Azərbaycan - mən qəhr olum, sən yaşa.
Sən dirisən, demək oğlun diridi.
Can istəsən kim verməsə birbaşa,
Demək, o şəxs şərəfsizin biridi.
Babaşın bu cəfəngiyatını oxuyanda artist xəyalən Əylisi küçə-küçə, ev-ev dolaşdı. İstazınadan (Astvasduna) Vuraqırda - Vardaketə qədər keçib getdi, məqaləni oxuyub bitirəndə isə, nədənsə ağlına gəldi ki, o bir daha Əylisi görməyəcək, Əylisin bağlarına, küçələrinə ömürlük həsrət qalacaq.
Gözünün qabağında Əylisdə anasının müsəlman qəbristanlığındakı tənha məzarı canlandı. Bir həftə idi ki, hər axşam anası Sadayın yuxusuna girirdi. Gəlib otururdu çarpayısının böyründə, istəyirdi onunla danışsın və hər dəfə də bir kəlmə kəsmədən qeyb olurdu. Niyə susurdu, nədən narazı idi? Saday bu susqunluğun səbəbini ondan soruşa bilmirdi. Lap düzü, bacarmırdı, dili batırdı. Yuxudan oyananda isə ağlına gələn bu olurdu ki, bəlkə anasının narazılığının, nigaran qalmağının və dinib danışmamağının səbəbi oğlunun Eçmiədzinə getmək fikri ilə bağlı idi. Yalnız buna görə ola bilərdi, axı bundan ayrı elə bir hərəkəti yox idi ki, anası onu dindirməsin.
Birdən ona elə gəldi ki, ümumiyyətlə işıqlı dünyada Əylis adlı bir yer yoxdu və heç zaman olmayıb. Nə Babaş olub, nə Camal, nə Lüsik...Nə o kilsə, nə də onun günbəzindən yayılıb dörd bir yana nur saçan həmən o sarımtıl-narıncı ilahi işıq olub. Lap axırda boğazını dolduran qəhəri udub, bəlkə Allah da uydurmadı - deyə düşündü. Bəlkə o, yoxdu və heç zaman olmayıb.
- Babaş Ziyadov nə vaxtdan Babaxan Ziyadxanlı olub? - Rəngi boğulmuş halda
Soruşdu? - onun bir babası Əylisdə əldəqayırma molla idi, o birisi çayxana qumarbazı.
Mopassanı gülmək tutdu, çaşqın halda üzünü yana çevirdi.
- Bax hələ, alçaq nə təhər çönüb, - Saday Sadıqlı davam elədi. - Nə abrı var, nə
həyası. Hakimiyyət hərisliyi adamı hansı şəkilə desən salar. Öz el-obasına böhtan demək üçün bu Götxan Amcıqxanlının ehtiyatında hansı söz desən tapılar, di gəl xaç atasının xətrinə dəyən bircə kəlmə tapıb deyə bilməz. Mopoş, axı bu Götxanı, Allah gildən yoğurmayıb, onu da o yaradıb, bizim Rəhbər. İndi, əzizim, mənə de görüm Babaş Ziyadova kim ixtiyar verib ki, rəsmi partiya qəzetində ağzına gələni yazsın və altına da Babaş Ziyadov yox, Babaxan Ziyadxanlı imzasını qoysun. Halbuki bu tulanın nəsil-nəcabətində nə bəy olub, nə xan.
- Nə deyə bilərəm, - uzun sükutdan sonra Mopoş dilə gəldi. - Yəqin, qərar belə
olub.
- Kim qərar verib?
- Yuxarı. Belə məsələlər harda həll olunur ki?
- Yoxsa yuxarıda müharibəyə başlamağa hazırlaşırlar? Əgər Babaş onların öz
adamıdırsa, niyə belə düşüncəsiz, məsuliyyətsiz "meydan qəhrəmanı"na demirlər ki, odun üstünə yağ tökməsin.
Direktor açıq-aşkar qərara gəldi ki, artistə öz ağlını nümayiş etdirməyin və məsələyə dövlət yanaşmasının nədən ibarət olduğunu bildirməyin münasib məqamı yetişib.
- Sənin səfehliyin, vicdan haqqı, məni məhv edəcək. Görürsən ki, bu sehrbaz
cəbhəçilər "Qarabağ, Qarabağ" deyib bağıra-bağıra nə əməllər törədirlər? Qarabağ onların qozuna da deyil. Onların fikri iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdi. Küçədə ermənini söyməyənə qulaq asan yoxdu. Belə vəziyyətdə dövlət neyləməlidi? Onlar da öz məqsədlərinə görə erməni kartından istifadə eləməyə məcburdular. Bu siyasətdi, ustad. Siyasətin isə min sifəti olur. - Mopasan gülümsədi, görünür bu dərəcədə dərin ağıla malik olması şəxsən özünün də xoşuna gəlmişdi.
- Bəli, bəli, böyük siyasətdi. Allah haqqı dahiyanədi. Deməli, qaraguruhun bəxti
bu dəfə də gətirdi, alçaqlıq üçün geniş üfüqlər açılıb. İndi istənilən iyrəncliyi eləyib günahı erməninin üstünə atmaq olar. - Artist direktorun yanına gəlib düz onun gözünün içinə baxdı. - İndi, Mopoş, kişi kimi danışaq: əgər sənin bu pyesin belə "dahi siyasətçi"yə həsr olunubsa, bəri başdan hesab elə ki, mən orda oynamayacağam. O yaşım deyil ki, səhnəyə tullanıb büsbütün bayağı və cəfəng bir şeyi təbliğ eləyim.
Pyesdəki baş qəhrəman obrazının uğur qazanacağına böyük ümid bəsləyən Mopassan Mirələmov bu rolun ifası üçün başqa bir aktyoru təsəvvürünə gətirə bilsəydi, elə bu saat müəllifin üstünə minnətə qaçar, rəhbərliyin icazəsini alar və elə indicə bu haqq-ədalət carçısıyla hesab çəkərdi. İş burasında idi ki, idi o özü də bu rolda bir başqasını yox, yalnız Sadayı görürdü.
