Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri



Yüklə 371 Kb.
səhifə7/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   2   3   4   5   6   7   8   9   10   ...   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Polyarlıq (qütbilik) qanunu, hər hansı bitkinin təpə və qaidə hissələrinin fərqlənməsindən ibarətdir. Ali bitkilərin təpə hissəsi gövdənin böyümə konusundan, təpəsindən ibarətdir, qaidə hissəsi isə kök ucu ilə nəhayətlənir. Polyarlıq nəinki ali bitkilərdə, eləcə də ibtidai bitkilərdə də müşahidə edilir. Sadə quruluşlu yosunlardan sapşəkilli yosunların qaidə hissəsi yosunu substrata yapışdıran hüceyrədən ibarətdir, təpə hissəsi isə yosunun boy atan hissəsidir. Qeyri-hüceyrəvi quruluşlu yosunlardan botridium, kaulerpa yosunlarının qaidə hissəsi saçaqlı olmaqla, substratdan qida maddələrini sorur, halbuki onların yuxarı (təpə) hissəsi buxarlandırma vəzifəsini görür. Polyarlıq qanunu əsasında bitkinin təpə (yuxarı) və qaidə (aşağı) hissələri nəinki quruluşlarına görə fərqlənir, onların hər ikisi tutduqları mövqeyə görə müxtəlif fizioloji vəzifə ifa edir. Bu qanun əsasında bitkinin yuxarı və aşağı hissələrinin fərqlənməsini bağbanlar yaxşı bilir, onlar bitkiləri qələm (çilik) vasitəsilə çoxaltdıqda həmişə çiliyin aşağı başını torpağa basdırırlar. Əks halda baş-ayaq basdırılmış çiliyin havada qalmış qaidə hissəsindən yenə də köklər əmələ gəlir və torpağa yönəlir.

Bitki orqanizmində polyarlıq qanununa tropizm hadisəsinin də təsiri var. Tropizm hadisəsi bitkinin orqanlarını böyümə prosesində xarici amilin birtərəfli təsiri nəticəsində müşahidə edilən hərəkətdir. Məsələn, işığın təsiri nəticəsində zoğ doğru böyüyür, hərəkət edir. İşıq qıcıqlaması, fototropik qıcıqlanma nəticəsində zoğun işığa doğru hərəkəti fototropizm hadisəsi adlanır. Fototropizm hadisəsinə, adətən, bitkinin təpə, yuxarı hissəsi uğrayır.

Bitkinin aşağı hissəsi, yəni kökü, yerin (torpağın) cazibə qüvvəsinin təsirinə görə torpağa doğru böyüyür, hərəkət edir. Bu orqanın yerin cazibə qüvvəsinə qarşı göstərdiyi reaksiya – geotropizm hadisəsi adlanır. Eyni zamanda qeyd etmək lazımdır ki, zoğ müsbət fototropizm xassəsinə malik olduğu kimi, mənfi geotropizm xassəsi də daşıyır, əksinə kök mənfi fototropizm, müsbət geotropizm xassəsinə malikdir. Bu iki orqanın yaşayış şəraitlərinin müxtəlifliyi xassələrinin də fərqlənməsinə səbəb olmuşdur.

Simmetriya. Müxtəlif orqanların quruluşunda müəyyən və müxtəlif simmetriya olur.

Radial simmetriyanı, kök və gövdə kimi silindrik quruluşda olan orqanlarda görmək mümkündür. Radial simmetriyanı alma, armud, portağal kimi meyvələrdə, pambıq, qaymaqçiçəyi, kələm və s. bitkilərin çiçəklərində, papaqlı göbələklərin papağında da görmək olar. Ümumiyyətlə, radial simmetriya elə simmetriyaya deyilir ki, orqanın mərkəzindən radius istiqamətində keçən hər hansı bir müstəvi orqanı bir neçə dəfə iki simmetrik hissəyə bölə bilsin. Bir çox başqa simmetrik orqanlarda ancaq bisimmetriya (iki simmetriya) və ya monosimmetriya (birsimmetriya) müşahidə edilir. Məsələn, bir sıra ağaclarda (çinarda, ərikdə və s.) yarpaq monosimmetrik quruluşludur, çünki burada yarpaqları ancaq bir müstəvi, bir xətt üzrə (bu halda mərkəzi damar boyu) iki simmetrik hissəyə bölmək mümkündür. Bəzi orqanlar isə (qarağac yarpağı kimi)

asimmetrik quruluşa malikdir.

Yarpaq kimi yastı quruluşda olan orqanlar, xiyar, qarpız, qabaq və s. kimi bitkilərdə yatan gövdələr, eləcə də tənək, daş sarmaşığı kimi dırmanan bitkilərin gövdələri dorziventral, yəni arxalı önlü quruluşa malikdir (latında “dorsum” – arxa, “ventrum” – ön deməkdir).




Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin