EMPİRİK SOSİOLOJİ TƏDQİQAT SOSİOLOJİ İDRAKIN ALƏTİ KİMİ 8.1. Empirik sosioloji tədqiqatın funksiyaları Empirik tədqiqatın funksiyaları araşdırılarkən onun sosioloji idrakın mərhələ və pilləsi kimi nisbiliyi hər şeydən yaxşı aşkara çıxır.
Məhz buna görə də empirik sosioloji tədqiqatın funksiyaları ona nə isə zahiri aidiyyəti olan bir şey yox, bu tədqiqatın sosioloji dərketmə və ümumiyyətlə, ictimai həyatda məqsəd və rolunun reallaşdırılmasıdır.
Elmi ədəbiyyatda empirik sosioloji tədqiqatın funksiyalarının təsnifatına çox nadir hallarda cəhd göstərilmişdir. Bu məsələ hələ çox az işlənmişdir.
Polşa sosioloqu Lutinski empirik sosioloji tədqiqatın uç əsas funksiyalarından — elmi, praktiki tətbiqi və ideoloji-tərbiyəvi funksiyalarından bəhs edir.1 Likert və Lipit də məsələni analoji şəkildə qoyurlar. Onlar yazırlar ki, elmi sosioloji tədqiqat üç məqsədə qulluq edə bilər. İlk növbədə bu tədqiqat özünün elmi əhəmiyyəti ilə başqa alimləri maraqlandıra bilər. İkincisi, əməli iş adamları və siyasi xadimlər üçün maraq kəsb edə bilər. Belə ki, onun nəticələri onların rəhbərlik etdikləri müəssisələrin məhsuldarlığını artırmaq üçün tətbiq oluna bilər. Və, nəhayət, belə tədqiqat camaat üçün faydalı ola bilər. Çünki o, adamlara insan fəaliyyətinin dinamikasını daha yaxşı başa düşməyə imkan verir, onlara öz şəxsi tələbatlarını ödəmək yollarını, habelə ictimai həyatda öz iştiraklarını təkmilləşdirməkdə kömək edir.2 Empirik idrak sosioloji nəzəri ümumiləşdirmələrin zəruri mənbəyidir. Empirikdən nəzəriyyəyə doğru və əksinə, ahəngdar hərəkət sosioloji nəzəriyyənin tərəqqisinin həyati şərtidir.
O.Kont bu istiqamətdə bütöv bir nəzəriyyə bəyan etmişdir. Fizika fiziki faktlara əsaslandığı kimi, Konta görə sosiologiya da sosial faktların dərkindən çıxış etməlidir. Kont belə hesab edirdi ki, sosiologiya öz quruluşu və inkişafının xarakterinə görə dəqiq elm, sosial fizika olmalıdır.
Empirik sosioloji tədqiqatın verdiyi məlumatların köməyi ilə müxtəlif təsir diapazonlu yeni nəzəriyyələr, yeni sosioloji anlayışlar işlənilib hazırlanılır və ya artıq formalaşdırılmış anlayışlar zənginləşdirilir, sosioloji qanunların tərifləri dəqiqləşdirilir, yeni problemlər qoyulur, yeni fərziyyələr hazırlanır. Adətən empirik sosioloji tədqiqatın hazırlanması və həyata keçirilməsinin gedişində bir sıra fərziyyələr və yeni ideyaların həlli üsulları və arqumentləri aşkara çıxır ki, bunlar da sosioloji nəzəriyyə xəzinəsinə daxil edilir. Bu, empirik sosioloji tədqiqatların hazırlanmasında metodoloji, metodik və təşkilati məsələlərin həlli ilə əlaqədar olan əlavə kənar nəticədir.
Bununla yanaşı empirik sosioloji tədqiqatın aparılması zamanı tədqiq olunan şəxslər, anketçilər və elmi rəhbərlərlə kontaktlar, idrak problemləri ilə bağlı olan səciyyəvi situasiyaların meydana çıxması fikri çox vaxt sosioloji nəzəriyyəni zənginləşdirən və ya əlavə nəzəri tədqiqatlar üçün çıxış nöqtəsi rolunu oynayan yeni ideyalar doğurur.
Amerika sosioloqu Merton sosioloji nəzəriyyəyə münasibətdə empirik sosioloji tədqiqatın 4 funksiyası olduğunu göstərir və eyni zamanda belə hesab edir ki, bunlar onun bütün funksiyalarını əhatə etmir. O, hər şeydən əvvəl mövcud nəzəriyyəyə yerləşməyən, vacib, gözlənilməz faktlar haqqında yeni informasiya verməklə onu stimullaşdırır; empirik sosioloji tədqiqat indiyədək nəzərə alınmayan sabit faktlar meydana çıxardığı təqdirdə nəzəriyyənin yenidən işlənməsi zərurətini doğurur; o, empirik informasiyanın toplanmasının yeni metodları istifadə edilən təqdirdə, nəzəriyyənin yeni istiqamətə yönəldilməsinə gətirib çıxarır; empirik tədqiqat prosesinin özünün işlənməsi nəzəriyyənin dəqiqləşdirilməsinə kömək göstərən anlayış problemlərini irəli sürür.3 Empirik sosioloji tədqiqat, sosioloji nəzəriyyələr, ayrı-ayrı ümumiləşdirmə və nəticələrin özünəməxsus yoxlanışı rolunda çıxış edir.
