D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   18   19   20   21   22   23   24   25   26

Pedaqogika, Fəlsəfə, Psixologiya

276
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«İgid bəy, öyünərsə, ər öyünsün, - aslandır!
Lovğalanmaq arvad üçün nöqsandır.
Öyünməklə avraddan kişi olmaz…
Bir Allah bilir ki, mən sənə sirdaşam, 
yaram, qıyma mənə» (1; 258).
Dəli Domrulun xatununun sədaqəti isə dastanın ən mühüm dəyə-
ri kimi qiymətləndirilə bilər. Çıxılmaz vəziyyətdə həyatını qurban 
verən bu qadın bir vəfa, sadiq könül rəmzinə çevrilir və hətta boyun 
süjetində Allahın yüksək dəyərləndirdiyi varlıq kimi üzə çıxarılır. O 
deyir:
Can nədir ki, sənə qıya bilməmişlər?
Yerlər şahid olsun, göy şahid olsun,
Qüdrətli Allah şahid olsun, qurbanam sənə,
Mənim canım qurban olsun sənin canına! (1; 247).
«Kitabi-Dədə  Qorqud»da  ailə  tərbiyəsinin  mərkəzində  duran 
əsas  obraz  kimi  qadın  davranışı  böyük  pedaqoji  və  didaktik  əhə-
miyyət daşıyır. Məhz bu igid, ədalətli qadınların övladları – Buğac, 
Uruz, İmran, Əyrək və Səyrək, Qanturalı obrazları ana, ata hakim 
dairələrə məxsus insanlara münasibətdə seçilən surətlər kimi müsbət 
qəhrəman obrazları olaraq dəyərlənirlər.
«Kitabi-Dədə  Qorqud»da  ailədaxili  davranışdan  danışdıqda 
ata-oğul, ana-oğul, valideynlərə münasibət, ən və arvad, qohumlarla 
münasibətləri unutmaq olmaz. Salur Qazan və Uruz, Dirsə xan və 
Buğac, Bəkil və İmran, Qazılıq qoca və Yeynək, Duxa qoca və Dəli 
Domrul, Baybörə və Bamsı Beyrək, Aruz və Basat, Aruz və Təpə-
göz, Uşun Qoca və Səyrək münasibətlərində ata və oğul, Səyrək və 
Əyrək, Beyrək və bacısı, Basat və Təpəgöz münasibətlərində qar-
daşlar, Qazan və anası, Uruz və Burla xatun, Buğac və anası, Aruz və 

277
Qazan, Qazan və Qaragünə, Qazan və Bayandur xan münasibətlərin-
də gənc nəsil və yaşlı nəsil arasındakı milli-mənəvi bağlılıq dastanda 
çox ehtiyatla və qayğı ilə dəyərləndirilmişdir. Oxucunun və dinləyi-
cinin mənəvi və milli tərbiyəsində rol oynayan bu mühüm davranış 
qaydaları qəhrəmanlıq dastanlarımızda nəinki yad edilir, hətta qaba-
rıq şəkildə diqqət önünə gətirilir.
Dastanın bədii mətni ailədaxili münaqişələrin yaranmasının sə-
bəbi kimi əsasən insanlar arasında rəftar probleminin qabardılma-
sı əsasında baş verməsini əsaslandırır. Belə ki, davranışlarda doğru 
olmayan rəftar qaydalarının üzə çıxmasının labüdlüyü nəticəsində 
ailələrdə bu və ya digər ailədaxili problemlərin peyda olmasına zə-
min yaradır. Məsələn, Dirsə xan ailəsinə qarşı həssas olsa da, kənar 
şəxslərin onun ailə üzvlərinə qarşı çıxışlarını dəstəkləyir və bunun 
nəticəsi olaraq oğlu Buğacdan şübhələnir və onun ölümünə razılıq 
verir. Dastan müəllifi ailəyə kənar şəxslərin müdaxiləsini tamamilə 
inkar edərək ailədaxili münasibətlərdə məhz valideynlərin və övlad-
ların birliyinə əsaslanan davranış qaydalarına riayət edilməsini doğ-
ru yol kimi təsdiqləyir. Nəticədə Dirsə xan oğlu Buğac anasının səyi 
və müqəddəs Xızır peyğəmbərin müdaxiləsilə həyata qaytarılır və 
bununla da ailənin dayaqlarının ailə üzvləri olduğu təsdiqlənir. Bun-
dan əlavə biz ailədaxili davranışın digər bir misalda Basat-Təpəgöz 
süjetində  izləyə  bilirik. Aruz  qocanın  doğma  oğlu  Basat  oğulluğa 
götürülmüş Təpəgözü öldürür. Burada göstərilir ki, Oğuzun qolu qü-
vvətli, igid oğulları Təpəgözün əlində məğlub oldu. Dözən oğlu Alp 
Rüstəm həlak oldu. Uşun Qoca oğlu kimi pəhləvan onun əlində öldü; 
onun  iki  qardaşı  da  Təpəgözün  əlində  pak  canını  tapşırdı.  Dəmir 
donlu Mamaq onun əlində məhv oldu. Bığı qanlı Bükdüz Əmən də 
Təpəgöz tərəfindən məğlub edildi. Təpəgöz ağ saqqallı Aruz qocaya 
qan qusdurdu. Qıyan Səlcikin ödü yarıldı. İgidlərin başçısı Qazana 
elə zərbə vurdu, dünya başına daraldı» (1; 267). Lakin bununla belə 
Təpəgözü Basat məğlub edə bilir, hiylə və tədbirlə ona qalib gəlir. 
Dastanda ailə problemi məhz ailə üzvlərinin məqsədyönlü müdrik 
Pedaqogika, Fəlsəfə, Psixologiya

