Xroniki Qastrit



Yüklə 22.2 Kb.
tarix30.11.2016
ölçüsü22.2 Kb.
Xroniki Qastrit

Mədənin selikli qişasının xroniki iltihabı olub, vaxtaşırı kəskinləşmələrlə müşaiyət olunur. Bu zaman mədənin selikli qişasında limfo-plazmositar infiltrasiya və birləşdirici toxumanın diffuz şəkildə inkişafı qeyd edilir. Bu dəyişikliklər isə son nəticədə hətta displaziyasına da gətirib çıxarır.

Xroniki qastrit nəinki mədənin, hətta bütün həzm traktının ən geniş yayılmış və ən çox rast gəlinən xəstəliyidir. Statistik məlumatlara görə bütün dünya əhalisinin təxminən yarıdan çoxunda xroniki qastrit vardır.Bu xastalik ən çox cavan və orta yaşlı, xüsusilə də kişi cinsli şəxslərdə inkişaf edir.Bəzən kəskin qastritlərdən sonra onların fəsadı kimi,bəzən isə patogen amillərin zaif intensivliklə,lakin uzun müddətli təsirləri ilə sərbəst şəkildə başlanır.Xroniki qastritin etiologiyası kəskin qastritlərdə olduğu kimi ekzogen və endogen patogen amillərlə əlaqələndirilir.Ekzogen amillar içərisində uzun müddət keyfiyyətsiz və ekoloji natəmiz qida maddələri ilə qidalanma,qida rejiminə riayət etməmək,düzgün qidalanmamaq,peşə və ya vərdişlə əlaqədar daim quru və ya kobud qidalar qəbul etmək, çox soyuq və ya isti qidalar (xüsusilə da çox soyuq su və ya qaynar çay) qabul etmək, spirtli içkilərin qəbulu və xroniki alkoqolizm, bəzi dərman preparatlarının uzun müddətli qəbulu və sairlər xüsusilə qeyd edilir.

Endogen amillərə isə mədənin selikli qişasında autoinfeksiyanın olması,orqanizmin immun sistemində autoimmun xarakterli pozğunluqlar, uzun müddətli sinir pozğunluqları, xroniki ürak-damar çatışmazlığı nəticəsində mədədə qan dövranının pozulması və durğunluq, orqanizmin xroniki autointoksikasiyası, duodeno-qastral reflyuks və s. aiddirlər.

Bu patogen amillərin xroniki qastritin inkişafındakı əsas təsir mexanizmləri onların təsiri ilə mədənin selikli qişasında fizioloji regenerasiya proseslərinin pozulmasıdır.

Xroniki qastritlərin tasnifatı onların etiologiyasına, patogenezinə, modada lokalizasiyasına, klinik aktivliyinə, klinik ağırlıq dərəcəsinə, turşuluğun pozulmasına və morfoloji xüsusiyyətlərinə görə həyata keçirilir.

I. Xroniki qastritin patogenetik təsnifatı (etio-patogenetik). Patogenezinə,yəni inkişaf mexanizminə görə xroniki qastritlərin 3 tipi ayırd edilir.

A-qastrit, B-qastrit və C-qastrit



A-qastrit autoimmun xəstəlik olub,orqanizmdə mədənin parietal vəzlərinə qarşı autoantitellərin yaranması nəticəsində inkişaf edir.A-qastrit irsi xəstəlikdir,özünü adətən uşaq yaşlarda və qoca şəxslərdə göstərir.Çox vaxt digər bəzi irsi autoimmun xəstəliklərlə yanaşıı inkişaf edir. Bütün xroniki qastritlərin təxminən 15-20%-ni təşkil edir.Belə xəstələrdə irsi-genetik pozğunluqlar nəticəsində parietal vəzlərin kanalcıq epitellərinin lipoproteidlərinə və parietal hüceyrələr tərəfindən sintez olunan qastromukoprotein maddəsinə qarşı autoantitellər sintez olunur. Autoimmun reaksiya baş verir, bununla da mədənin fundal hissəsində yerləşən parietal vəzlər zədələnir və fundal nahiyədə lokalizə olmaqla xroniki qastrit baş verir. Ona görə da buna fundal qastrir də deyilir.Parietal vəzlər zədələndikləri üçün mədə şirəsinin tərkibində xlorid turşusu azalır-hipoxlorhidriya; və yaxud da tamamilə yox olur-axlorhidriya. Ona görə də A-qastrit xroniki hipoasid qastrit hesab edilir. Belə xəstələrdə həm də B 12 defisitli anemiya (pernisioz anemiya) da inkişaf edir.Autoimmun A-qastrit mədənin xərçəngönü xəstəliklərdən hesab olunur. B-qastrit isə birincidən farqli olaraq immun mexanizmli deyildir.Bu zaman autoantitellər yaranmır.Bütün xroniki qastritlərin təxminən 80%-ni təşkil edir. B-qastrit zamanı əsas patomorfoloji dəyişikliklər mədənin pilorik hissəsində, xüsusilə də antral nahiyədə inkişaf edir. Ona görə buna antral qastrit də deyilir. Parietal vəzlər çox zədələnmədiyi üçün mədə şirəsində turşuluq azalmır, ya da çox cüzi dərəcədə aşağı düşür.

