Bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb. O getdi, ətri otaqda qaldı



Yüklə 134,5 Kb.
səhifə3/4
tarix14.01.2017
ölçüsü134,5 Kb.
#5577
1   2   3   4
Saat beşi ötmüşdü. Nahara heçnə hazırlamamışdım. Özüm də ac idim. Səhərdən institutdan gəlib yataq otağında uzanmışdım, elə hey fikirləşirdim.
 Dərya içəri girəndə qalxmadım. O məni bu vəziyyətdə görüb, təşvişlə çarpayıya yaxınlaşdı: 
—Könül, nə var?!—dedi və yanımda əyləşərək, üzümə tökülmüş saçlarımı arxaya hamarlayıb əlini alnıma qoydu.
—Xəstə deyilsən ki?
 Dodaqlarım əsdi. Nəzərlərimi ondan yayındırdım. Bu dəfə nəbzimi yoxladı. Dəryanın indiki canıyananlığını süni bir mehribanlıq sandım. Qulağımda titrəyən səsi, qəlbimi incidən hərəkətləri və sifətimə sancılan baxışları məndə ikrah hissi oyatdı.
—Çəkil yanımdan!—dedim və biləyimi ovcundan dartıb mələfənin altında gizlətdim.
—Sən get onun dərdinə yan!
—Başa düşmədim, Könül. Nə buyurdun? “O” kimdir?
—O? Özün yaxşı bilirsən! Maşında gəzdirdiyin!
Qəfildən tutuldu. Sonra qondarma bir qəhqəhə çəkərək bərkdən güldü.
—Oho… Demək məsələni sənə bu şəkildə çatdırıblar? Onunçun bikefsən? Düzü, gözləməzdim!
—Əgər yalandırsa, bəs sən niyə gizlədirdin?
—Elə buna görə!—O qalxıb qarşımda dayandı.
—Ürəyimə dammışdı ki, şübhələnəcəksən. Maşında qız olmağına olub, ayağı da əzilib. Bəs bir maraqlanmırsan ki, o kimdir, nəçidir?
—Xeyr!
—Mənim naturşitsamdır. Hər saatına pul verib gətirirəm. Vəssalam. Onsuz heykəl işləmək olar? Dünən özünü naza qoymuşdu, daha gəlmək istəmirdi. Dalınca evlərinə getdim. Yalvar-yaxar, birtəhər dilə tutdum. Emalatxanaya qayıdanda, qəzaya düşdük. Inandın?..
—Yox!
—Niyə?
—Sən qıza baxıb məcnun düzəldirsən?
Dərya yenə şaqqanaq çəkdi:
—Vallah, Könül, bilmirəm səni necə başa salım. Evdə oturub, emalatxanadan xəbər verirsən. Mən “Məcnun”u bir aya yaxındır dayandırmışam, sifarişlə “Sağıcı” heykəlini hazırlayıram. Qanorarının da yarısını almışam… Əvvəl səni işləmək fikrində idim. Sonra fikirləşdim, institut, ev… vaxtın çox itəcək. Emalatxanama qadının, qızın gəldiyi birinci kərə deyil ki...
—O, siqaret yandırdı.-Başqa yerdə danışarsan, gülərlər sənə. Biz müasir adamlarıq. Belə şeylərdə hər dedi-qoduya əhəmiyyət verməməliyik. Dərya mətbəxə keçdi.
—Yeməyə nəyin var?
—Hələ heçnə bişirməmişəm.
Durub ona nahar hazırlamaq istədim. Qoymadı.
—Zəhmət çəkmə. Könülcan, özüm bir şey düzəldərəm.
Doğrusu, rəftarıma görə peşman oldum. Ürəyimdə Fəziləni qarğıdım. Sən demə, bütün həyəcanlarım bica imiş. Qalxıb geyindim.
—Dərya, sən əlini bulaşdırma, bu dəqiqə gəlirəm,—dedim. Kinim, küdurətim haçan yox oldu, bilmədim.

 