- Qəribə şeylər danışırsan, - o dedi - Məgər belə işdə səni aldatmaq yaraşar
mənə? - O, stolun gözündən bir qovluq çıxarıb artistə uzatdı. - Budur pyes "Cənnətə cəhənnəm dedik". Adındanca bilinir ki, söhbət burada nədən gedir. Axı bunları vaxtilə sən özün deyirdin, bizim ağlımız kəsmirdi ki, anlayaq. İndi cavan bir müəllif çıxıb bu pyesi yazıb. Keçmiş Rəhbərin, siyasi avantüristin obrazını yaradıb. - Direktor susub, bir az düşündü. - Sənin kimi nəhəng artist bu vaxta qədər "Xalq" almamısan. Niyə? Çünki həmişə həqiqəti demisən. Bu siyasi əjdahanın qarşısında heç zaman əyilməmisən. Allaha min şükür, indi hər şey tədricən yerini alır. Yeni Rəhbər də səni yaxşı tanıyır. Bilir ki, sən köhnə Rəhbərə tərif deməyən tək-tük ziyalılardan birisən. Deməli, ilk tamaşadan dərhal sonra çoxdan layiq olduğun adı alacaqsan. Bütün məsələlər danışılıb.
Görünür, Mopassan Mirələmov Saday Sadıqlını tilsimləmək istəyirdi. Məsələyə onun nöqteyi-nəzərindən baxan hər kəs düşünə bilərdi ki, direktor istəyinə nail olacaq. Çünki artist sakit, sanki qisməti ilə barışmış bir tərzdə susub Mopassana qulaq asırdı. Əslində isə Saday Sadıqlı sadəcə, yorulmuşdu. İndi onun nəzərində köhnə Rəhbərlə təzə Rəhbərin, Mopoşla Babaşın, Cambul Camalla Cingöz Şabanın, yalanla həqiqətin, səmimiyyətlə süniliyin arasında heç bir fərq yoxdu. Bütün ətraf gözündə saxtakarlıq və satqınlıqdan ibarət idi. Bunlar bir tərəfə, hansısa izah olunmayan xəcalət, təəssüf hissi yaxasından yapışıb artisdən qopmaq bilmirdi. Ona əzab verən bu acı təəssüf duyğusu nə idi? Bəlkə bu acı hisiyyat bu qədər danışandan, çənə vurandan sonra da Mopassanın qartımış, partiya teatrının həyat əlaməti olmayan devorasiyaları arasında dəyişməz qalmağına görə idi. Bəlkə zahirən yazıq, diribaş amma kilsənin günbəzində bərq vuran sarımtıl-narıncı işıqla, Əylisdə birgə keçirdikləri uşaqlıq illəri ilə heç bir bağlılığı olmayan Camalın bayaq durub gedəndən sonra artistin qəlbində yaranan nəhayəsiz boşluq səbənindən idi. Bəlkə bu ağır, təlaşlı duyğuların əsl baiskarı xəyalən Əbədi Şərin yeni sifətini görmüş, indi Babaxan Ziyadxanlı kimi səslənən yeni adını eşitmişdi? Fərq etmir səbəb nədir, ortada olan bu idi ki, 1989-cu ilin faciyəvi dekabr günü o Mopassan Mirələmovla uzun, ağır danışıqlardan sonra Saday Sadıqlı alçaq bir boşluğun dibinə düşmüşdü. Ən dəhşətlisi isə indi Saday Sadıqlının düşdüyü o boşluqda hətta Eçmiədzin kilsənin müqəddəs səcdəgahı da onun işlədiyi teatrın səhnəsi kimi mənasız və cansıxıcı idi.
O, qanı qaralmış, beyni donmuş halda teatrdan çıxdı.
DÖRDÜNCÜ HİSSƏ
Dokror Abdasəliyev təsdiqləyir, əgər qətlə yetrilən hər erməninin adına bir
şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar.
Sıx duman dünyanı udub...
Elə bil dünya deyilən yalnız dumandan ibarətdir. Belə bozluğun ardınca mütləq nəsə olmalıdır. Qatı dumana bürünən dünya heç şübhəsiz ki, üzünü göstərməlidi. Saday bunu bilir, huşu üstündə olmasa da yalnız həmin anı gözləyir. Həqiqətən də duman get-gedə çəkilirdi, di gəl artist indi harda olduğunu anlaya bilmirdi. Açıq-aşkar gördü ki, buz kimi soyuq daş səkinin üstündədir. Guya bura Əylisdi, Vuraqırd kilsəninə gedən daş yolun tən ortasında oturub. Amma oturduğu yerdən kilsə görünmürdü, kilsələrin arxasından dikilən qəlbi dağlar da görünmürdü. Artisti təlaş və qorxu sıxırdı və yenə də dərk eləmək istəyirdi ki, onun olduğu yer haradır. Əgər bu həqiqətən də Əylisdəki daş yoldursa, bəs onda dağlar hanı, kilsələr niyə qeybə çəkilib?
Bax bu an artist şirin bir ümidlə başa düşdü ki, o artıq dağlardan, kilsələrdən, Vuraqırdın küçələrindən çox, çox aralıdadır və elə indilərdə Eçmiədzinə çatacaq. Bu təravətli xoşbəxt duyğular balzam kimi ürəyinin üstünə tökülən anda onu əməliyyat otağından palataya aparırdılar, - bədəninin bütün hey-hərəkətini itirsə də, huşsuz halda, nələrin baş verdiyini anlamaq iqtidarında olmasa da Saday Sadıqlı hansı bir əzasınınsa duyumu ilə yerinin dəyişdirildiyini hiss edirdi.
Yalnız dördüncü gün, axşama yaxın xəstənin vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Hələlik danışa bilmirdi, amma görünür, səsləri ayırd eləyir və hətta, söhbətin nədən getdiyini duyurdu. Üçüncü gün idi ki, Azadə xanım ərinin yanından aralanmırdı. Münəvvər xanım da günün çox hissəsini Saday Sadıqlının palatasında keçirirdi. Doktor Fərzani sanki Azadə xanımın timsalında çoxdan itirdiyi əziz adamını tapmışdı. Boş vaxtlarında palatanı tərk etmirdi. Yarı Azərbaycan, yarı rus dilində ordan-burdan söhbətləşirdilər. Cəmi dörd gün əvvəl doktor Fərzaninin xəstəni yerləşdirmək üçün ayırdığı palata mehriban ailənin yaşadığı evə bənzəyirdi.
Azadə xanım ərinin düşdüyü ağır vəziyyəti hələlik atasına bildirməməyə qərar vermişdi. Doktor Fərzani də xaiş etmişdi ki, nə qədər, xəstə komadan ayılmayıb atası ilə telefonda danışanda heç zadı bildirməsin, çünki xəbər professora pis təsir edə bilərdi. Amma bu məsələdə doktor Fərzani üzərinə düşən həkimlik borcunun da fərqində idi. "Bir qədər kraniostenoza oxşayır. Nərahat olmayın, keçib gedər." Axı, bir çox halda kraniostenoz - beyin silkələnməsi, özünü travmatik koma şəkilində biruzə verir.