278
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qərarı ilə həll olunması prinsipinə əsaslanır, bu isə böyük psixoloji 
və tərbiyəvi əhəmiyyət daşıyır.
Ailədaxili davranış qaydaları Oğuz elində sədaqətli, vəfalı, igid 
Oğuz  qadınlarının  timsalında  xüsusi  məqamları  ilə  seçilir.  Qadın 
ailənin mərkəzində dayanır, onunla hesablaşırlar, onunla məsləhət-
ləşirlər,  Oğuz  igidləri  özlərinə  xanım  seçdikdə  xüsusi  müdriklik 
göstərirlər və ailə davranışlarında onlara hörmətlə yanaşırlar. Etnik 
psixologiya  və  şəxsiyyət  məsələsinin  dastanda  qadın  davranışı  ilə 
təmsil  olunduğu  məqamlarda  aşağıdakı  misallarla  rastlaşa  bilərik. 
Banuçiçək Bamsı Beyrəyə sədaqətini onun ölüm xəbəri gələnə qə-
dər on altı il ərzində qorudu, qardaşı Əyrəyin ardınca uzaq yola çıx-
maq istəyən Səyrəyin nişanlısı onun bu çətin yola çıxmasını dəhşətlə 
qəbul edərək öz sədaqətini qayınana və qayınata qarşısına cəsarətlə 
çıxaraq onları məsələdən hali etməyi ilə sübut edir: «Az öz-özünə 
deyir:  «mənə  qədəmi  uğursuz  gəlin  deyincə,  utanmaz-arsız  gəlin 
desinlər. Qayınatama, qayınanama xəbər verim gərək», - söyləmiş 
(1; 287). Dəli Domrulun xatunu öz canını tərəddüd etmədən öz hə-
yat  yoldaşına  qurban  etməsilə  Oğuz  elində  ailə  institutunun  möh-
kəm təmələ malik olduğunu nümayiş etdirir. Davranış qaydalarının 
ailələrdə sabit və möhkəm zəmin üzərində qorunduğunu müşahidə 
edirik.
Əxlaq «Kitabi-Dədə Qorqud» qəhrəmanlarının bütövlükdə das-
tanda əksini tapan Oğuz xalqının davranış və rəftarlarında, bir-biri 
və digərləri ilə münasibətlərində əsaslandıqları prinsiplər məcmusu 
şəklində üzə çıxır. Oğuz əxlaqı dedikdə onun məzmununda aşağıda-
kılar dayanır:
1. Müqəddəslərə münasibətdə əxlaqi dəyərlərin xüsusi qiymət-
ləndirilməsinin şahidi oluruq. Burada Dədə Qorquda xalqın xüsusi 
rəğbəti mərkəzi mövqedə dayanır: «O kişi oğuzların kamil bilicisi 
idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Al-
lah onun könlünə ilham verirdi». (1; 172) Ona qarşı edilən hər han-
sı hörmətsizlik Allah tərəfindən qəbuledilməz günah hesab edilirdi 

