Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri



Yüklə 371 Kb.
səhifə1/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
  1   2   3   4   5   6   7   8   9   ...   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov





Botanika elminə giriş, elmin inkişaf tarixi,

məqsəd və vəzifələri.

Yer kürəsi tarixində törəmiş canlı aləmin mühüm hissəsini bitkilər təşkil edir. Onlar vaxt keçdikcə və məkan dəyişdikcə müxtəlif coğrafi ərazilərdə dəyişkənliyə uğramış, müxtəlif quruluş qazanmış, müxtəlif bitki formalarına başlanğıc vermişdir. Bitki aləminin törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsinin yeni-yeni guşələrini tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar.

Su mühitindən ilk dəfə quruya keçən bitki qruplarından mamırlarda və ayıdöşəyilərin bəzi nümayəndələrində hələ ancaq kökə, gövdəyə və yarpağabənzər orqanlar əmələ gəldiyini görürük. Əsil kök və gövdə ilk dəfə ancaq toxumlu bitkilərdə əmələ gəlmişdir.

Örtülütoxumlu (çiçəkli) bitkilərin hakim vəziyyətdə olmalarının əsas səbəbi təkamül prosesi nəticəsində onlarda əsil yarpaq, çiçək və meyvə kimi orqanların yaranmasıdır. Qeyd olunan orqanların sayəsində bu bitkilər yer kürəsinin müxtəlif coğrafi ərazilərində daha asan yayılır, yeni şəraitə asanlıqla uyğunlaşır və nəsil verərək yeni-yeni əraziləri tuturlar.

Bütün canlılar, o cümlədən müxtəlif quruluşlu bitkilər canlı zülaldan təşkil olunmuşdur. Canlıların əsasını təşkil edən canlı zülal cansız zülaldan fərqli olaraq daim, ardı kəsilmədən maddələr mübadiləsinə məruz qalır. Lakin canlı zülalda davam edən mübadilə reaksiyaları onu parçalamır, əksinə, daim onun hissələrini təzələyir.

Canlı zülalın elmi tədqiqi göstərir ki, təbiətdə o, ən mürəkkəb kimyəvi tərkibə malikdir. Maddələr mübadiləsi prosesində onun tərkibi ardı kəsilmədən dəyişilir və təzələnir, ancaq canlılığı itmir. Dialektik materializmin qanunauyğunluqlarına tamamilə uyğun olaraq maddələr mübadiləsi vasitəsilə canlı zülal cansız təbiətlə sıx qarşılıqlı münasibətdə olur və onunla bir vəhdət

təşkil edir.

Yaşıl bitkilər təbiətdə həyatın varlığında həlledici rol oynayır. Onların belə böyük bir qüdrətə malik olmasına səbəb bitkilərin təkamül tarixində xlorofil adlanan yaşıl piqmenti (piqment canlı orqanizmdə toplanan rəngli maddəyə deyilir) qazanmalarıdır. Xlorofil yaşıl bitkilərdə bioloji katalizator rolu oynayaraq, onu daşıyan bitkilər tərəfindən, əsasən qeyri-üzvi maddələrin üzvi birləşmələrə çevrilməsini təmin edir. Xlorofil elə bir maddədir ki, o günəş şüasını udaraq ondan aldığı işıq enerjisini bitkilərdə üzvi maddələrin sintezinə sərf edir. Yaşıl bitkilərdə xlorofil vasitəsilə qeyri üzvi birləşmələrin üzvi birləşmələrə çevrilməsi hadisəsi işıqda getdiyi üçün fotosintez hadisəsi adlanır.

Yaşıl bitkilər tərəfindən hazırlanmış üzvi maddələrdən heyvanlar və insan istifadə edir, onlarla qidalanır. Bunlar bitkilərin atmosferə qaytardıqları oksigendən də istifadə edirlər. Hazır üzvi maddələrlə nəinki heyvanlar və insanlar qidalanır, bu maddələrlə yaşıl olmayan bitkilər də - göbələklər və bakteriyalar da qidalanır.

İbtidai bitkilər aləminin yaşıl olmayan nümayəndələrindən göbələklər və bakteriyalar da çox faydalı hadisənin icraçısıdırlar. Onlar torpaqda üzvi qalıqları – ölmüş canlıları parçalayıb çürüdür, mürəkkəb üzvi birləşmələri sadə qeyri-üzvi birləşmələrə çevirirlər.

Müxtəlif bitki qrupları qidalanma qaydalarından asılı olaraq maddələrin təbiətdə dövranında müxtəlif şəkildə iştirak edirlər. Qidalanma xüsusiyyətlərinə görə bitkilər aşağıdakı qruplara ayrılır:

Avtotrof bitkilər, bilavasitə qeyri-üzvi maddələrlə qidalanıb, həmin maddələrdən üzvi maddələr hazırlayır, öz orqanizmlərini qururlar. Bütün yaşıl bitkilər avtotrof bitkilərə aiddirlər. Onlar, yuxarıda qeyd edildiyi kimi, qeyri-üzvi maddələri üzvi maddələrə çevirmək üçün günəş şüalarından enerji alırlar. Buna görə onlara fototrof bitkilər də deyilir. Avtotrof bitkilərə bəzi yaşıl olmayan bitkilər də aiddir. Onlara misal olaraq kimyəvi enerjidən istifadə edib, qeyri-üzvi maddələri üzvi maddələrə çevirən bəzi bakteriyaları göstərmək olar. Bu bakteriyalarda xemosintez hadisəsi fotosintez hadisəsini əvəz etdiyi üçün, onlara xemotrof bitkilər də deyilir.

Heteretrof bitkilər. Bakteriya və göbələklərin çoxu yaşıl olmadığı kimi öz-özünə üzvi qida da hazırlaya bilmir. Bu səbəbə görə onlarda hazır üzvi maddə ilə qidalanmaya ehtiyac duyulur. Buna görə də bu bitkilər parazit və ya saprofit həyat tərzi keçirir. Parazit göbələk və ya bakteriyalar bitkilərin və ya heyvanların üzərində parazitlik edərkən çox vaxt onların xəstələnməsinə səbəb olur. Saprofit göbələk və bakteriyalar canlıların cəsədi ilə və ya başqa üzvi çürüntülərlə qidalanır. Saprofitlərin və parazitlərin qidalanma qaydaları heteretrof qidalanma adlanır. Çiçəkli bitkilərdən də parazit olanları vardır, məsələn, qızıl sarmaşıq, kəhrə və s. kimi.

Miksotrof bitkilər. Bu qrupa daxil olan bitkilər istər qeyri-üzvi, istərsə də üzvi maddələrlə qidalan bilir. Məsələn, ağacların çətiri üzərində parazitlik edən bağamburc kolu ağacın hazır üzvi maddələrindən istifadə etməsi ilə yanaşı, yaşıl olduğuna görə qeyri-üzvi maddələrdən fotosintez yolu ilə üzvi maddələr də hazırlaya bilir. Bu cür bitkilər müxtəlif üsullarla qidalandıqları üçün onların qidalanma qaydaları miksotrof qidalanma adlanır, bu qayda ilə qidalanan bitkilərə isə miksotrof bitkilər deyilir.

Miksotrof bitkilərə həşəratla qidalanan bitkiləri də aid etmək olar. Bu bitkilər də başqa yaşıl bitkilər kimi torpaqdan su və mineral duzları, atmosferdən isə karbon qazı və oksigeni almaqla onlardan fotosintez hadisəsi zamanı üzvi maddələr hazırlayır. Bu halda onlar həm avtotrof bitkilər kimi, həm də canlı həşəratlarla qidalanırlar. Bunun üçün də əksər həşəratyeyən bitkilərin tutucu orqanı olur. Onların yarpaq ayaları şəklini dəyişərək tutucu orqanlara çevrilir. Tutucu orqanlar və ya tutucu aparatlar vasitəsilə nəinki həşərat tutulur, həm də həmin orqanlar həşəratı tutduqdan sonra onu həll edir, belə ki, tutucu aparatların vəzili hüceyrələri və tükcükləri heyvan orqanizmlərinin mədəsində ifraz olunan pepsin və tripsin fermentinə bənzər maddələr ifraz edir və həşərat bu maddələrin vasitəsilə mənimsənilir.

İnsanın həyatı üçün zəruri olan vitaminlər də süni surətdə xüsusi laboratoriyalarda müxtəlif bitki məhsullarından sintez edilir. Yağlı bitkilərin yağlarından müxtəlif məqsədlər üçün istifadə olunur. Bitki yağlarının əksəri qida məhsulu kimi (günəbaxan, çiyid, küncüt, qarğıdalı, zeytun), bəziləri isə dərman kimi (gənəgərçək yağı) istifadə olunur. Son zamanlar müəyyən edilmişdir ki, bitki yağları müxtəlif vitaminlərlə zəngin olduğuna görə insan orqanizmi üçün də çox faydalıdır. Qarğıdalı yağı xüsusi diqqətə layiqdir. Onda külli miqdarda olan “F” vitamini orqanizmə xüsusi rahatlıq verir, hətta sinir xəstəlikləri ilə mübarizədə ondan istifadə edilməsi məsləhət görülür.

Bitki yağlarından sənayedə də (xüsusən qənnadı sənayesində) müxtəlif məqsədlər üçün istifadə edilir. Sənayedə yanacaq materialları kimi istifadə olunan daş kömür, torf və neft də bitki məhsullarıdır. Onlar milyon illər bundan qabaq yaşamış bitkilərin çöküntü qalıqları ilə örtülmüş qalıqlarından ibarətdir.

Botanika elmi bitkini və ümumiyyətlə bitki aləmini öyrənən bir elmdir. Botanika yunan sözü olan “botane”dən götürülmüşdür. Bu isə ot, yaşıllıq deməkdir. Botanika elmi olduqca geniş elmi sahələrdən biridir. Bu elm bitkinin hərtərəfli, o cümlədən onun xarici və daxili quruluşunu, yaşayış qaydalarını, böyümə və inkişaf qanunlarını, yer kürəsində yayılma qanunlarını, bitkilərin mühitlə qarşılıqlı münasibətlərini, bitki örtüklərini və onlardan istifadə məsələlərini və s. öyrənir.

Geniş mənada botanika 3 böyük sahəyə ayrılır:

1) Bitki sistematikası, yaxud taksonomiyası;

2) Bitki morfologiyası;

3) Bitki fiziologiyası.


Yüklə 371 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin