Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli
1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-
2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.1-ci bəndinə uyğun
olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap
edilmişdir. Bukletdə dərc olunanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzi
və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmışdır.
Yoluxmanın ilkin əlamətləri hansılardır?
Xəstəliyin ilkin əlamətləri həm İİV, həm də hepatit B, C üçün eynidir:
ümumi zəiflik, halsızlıq, baş ağrıları, ürəkbulanma. Bu əlamətlər qrip və
ya soyuqdəymə zamanı olan əlamətləri xatırladır. Bundan əlavə, qusma,
öskürək, zökəm, temperaturun qalxması kimi əlamətlər də ola bilər.
Viruslara yoluxmaqla bağlı şübhələr
səni narahat edirsə, nə etməli?
İİV-dən və hepatitdən qorunma qaydalarına əməl etmədiyin üçün həyəcan
keçirirsənsə, onda vaxt itirmədən məsləhət üçün tibb müəssisəsinə
müraciət et!
İİV-lə bağlı sualın yaranarsa, Respublika QİÇS-lə Mübarizə
Mərkəzinin qaynar xəttinə və inam telefonuna zəng et!
QAYNAR XƏTT:
(012) 408-79-74
İnam telefonu:
(012) 594-99-24
Anonimliyə zəmanət verilir!
İİV və hepatit B və C-yə yoluxma yolları eynidir:
qan vasitəsilə
qanköçürmə zamanı
dezinfeksiya olunmamış qeyri-steril iynə və şprislərdən təkrar
istifadə zamanı
manikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlardan
istifadə zamanı
istifadə olunmuş və üzərində qan qalıqları olan bərbər alətlərinin
(üzqırxan, qayçı) və diş fırçalarının təkrarən istifadəsi zamanı
cinsi yolla
qorunmamış (prezervativsiz) cinsi əlaqə zamanı
oral-genital kontaktlar zamanı yoluxmaq mümkündür, xüsusilə ağız
boşluğunda açıq yara olduqda
İİV və hepatit B, C-yə yoluxmuş anadan uşağa
hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı
İİV və hepatit B, C ilə çox vaxt risk qruplarına
aid olan insanlar yoluxurlar:
inyeksion narkotik istifadəçiləri
prezervativsiz cinsi əlaqədə olan, həmçinin cinsi partnyorunu tez-tez
dəyişən şəxslər
kişilərlə cinsi əlaqədə olan kişilər
İİV və ya hepatit B, C virusu daşıyanın cinsi partnyoru
pirsinq və tatuaj edənlər
tibb işçiləri
tibbi müdaxilə (hemodializ, qanköçürmə, transplantasiya proseduru,
stomatoloji müayinə, cərrahi əməliyyat və s.) olunmuş şəxslər
məhbuslar
cinsi yolla yoluxan infeksiyası (qonoreya, xlamidiya və s.) olanlar
İİV və hepatit B, C-nin geniş yayıldığı regionlara səyahət edən insanlar
İİV və hepatit B, C-dən necə qorunmaq olar?
Bunun üçün adi qaydalara əməl etməli:
inyeksiya zamanı steril şpris və iynələrdən istifadə etməli
cinsi əlaqə zamanı prezervativdən istifadə etməli
şəxsi gigiyena vasitələrindən (diş fırçası, üzqırxan və manikür alətləri)
fərdi qaydada istifadə etməli
tatuaj və pirsinq edən zaman birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya
olunmuş alətlərlə işləyən ustanın xidmətlərindən istifadə etməli
cinsi partnyorlar vaxtaşırı diaqnostik müayinədən keçməli
hepatit B-yə qarşı peyvənd olunmalı
Düşünülməmiş addım atmaqla çox vaxt gənclər cinsi həyata
tez başlayır və infeksiyalara yoluxma təhlükəsi ilə üzləşirlər.
Diqqət!
Erkən yaşda cinsi əlaqədə olmağa tələsmə!
Cinsi əlaqə zamanı mütləq prezervativdən istifadə et!
Bir cinsi partnyora sadiq ol!
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və hepatit iyirminci əsrdə milyonlarla
insanın həyatına son qoymuşdur. Bu problem bu gün də aktual olaraq qalır.
Hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən
təhlükəlisi isə odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox
yüksəkdir. Bilirsənmi niyə? Ona görə ki, həm İİV-in, həm də hepatit B, C-nin
yoluxma və yayılma yolları demək olar ki, eynidir! Məhz bu səbəbdən İİV-ə
yoluxma təhlükəsilə üzləşən insan çox vaxt hepatitə də yoluxa bilər. Eləcə
də hepatitə yoluxma riski ilə qarşılaşan insan İİV-ə yoluxma təhlükəsilə də
üzləşir.
İİV-dən özünü qoru! Bil ki, bununla sən
hepatit B və C-dən də qorunarsan.