279
və bunun əyani təsvirini Dəli Qarcarla Dədə Qorqud münasibətində 
müşahidə  edirik:  «Dəli  bəy  Dədəni  bir  anda  vurmaq  istədi.  Dədə 
Qorqud dedi: «Vursan, əlin qurusun!» Allahın əmri ilə Dəli Qarcarın 
əli yuxarıdan asılı qaldı. Dədə Qorqud vilayətin ruhani ağası olduğu 
üçün diləyi qəbul olundu» (1; 207).
Davranış  qaydalarını  nizamlayan  müqəddəslik  kultu  dastanın 
mətnində  dəfələrlə  təkrarlanır,  oğuz  cəmiyyətinin  mənəvi-mədəni 
həyatının tənzimlənməsini təmin edir. Məsələn, Allah, Tanrı müqəd-
dəsliyi bunlar içərisində ən mühüm mövqe tutur.
Allah-Allah deməyincə işlər düzəlməz,
Qadir Allah verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz. 
Ölən adam dirilməz, çıxan can geri gəlməz…
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni tanrı sevməz (1; 172).
Dəli Domrulun başına gələn qəribə əhvalatla Oğuz elinin qədim 
Tanrı ideyasının əks-sədası dastanda yaşamaqla əxlaq və davranış 
qaydalarının dərin və qədim, möhkəm təmələ malik olduğunu əks 
etdirir.  Əzrayılla  Domrulun  söhbətində  bu  əxlaq  normaları  aydın-
laşdırılır: «Əzrayıl deyir: «Ay dəli axmaq, mənə nə yalvarırsan, Al-
lah-taalaya yalvar. Mən buyruq quluyam». Dəli Domrul deyir: «Bəs 
can verən, can alan da Allahdırmı?» «Bəli, odur!» dedi. Dəli Domrul 
burada soylamış, görək xanım, nə soylamışdır:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən.
Gözəl Tanrı!
Neçə cahillər səni
Göydə arar, yerdə istər
Pedaqogika, Fəlsəfə, Psixologiya

280
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Sən möminlər könlündəsən.
Sən böyüksən, qüdrətlisən,
Əbədi sirr sahibisən.
Canımı alsan, özün al,
Qoyma, Əzrayıl alsın!» (1; 243).
2. Oğuz xalqının əxlaqında, onun davranışında yasaqlar, qada-
ğalar xüsusi yer tutur. Yaxşı və yamanlıq anlayışları dastanın mət-
nində xüsusilə vurğulanır və davranış qaydalarını tənzimləyən mü-
hüm məqamları şərtləndirir. Əxlaq daxilində əsaslandırılan yasaq və 
qəbul edilən cəhətlər davranışa, onun doğru və yanlışlığına qiymət 
verməyə xidmət edir. Təsadüfi deyil ki, «Kitabi-Dədə Qorqud» mət-
nində atalar sözlərinə geniş yer verilmişdir. Məsələn, «Əski pambıq 
bez olmaz, qarı düşmən dost olmaz», «Qaravaşa don geydirsən də, 
qadın olmaz», «Lopa-lopa qarlar yağsa, yaza qalmaz», «Kül təpəcik 
olmaz», «Qız anadan görməyincə öyüd almaz», «Ata malından nə 
fayda, başda ağıl olmasa» və s. (1; 172-173).
Yasaqlar dastanda müxtəlif məqamlarda xüsusi keyfiyyətləri ilə 
üzə  çıxır,  buraya  oğulun  ataya  qarşı  itaətsizlik  göstərməsinə  qarşı 
yasaqlar, yalın söz danışmaq yasağı, təkbaşına qərar qəbul etmə ya-
sağı, nişanlı qızın qayınata və qayınanaya və nişanlı oğlana görün-
məsi yasağı etik normalar hesab edilirdi.
3)  Oğuz  əxlaqında  and  içmə  və  verilən  anda  sadiqlik  namus 
məsələsi ilə bərabər tutulurdu. Bu zaman nəyin bahasına olursa-ol-
sun  andın  yerinə  yetirilməsi  etik-əxlaqi  norma  kimi  mütləq  rola 
malik idi. Andlar Oğuz elində müqəddəslik zirvəsindədir. Dastanda 
Bamsı Beyrəyin təsirli bir andını oxuyuruq:
Mən Qazanın nemətini çox yemişəm,
bilməzsəm, gözümü tutsun!
Qaracıqda Qazlıq atma çox minmişəm,
bilməzsən, tabutum olsun!