Nuvariş Qarabağlıdan başqa, doktor Fərzani bir kimsəni xəstənin yanına buraxmırdı. Münəvvər xanim heç Nuvarişi də buraxmaq istəmirdi, çünki onun hər dəfə xəstənin yanından göz yaşlarını axıda-axıda çıxması xoşuna gəlmirdi. Tibb bacısının fikirincə Nuvarişin xəstənin yatağının yanında faciyəvi görkəmlə dayanıb ağlaması ölü üstündə ağlamağa oxşayırdı. Xəstəxanaya gətirilməyinin dördüncü günü Saday Sadıqlının vəziyyətində dəyişiklik hiss olunmağa başladı. O, dilini tərpədib dodağını yalamağa çalışdı. Artist bütün gücünü toplayıb aramsız tərpənən sağ əlini qaldırmağa cəhd elədi və bu Azadə xanımı qorxuya saldı: sanki o, əlini qaldırıb, o dəqiqə də xaç çevirəcəkdi.
Münəvvər xanım xəstəyə ət şorbası içirdirdi. Doktor Fərzani səssiz addımlarla palatada gəzişir, arada bir dayanır, gözünü televizordan ayırmadan nə barədəsə düşünürdü. Televizorun səsini azaltmışdı, sıx saqqallı, iri sifətli bir kişi ekranda əl-qol ata-ata nəsə deyirdi. Yeri gəlmişkən, ekrandakı o idi, şair Xəlilullah Xəlilov. Lelin və partiyaya ithaf etdiyi şeirlərin hesabına otuz ildən artıq bir müddətdə orta məkdəb dərsliklərində yer almışdı. Ancaq onun şeirləri və adı o dərsi öyrənən uşaqların yaddaşında heç bircə il duruş gətirə bilmir, unudulurdu. İndi bu şair dönüb olmuşdu Uluruh Türkmənməkan, yüz minlərlə insan nəinki Lelin meydanında, ən ucqar kəndlərdə - toyda, ölü yerində şairin "Qarabağ - gözümdə çıraq" poemasını əzbər söyləyirdilər.
Təbii ki, doktor Fərzani Xəlilullah Xəlilovdan tam xəbərsiz idi. İndiki halda isə bir həkim olaraq bu adamın aşıb-daşan enerjini hardan aldığını dərk etmək istəyirdi. Nəhayət belə nəticə çıxardı ki, bu məsələni açmaq üçün məxsusi biliyə ehtiyac yoxdu. Çıxışının sonunda şairin qışqıra-qışqıra söylədiyi pafoslu iki misrası ona məhz belə düşünməyə əsas verirdi:
Yurdumun ağası xay ola bilməz!
Ona torpağımdan pay ola bilməz!
- Ay malades, - doktor Fərzani əlini yelləyib televizordan aralandı və yenidən palata boyu gəzişməyə başladı.
- Mən bilən bu saqqallı uşaq Əzrayıldan da qorxmur. Nə zamansa onun özünü də bir pay torpağa basdıracaqları xəyalına da gəlmir, uzaq başı uzunu iki metir, eni əlli-altmış santimetr torpağa. Deyəsən yox, - doktor gülümsündü. - Məncə, onun torpaq payı bir az çox olacaq çünki çənəsi çox iridi.
Doktor, beləcə xoş əhvalla xəstəyə yaxınlaşdı.
- Hələ ki, təyinat qüvvədə qalır, - o dedi, - adamları tanıyıb danışana qədər gözləyək. Nə yolla olur, olsun insultun qarşısını almalıyıq. Əgər insult olmasa Allahın köməyi ilə digər fəsadlardan salamat çıxacaq. Bu barədə danışmaq hələ tezdi. Bizi görmək istəsə özünə gələcək. Əgər istəməsə... - doktor köks ötürüb gülümsündü, - Allah qoysa istəyər.
Saday Sadıqlı həqiqətən uzaqlardaydı. Palatada onların hamısından - doktordan, arvadından, hətta başındakı zədədən, bədənindəki yaralardan çox uzaqda idi. Əylisdə... Bəli, sözsüz ki, Əylisdə idi. Amma bu, gerçək həyatda olan Əylis deyildi. Sadayın beş-altı yaşı olanda, yazda, bax o Əylisdə bir gözəl qara tülkü balası hardansa təzib gəlmişdi. Saday onu cəmi bircə dəfə həyət hasarının dibində görmüşdü. O qara tülkü balası hasarın üstündən ağaca tullanıb, onu budaq-budaq gəzmiş, yaşıl yarpaqların arasnda gizlənmək istəmişdi. Aradan bir neçə gün keçəndən sonra Cingöz Şabanın həmən o tülkünü bulağın yanında, Daş kilsənin divarı dibində necə güllələdiyini də görmüşdü Saday. O hadisə indiyəcən demək olar hər gecə Sadayın yuxusuna girir.
Budur, o tülkü hələ də sağdır. Hasardan ağaca, ağacdan hasara tullanır, Əylisin bu başından vurub o başından çıxır. Və bir Allah bilir ki, dörd-beş yaşında bir oğlan uşağı nə zamandan bəri o gözəl qara tülkü balasının dalınca addımbaaddım gedir. O heç vaxt belə gözəl heyvan görməmişdi. Heç vaxt Əylisdə heylə gözəl yaz da olmayıb. İşıq. Hər yan işiq. Dağlarda günəş işığı. Ağaclarda gilas işığı. Budaqlardan körpə yarpaqlar indi-indi dit verib çıxır. Yasəmən yenicə aşıb-daşır. Hansı il idi, Allah, o il, yazın hansı vaxtı idi? Axı gilasın yetişməyi ilə yasəmənlərin çiçəkləməyi başqa-başqa vaxtlarda olurdu.