Nəzəriyyənin düzgünlüyü praktikada yoxlanılır. Empirik sosioloji tədqiqat isə bu praktikanın vəziyyəti, təmsiledici məcmular şəklində götürülmüş və obyektiv təsvir olunmuş sosial faktların vəziyyəti haqqında informasiya verir. Empirik sosioloji tədqiqatın bu verifikasiya etmə funksiyası böyük əhəmiyyətə malikdir. O, ictimai proseslərin real gedişindən təcrid olunmuş şəkildə nəzəriyyələr və kateqoriyalar qurmaq meylinə qarşı təsirli əks vasitədir.
Lakin empirik material sosioloji nəzəriyyəni bütövlükdə verifikasiya edə bilməz, çünki o, həmişə təklik, təsadüflük və təkraredilməzlik elementləri ilə doludur. Hətta məcmu empirik informasiyanın mövcud olduğu haqqında ayrıca sosial faktdan ümumiliyə, sabit və qanunauyğun olana keçid məsələsi meydana çıxır. Burada söhbət idrakda keyfiyyət sıçrayışından gedir, belə ki, ümuminin mahiyyəti heç vaxt bütövlükdə ayrıca bir faktda əks olunmur. Ona görə də bu mahiyyət heç vaxt büsbütün ayrıca fakta müncər edilə bilməz.
Anlayışların empirik materialla, yəni müəyyən sosial faktlarla müqayisəsindən ibarət olan empirik interpretasiya ancaq idrak piramidasının ən aşağı səviyyəsində duran, bilavasitə sosial faktlar haqqında empirik biliklərə yönələn anlayışlarla mümkündür. Lakin elə burada da əlaqə mütləq şəkildə birmənalı və tam deyildir: hər hansı, hətta ən elementar anlayış idrakın digər səviyyəsində durur, ayrı-ayrı sosial faktların aspektlərini ümumiləşdirir və eyni zamanda onların əksəriyyətinə aid olur. Özlərinin empirik indikatorlarına münasibətdə anlayışların tam reduksiyasının mümkün olması barəsində bəzi neopozitivistlərə xas olan görüşlər əsassızdır. Yadovun göstərdiyi kimi, "abstrakt terminin məzmunu heç vaxt bu mövcud mahiyyətin sonlu sayda hadisələrinə, təzahürünə çevrilmir, empirik göstəricilərdə hansısa ifadəedilməz qalıq qalır".1 Empirik interpretasiyanın bu məhdudluğu empirik sosioloji tədqiqatın verifikasiya etmə funksiyasını müəyyən çərçivə daxilinə salır. Lakin bu çərçivələr daxilində o, əməli və əvəzedilməz vasitədir.
Qeyd etmək lazımdır ki, empirik sosioloji tədqiqat zəruri zəmin kimi bütün səviyyə və istiqamətlərdə sosioloji nəzəriyyənin inkişafı və zənginləşməsinə şərait yaradır. Əlbəttə, bu baxımdan vəziyyəti sadələşdirmək lazım deyildir. Hər empirik sosioloji tədqiqatdan sosiologiyanın bütün nəzəri problemlərinə aid olan nəticələr çıxarmaq və ümumiləşdirmələr etmək olmaz. Ayrılıqda götürülmüş hər bir empirik sosioloji tədqiqat öz mövzu və məqsədlərindən asılı olan müəyyən imkanlara malikdir. Hər hansı nəzəri problemin həlli üçün bəzən xeyli sosioloji tədqiqat aparmaq lazım gəlir. Lakin empirik sosioloji tədqiqatların verdiyi informasiya bütövlükdə və özünün prinsipial imkanlarına görə bütün rəngarəngliyi ilə sosioloji nəzəriyyəyə xidmət göstərə bilər və əslində də göstərir.
Empirik sosioloji tədqiqatın ən mühüm praktiki əhəmiyyəti onun nəticələrinin sosial idarə orqanları tərəfindən istifadə edilməsində təzahür edir.
Empirik sosioloji tədqiqatlardan sosial idarəçilikdə istifadə olunması bəzi obyektiv sosial şərtlərin mövcudluğunu tələb edir. Birincisi, aşağıdan yuxarıya və yuxarıdan aşağıyadək rəhbər orqanların idarəçiliyinin elmi səviyyəsinin yüksəldilməsində, kütlələrin fasiləsiz olaraq idarə prosesinə cəlb olunmasında və kütlələrin arzu və tələbatının getdikcə daha dolğun şəkildə təmin edilməsində maraqlı olması. Digər tərəfdən, belə bir maraq ancaq elə cəmiyyətdə ola bilər ki, bu cəmiyyət elmi idrak əsasında obyektiv qanunların fəaliyyətini, getdikcə daha yaxşı mənimsəyir və eyni zamanda xalq kütlələrinin həqiqi mənafelərini ifadə edir.