 35



 Axşamtərəfi idi. Öz kitabxanama gedirdim—anamgilə. Sonra Dərya da dalımca gələcəkdi. Konsertə bilet almışdıq. Filarmoniyada türk müğənnisi Sevda Aydan oxuyacaqdı. Atamı, anamı da aparacaqdıq. Ər evinə köçəndən bəri həmişə küçəmizdən yolum düşəndə ürəyim birtəhər olur. Eminlə qarşılaşacağımdan ehtiyat edirəm. Yaxşı ki, o vaxtdan üz-üzə çıxmamışıq. Yəqin heç Emin də bunu arzulamaz. Göz görər, könül bulanar... Onun üçün də yan-yörəmə baxmırdım. Başımı dik tutmuşdum, tələsirdim. “Könül kitabxanası”nın tininə yetişəndə sövqi-təbii ilə ayaq saxladım. Qonşu damın üstündən keçən cərgə elektrik məftillərinə təkəm-seyrək qaranquşlar qonmuşdu. Ah!.. Nə qəribə bənzəyiş idi. Fərz elədim, səma kağızdır, məftillər onun üzərində cızılmış beş xətt, qaranquşlarsa musiqi notları. Bunu mən yox, yazıçı görsəydi, şəksiz ki, mənalandırardı; qələmə almamış olmazdı. Rəssam, əsərindəki bir bəstəkarın pəncərəsi önündə belə qaranquş oktavası çəksəydi, sevinməyə bilməzdi. Heyfisiləndim. Bir istədim daş atım, titrədim simləri, dağıdım o notları; uçub başqa yerə qonsun qaranquşlar. Hərdən, ərdə olduğumu unudanda uşaqlığım yadıma düşür... Təsadüfə bax: irəlidən Qönçəbəyim gəlirdi! Gözündən yayınmaq da mümkün deyildi.
—Salam, Könül,—deyə mənə yaxınlaşanda, əvvəlki şirin dillə soruş-yetiş elədi.
—Yoldaşın… evin... eşiyin...
—Salamatlıqdır, Qönçəbəyim xala. Siz necəsiniz?
—Bizik də...
Arvad bu cavabı ayrı cür verdi. “Güya bilmirsən neylədin. Bizə bir toy tutmadın ki, yaxşı olaq!”
Qönçəbəyim daha mənə “göyçək balam” demirdi.
—Eh...səndən sonra Eminciyəzim iki həftə ağır xəstə yatdı. Arvad köks ötürdü.
—Həkim… davadərman… He çnə kömək eləmədi. Təkcə mən bildim uşağımın dərdi nədir. Məhəbbət yarası gec sağalır, qızım.
Mənim danışmağa sözüm yox idi. Qadın keçmiş əhvalatı xatırlamaqdan əzab çəkirmiş kimi söhbəti qurtarmağa çalışdı:
—Əslində, ay Könül, səni qınamağa da haqqım yoxdur. Fikirləşirəm ki, meylini bu tərəfə salsaydın, onda da Dəryaya dağ çəkəcəkdin. Məgər o insan deyilmi? Hamısını başa düşürəm, bala. Onun da anası var. Eminciyəzimin əziz canına and içirəm, sidqi ürəkdən deyirəm, təki xoşbəxt olasınız. İkiniz də—sən də, o da. 
Qönçəbəyim bu alicənablığı ilə gözümdə on qat böyümədimi? Mən qarşısında kiçilib, xəcalət çəkmədimmi?

 

 36



 Anamgildən gətirdiyim kitabdan bir əfsanə oxumuşam. Neçə gündür xofu başımdan çıxmayıb.
Qalayçıoğlu təvazökar, növrəsidə bir şair idi. Təzəhəvəs olsa da, pis yazmırdı. Sadə, təmiz qəlbli  bu cavanın qoşduğu şerlər xoşa gəlirdi. O isə heç vədə lovğalanmazdı. “Mən ustadımdan öyrənirəm,—deyərdi.—Ömrüm boyu da ona borcluyam.” Aylar, illər dolanır. Qalayçıoğlu kiçik bir rütbəyə çatanda dəyişir, qürrələnir, ustadına arxa çevirir. Ətrafına topladığı yaltaqlar yerli-yersiz onu tərifləməyə başlayır. Qalayçıoğlunun iddiası artır, gözü uzağı görmür, əvvəlki sadəliyindən, təmizliyindən əsər-əlamət qalmır. Lakin ondan sonra nə yazırsa, bəyənilmir. “Növrəsidə şairin qəlbi qurudu” deyirlər. İstedadını itirdiyinə hefsilənən Qalayçıoğlu loğmanın yanına gedib əhvalatı nəql edir.
—Mən niyə bu tezliklə şövqdən düşdüm? Səbəb nədir?—Soruşur.
Loğman cavabında ona belə bir hekayət söyləyir:
—Bizim bu mahalda,—deyir,—dədə-babadan qalma qədim kəlağayı karxanası vardı. Sahibi işgüzar, nurani bir qoca idi; gecə-gündüz çalışırdı, min əziyyətlə dağlara qalxardı, dərələrə enərdi, nadir çiçəklər toplayıb, gözəl, rövnəqli boyalar hazırlardı. Qocanın buraxdığı haşiyəsi qırmızı, güllü bənövşəyi kəlağayıların tərifi dillərdə gəzərdi. Yaraşıqlı, davamlı olardı, gündə, yağışda rəngi soluxmazdı. Ən uzaq mahallardan belə qızlar, gəlinlər axışardılar, onun kəlağayısından alıb örtərdilər. Bir gün zəhmətkeş pirani qoca öldü, karxanaya əyyaş oğlu sahib oldu. Əvvəlcə atadan qalma var-dövləti dağıtdı; yedi, içdi, sərxoşluq elədi. Sonra pul-para tükəndi. Oğul atasından az-çox öyrəndiyi peşəyə başladı. Karxananın böyrü uçmuşdu, dəzgahlar sınıb dağılmışdı… O, daha bunların fərqinə varmadı. Boya hazırlamaq üçün dağlara, dərələrə çiçək axtarmağa da yollanmadı. Elə başdansovdu, zövqsüz, keyfiyyətsiz kəlağayılar hazırlayıb bazara çıxardı. Arif müştərilər mala baxan kimi tanıdılar: bu xına o xınadan deyildi. Yeniyetmə qızlar bilməyib aldılar, başlarına örtdülər. İki-üç gün keçdi, kəlağayılar üzüldü, rəngi ağardı, gərəksiz bir əsgiyə çevrildi...
 İndi, sözümün canı orasındadır ki, növrəsidə şair...—deyə loğman mətləb üstdə gəlir,—sən də əvvəlki Qalayçıoğlu deyilsən. Ustadının yolunu sapmısan, saxtalaşmısan. Ürəyin də, o qocadan fərsiz övladına qalan karxana kimi uçulub-dağılıb, bərbad olub. Daha bundan sonra çətin ki, o ürək xoşagələn bir şeir desin. Qalayçıoğlunu təşviş bürüyür:
—Loğman baba, Allahı sevirsənsə, bir çarə elə, məni bu uğursuzluqdan uzaqlaşdır,—deyə yalvarmağa başlayır.
—Arxayın ol, növrəsidə şair, hər dərdin əlacı var... Loğman əndərunixanəyə keçir. İçi şəffaf maye dolu, ağzı möhkəm qapalı kiçik bir şüşə gətirib Qalayçıoğluna uzadır.
—Sən onsuz da öləziməkdə olan bir şairsən. Bu isə sənətkar üçün dəhşətdir! Belə tədrici, şərəfsiz ölümün iztirablarından yaxa qurtarmaq, uğursuzluqdan uzaqlaşmaq istəyirsənsə, al, iç bu zəhəri, canın biryolluq qurtarsın!—dedi.

 

