7.1. Texnikanın və mədəni sistemlərin inkişafı Texniki ixtiralar və elmi kəşflərin ictimai həyata təsiri istehsal vasitələrinin dəyişdirilməsi və yeni istehsal vasitələrinin yaradılması, onların məhsuldarlığının artırılması, insan və heyvan enerjisinin mexaniki enerji ilə dəyişdirilməsi yolu ilə baş verir. Maşınların tətbiqi istehsal olunan nemətlərin miqdarını artırır, onların nəqlini sürətləndirir, kommunikasiyaları qısaldır, insanların məkanda yerdəyişməsini və informasiyanın ötürülməsini asanlaşdırır. Əmək məhsuldarlığının yüksəlməsi istehsalın təşkilati formalarında, sənaye, nəqliyyat və xidmət sahələrində məşğul olan insanlar arasındakı münasibətlərdə dəyişikliklər zərurətini doğurur, işçilərin ixtisasının artırılmasını tələb edir, fəhlə qüvvəsinin miqdarı və tərkib hissəsini dəyişdirir.
Əlbəttə ki, çox qısa və sxematik şəkildə göstərilmiş və texniki dəyişikliklərdən irəli gələn iqtisadi hadisələr kompleksi belədir.
Daha sonra bu dəyişikliklər insanlar arasında münasibətləri dəyişərək, yeni mədəni tələbat oyadaraq, yeni məqsədli qruplar və yeni ictimai münasibətlərin nizamlanması üçün lazım olan yeni təsisatlar yaradaraq, yeni təfəkkür tərzinin, yeni ideologiya və yeni dünyagörüşünün əmələ gəlməsinə səbəb olur. Məsələn, XVIII əsrin II yarısında buxar maşınının ixtirası və daha sonra onun tətbiqi "sənaye inqilabını" doğurdu, bunun ardınca isə "sənaye cəmiyyətinin" yeni tipini yaratdı. Sənaye inqilabı ağır sənayeni yaradaraq iki yeni ictimai sinfi: sənaye burjuaziyası və sənaye proletariatını meydana çıxartdı.
Beləliklə, biz görürük ki, əmək alətlərinin elmi və texniki tərəqqi nəticəsində baş verən inkişafı ictimai həyatın bütün sahələrini, qrupların strukturunu (həm makrostrukturu, həm də mikrostrukturunu), onların mədəniyyətini və gündəlik tələbatı ödəmək üsullarını kökündən dəyişdirir.
Ayrı-ayrı cəmiyyətlərin qeyri-bərabər inkişafı tarixi faktdır. Mədəniyyətlərin diffuziyası adlanan, müxtəlif cəmiyyətlər arasında mədəniyyət elementlərinin mübadiləsindən ibarən olan bu mühüm proses buradan irəli gəlir.
Diffuziya prosesində daha yüksək inkişaf etmiş cəmiyyətlərdən nisbətən az inkişaf edən cəmiyyətlərə elementlər və komplekslər daxil olurlar ki, bunlar da bir dəfə keçirildikdən sonra sonrakı inkişaf prosesini doğururlar. Başqa sözlə, mədəniyyətlərin diffuziyası bəzən cəmiyyətlərin təbii inkişaf yolunu qısaldır. Məsələn, XIX əsrin II yarısında Qərbi Avropadan Yaponiyaya aparılmış sənaye sivilizasiyası orada mövcud olan feodalizm çərçivəsində inqilabsız meydana gələn, bu quruluşu devirən və Avropanın keçdiyi o uzun yolu keçmədən kapitalist sənaye cəmiyyətinin əmələ gəlməsinə şərait yaratmış, maşınların yaradılması və onların sənayedə tətbiqinə imkan verən elm və texnikanı meydana çıxartmışdır.
Mədəniyyətlərin qarşılıqlı şəkildə bir-birinə nüfuz etməsi müxtəlif yollarla baş verir: fərdlər arasındakı kontaktlar vasitəsi ilə, bu təmas prosesində ideyalar, kitablar, incəsənət əsərləri yeni elmi, fəlsəfi, bədii və texniki cərəyanlar mənimsənilir; müxtəlif növlü təsisatlar arasındakı kontaktlar vasitəsi ilə; ticarət mübadiləsi yolu ilə; nəqliyyat və rabitə vasitələrinin genişlənməsi vasitəsi ilə.
Təcrid olunmuş, başqaları ilə təmasda olmayan cəmiyyətlərdə sabitləşmə, durğunluq və inkişafdan qalma meylləri təzahür edir. Demək olar ki, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər ölkəyə başqa ölkələrdən nə ideyalar, nə də mallar buraxan, öz inkişafında ləngiyərək durğunlaşmış, köhnəlmiş təsisatlar və sosial strukturlar dövləti yaradan Çin buna səciyyəvi misaldır.
Diffuziya prosesində maddi mədəniyyət elementləri, adətən, qeyri-maddi mədəniyyət elementlərindən tez mənimsənilir v qəbul olunurlar. Sosialist cəmiyyətləri kapitalist ölkələrindən maşınlar alır, lakin onların ideologiyasını rədd edirdilər: ibtidai cəmiyyətlər bəzək şeylərini və quruluş elementlərini işlərin yerinə yetirilməsinin müəyyən edilmiş mərasimvari gedişini dəyişdirə biləcək əmək alətlərinə nisbətən daha asan mənimsəyirdilər.
Deməli, yeniliklərin mənimsənilməsini ləngidən bəzi mexanizmlər mövcuddur; onlar təsisatlar sisteminin mexanizmləri və daxili birliyinə, üzvləri konformizmə məcbur edən nəzarət mexanizminə, sosial təşkilatın yekdilliyinə əsaslanır. Bu ictimai qüvvələr yeni elementlərdə öz mənafelərinə təhlükə görərək onlara qarşı çıxış edirlər.
Elmi texniki və bədii yaradıcılıq həmişə daxilində mövcud olduğu qrupun nəzarəti altındadır, çünki bu yaradıcılığın nəticələri mövcud strukturlar, təsisatlar, vəzifə iyerarxiyası, hakimiyyət sistemi və yüksək vəzifə tutan fərdlərin nüfuzumu təhlükə altında qoya bilər. Ona görə də elm, texnika, ədəbiyyat və incəsənətin tarixi yeni ideyaların (məsələn, Ç.Darvinin təkamül nəzəriyyəsi amansızcasına təcrid edilirdi), texniki ixtiraların (buxar maşınlarının sənayedə tətbiqi neçə on illər boyu uzanmışdır) və mədəniyyət cərəyanlarının (məsələn, təsviri incəsənətdə abstraksionizm cərəyanı uzun müddət ərzində qəzəb və istehza ilə qarşılanmışdır) amansızcasına rədd edilməsi barədə çoxsaylı nümunələrlə doludur.
İdrak, elm və incəsənət sosiologiyasının vəzifəsi yaradıcılıq və yenilikçiliyə yardım göstərən, elm və texnikanın müxtəlif sahələrində yaradıcılığın yüksəlişinə səbəb olan ictimai şəraitin, onların cəmiyyət tərəfindən qəbul edilməsini şərtləndirən şəraitin öyrənilməsi, habelə onların bütövlükdə ictimai həyata göstərdikləri təsiri öyrənməkdir.
Biz yuxarıda təsisatlar sistemi və sosial nəzarətin birliyi problemini nəzərdən keçirərkən, eyni zamanda göstərmişdik ki, bu sistemin həddən artıq sərtliyi ictimai dəyişikliklərin durğunlaşması və onlarIn sürətinin ləngiməsi amilinə çevrilir.
Bu özünü texniki ixtiraların, ictimai həyatın istənilən sahəsində elmi və digər yeniliklərin mənimsənilməsi prosesində xüsusən kəskin şəkildə göstərir. İctimai həyatda təsisatlar sisteminin sərtliyi ixtiraçılığın miqyası və intensivliyini və ya mədəni diffuziyanın genişliyini məhdudlaşdıra bilər.
Təsisatlar, şübhəsiz ki, daxili birliyi qoruyub saxlayan, cəmiyyətin qüvvəsini artıran amildir. Lakin kəskin sosial dəyişikliklər dövründə, kifayət qədər elastikliyin və dəyişikliklərə uyğunlaşmaq imkanının olmadığı şəraitdə təsisatlar hətta qlobal cəmiyyətin ziyanına olaraq dəyişiklikləri ləngitməyə meyl edə bilərlər. Müvafiq inkişaf sürətinin qorunub saxlanılması mühüm siyasi vəzifəyə çevrildiyi kəskin sosial dəyişikliklər dövründə dövlətlər, cəmiyyətlər və ya ayrı-ayrı məqsədli qruplar digər qruplardan mədəni nailiyyətlərin keçməsinin genişlənməsi və ya asanlaşmasına kömək göstərmək üçün xüsusi təsisatları inkişaf etdirirlər. Bunlar mübadilə təsisatları, tərcümə edən, beynəlxalq konfranslar keçirən təsisatlar və ya ayrı-ayrı dövlətlər və ya qrupların tamamilə məxfi bir şey kimi gizlədib saxlamaq istədikləri kəşfləri də əldə etməyə can atan kəşfiyyat institutlarına qədər müxtəlif əməkdaşlıq formaları ola bilər.