B tipli xroniki qastrit yuxarıda göstərilən müxtəlif xarakterli bütün ekzogen və endogen patogen amillərin təsiri nəticəsində meydana çıxır. Son zamanlar isə xroniki qastritin meydana çıxmasında infeksiyanın çox mühüm əhəmiyyətə malik olması aydınlaşdırılmışdır. Məlum olmuşdur ki, xroniki qastriti olan xəstələrin hamısında mədənin pilorik hissəsində selik çatının içərisində neytral mühitdə "pilorik helikobakter" adlı qram-mənfi (Gimza üsulu ilə aşkar olunur) bakteriyalar vardır.İnvazivlik xüsusiyyətinə malik olmayan bu bakteriyalar ifraz etdikləri xüsusi fermentlərin,yəni öz proteinlərinin köməkliyi ilə parietal vəzləri zədələyərək xlorid turşusunu neytrallaşdırır,özlərini makrofaqlardan qoruyur, selik qatını dəf edərək selikli qişanın örtük qatına qədər çata bilirlər. Örtük qatın silindrik epitel hüceyrələrinin membranlarını parçalayıb-dağıdır,onlarda parenximatoz hidropik distrofiya törədir, selikli qişanın membranını zədələyir, limfosit və leykositlərin emiqrasiyasına səbəb olur və beləliklə iltihab törədirlər. Digər mülahizələrə görə isə pilorik helikobakterlar mədədə bilavasitə iltihab prosesi törətmirlər. Onlar sadəcə olaraq başqa amillərin təsirindən törədilmiş kəskin qastritin sağalmasını öz patogenlik xüsusiyyətləri ilə ləngidir və bununla da prosesin xroniki şəkil almasına şərait yaradırlar.Çox ehtimal ki, pilorik helikobakterilər saprofit mikroorqanizmlər kimi əksər şəxslərdə vardır.Buna helikobakterioz deyilir.Lakin onların aktivləşməsi və parazitizmi üçün yuxarıda göstərilən ekzogen və ya endogen patogen amillərin olması tələb olunur.Hal-hazırda helikobakteriozun mədə və 12-barmaq bağırsağın xroniki xora xəstəliklərinin də inkişafında mühüm rol oynaması qeyd edilir.

C-qastrit. Buna reflyuks-qastrit də deyilir.Patogenezinə görə əslində qeyri-immun mənşəli olan B-qastritlərə aid olunsa da baş vermə mexanizmi onlardan xeyli fərqlənir. Mədə rezeksiyası cərrahiyyə əməliyyatı aparılmış şəxslərdə piloro-duodenal nahiyə olmadığı, yaxud da onun morfo-funksiyası pozulduğu üçün duodeno-qastral reflyuks (geriya qayıtma) baş verir. Bu zaman 12-barmaq bağırsaq şirəsinin tərkibində olan lizolesitin və digər öd komponentləri mədənin antral hissəsinin selikliqişasına toksiki təsir göstərərək orada xroniki iltihabi prosesə səbəb olur.Bela xəstələrin təxminən 30%-nda antral xronikiqastrit inkişaf edir.

II. Lokalizasiyasından asılı olaraq xroniki qastritlərin 3 növü ayırd edilir: fundal qastrit (A-qastrit), antral qastrit (əsasən B-qastrit) panqastrit

III. Klinik aktivlik dərəcələrindən asılı olaraq qastritlərin aktiv və qeyri-aktiv formaları vardır. Aktiv forma xəstəliyin kəskinləşmə fazasına, qeyriaktiv forma isə onun remissiya dövrünə müvafiqdir.

Ağırlıq dərəcələrinə görə isə yüngül, orta və ağır dərəcəli xroniki qastritlər ayırd edilir.

Morfoloji xüsusiyyətlərindən asılı olaraq xroniki qastritlərin aşağıdaki 3 əsas morfoloji formaları ayırd edilir:

1. Xroniki sathi qastrit.

2.Xroniki atrofik qastrit

3.Xroniki hipertrofik qastrit

Bunlardan başqa xroniki qastritlərin çox az hallarda rast gəlinən bəzi növləri də vardır.Belə nadir növ xroniki qastritlərə qranulomatoz, polipoz,kistoz,eozınofil və s. qastritlər aiddir.

Morfoloji olaraq xroniki qastrit mədənin selikli qişasında lirnfo-leykositar elementlərlə infiltrasiya,birləşdirici toxumanın inkişafı (sklerozlaşma) strukturlarda və digər epitellərdə distrofik və nekrobiotik,nəhayət atrofik dəyişikliklərlə xarakterizə olunur.Bütün bunlar isə mədənin selikli qişasında normal regenerasiya prosesinin pozulmasına və müxtəlif xarakterli patoloji regenerasiyaların, xüsusilə də metaplaziya və displaziyanın meydana çıxması ilə nəticələnir.