Deyəsən, tülkünün üstündə oyun durğuzduğu o hasar daşdan deyildi sarımtıl-narıncı işıqdan hörülmüşdü və divardan süzülən işıq küçələrə, yollara yayılırdı. O işığa qərq olan Əylis səliqəylə yığışdırılmışdı, hər tərəfinə güllər əkilmişdi, küçələr şüşə kimi tər-təmiz idi. O işığa boyanan sular axıb qırağında bənövşə, süsən bitən arxı doldururdu. O qəşəng tülkü balası tullanır, sevinir, oynaqlayırdı, hasarın üstüylə üzü yuxarı- günəş şəfəqləri altında günbəzi qızıl kimi parıldayan Daş kilsəyə can atırdı, onunla birlikdə qoz ağacının açıq-yaşıl yarpaqları, alçalar, əriklər, hasar boyunca arxın üstündə bitib göyərən nə vardısa, hamısı sevinir və elə o sevinc içində onlar da durduqları yerdə oynaqlaşırdılar. Hərdən bala tülkü tünd yaşıl yarpaqların arasında gözdən itir, sonra yenə peyda olurdu. Bax o vaxt - tülkü balasının görünüb, qəfil gözdən itdiyi həmən anlarda xəstəxana çarpayısında yatan Saday Sadıqlı daha dəhşətli ağrılara tab gətirməli olurdu.
Bir sözlə, doktor Fərzani qənaətində yanılmırdı, xəstə həqiqətən də uzaqlardaydı. Doktor onu da düz deyirdi ki, indi hər şey onun özündən asılıdır - yaşamaq da , ölmək də, istəsə o uzaqlardan qayıdacaq, istəməsə yox, elə oralarda qalacaq.
Xəstə hələ ki, geri dönmək isləmirdi. Nağıllardakı kimi qəşəng tülkünü qarabaqara izləməkdəydi. Oğlanın yeganə arzusu onu tutmaq, bağrına basmaq, öpüşlərə qərq etmək, onun qəşəng başını, quyruğunu tumarlamaq idi. Hələ ki, o tülkü diriydi, sağlamdı. O nur saçan hasara dazıyırdı, kefi istəyəndə yaşıl yarpaqların arasında görünməz olurdu və bizim Saday Sadıqlının da nəfəsi gedib-gəlirdi hələlik.
İlin sonuncu günü xəstəxanaya gələn Münəvvər xanımın ilk görəcəyi iş xəstənin sarığını dəyişmək oldu. O, sevinc içində həkimə məlumat verdi ki, xəstənin çıxan iki barmağı, dirsəyi və biləyi tam normaya düşüb. Yeganə fiziki problem xəstənin gipsə salınmış sağ ayağındakı sınıqla bağlıydı. Xəstənin huşunun özünə qayıtması isə hələ müşahidə olunmurdu - bilinmirdi ki, o ətrafda gedən danışıqlara reaksiya verir, ya yox.
Azadə xanım əvvəldən planlaşdırmışdı ki, palatada yeni il süfrəsi açsın. O, yeni il axşamını birlikdə qeyd etmək üçün Mərdəkandan atasını gətirməyi də nəzərdə tutmuşdu. Çünki doktorun da, Münəvvər xanım da bayram keçirmək üçün özgə bir yerləri yox idi.
Ancaq doktor Abasəliyev, gündüzdən şəhərə getməyə söz verməyinə baxmayaraq axşamüstü fikirindən daşındı. Yeni il tədbirinə xeyli qalmış zəng çalıb dedi: "Belə vaxtda bağı nəzarətsiz qoymaqdan qorxuram. Bütün ölkəni quldur yığnağına döndəriblər. Mənim heç mərdəkanlılara da etibarım qalmayıb".
Azadə xanım ömründə ilk dəfə yeni ili atasından ayrı qarşılayırdı. Xəstəxananın yaxınlığında yaşayan Münəvvər xanım təzə ili Azadə xanımla birgə qarşıladı, sonra isə çıxıb getdi evinə. Doktor Fərzani Münəvvər xanımı evinə yola saldı, bir necə dəqiqəliyə palataya nəzər salıb kabnetinə çəkildi və gözəldi ki, qızı Moskvadan nə zaman zəng çalacaq. Azadə xanım əri ilə palatada təkbətək qalanda istədi onu oyatsın, ona uzun illərdən bəri ürəyinin ən dərin guşəsində saxladığı sözləri desin, o sözlərlə ərini uşaq kimi sığallasın. Amma o gecə Saday Sadıqlı nə söz dedi, nə söz eşitdi. Artistin yalnız gözləri danışırdı. O bir çüt göz eləcə gah gülürdü, gah ağlayırdı. Əksər vaxtda isə uzaq, çox uzaq bir nöqtəyə dikilib qalırdı, elə bil bir cüt göz əlçatmaz-ünyetməz uzaqlarda Allahın özünü görür və ona baxmaqdan doymurdu.
Saday Sadıqlının xəstəxanaya düşməyinin onuncu günü idi, doktor Abasəliyev sübh tezdən gözlənilmədən palatanın qapısını açıb içəri girdi. Boğazlı yun köynəyin üstündən gödəkcə geymiş qocaman pisixiator qapının ağzında dayananda doktor Fərzani xəstələrin səhər müayinəsini yenicə birtirmişdi, palatanın lap uzaq küncündəki kranın qarşısında əlini yuyurdu. Münəvvər xanım doktor üçün səhər yeməyi hazırlayıb dəyirmi stolun üstünə qoymuşdu. Azadə xanım pəncərənin qabağında dayanıb həyətə baxır, ötən həftə baş çəkməyə imkan tapmadığı atası barədə düşünürdü. Xəstə isə əvvəlki qaydada yatırdı və yatdığı yerdə dörd-beş yaşlı uşaq kimi gülümsəyirdi. Fəqət gözlərindəki işıq qəmli, kədərli işıq idi.
Bayırda bərk külək əsməyinə baxmayaraq hava aydın və günəşli idi. Palataya daxil olan kənar adam çox güman, dərhal düşünərdi ki, pəncərədən içəri süzülən gün işığı burada hamıdan çox simasında bir parça təbəssüm donan xəstənin ürəyincədir.
Doktor Abasəliyev gödəkcəsini soyunmadan kürəkəninin üstünə atılıb onu öpdü. Sonra doktor Fərzaninin əlini möhkəm sıxdı, dinməzcə Münəvvər xanımın çal saçına toxundu. Yalnız bundan sonra gödəkcəsini soyunub stullardan birinin üstünə atdı, qızının alnından öpüb çarpayının yanında kresloya əyləşdi.
Doktor Fərzani heyrət eləyirdi, artıq yaşlaşmış tanışının belə qıvraq qalması və cavanlıq şövqünü saxlaması inanılmaz gəlirdi ona və bəlkə bundan daha çox ağır xəstənin çarpayısı yanında özünü bu qədər nikbin, həyatsevər aparmağı, başqa sözlə, professorun psixoloji möhkəmliyi təcübləndirirdi onu. Axır ki, professor Abasəliyev imkan vermədi, doktor bir kəlmə söz desin, qızının gözünün dərinliyindəki gizli təlaşın da fərqinə varmadı. Əylisin vətənpərvər oğlu titrəyən əlləri ilə dizinin üstündə tutduğu çantanı açdı, topa yazılı kağızın arasından bir vərəq çıxardı, vərəqi bayraqsayaq yelləyib köksü atlan-atlana danışmağa başladı.
- Cavan oğlan, sənə gözəl-göyçək Əylis gətirmişəm. Demə nağıl danışır. Hamısı burda yazılıb. Yüz faiz doğrudur. Axı sənə bir əylisli tacirin gündəliyi barədə danışmışdım. Mən o gündəliyi türklər Əylisi dağıdandan irəli Mirzə Vahabda görmüşdüm. Vətən müharibəsindən sonra dostum Erevandan həmən əlyazmanın rus dilinə tərcüməsini gətirdi. Mən də bilmirdim hara qoymuşam, çox axtardım. Budur, axır ki, köhnə kitabların arasından çıxdı. Rusca adı belədir: "Dnevnik Zakariya Akulusskoqo". Məncə, sonuncu söz Akulis yox, Aqulis olmalıdır. Çünki əksər qədim kitablarda söz "k" ilə yox, "q" ilə yazılıb. Ola bilər, ruscaya tərcümədə "q" dönüb olub "k". Əylisdə o, sən də bilirsən, hələ indiyəcən Zəkəriyyə Əylisli kimi xatırlanır. Mirzə Vahab da həmişə elə deyirdi. Rəhmətlik atam bu tacir barədə çox şey bilirdi. Doktor Abasəliyev gözünü xəstədən ayırıb Fərzaniyə baxdı. - Fərid, onun Əylisdə böyük hörməti vardı, hətta müsəlmanlar uşaqlarına onun adını qoyurdular! - Təzədən kürəkəninə sarı çevrildi - Cavan oğlan, heç başqa bir yerdə görmüsənmi müsəlman öz uşağına Zəkəriyyə adı qoysun? Əylisdə sən də zəkəriyyələrlə ilə qarşılaşmısan. Yadındadı, biz orda olanda biri gəlmişdi, özünə patefon aldı. Onun bircə valı vardı, Xan Şuşinskinin valıydı. Səhərdən axşamacan oxudurdu.
" Kim çəkər nazın,
kim çəkər nazın,
ay qadası?"
Doktor Fərzaninin getməyə hazırlaşdığını görən professor bir dəqiqə söhbətinə ara verdi. - Sən hara? Otur, qulaq as! - Cərrah keçib öz yerində əyləşəndə, davam elədi. - Gündəlikdə 1630-cu ildə anadan olduğunu yazıb. Fikir ver, əylisli erməni anadan olduğu ili, ayı, günü alman dəqiqliyi ilə ətraflı və dürüst qeyd edib. ".. bazar günü, müqəddəs Georgi günü, günortadan sonra". - o, çantadan daha bir vərəq çıxartdı. - Bu da onun ticarətə başlamağı barədədi. 5 mart 1647-ci ildə, on yeddi yaşında ipək yükü ilə Əylisdən çıxıb. " Bu gün mən Zakarı Əylisdən yola düşdüm. Müqəddəs ruhun köməyi ilə! Əgər harda maraqlı bir əhvalat görsəm, bu dəftərə yazacağam. Əgər kimsə mənim yazdıqlarımda yalan axtarmağa başlasa qoy Müqəddəs Ruh onun ağlına işıq salsın". Fikir verirsən o, "ağıl versin demir", "işıq salsın" deyir. Niyə? Keçib getdiyi səyahət yoluna bircə-bircə nəzər sal: Erevan, Kars, Ərzurum, Toqat, Bursa, İzmir, nəhayət Stanbul. Niyə o hər yerdə İstanbul əvəzinə Stanbol yazır? Onun birinci səyahəti on ay çəkib, dekabırın sonunda Əylisə dönüb. Daha sonralar haralarda olmayıb: Yunanstan, Venesiya, İspaniya, Portuqalya, Almanya, Polşa, Hollandiya...
Azadə xanım atasının qalıb soyumuş çayını təzələdi.
- Heç olmasa bircə stakan çay iç, - dedi - sənin erməni tacirin heç yerə qaçmır.
- İçmişəm. Axı bilirsən gündə bircə dəfə çay içirəm. - Doktor Abasəliyev hirslə qızına cavab verib, elə o hirsli səslə də davam elədi. - Bilirsənmi şahlar, xanlar, sultanlar Əylisin başına hansı müsübətləri açıblar: "1663, 10 iyul. Əylis. Bu gün şah Abbasın canişini Əylisə gəldi. O on altı yeniyetmə oğlanın və qızın adını bir kağıza yazdı, amma heç kimi özüylə aparmadı. Bu dəfə bizi Allah saxladı. Şah Abbasın vəliəhdi Şah Süleymanın isə Əylisə gətirdiyi bədbəxtlik nə yerə sığar, nə göyə. Səfiqulu Xanın əmrinə əsasən bu gün Erevandan Əylisə Qağayız bəy adında naməlum bir şəxs gəldi. Onun başında otuz atlı vardı. Şahın əmri ilə onlar Əylis əhalisindən 1000 tümən toplamalı idilər. Rüşvətxorluğun, zülmün, zorakılığın həddi bilinmirdi. Onlar yüzdən çox adama işgəncə verdilər, otuz beş nəfəri asdılar. Amma bütün bu zülümdən sonra bədbəxt əhalidən cəmi 350 tümən toplaya bildilər. Doktor Abasəliyev 340 il bundan irəli doğulan, bütün dünyanı dolaşan erməni tacirin rus dilinə tərcümə olunmuş gündəliyini nəinki oxumuşdu, hətta başdan-ayağa əzbərləmişdi. Yaşı səksəni adlamış bu kişinin qeyri-adi yaddaşı doktor Fərzanini heyrətə gətirirdi.
- "Bu gün Əylisə Xosrov ağa gəlib caamata elan elədi ki, onu Qohman hakimi təyin eləyiblər. O, Meqrindən, Sorutdan, Lehramdan çox adam gətirmişdi.- Sonuncuya qabaqlar Nehrəm deyilirdi. - Əylis mələyi Ovanesin başına oyun açdılar. Eşşəyin üstünə qoyub zurna çala-çala bütün kəndi dolandırdılar. Axırda 100 tümənini alıb boşladılar. - Doktor Abasəliyev bir neçə dəqiqə çantadakı kağızları qurdaladı. - Fikir ver, cavan oğlan, təsəvvür edirsən, 1669-cu ildə iyulun 22-də Əylisə qar yağıb! 1677-ci il, iyunun 3-dən avqustun sonuna qədər bir damcı da yağış düşməyib. 1680-ci ildə elə leysan töküb ki, yatağından çıxan çay evləri yuyub aparıb. Ardınca elə quraqlıq başlayıb Əylisdən Təbrizəcən əhali hətta içməli su da tapmayıb. 1667-ci ildə Əylisdə 200-dən çox uşaq qızılcadan tələf olub. 1679-cu ildə Erevanda elə zəlzələ qopub ki, hətta Əylisdə evlərin və kilsələrin divarları çat verib. Zakari Aqulis Əylisin bütün kilsələrini qeyd edir. Vəng kilsəsi - Müqəddəs Foma kilsəsi. Sən onu tanıyırsan.Vuraqırd - Vardakert sözünün təhrif olunmuş şəklidir. Bizim gördüyümüz Vuraqırd kilsəsi Müqəddəs Xristofor kilsəsidi. Bizim Daş kilsə dediyimiz Müqəddəs Osip kilsəsidi, gərək ki, Zakari Aqulisin yaşadığı dövrdə tikilib. Bəlkə də bərpa olunub və 1665-ci il noyabrın 5-də yenidən istifadəyə verilib. Gündəlikdə belə yazılıb. - Doktor Abasəliyev bir müddət yenə kağızları eşələdi. - "1668-ci il. 4 yanvar. Bu gün Əylisdə zəlzələ oldu. Bu gün Əylinin qərb səmasında kometa göründü. O, bizə günahlarımıza görə cəzanın olduğunu xatırladır.
1668-ci il.21 dekabr. Müqəddəs Foma kilsəsinin rəhbəri Arximandrat Petros kilsəni dörd tərəfdən hündür hasara saldırdı. Günbəzin və zəng qülləsinin tikintisində çay daşalarından və bişmiş kərpicdən istifadə edildi. Ustalar Kürdüstandan gəlmişdilər... - O zaman türk vilayətlərinə daxil olan Van, Bitlis, Diyarbəkr Kürdüstan adlanırdı. - İç divarlar daşla üzləndi. Kilsəyə su çəkildi. Allah bütün ustalara güc-qüvvət verdi."
Doktor Abasəliyev daha xəstə tərəfə gözünün ucuyla da baxmır, biri-birinin ardınca çantadan dartıb çıxardığı vərəqləri elə boğuq səslə oxuyurdu ki, sanki özü-özünə mütaliə edirdi.
Münəvvər xanım anladı ki, bu iş uzun çəkəcək, müdaxilə elədi:
- Doktor, axı hər yerdə onların erməni yox, alban olduqları yazılır.
Doktor Abasəliyev sanki bircə anı da olsun boş yerə vaxt itirmək istəmirdi. Amma bununla belə başını qaldırıb tibb bacısına baxdı, gözünü kağızdan ayırmadan qışqırdı:
- Sənin dediklərin tam məntiqsizdi! Əgər kimsə özünü erməni adlandırırsa, mən necə deyə bilərəm ki, yox, sən erməni deyilsən? Sən hansısa albansan, ləzgi, talışsan, yaxud bütün bunların cəminin qarışığısan? Düzdü, bəziləri Əylis ermənilərini "zok" adlandırırlar. Onların dili də Erevan ermənilərinin dilindən bir qədər seçilir. Yazılarında da fərqlər tapmaq olar. Axı bizim Ordubadın müsəlman kəndlərinin də hərəsi öz ləhcəsində danışır. Şəkilini bakılı ilə qarışıq salmaq olmur - gör nə qədər dil, xarakter, adət fərqləri var. Ermənilərdə də eyni haldır. Bilmirəm bu albanlar kim imiş, harda yaşayıblar. Amma Əylisdəkilərin erməni olduğu dəqiqdir. Ermənini növlərə bölməyə nə ehtiyac var. Bəli, - doktor bu dəfə də Fərid Fəzaniyə müraciətlə dedi. - VIII-XIII əsrlərdə necə ərəb yürüşləri olub, eləcə də türk, tatar-monqol, oğuz, səlcuq yürüşləri olub. Sonralar üç yüz il bu torpaqlar İranın və Türkiyənin qanlı döyüş meydanına çevrilmişdir. O gəlir qırır, bu gəlir qırır. Əgər işgəncə verilərək öldürülən hər erməninin üstündə bir şam yandırsaydılar, o şamların işığı Ayın nurunu kölgədə qoyardı. Ermənilər hər əzaba qatlaşıblar, amma heç zaman öz etiqadlarından dönməyə razı olmayıblar. Bu xalq işgəncələrdən yorulub, zülümdən cana gəlib, amma yenə kilsə tikməkdən, kitab yazmaqdan, Allahını sevməkdən usanmayıb.
- Bəs elədirsə əlavə torpaq bu xalqın nəyinə lazımdı? Nə qədər istəyirlər göy üzü ilə danışsınlar. - Fərid Fərzani yüngülcə gülüb, cavab verdi.
Doktor topa kağızların arasından bir vərəq də çıxardı.
- "1651-ci il. 7 oktyabr. Təbriz. Qardaşım Simonla Təbrizə getmişdik. Təbriz
hakimi Əliqulu xan istədi Simon müsəlmanlığı qəbul eləsin. Bizi bu böyük bədbəxtçilikdən Allah saxladı." Bizim qəhr edilən aqulislilər Allaha belə bağlıydılar, Fərid. Əgər müsəlmanlığı qəbul etsəydi, həmən o Əliqulu xan Simonu qızıla tutardı. - O, fasiləsiz olaraq gülümsəyən xəstəyə nəzər saldı, özü də ürəkdən güldü və bayaqkı həvəslə sözünün dalını gətirdi:
- Onların bir əjdaha şairi var - Eqeşe Çarens - 37-də repressiyanın qurbanı olub. Deyib-gülən, tut arağının ölüsü olan bu şair bir dəfə zarafat elədi: "vaxtında əzamızın axmaq yerindən bir tikə kəsməyə qoymadıq, ona görə də müsəlmanlar bütün millətimizin başını kəsməyə qərar verdilər."
Xəstənin növbəti dərman qəbuluna hələ yarım saat qalırdı. Ancaq Azadə xanım başa düşdü ki, atası gündəliyin oxunuşunu davam etdirmək fikrindədir, çarpayının yanına gəldi, işarə etdi ki, xəstəni rahat buraxmaq lazımdı.