 37



 Şəhər bürkü içərisində qarsalanırdı. Bağların, bağçaların üstündə, dənizin səthində isti hava titrəyirdi. Atamgil bir aydı bağa köçmüşdü. Bakılılar işdən sonra çimərliklərə axışırdılar. Mənsə, evdən çıxmağa macal tapmırdım. Tək otağa qapılıb imtahanlara hazırlaşırdım. Ancaq başıma heç nə girmirdi. Nə üçünsə ürəyim narahatdı. Dərya səyahətdə idi. Xarici ölkələrdən mənə gödək teleqramları gəlirdi: “Dünəndən İstambuldayam. Kefim lap yaxşıdır. Səni bərk-bərk öpürəm.”, “Gözəl Afinadan Könülə atəşin salamlar!”, “Qədim Romanın tarixi abidələrinə tamaşa etdikcə, yanımda olmadığına heyfsilənirdim. Məhəbbətlə.”, “Ölkəmizin bir parçası “Rossiya” gəmisi bu gün Cəbbəlüttariq boğazından keçib, Atlantik okeanına çıxdı. Fransaya yollanırıq. Sənin üçün çox darıxıram!”, “Əzizim Könül! “Terminus-Nord” mehmanxanasındayam. Paris, dörd iyun.”
Açığı, bu xəbərlər məni o qədər də sevindirmirdi. Son zamanlar Dəryanın sözü ilə əməli arasında gizli bir təzad görürdüm. Qəlbimdə onun səmimiyyətinə şübhələnirdim. Yayın qızmar istisində məni yalqız qoyub xaricə getməyinə nə ad verəydim, bilmirəm. Ürəyində sevgilisinə məhəbbəti olan başqa birisi bunu edərdimi? İnanmırdım! Hələ institutda tələbələr ayrı şeylər də danışırdılar. Deyirdilər, qəzaya düşən həmin qızın adı Nərminədir. Özü də opera teatrının böyründə yaşayır. Dəryanın maşınını isə şəhərin kənarında əzmişdilər... Anama yazığım gəlirdi. O da mənim halıma yanırdı. Bir ayağı elə Bakıda idi. “Ay balam, baş açmıram, ərin nə təhər adamdır. Kişi də üç-dörd ayın gəlinini tək buraxıb uzağa yollanarmı?” Arvad hər dəfə bağımızı tərifləyir, məni ora aparmağa çalışırdı:
—Gedək, Könül, peşman olmazsan. Buzovnanın havası gözəldir. Oturarsan sərin ağacın altında, öyrənərsən dərslərini. İmtahan vaxtı instituta gəlmək nə çətin işdir ki...
—Yox, ma, bura yaxşıdır,—deyə bağda Eminlə, Qönçəbəyimlə qarşılaşacağımı bildiyimdən, bu təklifdən boyun qaçırmağa bəhanə axtarırdım.
—Orada telefonsuz, kitabxanasız necə keçinərəm...
Dərya axırıncı teleqramı Leninqraddan vurmuşdu. Yazırdı, Ermitaj muzeyində işim var,—beş-on gün yubanacağam.
Mən bir anlığa fikrimi cəmlədim. Biologiyadan öyrəndiyim bəhsi yadıma salıb öz-özümə təkrarladım. “Lamark “Zoologiya fəlsəfəsi əsərində ilk dəfə olaraq növlərin sabit qalmayıb dəyişilməsi və sadə quruluşdan mürəkkəb quruluşa doğru inkişaf etməsi nəzəriyyəsini irəli sürürdü. Buna görə də onu təkamül təliminin pioneri sanırdılar. Lamarkın təlimində həm materialist, həm də idealist cəhətlər vardır. O, üzvi aləmin dəyişilməsində...” Yorulmuşdum. Qalxıb bir stəkan çay içdim. Səhər poçtalyonun gətirdiyi qəzetlərə baxmaq istədim. Hər səhifəsi düstur dolu kimya kitabından sonra, quru baş məqalə oxumaq da mənim üçün istirahət idi. Elə əlimə keçən qəzeti qaldıranda arasından ağ bir zərf düşdü. Dəryadandı: “Leninqrad, Astoriya mehmanxanası, otaq nömrə 28.” Məktubu çıxarıb açan kimi məni dəhşət bürüdü. Bu nədir?! Heç nə anlamadım. Götürüb, bir də zərfin üstünə diqqət yetirdim. Səhv etməmişdim: Dərya yazmışdı, bu ünvana, mənə göndərmişdi. Ancaq...içərisindəki məktub başqasına aid idi! Bəli! Tanıdım: Ona! Dəryanın maşınında qəzaya uğrayıb ölməyən o qıza! “Əzizim, istəklim Nərminə! Odlu salamlar...” Ev, əşyalar başıma fırlanmadımı?! “Məlumun olsun ki, səyahətdən qayıdıb gəlmişəm. İkinci gündür Leninqraddayam...” Gözlərim qaranlıq gətirmədimi?! “Xaricdən vaxtaşırı vurduğum teleqramları yəqin ki, almısan...” Ürəyim ağrımadımı?! Yazıları qarma-qarışıq görürdüm. Əsən əllərimdə tutduğum kağızı necə oxuyurdum, bilmirdim: “Tamaşalı yerləri sənsiz gəzdiyimə heyfsilənirdim...” Sən bir rəzalətə bax!.. O, bu sözləri mənə də yazmışdı. “Maşında necə əzildiyin yadıma düşəndə kədərlənirdim. Yaxşı ki, tez sağaldın. Sənə deməmişdim: məsələni Könülə çatdırmışdılar. Dəli olmuşdu. Hətta institutda özündən getmişdi. Bəhanə tapıb vəziyyətdən çıxdım. Güya sən mənim naturşitsamsan. Ha… ha… ha...” Bura çatanda dözmədim. Hönkürüb ağlamağa başladım. Göz yaşlarım kağızın üstünə düşdü...

 

