5- Cəmiyyətin mədəniyyətində İslam amili
Hər bir cəmiyyət, hər bir insan və hər bir toplum incəsənəti özünün qəbul etdiyi dəyərlərə həsr etmək istəyir. Bu baxımdan, müsəlmanların incəsənətdən İslam dəyərləri üçün istifadə etməyə çalışmaları cinayət deyil. Dünyanın bütün ideologiya və cəmiyyətlərinin özlərinə görə fərqli dəyərləri var. Onlar incəsənəti, rəssamlığı, şeiri, musiqini - hər bir şeyi bu dəyərlərə xidmətə sərf edirlər. Odur ki, İslam cəmiyyətinin bu gözləntisi yersiz deyil.558
Bir müsəlman cəmiyyətində incəsənət İslam meyarlarına uyğun olmalıdır. İncəsənət məsələlərində hər hansı sapqınlıq məqbul deyil.559
Sizin (Mədəniyyət nazirliyinin) ümumi vəzifəniz ölkənin mədəniyyətini bütün sahələrdə İslama istiqamətləndirmək, mədəni işlərə İslam forması və məzmunu bəxş etməkdir. Burada İslam dedikdə məqsədimiz uca islami baxışdır. Özümüzü bir küncə sıxışdırmaq və geniş İslam baxışından, imamın sözü ilə desək, əsl İslamımızdan uzaq düşmək istəmirik. Məqsəd çox geniş və zəngin İslam baxışıdır. Deməli, bir məsələ mədəniyyəti İslama doğru istiqamətləndirməkdir.560
İnqilab ədəbiyyatı və incəsənəti üçün proqram hazırlamaq lazımdır: inkişaf, təlimat, istiqamətlər, çatışmazlıqları öyrənib aradan qaldırmaq - yəni bu gün bizim incəsənətin hansı sahələrində çatışmazlığımız var, ədəbiyyatımızın harasında nöqsan var, bu nöqsanları necə aradan qaldırmaq, hansı qurumdan kömək almaq olar, hansı idarə üsulları tətbiq olunmalıdır və sair. Bu proqramlarınız ölkədə dəqiq icra olunmasa da, siz öz işinizi görməlisiniz.
Orduların Üçüncü idarələrində həmişə onlarla əməliyyat planı olur. Üçüncü və Beşinci idarələr bu işlərdən ötrüdür. Fərz edin, bu gün ABŞ filan yerdən hücum edə bilər. Bu hücum heç zaman baş veməsə də, bizim ona qarşı yazılı planlarımız olmalıdır. Bu idarənin filan şöbəyə verdiyi layihəyə dəqiq əməl olunmaması mümkündür, buna imkan olmaya da bilər, amma o öz işini görməlidir ki, icraya hazır olsun, yaxud mümkün həddə icra olunsun. Buna əsasən, ədəbiyyat və incəsənətə dair ümumi siyasətlər üzərində işləmək lazımdır. Bunun kənarında dönəm ehtiyaclarına diqqət yetirmək lazımdır ki, bir hadisə baş versə, ölkə ədəbiyyatı öz mövqeyini bildirsin.
Fərz edin, İmam Xomeyni Salman Rüşdi haqda fətva verdi. Məgər mümkündürmü imam fətva versin, inqilab ədəbiyyatı isə bu fətva qarşısında lal-dinməz qalsın?! Siz sakit dursanız, başqaları danışacaqlar. Necə ki, bu yaxınlarda gördük. Bir qrup adam amerikalılardan pul qoparmaq üçün imza toplamağa və bu kimi işlər görməyə başladılar. Bu, kiçik iş olsa da, bir dönəm məsələsidir, inqilab ədəbiyyatı və incəsənəti buna cavab verməlidir. Siz deyə bilərsiniz ki, cavab vermək onları böyüdür. Əgər məsləhət deyilsə, elə cavab verməyin, onların böyüməsinə səbəb olmayın, lakin bu və digər oxşar məsələlərə laqeyd qala bilməzsiniz.
Misal üçün, ABŞ-ın hərbi gəmisinin bizim təyyarəmizi vurduğu zaman etiraz olundu. Düzdür, bu, siyasi məsələdir, amma inqilabla əlaqədardır. Mən deyirəm ki, bu məsələ nə üçün yaddan çıxmalıdır?!561
Bir qədər incəsənət istedadı olanların bəzisi bilərəkdən, bəzisi təqlidçilklə, bəziləri də bilmədən bu gün incəsənəti İslam məqsədlərinin əksinə sövq edirlər. Fərz edin, bizdə cinsi məsələyə dair qaydalar və din hökmləri var. Hicab və qanunsuz cinsi əlaqənin haram olması da din hökmlərindəndir. Burada qara çadradan və ya yaşmaqdan söhbət getmir. Bu, zamana və yerə görə ayrı-ayrı formalarda ola bilər. Lakin bu məsələnin - iki cins arasında pərdənin olmasının özü bizim İslam düşüncələrimizdəndir.
İslam qadının uca və qürurlu olmasını, kişinin baxması ilə öyünməməsini istəyir. Qadının bu qədər qüruru və ucalığı olmalıdır. Bəzən isə qadın geyimini, bəzənməsini, danışmasını və yol getməsini elə seçir ki, camaat ona baxsın. Bu hara, o hara?! İndi filmlərə mütləq azğın bir cinsi obraz yerləşdirməyə çalışırlar. Bu nə üçündür? Bu olmaya da bilərdi, indi də olmaya bilər. Bunun qarşısını almaq lazımdır. Siz bu məsələ üzərində çox ciddi düşünməlisiniz.
Filan filmdə aktyor qızın saçının bir qədər bayırda qaldığını, yaxud qaşının altını götürdüyünü deyəndə "siz müqəddəsbazlıq edirsiniz" söyləyirsiniz. Söhbət bundan getmir ki, biri üzünü göstərib, yaxud göstərməyib. Söhbət bundan gedir ki, biz çox əhəmiyyətli olan bir incəsənət növü vasitəsi ilə yavaş-yavaş bu məsələlərin əhəmiyyətini azaldırıq. Təkəbbürlülük hamıya haram və günahdır, qadından başqa. Qadının yad kişi qarşısında təkəbbür etməsi müstəhəbdir. Qadın belə rəftar etməlidir. Bəzən qadın başında qara çadra olmasa da, belə İslam qüruruna malik ola bilər. Bizcə çadra digər geyim növlərindən yaxşıdır. Bu mənim şəxsi fikrimdir; bir başqasının fərqli fikri ola bilər, bunun üstündə dava etmərik. Lakin demək istəyirəm ki, qadının kişi qarşısında qüruru və mətanəti çadra olmadan da mövcud ola bilər. Mən deyirəm ki, biz bunu sıradan çıxarır, qadınlarda Avropanın və Qərbin bizə aşılamaq və qadını bir oyuncaq kimi göstərmək istədiyi inamı gücləndiririk. Bu, Avropanın ikiminillik irsidir. Təbii ki, Avropada hamı çılpaq gəzmir və bütün qadınlar iffətsiz yaşamırlar. Xeyr! Belə deyil. Lakin qadının ümumi məhsula çevrilməsinin və istənilən şəxsin müəyyən formada ondan ləzzət almasının yolverilən olması qədim Romaya xas ikiminillik bir irsdir, o zamandan indiyədək qalmışdır. Bizim bunu onlardan qəbul etməmizə nə lüzum var?! Siz görürsünüz ki, onlar cinsi məsələlərə dair təbliğatlarında indiyədək nə etmişlər və nə etməkdədirlər. Bunlar sizə aydındır. Biz nə üçün onlar kimi olmalıyıq?! Biz nə üçün bu məsələdə təqlidçi insan rolunu ifa etməli və elə yaşaya biləməyəndə xəcalət çəkməliyik?! Əslində onlar xəcalət çəkməlidirlər. Bir dəfə bir məsələyə dair məndən soruşdular ki, siz bu barədə özünüzü necə müdafiə edə bilərsiniz? Mən cavab verdim ki, biz bu məsələdə müdafiə olunmuruq, hücum edirik, müdafiəçi mövqeyində deyil, hücumçu mövqeyindəyik. O mədəniyyət yanlışdır. İndi biz yanlış bir mədəniyyətin incəsənətimizə daxil olmasına icazə verməliyik?! Özü də bu qədər möhtəşəm olan kino sənətinə?!