Ata bu dəfə də qızının təlaşını nəzərə almadı. Çantadan daha bir vərəq çıxarıb əyiş-üyüşünü sağallayıb düzəltdi:
- Burada isə belə yazılıb, cavan oğlan...Bax, Zakari Aqulis 10 noyabr 1676-cı
ildə yazıb: "Mən, Zakari bu gün Müqəddəs Ovanes kilsəsinin həyətinə qollu-budaqlı, iri bir çinar basdırdım." Mənə elə gəlir, Daş kilsənin həyətində çinar ağacı olmayıb. Bəlkə var imiş, unutmuşam, düzünü sən bilərsən.
Bax elə bu an Saday Sadıqlının gözləri qeyri-adi dərəcədə geniş açıldı, qurumuş dodaqları tərpəndi:
- Çeş - me - se - din! Eç - ma- eçmaz - za!
Xəstəxana çarpayısında döşəli qaldığı günlərdən bəri onun dilindən ayrılan ilk
səslər idi ki, hansısa bir sözə oxşayırdı.
"Eçmiədzin"in nə demək olduğunu isə yalnız Azadə xanım başa düşə bilərdi və başa düşdü...özünü ələ ala bilmədi...bərkdən içini çəkdi...dərdli-dərdli hönkürüb ağadı.
- Papa! Papa!.. - göz yaşları içində danışmağa başladı. - O, hələ danışa bilmir,
papa, O, heç nəyi tanımır. Sən isə ara vermədən danışırsan, danışırsan...
Doktor Abasəliyevin rəngi qəfil ağardı. Sanki sarsıntı keçirmiş adam nə baş
verdiyini, hara düşdüyünü anlamaq istəyir, gah xəstəyə, gah Fərzaniyə, gah Münəvvər xanıma, lap sonda isə onun düşünülməz hərəkəti nəticəsində göz yaşlarına qərq olan yeganə qızına baxırdı.
- Axı o nəsə dedi - o, üzürxaqlıq və qüssə ilə Fərzaniyə söylədi.
- Hə, nəsə pıçıldadı. Əslində xeyli müddət əvvəl danışmalı idi. Nədənsə yubanır.
- Görünür, amneziyanın ağır formasıdır. Niyə əvvəlcədən mənə bildirməmisiniz?
- İmkan verirdin ki, ağzımızı açaq. - Doktor Fərzani az qala sərt tərzdə cavab
verdi. - Uzaqda idin, Əylisə getmişdin, üç yüz qırx il əvvələ, heç kimi gözün görmürdü. - Doktor Fərzani güldü, sonra isə ciddi halda maraqlandı: - Doktor, həmin adamlar həqiqətənmi Əylisdə olublar?
- Əlbəttə olublar! O zaman orada yaşayanların hamısı Allahın nəzərində eyni
insanlar idilər. Onlar su çəkir, bağ salır, daş hörürdülər. İstər sənətkar olsun, istər tacir - ermənilər yüzlərlə yad şəhərləri, kəndləri dolaşıb, yalnız ona görə qəpik-qəpk pul toplayırdılar ki, özlərinin balaca Aqulisini həqiqi cənnət guşəsinə döndərsinlər. On doqquzuncu ildə türklər gəlib Əylisdə xaraba qoyduqları erməni evlərinin dağıntıları altından müsəlman əhali hələ də qızıl axtarır. Hətta əkin üçün yer şumlayanda elə bilirlər ki, bax indicə ayaqlarının altından qızıl çervonlar çıxacaq. Axı onlar həmin ermənilərin köməyi ilə yerin dibindən su çıxarmışdılar, dağların arasıyla fayton yolları çəkmişdilər. Dəhnə qurmuşdular. Çay daşlarından keçələklər salmışdılar, bütün küçələrə çaylaq daşı döşəmişdilər. Həmin o qızılın sayəsində on iki möhtəşəm kilsə yaradılmışdı, bəlkə də hərəsinə tonla qızıl xərclənmişdi.
Xəstə sonsuz bir heyrət içində indi qərar tutduğu uzaq diyardan doktor Abasəliyevə baxdı. Bu adam tanış gəlirdi və Saday Sadıqlı bütün gücünü toplayıb onu xatırlamağa çalışdı.
Qadınlar səbirsizliklə kilsə, keşiş, Əylis söhbətinin nə zaman sona yetəcəyini gözləyirdilər.
Münəvvər xanım xəstənin vəziyyəti barədə bilgi verdi:
- Yaraları sürətlə sağalır, doktor, - Abasəliyevə müraciətlə bildirdi. - Bir əlindəsınıqlar vardı, barmaqları bir neçə yerdən sınmış, çıxmışdı, amma dörd-beş günə hamısı bitişdi. Dizindəki sınıq qorxulu deyil. Ayaq barmaqlarını rahat tərpədir. Orqanizm cavandır, Allah eləsin, tez şəfa tapsın. Ola bilər ki, beyin silkələnməsi vəziyyəti qəlizləşdirsin. Bunu siz hamıdan yaxşı bilirsiniz. Amma on gün az müddət deyil, doktor. Xəstə bu vaxta qədər heç olmasa gərək danışaydı. Bəlkə nə qədər gec deyil onu Moskvaya göndərmək lazımdı? Fərid Qasanoviç də, Azadə xanım da bu fikirdədir.
- Bu amneziyanın konfabuleza formasıdır. Biz psixiatorlar bunu həm də Korsanov sindromu adlandırırıq. Anqioqrafiya olunub? - Abasəliyev doktor Fərzanidən soruşdu.
- Dünən kranioqrafiya olunub. Bizdə anqioqrafiya aparatı yoxdu. - Doktor Fərzani bir qədər susub əlavə elədi: - Münəvvər xanım haqlıdı, ən yaxşısı budur ki, Moskvaya aparılsın.
- Bəs kranioqrafiya nə göstərir?
- Yaxşı heç nə - doktor Fərzani cavab verdi, bir qədər düşünüb əlavə elədi. -
Onun beynində balaca şiş müşahidə edilir. Ola bilər çoxdanın şişidi, indi demək çətindi. İndiki halda xəstəni tərpətmək çox təhlükəlidi, bir az gözləmək lazımdır. Düşünürəm ki, Moskvasız bu işin öhdəsindən gələ bilmərik. - Azadə xanıma baxıb günahkarcasına başını aşağı əydi.
Bir neçə dəqiqə heç kəsin cınqırı çıxmadı. Sükutu doktor Abasəliyev pozub daha bir bəd xəbər verdi:
- Eşitmisən, Aza, Nuvariş neyləyib?
- Yox, neyləyib ki?
- Deyirlər özünü eyvandan atıb.
- Kim deyir? - Azadə həyəcanlı, titrək səslə pıçıldadı.
- Mərdəkanda çörək dükanında arvadlar danışırdılar. Mən özüm də üç-dörd gün əvvəl onun ölümü haqqında radiodan eşitmişəm. Amma bilmirdim ki, özünə qəsd eləyib.
- Ona görə bura gəlmirmiş, - doktor Fərzani dilləndi.
- Allah rəhmət eləsin, - Münəvvər xanım bütün bədənini əsdirə-əsdirə
ümumi kədərə şərik oldu.
Səhər tezdən palataya uşa-uça girən doktor Abasəliyev günortaya yaxın xəstəxanadan çıxanda tamam başqa halda Mərdəkandakı evinə yollandı.
Saday isə hələ də özünün uzaq dünyasında idi. İndi göyçək tülkü balasını qovaraq təpənin üstünə qalxmışdı, kəndin aşağı və yuxarı məhlələrini görürdü, qüruba əyilməkdə olan günəşin şəfəqləri ilə işıqlanan havadan qoz yarpaqlarının su qoxusu qarışmış acımtıl ətri bürümüşdü. Qocaman qoz ağacının yaşıl budaqları onun durduğu yüksəkliyə tərəf əyilmişdi. Uzaqlardan Daş kilsənin divarlarını döyəcləyən suyun səsi eşidilirdi.
Qara, göyçək tülkü balası hələ də yaşıl badaqlar arasında tullanıb düşür, oğlan onu gözdən itirməkdən qorxurdu və həm də ürəyi su istəyirdi. Beyni susuzluqdan yanırdı. Daşdan hörülmüş arxın içiylə şırıldayıb axan və axırda daş hovuza tökülən sərin suyun həsrəti onu bir maqnit gücüylə özünə sarı çəkirdi. Amma tülkü balasını itirmək qorxusu onu suyun üstünə qaçmağa qoymurdu.
Sonra o, tülkü balasının ağacdan daş hasarın üstünə necə atıldığını və öz yoluyla çıxıb getdiyini gördü. Oğlan sevindi, indi o, şırıltıyla axan suyun yanına gedə bilərdi.
Ovcunu suyun axarı qarşısına tutdu. Amma əli bircə gilə də yaş olmadı. Heç sərinlik də yox idi, əksinə isti hava əlini qarsırdı. Oğlan beyninin yanğısını soyutmaq üçün başını arxın içinə tərəf əydi. Yenə də bir nəticə hasil olmadı, hətta gurultuyla axan su da onun beyninin yanğısını söndürə bilmədi. Yalnız bu anda oğlan dəhşətə gəldi, burada başı suya qarışanda qara tülkü balası əbədi olaraq gözdən itib yox olmuşdu. Bu an haradansa qəfil atəş açıldı. Güllələr vıyıltıyla artistin qulağının dibindən uçub getdi. Heç olmasa atəşin hayandan açıldığını müəyyən eləmək üçün bütün gücünü toplayıb başını qaldırdı və nurdan hörülmüş o hasarın yerində indi Əylisdə olan adi hasarlardan biri, üstü gillə palçıqlanmış daş hörgü dayanırdı.
Və o hasarın dibiylə qapqara, yumşaq tüklü gözəl tülkü balasının al qırmızı qanı axıb gedirdi.
Və eləcə axıb gedən qan o qədər qalxırdı ki, hasarı aşırdı. Axan qandan qorxunc bir uğultu qopurdu və bu uğultu Əylis kilsələrinin dərin çatlarında pətək salan, bala qoyan, bal qoyan sonra da qoyduqlarının yerini tapmaq üçün zillət çəkən sürü-sürü çaşqın arı qanadlarından qopan uğultuya oxşayır və həmin uğultu bir an öncə açılan atəş səsinə qarışıb qapqara bulud kimi göyün üzünə yayılırdı.
Saday hər şeyin bitib göz qapaqlarının əbədi yumulduğu, uca-uca göylərin altındakı Əylis dağlarının ən hündür dikində qərar tutduğu vaxt, qəfil Vuraqırd kilsəsini apaydın gördü. - Yenə də "Göyərçin bazarı" idi ora. O, son macalda anladı ki, daha getməyə heç bir yeri yoxdur.
1990-cı il yanvar ayının 12-si, cümə günü yaxınlaşırdı.
Uluruh Türkmənməkan...Bütün gün azadlıq, müstəqillik, Qarabağ haqqında kiflənmiş şüarları bağıra-bağıra xəstə təxəyyüllü, havalanmış kütləni, ərindən yarımayan arvadları küçə-küçə gəzdirib dolandıran Uluruh Türkmənməkan axşamtərəfi mitinqini Paratetdə yerləşən erməni kilsəsinin qarşısına salmışdı. Xəlilullahın qulbeçələri bir saatdan çox idi məbədə od vurmağa çalışırdılar. Heç bir vəchlə kilsəni alışdırmaq mümkün olmurdu. Elə buna görə də dən gəzən dolaşa kimi şairin yan-yörəsini bürüyən vətənpərvər və fəal qadınlar daha da cinlənirdilər.
Azadə xanım Münəvvər xanımla birgə Saday Sadıqlının meyitini yudurtmaq üçün xəstəxana maşınında məscidə gətirdilər.
Xəstəni insultdan xilas etməyə gücü çatmayan, yorğun, peşimançılqdan üzülüən doktor Fərzani kabinetində çöküb qalmışdı. İlk dəfəydi ki, içində yadlıq və gedərginlik hiss eləyirdi. O, öz fikrində Bakı ilə son dəfə vidalaşdı və məxsusi bir həyəcan, ümid, narahatlıq içində qızının Moskvadan zəng çalacağını gözləyirdi.
Parapetin yaxınlığındakı kilsədən burum-burum qalxan qara tüstülər isə getdikcə hey sıxlaşır və 1990-cı il yanvarın on üçünün qan iyi gələn gecəsinin zülmət qaranlığına qarışırdı.
Doktor Abasəliyev Mərdəkanda idi və hələ baş verənlərdən xəbər tutmamışdı.
Əylis kilsələrinin damında gecələyən göyərçinlər sakitcə yatmışdılar və göy üzünə bənzər dərin, mavi yuxular görürdülər.
Əylis. İyul 2006
Bakı. İyun 2007.
Dostları ilə paylaş: |