 38



 Dəhşətli bir sual beynimi gəmirirdi: “Mən nə etməliyəm?” Dəryanın göstərdiyi xəyanət bütün varlığımı sarsıtmışdı. O, sərəncamına verdiyim məhəbbət dolu təmiz ürəyimi çirkin ayaqları altına atıb ləyaqətimi, heysiyyətimi, mənliyimi tapdalamışdı. Ah! Nə üçün dostluğa, sədaqətə xain çıxanlara cəza tədbiri yoxdur? Onları ancaq nifrinləməklə kifayətlənirlər. Bu az deyilmi? Məgər bu gün birinə xəbislik edən sabah beşinə, onuna və daha sonra elinə-obasına arxa çevirməzmi? Dəryanın qayıtmasına az qalmışdı. Hələ də özümü sakitləşdirə bilmirdim. Biologiyadan verəcəyim ilk imtahanı ötürmüşdüm. Getsəydim də mənası yox idi. Fikrim, düşüncəm qırılmış zəncir halqaları kimi beynimdə səpələnmişdi. Kafedradan zəng vurmuşdular, evimizə adam göndərmişdilər. “Xəstəyəm” demişdim. Doğrudan da pərakəndəliyimi, saralıb-solmuş bənizimi görənlər buna əsla şübhələnməmişdilər. Atam işdən çıxıb, məni bağa aparmağa gəlmişdi.
—Necə oldu, Könül, biologiyanı verdinmi?—deyə qapıdan girən təki xəbər aldı. Mən qəflətən kövrəldim, irəli cumub onun boynuna sarıldım, təzə tüklənmiş üzündən öpdüm və için-için ağladım.
—Kəsildim, pa!..
Bu yanıqlı naləmdən öz sümüklərim eyməndi.
Kişi inanmadı:
—Axı, sən...
—Daha heçnə soruşma, pa.
Atam dinməzcə oturdu; yaslı adamlar kimi başını aşağı dikdi. Sonra bir siqaret yandırıb çəkməyə başladı. Onu bu çağacan belə məhzun görməmişdiml. Otağı bürüyən matəmli sükutdən qulaqlarım küyüldədi.
—Anan tapşırdı, Könülü də bağa gətir. Nə deyirsən?
—Bu gün yox.
—Onda mən axşama düşməyim.
—Bəlkə çaydan-çörəkdən...
—İstəmirəm.
Atam çıxanda arxadan onu səslədim:
—Pa, evimizin açarını ver mənə.
—Neyləyirsən?
—Lazımdır.
Kişi tərəddüdlə əlini cibinə saldı.
—Dərya haçan gəlir?
—Bilmirəm.
Atam açarı çıxarıb stolun üstünə atdı.
—Buzovnaya gəlməli olsan, elektrik qatarından düşən kimi professorun bağını soruşarsan. Onlara yaxınıq. Qapı örtüldü. Qüssəm düyünlənib ürəyimdə qaldı; mənsə təsəllisiz, yalqız otaqda.

 

 39



 Qərarım qəti idi! Ertədən şeylərimi çamadanlara yığışdırıb hazırlaşdım. Göydən fələk də ensəydi, məni fikrimdən döndərə bilməyəcəkdi. Kağız-qələm götürüb, stolun dalına keçdim. Hirsimdən dodaqlarımı çeynəyirdim. “Vicdansız!!—deyə ona belə müraciətlə yazmağa başladım.—Səni mən dərya sanırdım. Yaxınlaşmışdım, könlümü sərinlətmək arzusu ilə. Ümidim, niyyətim boşa çıxdı. Aldandım! Demə, gözümə o cür görünürmüşsən. Əslində sən dərya deyil, səhra imişsən! Üstündə ilğım titrəyən susuz, quru bir səhra. “Əzizin, istəklin” Nərminəyə yazıb, səhvən mənə göndərdiyin məktubdan hər şey aydın oldu. Öz ləyaqətimi qorumaq üçün ayrı yol tapmadım… Əlvida!”
İmza atmağa əlim varmadı. Kağızı aparıb göz qabağında qoydum. Çamadanlarımı götürdüm, evdən çıxmaq istəyəndə küncdəki maqnitafonu görcək ayaq saxladım. Toy gecəsini andım. Orada deyilənləri xatırladım. Könülsüz yaxınlaşıb maqnitafonu qurdum. Hərləncəklər fırlandı. Mirzə Muxtar dilləndi:
“Əziz, hörmətli, mehriban dostlar, qonaqlar və qohumlar!.. Soruşsalar, biz bu geniş səadət sarayına neyçün toplaşmışıq, səbəbi nədir? Mən deyərdim ki: Körpü salmağa. Bəli! Gülməyin yoldaşlar, sözümün canı var...”
Elə bil o gecə röya idi: mən qu quşu kimi ağ gəlinlik paltarında, Dərya qara kostyumda, böyük stolun başında əyləşmişdik… Hərdən bir-birimizi gözaltı süzüb fərəhlə gülümsünürdük... Mirzə Muxtarın səsi otağı başına götürmüşdü: “...Sual etsələr, əcaba, bu körpü hansı növ materialdan inşa olunur—daşdan, torpaqdan, dəmirdən, betondan, kərpicdən, palçıqdan? Mən deyərdim ki: Məhəbbətdən?..”
—Yalandır!—dayandırdım maqnitafonu.—Mənsə deyərdim: Xəyanətdən! Hikkəmdən pozdum lentdə nə yazılmışdı hamısını. Sonra, bayaq tələsik qaraladığım kağızı götürdüm; bu evdə özümdən heç bir nişanə qoymaq istəmirdim—onu da param-parça cırıb atdım. Dəryanın Nərminəyə göndərdiyi məktubu da zərfə saldım, ağzını yüngülcə yapışqanladım, yenə köhnə qəzetlərin arasına dürtüb, qapıdakı poçt qutusuna buraxdım. Barmağımdakı üzüyü isə çoxdan çıxarmışdım. Dörd ay əvvəl sevinə-sevinə qapısından girdiyim evi qüssə-kədər içərisində tərk etdim.

