Keywords: Turkey, Nazim Hikmet, Aziz Nesin, Orkhan Kamal "Skull", "Come here", "Stranger girl"
dramaturgy, the embodiment of the scene.
Azərbaycan incəsənətinin inkişafında böyük rolu olan teatrlardan biri də Gəncə Dövlət Dram Teatrıdır.
Hələ XIX əsrin sonlarında (1895) Gəncədə bir qrup həvəskarlar teatr tamaşaları hazırlamağa başlamışdır.
1899-cu ildə burada “Teatr” adlanan bina həvəskar aktyorların ixtiyarına verilmişdir. Lakin, mükəmməl bir
kollektiv olmadığı üçün tez-tez həvəskar aktyor truppaları dağılır və yenisi yaradılırdı.
Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı (indiki-Gəncə Dövlət Dram Teatrı-M.Ağayeva) öz
fəaliyyətinə 1932-ci ilin dekabr ayından başlamışdı. Bundan əvvəl o, Bakıdan gələn Türk işçi teatrı kimi
fəaliyyət göstərmişdi. C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı yarandığı gündən (1932) Gəncəlilərin
maariflənməsi, teatr estetik zövqünün formalaşması üçün yeni-yeni əsərlər tamaşaya qoymuşdur. İstər yerli
müəlliflərin, istər xarici müəlliflərin əsərləri səhnələşdirilərək tamaşaçılara təqdim edilmişdir.
Bu baxımdan qardaş ölkəmiz olan Türk dramaturqu Nazim Hikmətin “Kəllə” faciəsinin həmin teatrda
tamaşası haqqında danışmağı özümüzə borc bilirik. 3 pərdədən, 12 şəkildən ibarət olan faciəni Azərbaycan
dilinə İslam İbrahimov çevirib.
Nazim Hikmət “Kəllə” faciəsində burjua cəmiyyətinin vəhşi qanunları problemini irəli sürür. Bu
problem teatrın yaradıcı heyəti tərəfindən öz çılpaqlığı ilə həllini tapır. Bu qanunların insan üzərində dəhşətli
təzyiqi iki istedadlı insanı məhv edir. Bunlardan biri doktor Dalbanezo və Şairdir.
Doktor Dalbanezonun qızı vərəm xəstəliyinə düçar olub. O, vərəm xəstəliyinin mikroblarını məhv
etmək üçün dərman tapmağa çalışır. Bu məsələ müəyyən dairələri narahat edir. Çünki insanlar xəstələnəndə,
vərəm xəstəliyindən pul qazanan, bangları dolduran sahibkarlar bunun əksini istəyirlər. Dalbanezonun apardığı
tədqiqat mətbuat tərəfindən duyulur. Radio stansiyalar, qəzetlər bu barədə məlumat yayaraq, tezliklə bu
ixtiranın hazır olacağını gözləyirlər. Dalbanezonun ixtirasını məhv etməyi qarşısına məqsəd qoymuş burjua
cəmiyyəti öz arzusuna çatır. Dalbanezonun ətrafında min hiylə quraraq onun qızını öldürür və doktoru zindana
salır, ona işgəncələr verərək zövq alırlar. Bunlara dözməyən doktor Dalbanezo məhv olur.
Mənfur burjua cəmiyyəti öz xəbis arzusuna çatır. Sonra isə onun (Dalbanezonun - M.Ağayeva)
“kəllə”sini ələ salmağa başlayırlar. Doktor Dalbanezonun “kəllə”sini ucuz qiymətə satırlar. Bəlkə o,
laboratoriyada lazım oldu deyə - sözlərindən zövq alırlar.
Burjua cəmiyyəti Şairidə məhv edir. Şairi həqiqi sənət yolundan uzaqlaşdıraraq, istedadını naşirlərin
şıltaqlığına qurban edir, bayağı şeirlər yazır, əxlaqsızlıq, pozğunluq bataqlığına yuvarlayırlar.
Hüseyn Sultanov quruluşunda 14 may 1957-ci ildə ilk tamaşası göstərilən faciənin bədii tərtibatını
Süleyman Hacıyev vermişdi. H.Sultanov tamaşada sərbəst yaradıcılıq fantaziyası üsulundan istifadə edilib.
Rejissor pyesin ifşaedici mahiyyətini kəskinləşdirmək üçün ümumi bir forma tapmağa çalışıb.
Lakin rejissorun cəhdlərinə baxmayaraq tamaşada bəzi qüsurlarda var. Etiraf etməliyik ki, həm rejissor
işində, həm aktyorların oyununda pyesin üslub xüsusiyyətlərinə formal cəhətcə əməl olunduğundan, tamaşada
hasil olan təsir xeyli səthi alınmışdı. Tənqidçi İ.Qazızadə “Təsviri və dekorativ-tətbiqi sənət məslələri”
jurnalında yazır: “Rejissor və artisrlər tərəfindən parodiya və məsxərə formasında təqdim olunan bu səhnə arzu
edilən, əslində faciəli boyalarla zəngin olan səhnə təsirini bağışlamır” (Qazızadə, 2012).
Tamaşadakı aktyor ifaları bəzi nöqsanlarına baxmayaraq uğurlu alınıb. Muxtar Avşarov Dalbanezo
rolunda doktorun kədərini, tənhalığını, köməksizliyini təsirli oynayır. Xüsusilə ölüm səhnəsi aktyorun
müvəffəqiyyəti sayılmalıdır.