YADİDP çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün təhsil sektoru üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən edilmişdir:
-
təhsil əldə etmək üçün bərabər imkanların təmin edilməsi;
-
təhsilin keyfiyyətinin yaxşılaşdırılması;
-
təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, yeni iqtisadi və maliyyə münasibətlərinin formalaşdırılması;
-
təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi;
-
təhsildə monitorinq sisteminin və təhsilin statistikasının təkmilləşdirilməsi.
Təhsil əldə etmək üçün bərabər imkanların təmin edilməsi istiqamətində növbəti illərdə dövlət ümumtəhsil məktəblərində oxuyan bütün şagirdlərin pulsuz dərsliklərlə təmin olunması davam etdiriləcəkdir. Eyni zamanda, təhsil müəssisələrinin (məktəbəqədər təhsil, ümumtəhsil, texniki peşə və ixtisasartırma müəssisələri) maddi-texniki bazası gücləndiriləcək, onların əsaslı bərpası və tikintisi genişləndiriləcək, eləcə də ümumtəhsil məktəblərinin zəruri avadanlıqlarla və istiliklə təminat səviyyəsi yaxşılaşdırılacaqdır. Ümumtəhsil məktəbləri kitabxanalarının latın qrafikalı ədəbiyyatlarla zənginləşdirilməsi, aztəminatlı ailələrdən olan uşaqların yay istirahət düşərgələrində istirahət imkanlarının genişləndirilməsi kimi tədbirlər həyata keçiriləcəkdir. Həmçinin ibtidai sinif şagirdlərinə pulsuz yemək verilməsi mexanizminin hazırlanması və tətbiq edilməsi, eləcə də ucqar kənd yerlərində şagirdlərin məktəblərə nəqliyyat vasitələri ilə daşınması da nəzərdə tutulur. Bundan əlavə, texniki peşə, orta ixtisas və ali təhsildə gender məsələləri araşdırılacaq, bu sahədə mövcud problemlərin aradan qaldırılması üzrə tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması. Azərbaycan Respublikası 2005-ci ildə vahid Avropa ali təhsil məkanının yaradılmasını nəzərdə tutan Bolonya prosesinə qoşulmaqla ali təhsil sisteminin yeniləşdirilməsi, təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması sahəsində öz üzərinə mühüm vəzifələr götürmüşdür. Bu vəzifələrin reallaşdırılmasına, ilk növbədə, hərtərəfli təhlillərin nəticələrinə əsaslanan məzmun dəyişikliklərindən başlanmışdır. Ötən müddətdə bakalavr hazırlığının məzmunu xeyli təkmilləşdirilmiş, bütün istiqamətlər üzrə seçmə fənlərə ayrılan saatların və təcrübəkeçmə müddətinin artırıldığı yeni nəsil dövlət standartları hazırlanıb təsdiq olunmuş, yeni attestasiya qaydaları müəyyən edilmişdir. Aparılmış təşkilati işlərin nəticəsi olaraq, 2006-cı ilin sentyabrından 10 ali məktəbdə 30 ixtisas üzrə kredit sisteminin tətbiqinə başlanmışdır. Eyni zamanda müəyyən edilmiş qaydalar əsas tutulmaqla 5 ali və 2 orta ixtisas təhsili müəssisəsi akkreditə olunmuşdur. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməklə və milli dəyərlər nəzərə alınmaqla hazırlanmış Ümumi Təhsilin Konsepsiyası (Milli Kurrikulumu) Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Sənədə əsasən 2008/2009-cu tədris ilindən bütün ümumtəhsil məktəblərində birinci siniflərdən başlayaraq yeni hazırlanmış fənn kurrikulumları tətbiq ediləcəkdir.
Bununla yanaşı, “Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası” sənədi hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Həmin konsepsiyanın müddəalarına əsasən, yaxın gələcəkdə ilkin müəllim hazırlığı proqramlarından bilavasitə bu proseslə bağlı olmayan fənlərin çıxarılması, birbaşa praktik müəllim hazırlığına yönəlmiş fənlər üzrə dərs saatlarının artırılması, pedaqoji təcrübənin prioritet səviyyəyə qaldırılması, qoşaixtisaslı müəllimlərin hazırlanması, proqramlara təhsilin idarə edilməsi ilə bağlı fənlərin daxil olunması nəzərdə tutulur.
Gələcək müəllimlərin praktiki hazırlığına, pedaqoji ünsiyyət və idarəetmə bacarıqlarına yiyələnmələrinə yardım etmək məqsədilə pedaqoji profilli təhsil müəssisələrində pedaqogikanı, psixologiyanı, metodikanı, ən başlıca isə fəal/interaktiv təlim texnologiyası üzrə bacarıqların aşılanmasını özündə birləşdirən və Azərbaycan təhsili üçün tamamilə yeni olan “Təhsilin əsasları” fənninin tədrisi nəzərdə tutulur. Bu tədbirin həyata keçirilməsi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, nəzəriyyədən təcrübəyə keçidin təmin olunmasında mühüm rol oynayacaqdır. Hazırda müəllim hazırlığında mühüm əhəmiyyətə malik olacaq “Təhsilin əsasları” dərsliyinin hazırlanması istiqamətində işlər davam etdirilir.
2005/2006-cı dərs ilində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mövcud neqativ halların aradan qaldırılması məqsədilə eksperiment olaraq Bakı şəhərinin Xətai rayonunun və İmişli rayonunun, 2006/2007-ci dərs ilində Bakı şəhərinin Səbail rayonunun, Sumqayıt şəhərinin məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanılmışdır. Növbəti dərs illərində bu sistem ölkənin bütün məktəblərini əhatə edəcəkdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli 20 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilmiş və həmin Proqrama uyğun olaraq xüsusi tipli internat məktəblərinin maddi-texniki və tədris bazası gücləndirilir, inkluziv təhsil layihələrinin həyata keçirilməsi davam etdirilir.
Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində təhsil sahəsi üzrə normativ hüquqi baza təkmilləşdiriləcək, yeni iqtisadi münasibətlərin formalaşdırılması davam etdiriləcək, mövcud maliyyələşmə mexanizmi təkmilləşdiriləcək və adambaşına normativ maliyyələşmə prinsipi tətbiq olunacaq, təhsil menecerlərinin hazırlanması sistemi yaradılacaq, yeni yaradılmış valideyn-müəllim assosiasiyalarının fəaliyyəti gücləndiriləcək və assosiasiyalara daxil olan ümumtəhsil məktəblərin sayı xeyli artacaqdır.
Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin kompyuter təchizatı və onların internet şəbəkəsinə qoşulma səviyyəsi yaxşılaşdırılacaq, eləcə də yeni texnologiyalara əsaslanan elektron təlim proqramlarının təminat səviyyəsi yüksəldiləcəkdir. Eyni zamanda, təhsil sistemində distant təhsil inkişaf etdiriləcək, elektron kitabxanalar yaradılacaq, müasir texnologiyalardan istifadə və informasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaqdır.
Təhsildə monitorinq sisteminin və təhsilin statistikasının təkmilləşdirilməsi istiqamətində təhsilin idarə edilməsi üzrə məlumat sisteminin yaradılması, şagird və tələbələrin biliklərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə gender və regionlar üzrə dezaqreqasiya olunmuş xalis qeydiyyat və real davamiyyət səviyyəsinə dair məlumatların müntəzəm toplanması və nəşr edilməsi kimi tədbirlər həyata keçiriləcəkdir.
6.2. Səhiyyənin inkişafı
6.2.1. Yoxsulluqla əlaqə
Sağlamlığın pisləşməsi insanların gəlir əldə etmək imkanlarına, habelə uşaqların məktəbdə davamiyyətinə və təlimdə müvəffəqiyyətinə mənfi təsir göstərir, insanların yoxsulluqdan çıxmaq imkanlarını məhdudlaşdırır. Əslində, sağlam olmayan aztəminatlı insanlar özlərinin yoxsulluq yükünü uşaqlarının üzərinə qoymaqla, həmin ailələr üçün çıxışı olmayan “yoxsulluq dairəsi”nin yaranma ehtimalını artırmış olurlar. Yoxsul insanların, ümumən mövcud səhiyyə xidmətlərindən istifadə etmək üçün kifayət qədər maliyyə vəsaiti olmur ki, bu da onlarla yoxsul olmayanlar arasındakı bərabərsizliyi gücləndirir.
Ailələrin aztəminatlılığı uşaq və ana ölümü hallarına təsir edən yeganə amil olmasa da, aztəminatlılığın bu göstəricilərə mənfi təsiri şübhəsizdir. Belə ki, yoxsul ailələrdən olan qadın və uşaqların hamiləlik və erkən uşaqlıq dövründə lazımi səviyyədə qidalanması və keyfiyyətli səhiyyə xidmətlərindən istifadə etməsi imkanları digər ailələrə nisbətən aşağı olur.
6.2.2. Mövcud vəziyyət və əsas problemlər
Müstəqillik əldə edildikdən sonrakı dövrdə ölkədə xəstəliklərin iki istiqamətdə inkişafı müşahidə olunmuşdur. Bir tərəfdən, yoxsul ölkələr üçün keçid dövründə səciyyəvi olan yoluxucu xəstəliklərə (məsələn, vərəm, brusellyoz və s.) tutulma halları artmış, digər tərəfdən isə, inkişaf etmiş ölkələr üçün səciyyəvi olan qeyri-yoluxucu xəstəliklərin (məsələn, ürək-damar və qan dövranı ilə bağlı xəstəliklər) baş verməsi halları yüksəlmişdir.
Qeydiyyata alınmış xəstəliklərin 90%-i qeyri-yoluxucu xəstəliklər kateqoriyasına aid olsa da, yoluxucu xəstəliklərin antisanitariya şəraitində daha sürətlə yayılması səbəbindən yoxsul əhali arasında bu xəstəliklər daha geniş yayılmışdır. 1990-cı illərin sonlarından başlayaraq, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması sahəsində irəliləyişlər əldə olunsa da, hazırda qarşıda duran vəzifə bu azalma meylini qoruyub saxlamaqdan ibarətdir.
İİÇV/QİÇS-in yayılması hazırda kompakt xarakter daşıyır və həmin xəstəliklər xüsusilə müəyyən qruplar, yəni məhbuslar, narkomanlar, fahişələr, homoseksuallar, miqrantlar arasında yayılmışdır. Azərbaycanda İİÇV ilə Mübarizə Mərkəzinin məlumatlarına görə, 2007-cı ilin sonuna İİÇV-ə yoluxanların ümumi sayı 1379 nəfərə çatmışdır. Bununla yanaşı, həmin sahədə aparılan testlər yalnız əhalinin məhdud hissəsini əhatə etdiyi üçün bu xəstəliyə yoluxan insanların sayının qeydiyyata alınanların sayından yüksək olduğu ehtimal edilir.
Əhalinin müəyyən qrupları arasında qida çatışmazlığı, xüsusilə də qidalandırıcı mikroelementlərin çatışmazlığı mövcuddur. Belə ki, hamilə qadınlar arasında anemiya halları geniş yayılmışdır ki, bu da sonradan uşaqların sağlam inkişafına təhlükə yaradır. Rəsmi statistikaya əsasən, anemiya xəstəliyi olan hamilə qadınların xüsusi çəkisi 1990-cı ildəki 6,7%-dən 2007-ci ildə 20 %-ə çatmışdır.
Adətən, qohumlar arasında nikah nəticəsində yaranan irsi qan xəstəliyi olan talassemiya halları da son illərdə artaraq, 2002-ci ildəki 361 nəfərdən 2007-ci ildə 1267 nəfərə çatmışdır.
Bir çox hallarda qeyri-yoluxucu xəstəliklərin artması müharibə, yoxsulluq və ekoloji problemlərin yaratdığı streslə bağlı olsa da, sağlam həyat tərzinin əhəmiyyəti haqqında maarifləndirmənin gücləndirilməsi kimi qabaqlayıcı tədbirlər bu problemin həllində səmərəlidir. Bu baxımdan, ümumilikdə, əhali arasında düzgün qidalanma, gigiyena və körpələrin ana südü ilə qidalandırılmasının əhəmiyyəti, habelə alkoqol, tütün, təhlükəsiz olmayan cinsi əlaqələr, kontraseptiv vasitələr əvəzinə abortdan istifadə edilməsi və qohumlararası nikahın ziyanlı tərəfləri barəsində maarifləndirmə tədbirləri xəstəliklərin profilaktikasına müsbət təsir göstərir.
Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və qeyri-yoluxucu xəstəlikləri məhdudlaşdırmaqdan ötrü profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı, bu sahənin qarşısında duran digər mühüm məsələ əsas səhiyyə xidmətlərindən bərabər istifadə imkanlarının təmin edilməsidir. Bu, eyni zamanda, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bilavasitə bağlıdır. Dövlət səhiyyə müəssisələrində əsas xidmətlərin rəsmən pulsuz olmasına baxmayaraq, bu sahədə əməkhaqqı aşağı olduğuna görə qeyri-rəsmi ödənişlər problemi meydana çıxır. Bu isə yoxsulların səhiyyə xidmətlərindən istifadə imkanlarını azaltmış olur. Nəticədə yoxsul əhali çox zaman xəstəliklərini müalicə etmək üçün ya ənənəvi üsullara müraciət edir, ya da həkim göstərişi olmadan dərmanlar qəbul edir, bəzən isə səhiyyə xidmətlərindən istifadə etsə də, ya tam müalicə kursu keçə bilmir, ya da həkimin tövsiyə etdiyi bütün dərmanları ala bilmir. Belə vəziyyət isə onların səhhətini daha da ağırlaşdıraraq sonrakı mərhələdə müalicəni mürəkkəbləşdirir və müalicə xərclərini daha da artırır. Bu baxımdan, səhiyyə xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması bilavasitə idarəetmənin səmərəliliyinin artırılması, korrupsiya ilə mübarizə və səhiyyə sektoru işçilərinin əməkhaqlarının yüksəldilməsi məsələləri ilə sıx bağlıdır.
Xəstəxana xidmətləri üçün xərclər ana və uşaq ölümünün səviyyəsinə də təsir edir. Yoxsul ailələrdən olan qadınların doğum evlərində bu ödənişləri etmək imkanları məhdud olduğundan onlar bəzən ev şəraitində doğuşa üstünlük verirlər ki, bu da ağırlaşma halları ilə bağlı riski artırır. Doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşmasından zahı və hamilə qadınların ölümü hallarının sayı 2003-cü ilə nisbətən 2 dəfəyədək artmışdır.
Epidemiya zamanı yoxsul əhalinin müraciət etməsi və müvafiq xidmətlərlə təmin edilməsi üçün isə cəmiyyətin hər bir üzvünün fövqəladə hallar üzrə tibbi yardımdan bərabər istifadə imkanlarının təmin edilməsinin böyük əhəmiyyəti var. Buna görə də ölkədə fövqəladə hallar üzrə tibbi yardım sisteminin mövcudluğu və bununla da, yoluxucu xəstəliklərin yayılmasına nəzarətin gücləndirilməsi vacibdir.
Səhiyyə sahəsində qarşıda duran digər məsələ əhaliyə göstərilən səhiyyə xidmətlərindən istifadə imkanları ilə yanaşı, onun keyfiyyəti məsələsidir. Belə ki, ümumilikdə ölkə ərazisinin səhiyyə müəssisələri ilə, demək olar ki, əhatə olunmasına baxmayaraq, bu xidmətlərdən istifadə üçün edilən rəsmi və qeyri-rəsmi ödənişlərlə yanaşı, mövcud binaların və avadanlıqların vəziyyəti, habelə tibbi heyətin təmin etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Səhiyyə xidmətlərinin keyfiyyətindəki fərqlər şəhər və kənd yerlərində bu sahədə bərabərsizliyə şərait yaradır. Bu baxımdan, təmin edilən səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkənin bütün regionlarında yüksək səviyyəli bərabər səhiyyə xidmətlərini təmin etmək məqsədilə, bu sahəyə yönəldilən dövlət investisiyaları artırılmalıdır. Belə ki, 2007-ci ildə dövlət tərəfindən səhiyyəyə ayrılan ümumi xərclərin ÜDM-ə nisbəti 1%-dən də aşağıdır. Bu da bir sıra inkişaf etməkdə olan ölkələrdəki maliyyələşmə səviyyəsindən aşağı göstəricidir.
Səhiyyə xidmətlərinə ayrılan xərclərin artırılması ilə yanaşı cari xərclərin səmərəliliyinin təmin edilməsi də zəruridir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2008-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” səhiyyə üçün ayrılan dövlət vəsaitlərinin idarə olunmasının mövcud mexanizmlərinin dəyişdirilməsini, maliyyələşmənin yeni iqtisadi əsaslarının yaradılmasını və nəticə etibarı ilə icbari tibbi sığortanın tətbiqini nəzərdə tutur. Bu, bir tərəfdən, səhiyyəyə ayrılan dövlət vəsaitlərinin daha səmərəli və əhalinin tibbi ehtiyacları ilə daha sıx əlaqələndirilməklə istifadəsinə şərait yaradacaq, digər tərəfdən isə, səhiyyənin maliyyələşməsinin yeni mənbəyinin yaradılmasına, həmçinin bütövlükdə sistemin şəffaflığının artırılmasına təkan verəcəkdir.
Səhiyyə xidmətlərinin keyfiyyəti həm də tibb işçilərinin peşəkarlığından və təlimlərin səviyyəsindən asılıdır. Buna görə də ali təhsil müəssisələrində tibbi kadrların hazırlığı vəziyyətinə yenidən baxılması və onun təkmilləşdirilməsi zəruridir.
Səhiyyə sahəsində digər mühüm məsələ xəstəliklərin müalicəsi ilə yanaşı, onların profilaktikası üçün kifayət qədər vəsaitin ayrılmamasıdır. Bir tərəfdən, yoluxucu xəstəliklərin uşaqlar arasında yayılmasına qarşı tam peyvəndləmə işinin aparılması məqsədilə zəruri vəsait və avadanlıqlarla təmin olunma, digər tərəfdən isə, vərəm və digər yoluxucu xəstəliklər üzrə qısa kurs ərzində birbaşa müşahidə olunan müalicə (QBMM) strategiyası çərçivəsində əhali arasında maarifləndirmə işinin təşkili zəruridir.
Bu sahənin iqtisadi inkişaf sektoru (dövlət investisiyaları) ilə əlaqəsi xüsusilə təmiz su əldə etmək imkanlarının yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, bu imkanın olmaması suda həll edilən quru südlə qidalanan körpələrin həyatı üçün təhlükə yaradır (hazırda 3 aylığına qədər olan körpələrin yalnız 32,6%-i ana südü ilə qidalanır). Uşaqlar arasında xəstələnmə və ölüm halları, həm də təmiz olmayan sudan istifadə nəticəsində baş verən ishalla bağlıdır. Bu, eyni zamanda, uşaqlar arasında parazitar xəstəliklərin yayılmasına gətirib çıxaran amillərdəndir. ÜƏP-in və Səhiyyə Nazirliyinin apardığı son tədqiqatın nəticələrinə əsasən, ibtidai sinif şagirdlərinin 31%-i bağırsaq parazitlərinə yoluxmuşdur.
Yuxarıda deyilənlərə əsasən, hazırda səhiyyə sahəsinin qarşısında duran əsas məsələ profilaktik tədbirlərin gücləndirilməsi ilə yanaşı, keyfiyyətli və münasib səhiyyə xidmətlərindən bərabər istifadə imkanların təmin edilməsindən ibarətdir.
Dostları ilə paylaş: |