 

 40



 Bənövşəli dəftərimi də özümlə bağa gətirmişdim. O mənim şirin, acı xatirələrimin daxılı idi. Ürəyimi ona boşaldırdım; şadlıq, peşmançılıq, bəxtəvərlik, iztirab, həyəcan, təəssüf, həsrət, etiraz hisslərimi ağzı bağlı mücrü kimi yığıb saxlayırdı.
Dünən qəzetdə həyat və səadət haqqında bir yazı oxudum. Axıra çatanda bildim—Emininkidir. Sanki o, məhz məni nəzərdə tutub. Gənclərə ailə qurmaqda tələsməməyi tövsiyə edir. “...Qızılın, gümüşün əyyarını yoxlamaq üçün məhək daşına sürtürlər. İnsanları öyrənməkddən ötrü onları həyatın sınağından keçirmək lazımdır. İlk məhəbbətin başgicəlləndirici sərxoşluğundan ayılanlar içərisində peşman olanlar da az deyildir.” Eh… o zaman bu barədə fikirləşən kim idi. Dərya məni elə tilsimləmişdi ki, ayrı heç nə görmürdüm. Dünyada ondan sadiq, özümdən xoşbəxt adam fərz eləmirdim… Həyata əyləncə gözü ilə baxan gənclərdən bir parasının evləndikdən sonra da nəfsini cilovlaya bilmədiyini, qarşısına çıxan hər suyuşirin, yelbeyin qıza tamah saldığını eşitmişdim. Xırdavat kimi ucuz mənliyini hərrac malına döndərən bu cür şarlatan xislətləri həmişə nifrətləmişdim. Lakin Dəryaya təslim olanda onu elə təsəvvürdən uzaq, çox uzaq sanmışdım. Bax, elə orda yanılmışdım… Nərminə əhvalatını açıb danışanı atamın, anamın rahatlığı pozulmuşdur.
—Mən Dərya ilə yaşamaq istəmirəm!—demişəm.—Kimsəninsə məhəbbətindən sədəqə ummaq qadın üçün ən böyük əskiklikdir.
 Mənə təskinlik verməyə söz tapmırlar. Atam papirosu bir-birinə calayır. Anam hey dizinə döyüb ah çəkir. Mən sərsəm kimi gəzirəm. Nə dəniz, nə bağ, nə də orada tikdirdiyimiz ev-eşik gözümdədir. Elə bilirəm bunlar hamısı gərəksiz, mənasız, boş əyləncədir. Məhəbbətsiz, dünyanın iki qəpiklik qiyməti yox imiş!

 

 41



 Bağ evimizin gilavar səmtində, atamın düzəltdiyi və hələ taxtalarının rəngi çəkilməmiş açıq eyvanda, qatlama çarpayıda uzanıb gözlərimi yummuşdum. Bura səhərdən bəri gün düşmədiyindən sərin idi. Meh əsdikcə üstümdəki mələfəni oxşayır, burnuma təzə taxta və əlif qoxusu gəlirdi. Mən nə yatmışdım, nə də oyaqdım. Ətrafdakı hənirti və səsləri eşidirdim. Lakin mürgü məni yuxuya dartırdı. Anamın ayaqlarının yumşaq tappıltısı yaxınlaşırdı… uzaqlaşırdı. Nahara hazırlıq görürdü: quyudan su çəkirdi, samovara od salırdı, həyəti, səkini süpürürdü. İstirahət günü olduğundan şəhərdən qonağımız gələ bilərdi. Ancaq mən heç kimi arzulamırdım; ürəyim qubarlı idi. Fikirlərimin dolaşıq çəngəlliyində ilişib qalmışdım. Başqası ilə görüşəcək halda deyildim. Atam isə çarhovuzun yanındakı böyük çinarın kölgəsində külafirəngi düzəldirdi. Dörd dirək basdırmışdı, indi üstünü örtürdü. Sonra sürahi vuracaqdı, böyürdən pilləkən qaldıracaqdı. Aşağıda əkdiyi sarmaşıqları yuxarı dırmaşdıracaqdı. 
Bunların hamısı mənə izafi zəhmət görünürdü. Həyat gözümdə mənasızlaşmışdı. Yaşamaq, yaratmaq, qurmaq məvhumları da təsəvvürümdə sevmək-sevilmək kimi saxtalaşmışdı. Qadınına mehriban, qayğıkeş olanları sədaqətli kişi roluna girmiş aktyor sanırdım. Ey var! Mən doğruluğa inamımı necə itirmişdim! Onu bir daha tapacağıma gümanım yox idi. 
Maşın siqnalı məni diksindirdi. Bu səsdə həm ötüb-keçmiş bir ünsiyyətin əks-sədasını xatırladım, həm də onu nifrətlə yad etdim. Yanılmamışdım: mələfənin ucunu qaldırdım, ağacların arasından ora baxanda “Volqa”nı uzaqdan tanıdım. Maşın darvazaya çatıb yavaşıdı və sola burularaq həyətə girdi. Dərya qoltuğunda kağız bağlama, əlində bir dəstə qəzet kabinədən çıxanda durub irəli cummaq, “Niyə gəlmisən?! Rədd ol, geri qayıt!”—demək istədim. Həyəcanımı güclə boğdum. Atam onu görüncə işdən əl çəkdi. Ancaq aşağı enmədi, heyrətindən külafirəngidə donub büt kimi hərəkətsiz dayandı. Anam evə çəkilmişdi; eyvana açılan pəncərənin pərdəsi arxasından bu tərəfə nəzər yetirirdi ki, onu necə qarşılayacağam. Dərya təzə yarımqol sarı köynəkdə idi; şübhəsiz xaricdən gətirmişdi. Döş cibinin üstdə markayaoxşar əlvan bir şəkil toxunmuşdu. O, artırmaya qədəm qoycaq gözü mənə sataşdı. Əlindəki şeyləri bir kənara atıb, qollarını açaraq:
—Könül!..—deyə irəli yeriyəndə ilan çalmış kimi dikəldim. Məni qucaqlamağa gəlirdi.
—Kənar dur!—çağırdım.
Nəfəsimin titrəməsindən ürksə də, elə güman etdi ki, güya atamdan çəkindiyim üçün onu yaxın buraxmadım. Biləyimdən yapışıb öpmək istədi. Çırpındım, qoymadım.
—Nə olub, Könülcan?
—Onun sənə dəxli yoxdur!
Geri adladı. Çiyinlərini qaldırıb, dodaqlarını büzdü.
—Heç nə anlamıram… Məni niyə belə qarşılayırsan? Yenə nə eşitmisən? Dəryanın baxışları soyuq, səsi yad idi. Günün istisində qarsıyıb bürünc rənginə düşmüş sifəti qartımış və kobudlaşmışdı. Sarıya çalan bığları seyrəlmişdi. O, bu yabançı görkəmdə məni özündən daha da çiyrindirdi.
—Niyə danışmırsan, Könül? Bağa haçan gəlmisən, hə? Ay qız səninləyəm. Qəzetlərin poçt yeşiyində yığılıb qalmasından bildim: beş-altı gündür burdasan. Bəs imtahanlara hazırlaşmırsan? Atamdan həya eləməsəydim, bütün gücümü toplayıb onun bu qondarma suallarına möhkəm bir sillə ilə cavab verərdim.
—Hə...ba-şa düş-düm. Gec məktub yazmağımdan gileylisən… Amma nahaq yerə! O, gətirdiyi qəzetlərin arasından ağ bir zərf çıxarıb ətəyimə atdı.
—Buyur! Gör havaxtdan yeşikdə qalıb! Poçtalyon dalınca bağa gələsi deyildi ki! Mən qeyzimdən əsirdim. Boğazım qəhərlənmişdi. Dilim qurumuşdu. Zərfə etinasız bir nəzər fırlatdım. Həminki idi! Qurduğu gözbağlıca oyunun baş tutacağından əmin olan Dərya oğrun-oğrun içini çəkib üstümə kəkələndi:
—Adam bir işin axırına çıxmamış hökm verməz! Bu da səninçün o dəfəki deyil! Zərfi açıb məktubun ilk sətrini oxuyunca beynimdən sanki od püskürdü. “Əzizim, istəklim Könül!” Bəli! Zərfin içindəki kağızı dəyişmişdi. Demək bura gəlməzdən qabaq onun—Nərminənin görüşünə getmişdi. Mən bu ikiqat riyakarlığın müqabilində nə etsəydim, haqqım vardı. Məktubu yenə dörd qatlayıb zərfin içinə qoydum və sərtliklə Dəryanın sifətinə çırpdım.
—Namərd!
O, şaşqın halda məni sakitləşdirməyə çalışanda… Heyhat… atamın ayaqyalın, başıaçıq bizə sarı ağır-ağır addımladığını gördüm; dizləri yırtıq, köhnə boz şalvarda, qolları çirməkli, üzülmüş qara köynəkdə idi. Əlində balta vardı. Tüklü biləkləri qabarmışdı. Zəhmindən adamı vahimə basırdı. Çatılmış qalın, pırpız qaşları altda gizlənən gözlərində qəzəb qığılcımları işıldayırdı. Cod bığları kirpi tikanları tək qalxıb burnuna dirənmişdi. İlahi, döyüş meydanına girən qoca cəngavərə oxşayırdı atam. 
O, dinməzcə yaxınlaşıb Dəryanın bərabərinə çatanda, anam “Murad!” deyə dişarı atıldı. Ay aman, nə dəhşətli səhnə idi! Mən də ixtiyarsız olaraq qışqırdım:
—Pa!..
Atam sanki bizi eşitmirdi. Dərya hipnoz edilmiş kimi qımıldanmırdı da. Eyvanın bir küncünə tullanan baltanın tıqqıltısı məni diksindirdi.
—Haramzada!.. Sən nə rəzil adamsanmış! Xirtdəyin caynağıma keçməmiş itil gözlərimin qabağından!
—Murad əmi, mən gəlmişəm sizdən üzr istəyim. Mən...
—Sus! Sən!.. Sən mənim Könülümü, on doqquz il ağlamaq nədir bilməyən yeganə balamı göz yaşı axıtmağa vadar etdin. Uzaqlaş burdan! Könül səni görmək belə istəmir!
—Düz deyirsən, pa. Mənim ona olan məhəbbətim, indi nifrətə çevrilmişdir. İkiəlli üzümü qapayıb hönkürdüm. Qollarını sinəsində çarpazlayaraq məlul-məlul durmuş anam eynimdə dumanlandı. Arvadı tanıya bilmədim. Sanki gözümə düşməyən çeşmək taxmışdım.
—Mən bu gün şəhərdən evimizə qonaq gəlməsini çox arzulayırdım. Ancaq səni yox!—deyə anam da sakit xislətinə rəğmən dilləndi. Dərya maşına tərəf getdi. Motor gurladı. Onun gətirdiyi bağlamaları dalınca atdım:
—Apar bunları da istəklinə ver!—dedim.
Dərya ərinmədi, şeyləri götürüb, içəri qoydu və istehza ilə məni süzdü... Maşın uzaqlaşdıqca, araya elə qəmgin sükut çökdü ki, ürəyimin döyüntüsünü eşitdim. Atam əlləri əsə-əsə bir siqaret yandırdı, baltanı götürüb yenə külafirəngiyə qalxdı. Bayaq yarımçıq buraxdığı işini davam etdirməyə başladı...

