7. SOSİAL İNKİŞAF Sosial inkişaf prosesləri dəyişikliklər proseslərinin xüsusi halıdır. Onlar, dəyişikliklərin elementlərinin və ya bu elementlər arasındakı münasibətlərin zənginləşməsi və diferensiasiyası ilə nəticələndikdə baş verir.
Biz sosial inkişafdan danışarkən daim insanlar arasındakı münasibətlərin təşkili və strukturunun zənginləşməsi və diferensiasiyasına, elm, texnika və təsisatların inkişafına, şəxsi və ictimai tələbatın ödənilməsi imkanlarının genişlənməsinə gətirib çıxaran, empirik şəkildə sübut olunmuş dəyişiklik faktlarını nəzərdə tuturuq. Bu faktlar şəksiz sübut olunandır, onları ölçmək, qiymətləndirmək, dəqiq göstəricilər və statistik cədvəllərlə əhatə etmək olar.
Şərhin gedişində biz qeyd edirdik ki, fərdlər arasında mövcud olan fərqlər davranış etalonlarının reallaşdırılmasında, dəyərlərin qəbul edilməsində və s. ifadə olunur. Qrupların tərkibi daim dəyişdiyindən, yaşlaşdıqca adamlar dəyişdikləri, həyatdan getdikləri üçün, yeni nəsillər yetişdiyi üçün bunun nəticəsində daim dəyişikliklər meydana çıxır və onlar zaman daxilində yığılaraq özlərini cəmiyyətin strukturu və təşkilindəki köklü dəyişikliklərdə göstərirlər.
Lakin bu daimi proseslə yanaşı ictimai həyatda şəxsi xüsusiyyətlərin deyil, fərdi fərqlərdən irəli gələn dəyişikliklərin spontan və tədrici artımının deyil, ictimai həyatın əsaslarının özündəki, təsisatların yenidən qurulmasındakı, islahatçı hərəkatlarda və ya bu dəyişiklikləri cəmiyyətin inkişaf elementlərinə çevirən inqilabi hərəkatlarda təzahür edən mütəşəkkil cəhdlərin yenidən təşkil edilməsində baş verən dəyişikliklərin doğurduğu daha mühüm və sürətli dəyişikliklər də olur.
Belə inkişafı doğuran amillər ilk növbədə aşağıdakılardır:
1) ictimai həyatın təbii əsaslarındakı dəyişikliklər;
2) istehsal üsullarında baş verən dəyişikliklər; bu dəyişikliklər istehsal alətlərinin, kommunikasiya və nəqliyyatın təkmilləşməsi hesabına meydana çıxır və istehsal münasibətlərinin inkişafına, ən nəhayət isə cəmiyyətin bütün üstqurumunda dəyişikliklərə səbəb olur;
3) ictimai həyatın mədəni əsaslarına digər birliklərdən keçirilmiş dəyişikliklər, məsələn, mədəniyyət elementləri komplekslərinin diffuziyası hadisəsi;
4) mütəşəkkil ictimai-islahatçı və ya inqilabi hərəkatlar;
5) müxtəlif qüvvələr və qrupların təsiri altında yeni qanunvericiliyin tətbiqi;
6) fərdlərin və diferensiasiya meyllərindən irəli gələn dəyişikliklərin cəmlənməsi.
Bütün bu qüvvə və amillər öz əhəmiyyətlərinə görə eyni deyildir. Onlardan ən mühümləri ictimai həyatın təbii, iqtisadi və mədəni əsaslarındakı dəyişikliklərdir.
Coğrafi, demoqrafik və bioloji mühitin dəyişməsi sosial inkişaf üçün yeni tələbat və stimullar yaradır. Onların təmin olunması və onlara uyğunlaşma üsulu elm və texnikanın səviyyəsindən asılıdır və əgər bu sahələrdə yeniliklər yaranmırsa, təbii dəyişikliklərin təsiri xeyli ləngiyir.
Biz aşağıda texniki ixtiraların, elmi kəşflərin və onların əsasında dəyişən mədəni sistemlərin sosial inkişafa təsirini daha ətraflı surətdə nəzərdən keçirəcəyik.