281
Yaxşı qaftanlarını çox geymişəm,
bilməzsəm, kəfənim olsun!
Böyük, geniş otağına çox girmişəm.
bilməzsəm, zindanım olsun!
Mən Qazana dönük çıxmaram, qəti bilin! (1, 305).
 
Təkur bəyləri tərəfindən əsir aparılan Qazan xan həqiqət nə qə-
dər əlverişsiz olsa da ondan qaçmayaraq and belə içmək cəsarətində 
olan bəylərdən idi. «Kafirlər ona dedilər: «And iç ki, bizim elimizə 
düşmənçiliyə gəlməyəcəksən.» Qazan dedi: «Vallah, billah, doğru 
yolu görürkən əyri yoldan gəlmərəm!» Dedilər: «Vallah, Qazan yax-
şı and içdi.» (1, 294)
Səyrəl qardaşı Əyrəyin ardınca düşmən elinə getməyi və onu xi-
las  etmək  qərarına  gəldiyi  andan  məcburən  evləndirilməsinə  bax-
mayaraq  ağır  bir  and  içir,  o,  xanımına  deyir:  «Qardaşımın  üzünü 
görməyincə, ölmüşsə, qanını almayınca muradıma çatsam, qoy qı-
lıncımla doğranım, oxuma sancılım, oğlum doğulmasın, doğularsa 
on yaşına çatmasın!» (1, 287).
And içmənin digər forması da qılınc altından keçirmədir. Beyrək 
ona çox pisliklər etmiş Yalançı oğlu Yalıncıqın günahlarını bağışla-
yaraq onu qılıncının altından keçirməklə and içir ki, qisas almaya-
caq.
«Kitabi-Dədə  Qorqud»un  davranış  psixologiyası  baxımından 
təqdim  etdiyi  and  prinsipləri  Oğuz  cəmiyyətinin  daxili  və  sabit 
dəyərlər sistemində həlledici rola malik idi. Məhz and içməklə in-
sanlar arasında münasibətlərin aydınlaşdırılması və cəmiyyətin tər-
biyə edilməsi mühüm ictimai-sosial amil kimi diqqəti cəlb edir.
XII əsrə qədər pedaqoji təsəvvürlər, cəmiyyətin tərbiyəsi aspek-
tindən üzə çıxan əsas həlledici məqamlar «Dədə Qorqud» kitabın-
da təsadüfi hallar deyil. Qafqaz regionunun, Azərbaycan məkanının 
ictimai,  mədəni,  mənəvi  və  milli  adət-ənənələrinə  söykənərək  ya-
ranmışdır. Onların kökləri qədim nağıl, rəvayət və əfsanələrə aparıb 
Pedaqogika, Fəlsəfə, Psixologiya

282
DƏDƏ QORQUD ARAŞDIRMALARI
çıxarır. Məhz buna görə də «Kitabi-Dədə Qorqud»u tədqiq edərkən 
və bu abidədə davranış tərbiyəsinin spesifikasını araşdırarkən folk-
lor nümunələrinə müraciət edilməlidir. Eposla nağıl arasındakı təsir-
ləri aşağıdakı mahiyyətdə müşahidə etmək mümkündür:
1) Dastanda möcüzəli şəkildə dünyaya gəlmə məqamları nağıl, 
əfsanə motivlərinə əsaslanır. Amma bu möcüzə cəmiyyət daxilində 
insanların təkcə ilahi qüvvəyə inamına söykənmir, həm də xeyirxah 
davranışa və əmələ görə mükafat veriləcəyinə inamı təsdiqləyir. Bu 
isə böyük tərbiyəedici məzmun daşıyır. Dirsə xan xatununun təklifi 
ilə böyük ziyafət məclisi qurur. Xatun ona belə bir məsləhət görür:
Ay Dirsə xan, mənə qəzəblənmə!
İnciyib acı sözlər söyləmə!
Yerindən qalx, ayağa dur,
Yer üzündə böyük çadır qur!
Ayğır, buğra, qoç qırdır!
İç Oğuzun, Daş Oğuzun bəylərini üstünə yığ!
Ac görsən, doydur; çılpaq görsən, geyindir!
Borclunu borcundan qurtar!
Təpə kimi ət yığ, göl kimi qımız sağdır!
Böyük şadlıq məclisi qur, Allahdan arzunu dilə!
Bəlkə bir ağzı dualının alqışı ilə
Tanrı bizə bir yetkin övlad verə, - dedi (1, 178).
Xatunun sözlərindən bəlli olur ki, insanlarla yaxşı davranma ilahi 
mahiyyət daşıyır və bu məqamda dastan etikasına uyğun biz maraqlı 
psixoloji cəhətləri görmüş oluruq. Dua ilə dünyaya gələn Buğac ata 
qəzəbi ilə ölümə məhkum olur, Xızır vasitəsilə isə ölümdən qurtu-
lur. Nağıl motivləri ilə səsləşən bu cəhətlər insanların cəmiyyətdə 
mövqelərinin dərkinə və görməli olmalı işləri haqqında sosial tələblə 
nizamlanır. Mistik dünyaya gəlmə Dirsə xanın davranışlarında üzə 
çıxan mənfilikləri dəf etmir, əksinə bir daha cəmiyyətdə hökm sürən 