İncəsənət barədə demək istədiyim başqa bir məsələ budur ki, inqilab cəmiyyətimizdə baş vermiş böyük bir hadisədir. Kimlərsə bəzi məsələlərə dair fikir bildirə, qarşı çıxa, qəbul etməyə bilərlər, amma bu inqilabın özü çox möhtəşəm hadisədir. Bu inqilabın üstün cəhətləri o qədər böyükdür ki, biz 14 ildir onları dərk edə bilməmişik. Bu baxımdan, nə üçün bizim cəmiyyətimizdə bir incəsənət sahəsi bu qədər böyük və aydın məsələdən kənarda qalmalıdır?! İnqilab haqda neçə kitab və roman yazılıb?! Bizim məşhur kinematoqraflarımız inqilab haqda neçə film hazırlayıblar?! Vəziyyəti elə bir həddə çatdırıblar ki, inqilaba sataşmayan bir film görəndə sevinir və Allaha şükür edirik. Bunun qarşısını almaq lazımdır. Mənim fikrimcə, heç bir tarix kitabı Sovet Oktyabr inqilabı haqda yazılan romanlar qədər təsirli ola bilməz. Siz o romanları oxumusunuzsa, mənim nə dediyimi bilirsiniz. Marksistlərin təbliğat məqsədli romanlarından olan "Sakit Don" əsəri roman olsa da, repressiv şah dövründə onu təbliğat kimi bir-birinə ötürürdülər. Məndə Tolstoyun Oktyabr inqilabı haqda yazdığı bir kitab da var. Onlar o qədər yaxşı yazıb və inqilabı təsvir ediblər ki, siz bu kitablarda bu böyük inqilabın üstün cəhətlərini görə bilərsiniz. Təbii ki, bu kitablada onun zəif cəhətlərini də görmək olar; baxmayaraq ki, müəllif onları zəif cəhət kimi yazmayıb. Bəs biz bu sahədə nə yazmışıq?! Nə üçün inqilab haqda bircə kitab yazılıb, o da inqilabdan qabaqkı qısa müddətə dair həqiqətə uyğun olmayan fikirlərdən ibarətdir. İnqilabın içində, Tehranın və digər yerlərin küçə və xiyabanlarında olsaq da, bizim özümüz bu kitabı oxuyanda yalan olduğunu və müəllifin subyektiv görüşlərinə uyğun yazıldığını görürük. Nə üçün inqilabda baş verən hadisələr haqda film hazırlanıb nümayiş etdirilmir?! Mən bir neçə il qabaq bəzi dostlara dedim ki, nə üçün müharibə əlilləri üçün rusiyalı əlil pilot üçün yazılan kitab kimi filmlər hazırlamırsınız?! Mən bu kitabı oxudum, sonra eşitdim ki, onun əsasında film çəkiblər, amma filmini görməmişəm. Bu kitabı özləri çap edib göndəriblər. Bu da təbliğat yönümlü kitablardandır. Onu rusların özləri çap ediblər, inqilabın əvvəllərində bizə çatıb. Kitabın adı real bir insanın əhvalatıdır. Ayağı kəsilən, gözü kor olan, yaxud əlini itirən hər hansı pilot və əsgər bu kitabı oxusa, rahatlıq və razılıq hissi keçirər. Bizdə bu qədər müharibə əlili ola-ola nə üçün belə bir kitabımız yoxdur? Nə üçün belə bir filmimiz yoxdur? Siz incəsənət sahəsində bacardığınız qədər işləməli və fəaliyyətinizi artırmalısınız.562
Bu gün İslam Respublikasında hicabsız qadın qəbul oluna bilməz. Buna görə, onlar nəzərdə tutduqları cinsi motivləri filmlərə daxil etməkdən ötrü həmin çadralı qadını elə nümayiş etdirirlər ki, məqsəd təmin olunsun. Hər halda, çadra altındakı qadın da qadındır. Qadını cinsi yönümdən təsvir etmək istəyən çadra altında da edə bilər, o ki qala çadrasız, başörtüyü ilə. Bu adam Avropada və Qərb incəsənətində daim mövcud olmuş qədim ənənəyə uyğun olaraq müqəddəs görkəmdə deyir ki, cinsi motiv filmlərdə dominant olmalıdır. Hətta bir çox digər sənət əsərlərində də qadını hiyləgərliklə əsərə daxil edirlər. Zahirinə baxanda onun çadrasının, yaxud başörtüyünün olmadığını deyə bilməzsən, amma film üçün lazım olan naz və işvəni müəyyən formada daxil edib onu icazəli şəkildən çıxarırlar. Və bu iş icazəli geyimlə baş tutur. Əgər düşmən bu işi görsə və təsadüfən Mədəniyyət nazirliyi də diqqətsizlik etsə, belə filmlər bazara çıxsa, daha çox müştəri və gəlir qazansa, biz nə etməliyik?!
