Tədiyə balansının tərtib edilməsinin əsasında iki prinsip durur: 1) müəyyən dövr üçün (ay, rüb, il) ölkənin bütün xarici iqtisadi əməliyyatlarının əhatə edilməsi; 2) əməliyyatların ikitərəfli mühasibat yazılış. Nəticədə bir sıra maddələr üzrə disbalans digər maddələrlə tarazlaşdırılır.
Burada dövlət təsirinin bir neçə metodu mövcuddur:
Birbaşa nəzarət. Bura idxalın reqlamentləşdirilməsi (məsələn, kəmiyyət məhdudiyyətləri vasitəsilə) və gömrük və digər yığımlar, xarici investisiyalar üzrə gəlirlərin xaricə köçürülməsinə və fərdi şəxslərin pul transfertlərinə qoyulan qadağa və məhdudiyyətlər, əvəzsiz yardımın kəskin azaldılması, qısamüddətli və uzunmüddətli kapitalın ixracının dayandırılması və zəiflədilməsi və s. aiddir. Bu cür birbaşa nəzarət tədbirləri adətən ölkənin bir çox firmaları üçün çətinliklər yaradır və buna görə də onlar tərəfindən alqışlanmır.
Deflyasiya (yəni, inflyasiya ilə münarizə). Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir.
Mübadilə məzənnəsinin dəyişdirilməsi. Bu tədbir dövlətlərə tədiyə balansının tarazlığını tənzimləməyə imkan verir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, revalvasiya/devalvasiyadan əldə edilən effekt ixracın və idxalın elastikliyi, həmçinin xarici ticarət axınlarının ətalətliliyi nəticəsində zəifləyir. Buna görə də, mübadilə məzənnəsində qısa, orta və uzunmüddətli dəyişiklikləri fərqləndirirlər. Belə ki, xarici ticarət axınlarının ətalətliliyi milli valyutanın məzənnəsinin güclü düşüşündən sonra ilk aylarda ticarət balansının dəyişməməsinə gətirib çıxarır. Bu zaman ticarət balansı hətta pisləşə də bilər. Müasir şəraitdə idxalın elastikliyi azalmağa doğru meyllidir. Ixrac adətən daha elastikdir və buna görə də, orta və uzunmüddətli planda milli valyutanın məzənnəsinin dəyişməsinə daha həssasdır.