283
qeyri-kafi hərəkətlərin aradan qaldırılması məsələlərini aktuallaşdı-
rır. «Kitabi-Dədə Qorqud» bu baxımdan etika normalarının və dav-
ranış təfəkkürünün maraqlı konsepsiyalarını təbliğ edir.
Digər bir boyda Bamsı Beyrəyin dünyaya gəlməsi də bəylərin 
arzu və duası ilə həyata keçir. Lakin onun da başına gələn bir sıra 
çətinliklər, onun tənhalığı və darda qalması kimi faktlar ictimai ma-
hiyyət daşıyır. Möcüzəli doğuluş heç də ilahi dayaq əldə etməyə əsas 
vermir  və  bu  ideya  dastan  boyu  dəfələrlə  təkrarlanır.  Cəmiyyətdə 
hökm  sürən  qanunlar  və  etik  davranış  normaları  dara  düşmüş  hər 
hansı Oğuz igidinin nə qədər cəsarətli və dəliqanlı olmasından ası-
lı  olmayaraq  ya  qardaşı,  ya  da  dostu  tərəfindən  qurtarılması  kimi 
mənəvi ideyaya inamı yaşadırdı. Buna görə də Beyrəyin qardaşı ol-
madığına görə də, onun sirdaşı və dostu Qazan xan axtarışları aparır, 
Beyrəyin ölüm xəbəri gələnədək bu axtarış davam etmişdir. Oğuz 
elinin davranış qaydaları onun daxildən tənzimlənmə prinsiplərini 
müəyyən edirdi.
Digər bir boyda Təpəgözün mistik yolla dünyaya gəlməsinin şa-
hidi  oluruq.  Lakin  bu  alqış  və  dua  vasitəsilə  olmur,  səhv  və  yan-
lış davranış nəticəsində baş verir və nəticədə Oğuz elinə fəlakət üz 
verir. Nağıl motivi və obrazları əsasında təşəkkül tapan bu əhvalat 
Oğuz elinin nümayəndəsi olan Qonur Qoca Sarı çobanın etikadan 
kənar hərəkətləri böyük el dərdinə gətirib çıxarır. İlahi doğuluş bu 
zaman günahla müşayiət edildiyindən Oğuz cəmiyyətinin davranış 
qaydalarından uzaq idi. Lakin Təpəgözün Aruzun tərəfindən götü-
rülüb oğul kimi böyüdülməsini təsvir edən dastançı belə bir halın 
mərhəmət hissinə güc gəlmədiyini ifadə edirdi.
Oğuz təfəkküründə davranış mədəniyyəti ümummilli mahiyyət 
daşıyır,  onun  bu  və  ya  digər  əlaməti  bütün  Oğuz  elində  eyni  sə-
viyyədə dərk olunub, qəbul edilir. «Kitabi-Dədə Qorqud»un təhlili 
göstərir ki, orada təsvir edilən əsas etnik biliklər özünü gözəl dərk 
edən və qiymətləndirən vahid bir xalqa məxsusdur. Burada qan qo-
humluğu mənəvi yaxınlığı mənəvi-etnik dəyərlərə üstün gələn əsas 
Pedaqogika, Fəlsəfə, Psixologiya