Düzgündürmü biz deyək: Bizim düşmənimizin yaramaz adamları olduğu üçün həmin hiylələrlə bu filmlərə çoxlu müştəri cəlb edir və gənclər kinoteatrların qarşısında növbəyə düzülürlər, belə olmayan filmlər isə rəğbətlə qarşılanmır?! Sizcə bu, məntiqli sözdür?! Demək olarmı ki, o, çox da göstərməyib, biz də nələrsə göstərək və filmimiz quru olmasın?! Bu düzgündürmü və bu yolla sizin istədiyiniz sərhədi qorumaq olarmı?! Prinsiplərə sadiqlikdə həqiqi bir mübarizə vacib şərtdir, əvvəldən sona qədər sadiq olmaq lazımdır.
İmam Xomeyni həqiqi bir həkim idi. Mən onda, onun fəlsəfi və ya dini əsərlərində bu hikmətin təcəssüm olunduğunu görmüşəm. Həkim insan bizim müəyyən hazırlıqlarla gəlməli olduğumuz son nəticəni əvvəldə çox qısa bir cümlədə bəyan edən və insana ümumi bir qayda öyrədən şəxsdir. O müxtəlif yerlərdə dəfələrlə dedi ki, biz vəzifəmizi yerinə yetirmək üçün işləyirik, hətta nəticə üçün də işləmirik. Görün bu söz nə qədər hikmətamizdir. Biz filmlərimizi qalmaqallı etmək, bu hiylə ilə müştəri qazanmaq və daha çox nəticə əldə etmək istədikdə cinsi məsələlərdən ibarət bir parçanı da hörmətlə oraya salmalıyıq ki, daha çox nəticə ilə tamamlansın?! Vəzifə budur?! Vəzifə bu deyil. Bizim vəzifəmiz budur ki, etiqad bəslədiyimiz və qanımızla imzaladığımız prinsipə sadiq qalaq.
Səkkiz il müharibə olub, zarafat deyil. Biz düşmən qarşısında bu qədər müqavimət göstərmişik. Biz nədən ötrü müqavimət göstəririk? Düşmən bizdən nə istəyir ki, vermirik və bu şəkildə bizə təzyiq göstərir? Bu artıq şübhəsizdir ki, biz Ələst günündə "bəli" sözünün altından imzamızı qoyduq, xalqımız minlərlə "bəli" hədiyyəsi ilə bunu imzaladı.563
Mən incəsənət məsələsinə çox əhəmiyyətli yanaşıram. Biz bu cəhətdən geridəyik. Dünya incəsənət vasitələrindən inqilab əleyhinə güclü istifadə edir. Bunu da deyim ki, mən incəsənətdən istifadəni qəbul etsəm və çox lazımlı saysam da, bəzi məsələlərə qarşı sərtliyi qəbul etmirəm. Bu baxımdan, çıxarmaq istədiyiniz hər bir qərarın müdafiəyə layiq elmi və məntiqi bir baxışdan qaynaqlanmasına çalışın.564
Dostları ilə paylaş: |