Xroniki səthi qastrit zamanı selikli qişa demək olar ki, adi qalınlıqda olur.Əsas morfoloji dəyişikliklər selikli qişanın təxminən üst 1/3-ndəki səthi təbəqələrində,yəni örtük epitelləri və xüsusi membranı səviyyəsində baş verir. Örtük epitellərində distrofik dəyişikliklər, bəzən isə kubabənzər epitellərə, yaxud da hündür prizmatik epitellərə metaplaziya qeyd edilir. Kambial hüceyrələrin daha yuxarı-səthə yaxın hissələrə yerdəyişməsi baş verir.Selikli qişanın xususi qatı limfo-leykositar elementlərlə infiltrasiya olunur, ödemli olur.Adətən qeyri-aktiv-remissiya fazasında olan xroniki səthi qastrit bəzən kəskinləşərək aktiv fazaya keçə bilir.Bu zaman selikli qişada ödem, doluqanlılıq,limfo-leykositar infiltrasiyanın intensivləşməsi və neytrofillərin də diapedezi baş verir.Xroniki səthi qastrit proqressivləşmədən uzun illər eyni vəziyyətdə qala və hətta geri dönərək sağala da bilir.

Xroniki atrofik qastrit. Bu zaman selikli qişanın özündə və onun vəzli strukturlarında atrofiyalar baş verir, bu nahiyələrdə güdü sklerozlaşmalar meydana çıxır. Selikli qişa nazikləşir və sanki hamarlaşır, selik ifrazı kəskin şəkildə azalır.Selikli qişanın xüsusi qatında diffuz şəkildə limfo-leykositar infiltrasiya,kəskinləşmə dövründə isə neytrofil qarışıqlı infiltrasiya qeyd edilir. Bütün təbəqələrdə ayrı-ayrı strukturlar arasında və ya bu struktur elementlərin (epitellarin, vəzləri) yerində müxtəlif intensivlikdə birləşdirici toxumanın inkişafı (skleroz) görünür. Atrofik dəyişikliklər gücləndikcə onların yerində skleroz da intensivləşir.

Xroniki atrofik qastrit zamanı istər səthi örtük epitelində,istərsə də vəz epitellərində çoxsaylı metaplaziyalar, xüsusilə də "enteralizasiya” baş verir. Bazan bu metaplaziyalar displaziya səviyyəsinə qədər də dərinləşə bilirlər.Ona görə də xroniki atrofik qastrit mədənin əsas xərçəngönü xəstəliklərindən hesab olunur.



Xroniki hipertrofik qastrit xroniki qastritlər üçün xarakter hesab olunan bütün iltihabi və digər morfoloji dəyişiklikləri özündə əks etdirmədiyi üçün buna son zamanlar hipertrofik qastropatiya deyilir və ümumiyyətlə xroniki qastrit hesab edilmir. Hipertrofik qastropatiyalar etiologiyasına görə birincili və ikincili ola bilirlər. Birincili və ya idiopatik hipertrofik qastropatiyaların etiologiyası dəqiqləşdirilməmişdir.Ən çox kişi cinsli, orta və yaşlı şəxslərdə rast gəlinən ikincili hipertrofik qastropatiyalar isə az rast gəlinir.Əsasən qastrinomalar və Zollinger-Ellison sindromu zamanı ikincili olaraq inkişaf edir.Hipertrofik qastropatiya zamanı selikli qişa hipertrofiyaya uğrayaraq qalınlaşır,böyük və giqant büküşlər əmələ gəlir.Əvvəllər bütün bunların iltihabi proliferasiya nəticəsində baş verməsi hesab olunurdu. Lakin son zamanlar aydın olmuşdur ki, bu qalınlaşma və hipertrofik dəyişikliklər selikli qişanın örtük epitellərinin, yaxud da vəz epitellərinin hiperplaziyası - artıb çoxalması hesabına meydana çıxır. Ona görə də xroniki hipertrofik qastritə hipertrofik qastropatiya adı verilmişdir. Hipertrofik qastropatiya zamanı selikli qişanın stromasında bu və ya digər dərəcədə limfo-leykositar elementlərin infiltrasiyası və sklerotik dəyişikliklər də qeyd edilir.

Bəzi hipertrofık qastropatiya hallarında bu dəyişikliklər həddən artıq qabarıq şəkildə inkişaf edir və selikli qişanın büküşləri giqant şəkildə böyüyür. Buna giqant hipertrofik qastrit va ya Menetrie xəstəliyi deyilir.Bu zaman selikli qişada morfoloji dəyişikliklərin-epitel hüceyrələrinin hiperplaziyasının,vəzlərdə və ya interstitsiyada baş verən dəyişikliklərin üstünlük təşkil etməsindən asılı olaraq Menetrie xəstəliyinin 3 variantı ayırd edilir: proliferativ, adenomatoz ve interstitsial.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə