XII mövzu. Müstəqil iş üsulları. Müqayisə metodu. Onun əhəmiyyəti
Plan:
1.Müstəqil iş üsulları haqqında ümumi məlumat
2.Biologiya tədrisi metodikasında tətbiq olunan müstəqil iş üsulları
3.Dərslik və kitab üzərində iş
4.Müstəqil müşahidələrin aparılması
5.Müstəqil təcrübələrin qoyuluşu və aparılması
6.Biologiyadan praktik işlər
7.Qeyd və şəkil dəftərlərinin aparılması
8.Biliyin yoxlanması, hesaba alınması və qiymətlndirilməsi
1.Müstəqil iş üsulları haqqında ümumi məlumat
Məlum olduğu kimi təlim prosesi müəllim və şagirdlərin birlikdə fəal çalışmaları ilə başa çatdırılır. Müəllim proqram materiallarını şagirdlərə başa salmaq üçün şifahi şərh üsulunun bütün növlərindən istifadə etməlidir. Müəllimin nəqli, müsahibəsi və mühazirəsi nə qədər maraqlı olursa-olsun, yenə də izah olunmuş materialın mükəmməl mənimsənilməsi üçün şagirdlər onların üzərində müstəqil işləməlidirlər. Təcrübə göstərir ki, şagirdlərin müstəqil işləri onların məktəbdə aldıqları bilik və bacarığın möhkəmlənməsində, onların həyata hazırlanmasında mühüm rol oynayır. Orta məktəbdə tədris olunan biologiya fənnləri üzrə şagirdlər müxtəlif iş üsullarından istifadə edirlər. Onlardan ən geniş tətbiq ediləni aşağıdakılardır:
1)Şagirdlərin dərslik və kitablar üzərində müstəqil işləmələri;
2)Laborator və praktik məşğələlər.
Laborator və praktik məşğələlər 3 yerə ayrılır: a) Şagirdin müstəqil təcrübələr qoyması; b) Müşahidələr aparması; v) Bitgi becərmək və heyvanlara qulluq etmək üzrə praktik işlər.
3) Təkrar və çalışmalar üsuludur. Göstərilən bu müstəqil iş üsullarının bir hissəsi sinifdə, müəyyən hissəsi isə canlı təbiət guşəsində, laboratoriyada, tədris-təcrübə sahəsində və ev şəraitində həyata keçirilir. Təbiiyyat fənnləri üzrə şagirdlərin müstəqil işləmələrində aşağıda göstərilmiş ümumi qaydalara əməl olunmalıdır.
1)Şagirdlər müstəqil işləri bilavasitə müəllimin rəhbərliyi altında başa çatdırmalıdır. Müəllim şagirdin görəcəyi müstəqil işi düzgün planlaşdırmalı, işin məzmunu, aparılma texnikası ilə şagirdi tanış etməlidir.
2)Müəllim şagirdin müstəqil işini nəzarət altına almalı, çətinlik çəkdikdə ona köməklik göstərməlidir.
3)Şagird tərəfindən aparılan müstəqil işi mümkün qədər sona qədər və nəticə verənə kimi davam etdirilir.
4) Müstəqil işi müvəffəqiyyətlə başa çatdıran şagirdin əməyi qiymətləndirilir.
5) Üzürlü səbəb olmadan müstəqil işi yerinə yetirməyən şagirdin qiyməti aşağı salınmalı və həmin iş ona icra etdirilməlidir.
Dostları ilə paylaş: |