Bölgənin ümumi geotermal enerji potensialı. Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal
suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır.
Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış və bu quyuların hamısında temperaturu 38-64°C olan
termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş
tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış və il ərzində 2-3 dəfə məhsul
alınmasının mümkünlüyü müəyyən edilmişdir.
Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular
açılmışdır, onların ümumi debiti 2500 m3, yer səthində temperaturu isə 72-97°C olmuşdur.
Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti
30000 m3/gün-dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir.
Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış və
25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır.
Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif
sahələrində istifadə edilməsi qənaətbəxş deyildir.
Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə və məişət-
kommunal xidməti məqsədilə qismən istifadə edilir.
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:
Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;
Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;
Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;
Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;
Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;
Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;
Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;
Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;
Respublika üzrə - 249000 m3/gün.