri 6 sait qəbul edirlər. 18 samit qeydə alınmışdır. Bunlar müasir türk dilinin sait-samit sisteminə uyğun deyildir, ancaq həmin səslərin hamısı türk dilində var. Əlbəttə, bu, tipoloji uyğunluqdur və kök sözlərdə, iki heca həcmində yalnız eyni sait çıxış edir. Bu, ahəng qanununun ardıcıl izlənməsi deməkdir. Bu prinsip yalnız alınma sözlərdə pozulur. Samitlərin inkişafında, əvəzlənməsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercədəki
p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində də mövcuddur. Hətta müvafiq səs uyğunluqlarını tutuşdurmaqla bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə alınır. Məsələn, şumercə də Tuş və suş, yəni düşmək, oturmaq, türkcədə tüş və düş. Burada əlaqə birbaşa görünür. Şumer dilində sipa, yəni çoban kəlməsini götürək. Həm şumercədə, həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.
Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uyğunluqlar da müşahidə edilir. Şumer dilindəki “tibira”, yəni misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə bir kökdəndir. Buradakı “t” səsi qeyri-sabitdir. Eyni hal səma, göy mənasını verən “an” kəlməsində də görünür. Bu sözə “t” səsini artır-maqla göy anlamına gələn “tan” sözü alınır” (Hacıyev, 1976, s. 22-23).
Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi, eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu ərazisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi, qədim şumerlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüşdülər. Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.
Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildirməkdədirlər. Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini, şümerlərin də bu sahədə bilikləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.
“Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki, arabnın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:
Vuruşdan sonra Oğuz Kağanın ordusuna, əsgərlərinə, el-gününə o qədər çox qənimət düşdü ki, yükləyib daşımağa at, qatır, öküz azlıq etdi. Oğuz Kağanın ordusunda təcrübəli, usta bir kişi vardı. Onun adı Barmaqluq Cosun Bilik idi. Bu usta bir araba qayırdı. Arabanın üstünə cansız qənimətləri qoydu, canlı qənimətləri arabaya qoşdu. Dartdılar, getdilər. Əsgərlər, el-gün bunu görüb mat qaldı. Arabalar düzəltdilər. Kanğa, anğa deməklə kanğa sözü belə yarandı. Bunun üçün də onlara kanğa adını qoydular (Bayat, 1993, s. 133-134).
Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar (Ağasıoğlu, 2005, s. 155). Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir. Elə bu üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm daşıyır. Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə müəyyən təsəvvür əldə etmiş oluruq. Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq.
Bu gün Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə hesab olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs” dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir. Bu isə o deməkdir ki, yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var:
Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o.
Sinəsinə yaraşan boyunbağı da asdı
Belinə qurşaq vurub, başına tac qoydu o.
İgidlərin ardınca bir cam təmiz su atdı.
Pillələrlə çıxıb o evin damına qalxdı (Bilqamıs dastanı, 1985, s. 32)
Məlum olduğu kimi, qədim türk dilində “uçmaq” feli “ölmək” felinin si-nonimi kimi işlənmişdir. Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb. Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə deyilir:
“Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım,yəni xaqan atam öləndə səkkiz yaşımda idim.”
24-cü sətirdə isə deyilir:
”Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü” (Rəcəbov, Məmmədov, 1993, s . 73).
Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində, şimal tərəfinin 1-ci sətrində, eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu (Rəcəbov, Məmmədov, 1993, s . 103), qərb tərəfinin 2-ci (Rəcəbov, Məmmədov, 1993, s . 104), Moyunçur abidəsinin 12-ci (Rəcəbov, Məmmədov, 1993, s . 146) sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır ki, qədim türk dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlinməkdədir.
İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən "uçmaq" termini təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.
Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:
Gecə öz yatağına tənha uzanan zaman,
Enkidunun içinə bir ağrı doldu yaman.
O, dərdini açaraq öz dostuna söylədi,
"Gecə yuxu görmüşəm, əziz dost, eşit, - dedi, -
Göylər haray salırdı, nida qalxırdı yerdən,
Onların arasında dayanmışdım təkcə mən.
Bir də bir adam vardı, tutqun idi üz-gözü,
Mən fırtına quşuna bənzətdim onu, düzü.
İti caynağı vardı, qartal kimi qanadı,
Saçımdan yapışaraq göz açmağa qoymadı.
Onu vurdum, tullanıb tez sıçradı kənara,
Sonra o məni vurdu, o dəm sağaldı yara.
Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı,
Ağır məngənə kimi başımı bərk sıxdı.
Dedim "Məni xilas et!" Sən xilas edəmmədin,
Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.
O mənə toxunaraq, məni quşa çevirdi,
Qanad taxtı çiynimə, adəti quş qanadı.
Üzümə baxdı, baxdı, sonra məni apardı,
İrkallanın evinə-zülmət evinə vardı (Bilqamıs dastanı, 1985, s. 60-61).
Folklorşünas alim B.Abdullayev yazır:
"Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, ömrünü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələrdən olması barədə miflər var" (Vəliyev, 1985, s. 112).
Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:
"Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya "yuq" deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı... Ölünü ağlamaq, cənazəsi üstündə saç yolmaq adət halını almışdı" (Haqverdiyev, l957, s. 392).
Maraqlıdır ki, qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcuddur. Əlbəttə ki, söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir:
O kəslər ağlayar ki, qədim adamlar kimi
səninlə öyünərdi,
O kəslər ağlayar ki, sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına ətir-yağ çəkən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar,
Canına zeytun sürtən yava qadın ağlayar.
Sənin məsləhətinlə özünə arvad tapıb,
Dostları ilə paylaş: |