 

 42



 Yerin də qulağı var—doğru deyiblərmiş! Mənimlə bir kursda oxuyan qızlardan üçü imtahandan çıxıb bağımıza gəlmişdi; Dəryadan ayrıldığımı eşitmişdilər. Anam eyvanda bizim üçün stol açdı. Üzüm, pendir, çörək gətirdi. Yüngülcə nahar edib, dənizə çimməyə getdik. Mən bağda olduğum müddətdə hələ sahilə enməmişdim. Göy qübbəsinin zirvəsinə dikəlmiş günəşin iti şüaları adamın bədəninə acı tikan kimi sancılırdı. Qum yamanca qızmışdı. Yalın ayaqlarımızı yandırırdı. Göz qamaşdırıcı Xəzər öz vadisində civə dənizinə oxşayırdı. Sular, yatağında sakit və hərəkətsiz idi. Təkəm-seyrək qağayılar uçurdu ənginliklərdə. Şəhər sanki dənizə axışmışdı. Soyunmağa münasib yer tapmaq çətindi. Biz qələbəlikdən uzaqlaşıb, çimərliyin qurtaracağındakı boz qayaların kölgəsinə çəkildik. Qızlar çimməyə hazır gəlmişdilər. Daha gözləmədilər. Əlüstü paltarlarını çıxardaraq suya baş vurdular. Mən də dallarınca cumdum. Əndamım islancaq canıma sərinlik qarışıq xoş bir rahatlıq süzüldü. Elə zənn etdim ki, çoxdan bəri qəlbimi çulğayan kədər, ağırlıq fövrən əriyib Xəzərə axdı və mən xeyli yüngülləşdim... Evə axşam sərinliyində qayıtdıq. Anam plov bişirmişdi. Bunu həyətə girəndə, ocaq üstdə buğlanan qazanın dadlı qoxusundan duyduq.


Yüklə 134,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin