Üçüncülü sifilisdə selikli qişaların zədələnməsi özünü qummoz sifilid, diffuz qummoz infiltrasiya, qabarcıqlı sifilid şəklində göstərir. Anoloji olaraq dəri kimi selikli qişalardakı sifilitik səpgilər də praktiki olaraq yoluxucu deyil , lakin destruktiv səpgilər sayılır , onlar çox hallarda orqanların funksiyasının pozulmasına gətirib çıxaracaq şəkildə toxumaları dağıdırlar . Ağzın selikli qişası üçüncülü sifilisin təzahür etdiyi yeganə nahiyə ola bilər.
Selikli qişaların qummoz sifilidi– sevdiyi lokalizasiyalar: ağız boşluğu (bərk/yumşaq damaq , dil) , burun boşluğu, əsnək, udlaq (şəkil 67). Bu nahiyələrdəki düyün yaxınlıqdakı toxumalara yayılaraq qummanın inkişafının bütün mərhələlərini keçirək , ağır dağıdıcı proseslərə səbəb olur. Sərt damaq nahiyəsindəki qumma dağıldıqdan sonra yaxınlıqdakı sümük toxuması nekrozlaşır və sekvestr əmələ gəlir, sərt damağın perforasiyası inkişaf edir və ağız boşluğu ilə burun boşluğu arasında əlaqə yaranması qida qəbulunun və söz tələffüzü funksiyasının pozulması ilə nəticələnir. Burun nahiyəsindəki qumma dağıldıqda burun çəpəri və burnun ucu düşür və burun özünəməxsus forma alaraq «yəhərşəkilli» , «lornetşəkilli» və «keçişəkilli» burun adlanır . Yumşaq damağın , dilciyin və dilin zədələnməsində çapıq dəyişikliyi yumşaq damağın qısalması , dilciyin dağılması və dilin deformasiyasına gətirib çıxardır . Ağır nəticədə əsnək nahiyyəsində belə çapıq qoya bilər.