Özünüz haqda danışın
Müsahibə götürənin məqsədi
Əgər bu sual sizə müsahibənin əvvəlində verilirsə bu müsahibə götürənin hazır olmadığı və ya sizi xatırlamadığı mənasına gələ bilər. Əlbəttə ki, sual xüsusi olaraq sizin diqqətinizi topladığınızı öyrənmək və ya boşboğaz olduğunuzu müəyyən etmək üçün də verilə bilər.
Əgər sual söhbətin sonunda verilirsə bu müsahibə götürənin sizin haqqınızda çox şey öyrənmək istədiyi mənasına gələcəkdir.
Necə cavab verməli
Əgər sual sizə söhbətin əvvəlində verilirsə bu sizə mövzu seçimində tam sərbəstlik verilməsi mənasına gəlir. Açıq danışmağa dəvət edilməyin təhlükəli tərəfi isə odur ki, siz bunu çox uzadaraq müsahibə götürəni darıxdırmağa başlayacaqsınız. Boş danışıqdan uzaq durmaq lazımdır! Bu baxımdan müsahibə götürənin nə istədiyini dəqiqləşdirmək məntiqli olardı: “Siz istəyirsiniz ki, mən sizə əsas olaraq ixtisas təhsilim və karyera tariximi danışım?”
Qısa cavab verməyə cəhd göstərin. Yaxşı olardı ki, cavab verməyə indiki işinizə nə aid olduğundan başlayasınız. Daha sonra karyeranızın qısa tarixçəsini (indiki işinizə necə gəlib çıxdığınızı izah etməklə) təqdim edin və son olaraq bu vakant vəzifədə sizi nə cəlb etdiyini söyləyin. Cavab zamanı sizi bu vəzifəyə uyğun edən təcrübə və keyfiyyətlərinizin üzərində durun.
Əgər müsahibə götürən söhbətin sonunda öz haqqınızda danışmağı xahiş edirsə bu imkandan istifadə edərək hər tərəfli inkişaf etmiş insan portreti çizməyə çalışın. Özünüzü işdən sonra necə səciyyələndirərdiniz? Siz öz ailənizə və maraqlarınıza (mübahisəli olmayan) istinad edə bilərsiniz. Bütün bunlar müsahibə götürəndə dəqiq təsəvvür oyatmalıdır.
Dostları ilə paylaş: |