284
DƏDƏ QORQUD ARAŞDIRMALARI
cəhətlərdən sayılmır. Məsələn, Salur Qazan dostu Beyrəyin qisasını 
dayısından alır.
Oğuzlarda rəiyyət və ağa münasibətləri də səmimi və milli xüsu-
siyyətlərlə zənginliyə malikdir. Belə ki, rəiyyətin parlaq nümayən-
dəsi olan Qaraca çoban və Qazan xan münasibətlərində dövlətçiliyin 
dərki və sabit qanunauyğunluğu diqqəti cəlb etsə də, çobanın öz ağa-
sına sədaqəti, etimadı onların bir-birinə hörmətini təmin edir. Davra-
nışlarında hər biri özünü, öz statusunu ifadə etmədən böyük əzəmətli 
Oğuz xarakterinə sadiqliyi təmsil edirlər. Hər ikisi igid, qorxmaz və 
müstəqildirlər. Qaraca çoban və Qazan xan titul və mənsəblə bir-bi-
rindən uzaq məsafələrdə yerləşmirlər. Çünki onların mənəviyyatında 
vahid Oğuz davranış qaydaları hökm sürür. Çoban Qazana söyləyir:
Qonur atın mənə ver!
Altmış tutamlıq nizəni mənə ver!
At  o böyük qalxanını, mənə ver!
Böyük, iti, polad qılıncını mənə ver!
Oxqabından səksən oxunu mənə ver!
Ağ tozluca tutacaqlı bərk yayını mənə ver!
Gedim kafirin qolundakı şahinini öldürüm.
Paltarının qolu ilə alnımın qanını silim.
Ölərsəm, qoy sənin uğrunda mən ölüm!
Allah qoyarsa, evini mən xilas edim (1, 194).
«Kitabi-Dədə Qorqud» abidəsi davranış və rəftar qaydaları eti-
barilə dərin pedaqoci, tərbiyəvi mahiyyət daşıyır. Milli-mənəvi xa-
rakterin əksində və formalaşdırılmasında əvəzsiz rola malikdir. Tə-
sadüfi deyil ki, qədim «Oğuznamə» motivləri və süjetləri əsasında 
boy-boy təşkil edilən, bəzi əhvalatların yeni-yeni versiyalar halın-
da yenidən işlənilən, məsələn, «Basatın Təpəgözü öldürdüyü boy», 
«Bamsı Beyrək boyu» kimi boylar, «Oğuznamə» obrazlarının geniş 

285
və əhatəli açıqlandığı, diqqət önünə gətirildiyi bu abidə «kitab» ad-
lanır. Məzmununda folklorun müxtəlif janrlarını müşahidə etsək də, 
«Kitabi-Dədə Qorqud» məhz Oğuz cəmiyyətinin formalaşdırılması-
na yönəlmiş estetik və etik davranışlar məcmuəsidir. Burada həyat 
hadisələri  fonunda  təkrarlanan  bu  və  ya  digər  davranış  normaları 
xalqa təkrar-təkrar aşılanır, cəmiyyətin məqsədyönlü tərbiyə işlərin-
də aparıcı mövqe tutması ilə təbliğ olunur.
Pedaqogika elminin tədqiqatları üçün geniş meydan açan «Dədə 
Qorqud» kitabi nəinki yarandığı və qələmə alındığı ilkin orta əsrlər 
və təkrarən tərcümə edildiyi intibah dövrü abidəsidir, eyni zaman-
da  müasir Azərbaycan  cəmiyyətinin  özünüdərk  və  psixoloji  milli 
özünütərbiyə işində mühüm əhəmiyyət kəsb edir. Gənc nəslin sosial 
mühitdə milli dəyərləri qorumaqla uyğunlaşması və şəxsiyyətin for-
malaşması kimi pedaqoji məqsədlərin həyata keçirilməsi üçün tarixi 
ədəbi-bədii abidələrin rolu həlledicidir. Buna görə də, «Kitabi-Dədə 
Qorqud»  abidəsində  rast  gəlinən  tərbiyəvi  məqamları  ümumiləş-
dirərək aşağıdakıları göstərmək mümkündür:
1) Dastanda ictimai münasibətlərin yaranması istiqamətində bir 
neçə  əlamətdar  xüsusiyyətlər  gözə  dəyir.  Burada  dövlət  daxilin-
də bəylərin, xanların bir-birinə münasibətləri, onların sülh yolu ilə 
problemləri həll etmə tədbirləri ictimai-siyasi davranış qaydalarını 
üzə  çıxarmış  olur.  Buraya  «Dirsə  xan  oğlu  Buğac  boyu»nu,  «Bə-
kil oğlu İmran boyu»nu, «İç Oğuza Daş Oğuzun dönük çıxması və 
Beyrəyin  öldürüldüyü  boy»u  misal  gətirmək  olar.  Adları  çəkilən 
boylarda bir sıra dövlət əhəmiyyətli ixtilaflar üzə çıxmışdır. Lakin 
xanlar düzgün siyasi davranış qaydaları ilə silahlandıqlarından döv-
lət daxilində qiyama, mənfi halların yaranmasına səbəb olmadan bu 
ixtilafları aradan qaldıra bilirlər.
2) Dastanda ailə münasibətləri, ailədaxili münaqişələr və davra-
nış normaları geniş və əhatəli əks olunmuşdur.
3) Dastanda düşmənlə davranma etnik psixologiyanın möhkəm 
Pedaqogika, Fəlsəfə, Psixologiya

286
DƏDƏ QORQUD ARAŞDIRMALARI
və sağlam idraka söykəndiyini üzə çıxarır. Heç bir Oğuz bəyi və xanı 
onların övladları, xanımları kafir və düşmənlərdən qorxmur, onlara 
münasibətdə ayıq-sayıqlıq göstərir və öz milli xarakterinin təmsilçi-
si kimi dönməz, mətin və namuslu hərəkətlərilə seçilirlər. Davranış-
larında düşmənə mənəvi daxili güclə qələbə çalırlar.
4)  «Kitabi-Dədə  Qorqud»  dastanları  adət-ənənə,  toy,  nişan, 
göbəkkəsmə  nişanı,  qonaqlıq  vermə  mədəniyyəti  və  s.  kimi  milli 
dəyələri təbliğ edir. Burada qonaqpərvərlik duyğularının səmimiliyi 
qabarıq şəkildə əhatə olunubdur.
5)  Dastanın  dini,  mifoloji  və  estetik-bədii  qatları  bir-birilə  sıx 
əlaqəli şəkildə işlənildiyindən Oğuz cəmiyyətinin mənəvi dünyası-
nın tarixi köklərinin daha qədim və daha mükəmməl şəkildə möv-
cudluğuna bir sübutdur.
6) Pedaqoji dəyərinə görə bu abidə müasir dövrdə də cəmiyyəti-
mizin tərbiyəsində xidmət göstərmək imkanlarını tükətməmişdir və 
əksinə müasir şəraitdə millətin tənzimlənməsi, davranışının məqsəd-
yönlü nizamlanması üçün mühüm məna kəsb edir.
“Kitabi-Dədə Qorqud” nəinki folklorumuzun misilsiz incisidir, 
həm  də  pedaqogika  elmimizin  zəngin  elmi  tədqiqat  obyekti  kimi 
əvəzsiz dəyərə malikdir. Tərbiyə işində, dəyərli və zəngin materiallar 
əks  etdirməklə  milli-mənəvi  dünyagörüşünün  inkişafına  istiqamət 
vermək üçün lazımi əhəmiyyəti ilə seçildiyindən müasir həyatımız-
da inkaredilməz rola malikdir.
Ədəbiyyat
1. Kitabi-Dədə Qorqud. Bakı, «Öndər» nəşriyyatı, 2004, 376 s.
2. Kitabi-Dədə Qorqud. Ensiklopedik lüğət. Bakı, «Öndər» nəşriyyatı, 2004, 
368 s.
3. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı, «Nurlan», 2007, 464 s.
4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991
5. Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası. Bakı, 1993

287
6. İsmixanov M.A. Pedaqogikanın əsasları. Bakı, 2002
SUMMARY 
Salıma Mamedova
The place of behavior and treatment in the Turkic Pedagogical thou-
ghts before XII century which were reflected in “Kitabi Dede Korkut”
“Kitabi-Dede Korkut” is a valuable heroic epos of Azerbaijani nation. This 
article was devoted to researching of the rules of behavior and up-bringing of 
Oghuz youths and defined pedagogical thoughts before XII century, on the basis 
of examples from “Kitabi-Dede Korkut” 
РЕЗЮМЕ
Салима Мамедова 
Место правил поведения и обращений в тюркской педагогической 
мысли до ХII века, отраженные в “Книге-моего Деда Коркуда”
“Книге-моего Деда Коркуда” является ценнейшем героическим эпосом 
Азербайджанского народа. Данная статья посвящена исследованию правил 
поведения  воспитания  огузской  молодежи  и  выявляет  педагогические 
соображения до ХII века, на основе примеров из эпоса.
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin