BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)



Yüklə 1,8 Mb.
səhifə1/20
tarix31.01.2017
ölçüsü1,8 Mb.
#7128
  1   2   3   4   5   6   7   8   9   ...   20




BİNNƏT ELOĞLU


ELİN DƏRDİ,

HƏSRƏTİ
(şeirlər və poemalar)

Elm və təhsil”



Bakı – 2014
Redaktor və ön sözün

müəllifi: Vaqif Yusifli

filologiya elmləri doktoru


Rəyçilər: Seyfəddin Qəniyev

filologiya elmləri doktoru



Elxan Məmmədli

AMEA Folklor İnstitutunun şöbə müdiri,

Əməkdar mədəniyyət işçisi

Binnət Eloğlu. Elin dərdi, həsrəti.

Bakı, “Elm və təhsil”, 2014, 396 səh.
Binnət Eloğlu (Binnət Dilən oğlu ) 1940 - cı il iyunun 1 də Tovuzun Düz - Cırdaxan kəndində müəllim ailəsində anadan olub. 1956-cı ildə 7 illik məktəbi əla qiymətlərlə bitirib 1956-1959-cu illər koxozda çoban, biçinçi dəmir yolunda fəhlə işləyib. 1959-1962-ci illər hərbi xidmətdə olub. 1962-ci ildə Bakıda xarrat rəssam işləyə-işləyə gecə məktəbini bitirib. 1974-cü ildə M.F.Axundov adına Pedaqoji İnstitutu bitirib. İnstitutda gündüz oxuyarkən axşamlar 6 saylı əmək – islah koloniyasında xarratlıqdan dərs keçib. 1974-cü ildən 1911-ci ilədək radiozavodda mülkü – müdafiə rəisi, orta məktəbdə müəllim işləyib. 15 yaşından şeirin bütün formalarında lirik və satirik şeirlər və poemalar yazır.

qrifli nəşr

© «Elm və təhsil», 2014


Binnət Eloğlunun

şeir dünyası
Tovuz Azərbaycanın sazlı – sözlü sənət ocaqlarından biridir. O, təkcə gözəl təbiəti, bərəkətli torpaqları ilə deyil, həm də yetirdiyi görkəmli sənətkarları ilə fəxr edə bilər. Bu torpaqda təkcə gözəl nemətlər yetişmir, bu torpağın bağrından aşıq Hüseyn Bozalqanlının, Mikayıl Azaflının saz möcüzələri fəvvarə vurur. Ozan – Aşıq mədəniyyətinin ən qədim ocaqlarından biridir – Tovuz. Ünlü şairlərimiz – Məstan Günər, Məmməd İsmayıl, Zirəddin Qafarlı Tovuzun Azərbaycana bəxş etdiyi qüdrətli qələm sahibləridir. Ədəbi – elmi fəaliyyətləri ilə daim diqqət mərkəzində olan Qəzənfər Paşayev, Məhərrəm Qasımlı Tovuzun yetirmələridir. Tovuz torpağı – Tovuz eli hələ bundan sonra da neçə belə istedadlı sənətçilər yetirəcəkdir.

Bu yaxınlarda Binnət Eloğlu adlı yaşlı bir şairlə tanış oldum. Şeir və poemaları olan 400 səhifədən artıq bir əlyazmasını mənə verdi. “Kitabımı hazırlayıram, xahiş edirəm, rəyinizi bildirin, əgər şeirlərim xoşunuza gəlsə, o kitaba ön söz də yaza bilərsiniz” – doğrusu yaşı yetmişi keçmiş, üz gözündən işıqlı bir adama oxşayan bu ağsaqqalın xahişini yerə salmaq istəmədim. Vaxtımın məhdudluğuna baxmayaraq, o əlyazmanı bir neçə gün ərzində birər – birər vərəqlədim. Doğrusu, heyrətə gəldim. Ədəbi aləmdə o qədər də tanınmayan, olsun ki, heç şeir kitabı da nəşr edilməyən, yalnız bəzi qəzetlərdə şeirləri işıq üzü görən Binnət Eloğlunun istedadlı bir qələm sahibi olduğuna heç şübhəm qalmadı. Hiss elədim ki, Binnət müəllim ağlı kəsəndən – lap uşaqlıqdan şeir yazırmış. Buna inanmamağa haqqım yoxdu, çünki sazlı - sözlü bir diyarda – Tovuzda istedadlı bir adamın şair olmamağı qeyri mümkündür.

Binnət Eloğlunun şeir və poemalarını oxuyanda onu da hiss elədim ki, o, geniş mütaliə qabiliyyətinə malikdir – Azərbaycan poeziyasının vurğunudur (ona ən yaxşı oxucu da demək olar), oxumadığı, təsirlənmədiyi şair yoxdur.

Təkcə bumu? Yox! Başqa bir cəhəti də var – o da bundan ibarətdir ki, Binnət Eloğlu Azərbaycan şeirinin bütün formalarına yaxşı bələddir. Əruz vəznində də qələmini sınayır. Amma ən çox heca şeiri ilə bağlıdır, bu da səbəbsiz deyil. O, şeirə xalq şeirinin, aşıq poeziyasının qanadlarında gəlib. Şeirlərinin mövzusuna gəldikdə isə rəngarəngliyi ilə seçilir. Vətənpərvərlik, Azərbaycanın tərənnümü, Qarabağda baş verən və bir şair kimi daim onu həyəcanlandıran hadisələr, müharibənin doğurduğu acılıqlar, cəmiyyətdə baş verən mənfi hallar, gözəl təbiətimiz – çaylarımız, dağlarımız, meşələrimiz, gözəl məskənlərimiz şairin sevgi dünyası...bütün bunlar onun şeirlərində əks olunur. Binnət Eloğlunun Azərbaycan Demokratik Respublikasının 80 illiyinə ithaf etdiyi “Qoymadılar bilək tariximizi”, şəhidlərdən söz açdığı “Şəhidlərimiz - igidlərimiz”, “Qarabağın qanlı, qəmli, şanlı günləri”, “Şəhriyarın Heydər babaya salam” poemasından təsirlənərək yazdığı “Həsrət”, Füzuliyə həsr etdiyi “Müqəddəsim”, Q.B.Zakirə xitab və nəzirə kimi qələmə aldığı “Belədir halımız, ay baba indi” adlı poemaları da var və buda sübut eləyir ki, Binnət Eloğlu təkcə lirik, satirik şeirlərlə kifayətlənmir, həm də epik poeziyaya da meyl edir.

Binnət Eloğlunun şeirləri öz təbiiliyi və xəlqiliyi ilə diqqəti cəlb edir. Təbiilik onun bütün şeirlərini ruhuna hopub. Bəli, o, sadə yazır, amma çalışır ki, təzə söz deməyə nail olsun. Qarabağ mövzusu onun şeirlərində daha önəmli yer tutur.

Məni gəzmə Bakıda, nə də Tovuzda, qardaş,

Ürəyimdə qəm-kədər gözlərimdə qanlı yaş,

Huşum özümdən uzaq, halı pərişan, çaş-baş,


Sərsəritək gəzirəm, fikrim düzdə, dağdadır

Səhərə çox var, sübhüm, danım Qarabağdadır...

Cıdır düzü yas tutur, Şuşa yağılardadır.

Vaqifin şair ruhu nigarandı, dardadır.

Qədir yanır qovrulur, haqq-ədalət hardadır?

Binnətəm, çoxdan gözüm göydə, üzüm haqdadır,

Bakıda can verirəm canım Qarabağdadı.

Elin dərdi, məmləkətimizin başı üstündə oynayan qara buludlar, həyatın ağrıları Binnət Eloğlunu düşündürən, həyəcana gətirən əsas məsələlərdir. Xüsusən, onun doxsanıncı illərdə yazdığı şeirlərdə Vətən dərdi çəkən bir ziyalının ürək harayını eşdirik. Deyir ki:

Qanlı göz yaşımı mürəkkəb edib,

Beş ildir yazıram elin dərdini.

Min-min şəhid olmuş igidlərimin,

Min-min ər gözləyən gəlin dərdini.

Əsir düşüb min-min gəlinim, qızım,

Beş ildir gözümdə qalıb murazım.

Beş ildir xəzandan seçilmir yazım,

Bir gündə çəkirik ilin dərdini.

Onun “Çadır şəhərində”, “Qarabağ getdi bada”, “On iki ildir”, “Bölünmüş xalq”, “Şəhidlər xiyabanında” və s. şeirləri bir şair qəlbindən qopan haraylardır. Binnət Eloğlunun bir çox şeirlərində isə qələbəyə böyük inam hiss edirsən: “Yazaq zəfər marşını” şeirində Binnət Eloğlu qələbəmizin haçansa Cıdır düzündə bayram ediləcəyinə inanır. Bizdə inanırıq...

Binnət Eloğlunun qoşmaları mənə daha çox sevindirdi. Sevincimə səbəb odur ki, Binnət müəllim qoşmanı məhz qoşma kimi yazır. Onun kalassik ölçülərinə tam riayət edir və çalışır ki, bu qoşmalarda özünəməxsus izi olsun. Xüsusən, onun sevgi mövzusunda qələmə aldığı qoşmaları bu janrın bədii – estetik imkanlarını bir daha aşkara çıxarır.

Əzizim, hər dəfə səni ananda,

Dil dodağa, dodaq dilə yalvarır.

Könlümdən keçəni sənə yazanda

Əl varağa, varaq ələ yalvarır.

Üzüm gülür gülər üznə baxanda,

Gözüm gülür xumar göznə baxanda.

Əllərim teliyin söznə baxanda,

Tel barmağa, barmaq telə yalvarır


Nə vaxt ki, ayağın çəmənə dəyir

Sənə gül-çiçəklər təzim eləyir.

“Qoy ona payəndaz mən olum” – Deyir,

Gül zambağa, zambaq gülə yalvarır.


Bağa yayılanda ətrin, nəfəsin,

Binnətə ruh verir gülüşün,səsin,

İsstəyirlər səni xoşhal eləsin,

Bülbül bağa, bağ bülbülə yalvarır...

Binnət Eloğlunun qəzəlləri də, dördlükləri də, bayatıları da, gəraylıları da, təmsilləri də, rübailəri də onun bir şair kimi bu formalara yaxşı bələd olduğundan xəbər verir. Xüsusilə gəraylıda o, təzə söz deyə bilir.

Quzey yeli çox bəd əsdi

Bağ-bağçam saraldı, getdi.

Bülbül öldü, çiçək soldu,

Gülümü xar aldı, getdi.

Yağı üstümə od tökdü,

Sinəmə çarpaz dağ çəkdi.

Torpağımı tankla əkdi,

Eli dərdə saldı, getdi.

Zəmimi bombalar biçdi,

Tarlam su yernə qan içdi,

Evim uçdu, çıram keçdi,

Ocağım qaraldı, getdi.

Tay-tuşlarım güllələndi,

Şəhid qanına bələndi.

Başımıza qor ələndi,

Gözümüz kor oldu, getdi.

Binnətəm, ədalət hanı?

Qurulmur haqqın divanı.

Cəllad tökdü nahaq qanı,

Canımdan can aldı, getdi.

Binnət Eloğlunun bütün şeir və poemalarında onun obrazı – bir azərbaycanlı kimi keçirdiyi hislər, duyğular əks olunur və deyərdim ki, o, bu şeirlərin qəhrəmanıdır. Düşünən, əzab çəkən, sevinən, kövrələn bir xalq adamı – bir ağsaqqal və ziyalı özünü ifadə edir, öz ürəyini açır o – insanlara.

Onun poemaları da ilhamla yazılıb. Ən çox diqqəti cəlb edən “Həsrət” poemasıdır ki, Binnət müəllim bu əsəri Şəhriyarın “Heydər babaya salam” poemasına nəzirə yazıb. Şair Şəhriyarın poemasındakı şeir ölçülərini, strukturunu yaxşı mənimsəyib. Əgər bir oxucu maraqlansa ki, Tovuzun Düz Cırdaxan kəndi hansı adət - ənənələri, etnoqrafiyası, insan çeşidləri ilə seçilir, o zaman “Həsrət” poemasına müraciət edə bilərlər. Deyə bilərəm ki, bu poema Düz Cırdaxan kəndinin tarixidir, coğrafiyasıdır, etnoqrafiyasıdır, keçmişi və bu günüdür. Yada Salınan, xatırəyə dönən və yaddaşlardan silinməyən xoş anlar, gözəl insanlar da var, acılıqlar da, qəm-qüssəli dəmlər də.

Cırdaxan, sönməsin odun, ocağın,

Günəştək əbədi yansın çırağın,

Yayılsın aləmə səsin, sorağın!

Mənim şöhrətimdir şöhrətin adın

Mən nədən yazardım sən olmasaydın?!

Təfərrüata varmadan deyə bilərəm ki, Binnət Eloğlunun digər poemaları da ürəklə, ilhamla yazılıb.

Mən Binnət Eloğlunun şeir və poemaları haqqında öz ürək sözlərimi ifadə etdim və fikrimcə, onun bu yaşda da şeriyyət aləmində uğurlar qazanacağına inanıram. Təki yazsın yaratsın və yorulmasın! O bir şair ömrü yaşayır.


Vaqif YUSİFLİ

filologiya elmləri doktoru

Müəllifdən
55 ildən artıqdır ki, bədii yaradıcılıqla məşğulam 100-ə yaxın şeirim müxtəlif qəzetlərdə çap olub Azərbaycan radiosunda səslənib, 2 dəfə Tovuz TV kanalında şeirlərimi oxumuşam.

Əksər şeir formalarında 50 min misradan artıq lirik və satirik şeirlər, 10 - dan artıq poema yazmışam. Yaradıcılığımı zəif, özümü şair hesab etmədiyim üçün kitab çap etdirmək istəməmişəm, heç maddi imkanımda olmayıb. Bu kitabın nəşrində göstərdiyi dəstəyə görə elimizin xeyirxah oğlu – polis general mayoru Ramiz Zeynalova və oğlum – Arifə minnətdarlığımı bildirirəm.


Binnət Eloğlu.

BU ELİN, BU MİLLƏTİ

DƏRDİNİ KİM ÇƏKƏCƏK?


Qurban olum
Odlar yurdu, mən oduna,

Ocağına qurban olum.

Min illərdir şölələnən,

Çırağına qurban olum.

Yadlar böldü özbaşına,

Tökdülər od, köz başına.

Araz boyda göz yaşına,

Göz dağına qurban olum.

Varın-yoxun oldu talan,

Sürgün oldu min-min balan.

İldırımlar həsrət qalan

Qucağına qurban olum.

Ətir saçan hər gülünə,

Şəkərdən şirin dilinə,

Hər obana, hər elinə,

Oymağına qurban olum.

Zirvələrin qarlı, buzlu,

Söz-söhbətin dadlı-duzlu.

Üç rəngli aylı-ulduzlu

Bayrağına qurban olum.

Sənə fəda olsun Binnət,

Üzdü məni fəraq-firqət.

Quzeyi gün eynə həsrət

Torpağına qurban olum.



30.08.1967
Xalqıma dağ çəkilibdir
(daxili qafiyə)
Aləm yatıb, gecə yarı yuxum ərşə çəkilibdir.

Elə bil ki, ruhum dara, ətim şişə çəkilibdir.

Batıb ayım, çıxmır günüm, ərşə çıxır ahım, ünüm.

Dərd əlində ömrüm, günüm, ilmə-ilmə sökülübdür.

Gözümdən car olur selim, parça-parça, dilim-dilim.

Tikə-tikə olub elim, yurduma turp əkilibdir.

Ah çəkdikcə yanır dilim, dərdlərimi yazmır əlim.

Qarabağda sınıb belim, yumaq kimi bükülübdür.

Xəzan vurub, gülüm solub, igidlərim şəhid olub.

Anam-bacım saçın yolub, xalqıma dağ çəkilibdir.

Gecə keçib, dan sökülmür ,dörd ildir ki, üzüm gülmür.
Niyə göydən daş tökülmür, mənə “dığalar” gülübdür?
Edirlər xalqıma zülm, artıb aclıq, azar, ölüm.
Yatmıram, yanmışam, külüm gözlərimə tökülübdür.
Toxlar bezmir kef-damaqdan,aclar çadırda qalmaqdan
Toyum vaya dönüb çoxdan, bayramım qara gəlibdi,
Artıb azarı Binnətin, talanır varı millətin,
Bu xalqın, bu məmləkətin sahibi harda ölübdür?!


16.09.1991
Bir də
Ağdamın, Şuşanın seyrinə dalam,

Görəm Zəngilanı, Laçını bir də.

Sosda, Əskəranda, Xankənddə olam,

Gəzəm Füzulini, Xaçını bir də.

Şən olsun Qubadlı, Cəbrayıl eli,

Odlar ölkəsinin gövhəri, ləli!

Xocalı qızının xınalı əli

Yolmaya pərişan saçını bir də.


Olam oylağında Xanın, Bülbülün,

Qalam qayğısına Xarı bülbülün.

Öpəm ləçəyindən çiçəyin, gülün,

Siləm gözlərinin yaşını bir də.

Gəzəm Ağdərədə şehli çəməndə,

Azam Xocavənddə dumanda, çəndə.

Çingizi seçmişəm qardaş seçəndə,

Tapam Salatıntək bacını bir də.

Eldən uzaq ola kədər, qəm-qada,

Gah Turşsuda olam, gah İstisuda.

Yataqxanalarda, çöldə, çadırda

Görməyəm köçkünü, qaçqını bir də.

Oxuya Qarabağ şikəstəsini,

Eşidəm Qədirin həzin səsini.

Görəm qalibiyyət təntənəsini,

Dinləyəm qələbə marşını bir də!

Qırxqızın döşündə qurula dəyəm,

İsa bulağına enəm, baş əyəm.

Kəlbəcərdə aşıqları dinləyəm,

Unudam ağrını-acını bir də.

Natavan zövq ilə, məharət ilə,

Vaqif könül açan şeiriyyətiylə,

Üzeyir ecazkar sənəti ilə

Bəzəyə sənətin tacını bir də.

Belimizi həsrət yükü əyməyə,

Anamız, bacımız qara geyməyə.

Xəzan saraltmaya, dolu döyməyə

Bağanesda bağı, bağçanı bir də.

Enəm Əlibəylidən, Ağdamı gəzəm,

Alı Dədə pirində qurbanlar kəsəm.

Berddə dığaların burnunu əzəm ,

Qanmaza qandıram suçunu bir də.

Yağını qanına bələnən görəm,

Külünü gözünə ələnən görəm.

Yenə qapımızda dilənən görəm

Naşükür «axber»i, «axcı»nı bir də.

Bir qarış yerim də yada qalmaya,

Yurduma «xoz», «çoşka» tamah salmaya.

Binnətəm, çən-çiskin duman almaya

Yurdumun dağını, daşını bir də!


15.07.1992

Xocalıdadır
Üz-üzə qalmışam kədərlə, dərdlə,

Dərdin mübtəlası Xocalıdadır.

Zülmün ədalətlə, mərdin namərdlə

Qovğası, davası Xocalıdadır.

Başsız başçılardan olmadı həyan,

Sinəmdə od çatdı Zori Balayan.

“Ocaq daşı” üstə bayquş ulayan

Yurdun xarabası Xocalıdadır.

Olmadı obanı yadına salan,

Tanklarla, toplarla etdilər talan.

Yüz- yüz körpələrin yarımçıq qalan

Yuxusu, laylası Xocalıdadır.

Həddi var hər zülmün, hər zəlalətin,

Tarixdə tayı yox bu müsibətin.

Mərdlərə yas tutan bir məmləkətin

Yası, yasxanası Xocalıdadır.

Bilsin Xirosimo,Naqasaki də,

Xatında ot basmış yol da, səki də.

Yanvar faciəsi əsrin Bakıda,

Fervral faciəsi Xocalıdadır.

Şəhərin qalmayıb daş üstə daşı,

Yar-yarı itirib, qardaş-qardaşı.

Didərgin bacımın gözünün yaşı,

Anamın naləsi Xocalıdadır.

Bir eli boğdular içində qanın,

Xar oldu mahalı İbrahim xanın.

Min-min şəhid vermiş Azərbaycanın

Qanlı Kərbəlası Xocalıdadır.

Göydən yağış kimi yağdı qurşunlar,

Qan tökdü, qan içdi azğın qoşunlar.

Hələ də qudurmuş «pyos»lar, «şun»lar

«Svinya», «xoz» dəsi Xocalıdadır.

Gözü çıxarıldı kəsik başların,

Süngüylə deşildi üz, göz, baş, qarın.

Gülləyə tuş olmuş şikəst quşların

Dağılmış yuvası Xocalıdadır.

El yatmır ünündən ahu-zarımın,

Yazı qara gəldi ilk baharımın.

Talanmış, tapdanmış çəmənzarımın

Nərgizi, laləsi Xocalıdadır.

İvanla Vartazar işlədib hiylə,

Günahsız xalqıma qurdular tələ.

Niyə xəcalətdən ölmürəm? Hələ

Bayquşların səsi Xocalıdadır.

İnandıq bambılı vəziryanlara,

Harsundan süd əmmiş «xınzır»yanlara,

Qarabağ əsirdi “harpaz”yanlara

Bicin «şurtvats»ı Xocalıdadır.

Nə «Tayms» yazmadı, nə «TASS» bunları.

Zəncirləmədilər qudurğanları

«TASS» ölüb, a «Tayms» indi yaz barı,

Yerevan tulası Xocalıdadır.

Bunları tək Çingiz yaydı cahana,

Dərddir, göz dağıdır hər bir baxana.

Hay salaq, car çəkək-yayaq hər yana

Əsrin son bəlası Xocalıdadır.

Uçub xanımanlar, sönüb ocaqlar,

Yerlə yeksan olub divarlar, tağlar.

Köksünə üst –üstdən çəkdilər dağlar ,

Binnətin şəfası Xocalıdadır.



Pyos-köpək(rusca)

Şun-köpək (ermənicə)

Xoz-donuz (ermənicə)

Harsun-qadın (ermənicə)

Xınzır-donuz(ərəbcə)

Harpaz-avara (ermənicə)

Şurtvats-dönük,dönmə (ermənicə)



14.03.1992

Beş ildi
Qəlbim qan ağlayır, cəllada dönüb,

Çəkirlər sinəmə dağı beş ildi.

Dərdli göylərimdə buluda dönüb

Yaralı köksümün ahı, beş ildi.

Bir-birindən yaslı gəlir illərim,

Car olur gözümdən axan sellərim.

Mərdlərə yas tutur qərənfillərim,

Anam, bacım deyir ağı, beş ildi.

Qisası alınmır axan qanların,

Min-min şəhid olmuş qəhrəmanların.

Tarixin şöhrəti Cavad xanların

Xar olur aranı, dağı beş ildi.

Dağılıb Əskəran, Xocalı, Xaçın,

Qubadlı, Cəbrayıl, Kəlbəcər, Laçın.

Ağdama, Xankəndə həsrətdi qaçqın,

Şuşada kef çəkir yağı, beş ildi

Ay Allah! Bu sitəm görünüb harda,

Yad səni evindən zorla çıxarda?!

Füzuli, Zəngilan qalıbdı darda,

Talanır bağçası, bağı, beş ildi.

İt-itlə birləşib, şir yalqız qalıb,

Əsirlikdə min-min oğul-qız qalıb.

Min-min bağça gülsüz, bağ barsız qalıb,

Yanıb bostanların tağı, beş ildi.

Qırılır çadırda qalanlarımız,

Əlil, yetim-yesir olanlarımız.

Qalmır qayğımıza kalanlarımız,

Umuruq yadlardan qayğı, beş ildi.

Vətən eşqi Məcnun edib Binnəti,

Tükənməz vətənə mehri-ülfəti.

Qalsa vətənidir, ölsə cənnəti,

İtiribdi Qarabağı, beş ildi.



24.01.1993
Vətən deyə-deyə yandım
Dörd ildi iblislər böhtan, şər qusur,

Fəlakət tökülür elimin üstə.

Yazım qara gəlir, bülbülüm susur,

Sar qonur bağçada gülümün üstə.

Yurdumuza qara yellər əsibdir,

Ehtiyac, səfalət bizə nəsibdi.

Suyumuzu haramılar kəsibdir,

Göydən zülm yağır zülümün üstə.

İnəktək sağırlar inək sağanı,

Çəltiktək döyürlər çəltik yığanı.

Satıb çörək aldıq köhnə yorğanı,

Qalmışıq bir cırıq kilimin üstə.

Çeynənib çürümür bu «keçid» sözü,

Hər gün yalançılar aldadır bizi.

Çox söz var deməyə, qorxuram, düzü,

Başım bəla çəkər dilimin üstə.

Əl açıb dilənir gəlinlər, qızlar,

Milləti dilənçi edir qansızlar.

Vətən deyə-deyə yandım, arsızlar

Çalıb-oynayırlar külümün üstə.

Xalqı talayanlar xalqa fors edir,

Gündə bir Maşayla barda tans edir.


Xankənddə dığalar «qasnı çors» gedir,

Qarabağ gəbəmin - zilimin üstə.

İş tapılmır sexdə, nə də mədəndə,

Haqqını almayır işə gedən də.

Binnətəm, haqqımı tələb edəndə

Sınır dubinkalar belimin üstə.



17.02.1991
Ürəyim Arazın qırağındadır
Zamanmı dəyişib, fələkmi çaşıb,

Quzğunlar Laçınlar oylağındadır?

Şirlər tülkülərin toruna düşüb,

Qartallar quzğunun caynağındadır.

Çoxunun toyuna qarışıb yası,

Oğul ölüb, ağlar qalıb anası.

Qarabağ qızının nişan tanası,

Haykanuş-şortunun qulağındadır.

Dağılıb Ağdamım, talanıb Şuşam.

Laçına, Xankəndə həsrət qalmışam.

Xocalıda, Əskəranda yanmışam,

Külüm hər qaçqının ocağındadır.

Çox dedim, dərdimi duymadı naşı,

Göynəyir dağlanan sinəmin başı.

Göyçə gölü olub gözümün yaşı,

Göyçəm yağıların tapdağındadır.

Nə qışda sevinir könlüm, nə yazda,

Kərəmim, Dilqəmim inləyir sazda.

Özüm Bakıdayam, ruhum Tovuzda,

Ürəyim Arazın qırağındadır.

Binnətəm, tacımdır öz obam, elim,

Bu taydan o taya çatmayır əlim.

Həsrətin odunda qovrulan dilim

Dərbəndin, Təbrizin sorağındadır.



15.02.1994

Görməyir korlar
Bir gözələ saldı meylini hərə,

Kimi nakam oldu, kimi bəxtiyar.

Mən də bir Məcnunam özümə görə

Mənim Vətən adlı bir sevgilim var.

Bakımla Təbrizim qibləgahımdır,

Göyçəmlə Dərbəndim səcdəgahımdır,

Araz göz yaşımdır, bulud ahımdır,

Gözümdən car olur ağlar bulaqlar.

Gözüm görə-görə talanır varım,

Dağılır bürclərim, uçur hasarım.

Nə taqətim yoxdur, nə ixtiyarım,

Edirlər başıma gen dünyanı dar.

Doğru danışanı lağa qoyurlar,

Haqq gəzənə min qadağa qoyurlar.

Kəndə Xudayarı ağa qoyurlar,

Zeynəb, Məmmədhəsən ağlayır zar-zar.

Yenə füsqi-ficur həddən aşıbdır,

Kələf dolaşıbdır, baş qarışıbdır.

Başsız başçıların ağlı çaşıbdır,

Məclisdə bir-birinə bağırır bar-bar.

yaman gündəsən, sevgili Vətən,

Sinəndə at çapır hər yoldan ötən.

Binnətəm, oduna odlanıram mən,

Yanıram, külümü görməyir korlar.



11.03.1989

Ay Vətən

(Daxili qafiyə)
Eşitmirlər, daşı yarır ünüm, ay Vətən, ay Vətən!

«Qarabağ» dedikcə yanır dilim, ay Vətən, ay Vətən!

Yolum uzaq, yüküm ağır, qolum qançır, özüm fağır

Göydən zülm üstə yağır zülm, ay Vətən, ay Vətən!

Canımızdan keçə-keçə, şəhid verdik neçə-neçə,

Göz yaşımdır mənim Göyçə gölüm, ay Vətən,ay Vətən!

Fəğanımdan aləm yatmır, keyləri naləm oyatmır.

Ağdama, Şuşaya, çatmır əlim, ay Vətən, ay Vətən!


Dərdli dilim Xankənd deyir, Laçın, Gorus, Dərbənd deyir,

Təbrizi, Xoyu istəyir könlüm, ay Vətən, ay Vətən!

Yağı aldı silahımı, şəhid etdi pənahımı,
Heç kim eşitmir ahımı, neylim, ay Vətən,ay Vətən?!
Kaş birləşib ola bir can, Bakı, Dilcan, Qafan, Zəncan,

Bütöv ola Azərbaycan-elim, ay Vətən, ay Vətən!

Binnət səndən ilham aldı, sözün qənddi, dilin baldı.

Yandım, Xocalıda qaldı külüm, ay Vətən, ay Vətən





23.03.2003
Bax

(daxili qafiyə)

90-cı il Yanvar. Ağır gün. Acı rüzgar,

Bakıda mitinqlər var, Bakıda tətillər var.

Üzlərdə kədər, qubar, ürəklərdə intizar,

Bu ağır zamana bax, bu bəd gələn qışa bax.

Tutulubdu şəhərə gələn yollar hər yandan,

Axışdı küçələrə gəlin, qız, qoca, cavan,

Tuş oldular gülləyə, küçə, meydan oldu qan,

Qan axan meydana bax, qana batmış daşa bax.

Günahsızlar buz kimi soyuq sazaqda əsdi,

Quzğunlar quduz kimi bəndi-bərəni kəsdi.

Dinsizlər qansız kimi qan içməyə tələsdi,

Üzdən axan qana bax, gözdən axan yaşa bax.

Qara geydi qızıl dan, banlamamış beçələr,

İçdi isti, qızıl qan soyuq, asfalt küçələr.

Dağılmış yuvalardan perikdi boz sərçələr,

Dağılmış eyvana bax, yaralanmış quşa bax.

Neçə evi yıxdılar, dağıtdılar o gecə,

Yandırdılar-yaxdılar, verdilər çox işgəncə.

Nə qocaya baxdılar, nə körpəyə, nə gəncə,

Qudurmuş İvana bax, bu müxtəlif yaşa bax.

Nə qədər ağlar, Allah, nə qədər ağlar gözüm?

Binnətəm, görməyib, ah, heç belə dağlar gözüm.

Sil yaşını, yaxşı bax, yaxşı bax, ağlar gözüm,

Əldən gedən cana bax, başdan çıxan huşa bax.


22.01.1990

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin