Daş yuxular Roman-rekvyem. Azərbaycan dilindən müəllif tərcüməsi



Yüklə 132,8 Kb.
səhifə2/5
tarix07.01.2017
ölçüsü132,8 Kb.
#4719
1   2   3   4   5
İKİNCİ  HİSSƏ

 

              Ey yerin-göyün hakimi, mərhəmətini əsirgəmə,mənə düzünü de,



                      Əylis məni yaradıb, yoxsa mən Əylisi yaratmışam?..

 

      İlahi, bu yer nə yerdi belə!



      Yəni doğrudanmi dünya deyilən şey çayların əyri qırağından baş alıb sıldırımlı dağların təpəsinə dikələn nərdivandı? Əylisdimi bura ? Necə olur görəsən ensiz  dar dərə bircə göz qırpımında qəfil genişlənir, genişlənir, dünya boyda olur. Doğrudanmı Əylis bu qədər böyüyüb? Yoxsa burdakı bütün daşları toplayaraq ucalara gedən bir nərdivan qurub ki, oradan baxanda balaca, əl içi boyda Əylis dərəsi yox, göz işlədikcə genələn bütün  dünya görünsün. Bu necə məkandı, İlahi !

      Bəlkə bu dağlar vavilion Allahının Mesapotomiyadakı Daş darvazasıdır. Bəlkə Akropoldur? Bəlkə bu batıq-çıxıqlar, pilləkənlar göy üzündəki Parfenona açılır? Və nədən, nə üçün onun qövüsvari pilləkənləri Dionis teatrının daş oturacaqlarını xatırladır? Bəlkə də Əylisin  yuxarı hissəsindəki Vuraqırd adlanan daş dünyaya Ahəng demək daha düz olardı. (Vuraqird ermənicə Vardakert toponiminin təhrif olunmuş şəkilidir. Vardakert kilsəsi ( Müqəddəs Xristofor kilsəsi) Əylisin ən qəlbi yerindədir). Amma hələ belə demək tezdir. Çünki Saday Sadıqlının durduğu daş pilləkəndən Vuraqirdın  daş kilsələrinin bircəsi də görünmürdü. Axı o, bu ecazkar, İlahi məkanına məhz ahəng dalınca gəlmişdi, artist onu görürdü, əgər o ilahi ahəngdarlıq olmasaydı bundan sonra gediləsi yol da mənasını itirərdi.

       Artist can atdığı o uzaq məkana qovuşmaq üçün bu daş pillələrlə üzüyuxarı hələ çox dırmaşmalıydı : di gəl, ayaqlarının heyi azalmışdı, əlləri sözünə baxmırdı, başındakı ağırlıq vucudunu çəkib  aparmağa imkan vermirdi. Artist heç olmasa bircə pilləkəni də qalxmağa can atırdı, amma dərhal qüvvəsini itirirdi. Bax onda Saday soyuq kələkötür daş çıxıntının üstünə uzandı, bir az özünə gəldi, yenidən qırmızı bişmiş kərpicdən hörülən, hələ də görünməyən kilsəyə doğru hərəkət etməyə başladı. Elə ki, o bir qədər irəliləyirdi, qəribədir həmən an arxada qoyduğu dikdir yeni başdan irəli sürüşürdü. Dərə boyunca axan çay qırağından başlayıb göyün üzünə qədər yüksələn pilləkənlərin daş dünyası zəlzələdən titrəyir, o titrəyən, yellənən daş dünyanın müsafiri Saday Sadıqlı yadına sala bilmirdi ki, haradadır, nə axtarır? Yoxluğun və məkansızlığın dəhşətli qorxusu içində batıb boğulurdu.

 Artist belə dünyaya huşunu itirəndən sonra düşmüşdü.

       Həmin gün səhər saat on bir, on iki radələrində evdən çıxıb Parapet tərəfə gedirdi. Hansısa sirli bir qüvvə yenə də Saday Sadıqlının düşüncəsinə hakim kəsilmişdi mübhəm bir qüvvə onu Eçmiədzinə dartırdı. Saday Sadıqlı heç vaxt Eçmidzində olmamışdı. Ancaq axır macallar, az qala hər gecə yuxuda nahamar daşların, qayaların arası ilə ona tərəf gedirdi və yuxusundakı bu çətin yol Vuraqırda aparan, kitablarda oxuduğu, videolarda gördüyü daş pilləkənlərə dirənir, ilişib qalırdı. Eçmiədzinə yollanmaq, törətdikləri əmələ görə müsəlmanların bağışlanılmasını diləmək niyyəti Saday Sadıqlının ürəyində Sumqayıt hadisələrindən sonra, gecələrin birində baş qaldırmışdı. Sonralar Saday Sadıqlı ayırd eləyə bilmirdi: bu fikir onun ağlına yuxuda yoxsa gerçəkli həyatda gəlib. Ancaq həmin səhər o, yuxudan qıvraq  oyandı, yuyundu, iştahla səhər yeməyi yedi, ləzzətlə çay içdi və hətta bu səmavi ideyanın məğzini sevimli arvadına danışmaqdan özünü saxlaya bilmədi. Son zamanlar ərinin pisxoloji durumundan rəndicə düşən Azadə xanım həmən gün işdə canını qoymağa yer tapmadı, axşam isə Mərdəkana zəng çalıb baş verənlərin hamısını atasına nağıl elədi.

İndi tibblə vidalaşan doktor Abasəliyev az qala tələbəlik illərindən müxtəlif mənbələrdən  Əylisin tarixi ilə əlaqədar qarışıq məlumatlarla dərindən tanış idi. Elə bu səbəbdən də çətinlik çəkmədən diaqnoz qoydu: «Depressiv-maniyak sindiromu» - dedi, sözünün həqiqiliyinə özü də inanan kimi oldu və dərhal da sonrasını zarafata saldı: -  Nədi, bəlkə Katalikosu sünnət eləməyə gedir? Qoy getsin, mane olma. Uzaq başı Vuraqırdacan gedə biləcək. - Sonra isə mövzunu tamam dəyişdi, gənclik şövqü ilə yeni əyləncəsi barədə söz açdı. - Aza, dünən axsam o vaxtlarda yaşamış erməni tacirinin gündəliklər kitabını tapmışam. Həmin erməni savadsız imiş, amma yaxşı tacir olub. Kitabı yazmaqda məqsədi də bu olub ki, ondan sora gələnlər ticarət eləməyin əsas qaydalarını bilsinlər. Aza, bu adam  Əylisin dəhşət vurğunu imiş. Məəttəl qalıram, Əylis niyə erməniyə bu qədər doğmadı? Onun nəyinə lazım idi çaqqalların və ilanların yaşadığı, daşı, qayası tarlasından və suyundan milyon dəfə çox olan bu yerdə cənnət xülyasına düşmək? Məgər dünyada erməniyə yer azlığıdır? Heç bilmirəm nəyə görə Eçmiədzin bu qədər məşhurlaşıb. Bir-iki dəfə olmuşam orda. Amma indi qoca vaxtımda başa düşürəm ki, Allahın evi Əylisdir! Eçmiədzin Əylisin yanında ağzından süd iyi gələn uşaqdır. Eçmiədzin katalikosundan Sadaya müəllim çıxmaz. Qoy ora getsin, həqiqi müəllimin hüzuruna: -  Abasəliyev zarafatla əlavə elədi.

-      Eh, sən də, papa! Hər şeyi zarafata salırsan, - Azadə xanım bir az incik səslə

dedi. - O, hər bir Bakı ermənisinin halına elə yanır, guya onları qorumaq təkcə bunun borcudur. Erməni onun üçün canından əzizdir. Guya onlar mələkdirlər, göydən uçub gəliblər, biz isə cəlladıq, onların qanını içirik. Məəttəl qalmalı işdi, təkcə o zamanın Əylis ermənilərini deyil, burdakıların da ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan üstün tutur. Öz gözü ilə heç vaxt görməsə də Əylisdə türklərin ermənilərə qarşı törətdiyi qətliamı unuda bilmir. Papa, onun belə olmağının baiskarı sənsən.

-      Elə deyil, qızım, bu məsələyə mənim heç bir qarışacağım yoxdur. O, anadan-

gəlmə düzgün, vicdanlı, insaflı adamdır. İş onda deyil, indiki ermənilər necədir, əsas məsələ budur ki, biz necəyik. Sadayın keçmişdəki və ya indiki erməniylə nə işi. Onu düşündürən bizim millətimizdir. Sən ki bilirsən o, yağışdan sonra çıxan göbələk kimi dünyanın harasına desən səpələnmiş millətini necə sevir, elə buna görə də taxtabaş qara-qışqırıqçılardan fərqlənir. - Doktor uzun müddət susdu. Sonra hər ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban səslə danışmağa başladı. - Sən "Leyli və Məcnun"u oxumusan. Yadındadı, Məcnunun ata tərəfinin qoşunu qəti qələbə üçün Leylinin qohum-əqrabasının  üstünə cumanda o nə oyun durquzur? Dava nəyin üstündə idi? Dava onun üstündə idi ki, valideynləri öz qızlarını ayrı qəbilədən olan dəliyə vermək istəmirdilər. Leylinin  dərdindən dəli-divanə olan Məcnun neynədi, həlledici məqamda düşmən tərəfə adlayıb özününkülərə qarşı vuruşdu. Çünki ortada həqiqi sevgi vardı. Həqiqi sevgi sərhəd tanımır. Bu sayaq yalnız qadını və vətəni sevmək olar. Sevgi təmiz güzgü kimidi, qızım, orada yalnız xeyirxahlıq və mərhəmət əks olunur. Əsl sevgi həyatda qazanılmır, onu Allah əta edir. Bizim Məcnunun da dərdi bax bu idi. Yaxşı ki, qızım, belə xəstəliyin əlacı hələ tapılmayıb, - doktor Abasəliyev indiki vəziyyətdə çarəsizliyini ifadə edən qəhər dolu səslə susdu.

      Elə onda da doktor Abasəliyev telefondaca qızına Əylis haqqında bir saatacan uzun nitq irad elədi. Amma o telefon söhbəti Azadə xanımı nəinki toxtatdı, əskinə daha bərk təlaşlandırdı, ona elə gəldi ki, bütün kişilər tədricən olan ağıllarını da itirirlər.

"Bu bizim Vəng kilsəsidir - eynən Eçmiədzindəkinin oxşarı". Bu sözləri bir zaman Abasəliyev Vəng kilsəsinin həyətində kürəkəninə demişdi (Vəng - kilsənin azərbaycanca  adıdır. Məbəd bizim eranın I əsrində apostol Varfolomey tərəfindən tikilib. Kilsənin inşa olunduğu məhəllə Vəng adlanır). Məsələnin qəribəliyi var, artist haradan bilərdi və nə təhər olur ki, Eçmiədzinə gedən saysız-hesabsız yollardan biri Vəng kilsəsindən keçir? Kim nə deyir desin, artıq o, Vuraqırda oxşayan, əzablı pilləkənlərdən, eniş-yoxuşdan ibarət daş dünyadan addımbaaddım, bitdə-bitdə keçmişdi. Aman Allah, bu ki, Vəng kilsəsinin eynidir.

        Günəşin sarımtıl, bənövşəyi şəfəqləri qollu-budaqlı ağcaqovaq, gilas ağaclarının çətirləri arasından süzülərək kilsənin daşdan yonulmuş günbəzinin tən ortasına düşür, oradan isə əks olunaraq, rəngini dəyişmədən, gurluğunu azaltmadan dağların ən uca nöqtələrinə ələnirdi.

      Saday Sadıqlı bir dəfə günəşin gah yanlardan saçaraq ağac çətirləri arasından keçən, gah kilsə günbəzində, gah da dağların ən uca zirvəsində hava kimi, ruh kimi dolaşan şəfəqlərini Allahın təbəssümü, böyük yaradanın nəzərləri adlandırmışdı. Bunu Allah özü də çoxdan bilirdi. Axı başqa necə ola bilər ki, Saday Sadıqlı huşsuz halda Bakı xəstəxanalarından birində döşəli qala və həm də elə o huşsuz, can hayında ikən Əylisdə Vəng kilsəsini görə, o kilsənin günbəzində od tutub yanan gün işığını, həyəti, bağları, gilas ağaclarının qalxıb göylərə meydan oxumağını görə.

     Yayın əvvəlləri idi. 1952-ci ilin iyun ayı. Pişpişə ağacları gül açmışdı. İydənin, yasəmənin, akasiyanın çiçəkləri salxım-salxım olub budaqlardan sallanırdı. Üstəlik, Əylisdə Anıx adlandırılan, əsilində Aniko kilsəsinin qarşısındakı da müxtəlif növ topa-topa əlvan gül-çiçəklər əkmişdi. Kilsənin qonşuluğunda, Allahın evini odun, ot-ələf ambarına çevirən Mirəli kişinin həyətində sarı ləçəklərini təzə-təzə açmağa başlayan günabaxanlar bu cənnət məkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya, bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içində alışıb yanan günbəz qarlı dağlar qədər, dünyanın hüdudsuzluğu və gözəlliyi qədər möhtəşəm imiş. Rəssam Lüsi, Haykanuşun on üç-on dord yaşlı nəvəsi yenə də məbədin - Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başalayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı. Eyni kilsənin rəsmini neçə dəfə çəkmək olar, İlahi? Bəlkə kilsə məsələnin gözə görünən tərəfidi? Bəlkə o səhərlər və axşam üstü yuxarıda, günbəzdə nur saçan Allah təbəssümünü görür və inanır ki, onu fırça ilə kağıza köçürmək olar? Yoxsa daha hansı səbəbə görə səhərdən axşama eyni mənzərəni çəkir, çəkir. Bəlkə də o, məbədin Ezmiədzindəkinin tam oxşarı olduğunu həmən vaxtlar bilirmiş? Sadayın bütün bunları başa düşməyi sonranın işi idi. Hələ onda Saday gələcək qayınatasının adını da bilmirdi.

      Doktor Abasəliyevin uzun illərdən sonra qızı ilə birlikdə orada peyda olması Əylisin həyatında böyük hadisə sayılmışdı : 60-cı illərin əvəlləri idi, Saday inistitutda oxuyurdu. Nə zamansa Zülfünün atası Hacı Həsən İranda, İraqda, Anadoluda tacirlik eləmişdi, Əylisdə isə onun şəxsi torpağı, təsərrüftı, mal-qarası və digər mülkiyyəti vardı. Erməni-azərbaycanlı davasının başlamasından İsfahanda xəbər tutan Hacı Həsən geri dönüb topdağıtmaz əmlakından çəkidə yüngül, vəzində ağır nəyi vardısa toplayıb ömürlük Bakıya üz tutdu. Uzun illərdən sonra doktor Abasəliyev Əylisə gələndə onların müsəlman məhəlləsindəki ikimərtəbəli evi demək olar ki, dağılmışdı. Xoşbəxtlikdən istisna hal kimi birinci mərtəbədə iki otaq salamat qalmışdı. Doktor Abasəliyev həmən otaqlardan birinə əl gəzdirib qızıyla orada yaşamağa başladı, eyni zamanda həyətin başında özü üçün qabağı dəhlizili balaca bir otaq da düzüb-qoşdu. Həmkəndlilərinin aktiv köməyi bəhrə verdi, heç bir ay ötməmiş inşaat işləri başa çatdı, hətta hələ o vaxtacan əylislilərdən bir kimsəyə qismət olmayan əlçatmaz arzu da yerinə yetdi: evin damını şiferlə örtdülər. Doktor Abasəliyev yeni mənzilin tikintisi ilə bahəm istirahətindən də qalmırdı. O, hər səhər xeyli aralıdakı Vəng kilsəsində başa çatan gəzintiyə çıxırdı. Uzun ziyarət yolunun axır başında, kilsənin həyətində qaynayıb axan bulağın göz yaşı kimi təmiz suyun üz-gözünə vurdu, ovcunu qoşa açıb, doyunca içir, sonra da o saf sudan evə aparmaq üçün Bakıdan gətirdiyi termusa doldururdu. Abasəliyev soyadına Əylisdə böyük ehtiram vardı. Bu hörmət-izzəti Abasəliyev hər adımbaşı hiss edirdi və təbii ki, buna görə çox məmnun olurdu. Ona bəslənən ehtiram və hörmət kənddə keçirdiyi həmən yay günlərində də doktora ləzzət verir, canına sarı yağ kimi yayılır, Əylis camaatı ilə doğma kəndin yetirib bitirdiyi məşhur, qənimət adam arasında sıx ünsiyyət yaranırdı.

    Doktor Abasəliyevin səlahiyyəti var idi ki, istədiyi evin qapısını döysün və o evin yiyəsinə lazım olan sözü desin. O, özünəməxsus tərzdə qapısını vaxtlı-vaxtında süpürüb təmizləməyən, yaxud zir-zibilini çayın qırağına tökən arvadları danlayırdı. Xəstələrin imdadına çatır, əlindən gələn yardımı əsirgəmirdi. O, cəmi bircə dəfə kilsəni şəxsi anbara çevirən Mirəli kişi ilə elə tərzdə danışdı ki, erməni Ankanın uzun müddətdən bəri apardığı davaya nöktə qoyuldu. Mirəli kişi həmən gün nəinki kilsədən əlini çəkdi, üstəlik oranı təmizlədi, gülə-gümüşə döndərib kilsənin açarını şəxsən öz əli ilə Ankaya təslim elədi.

      Doktor Abasəliyevin dediyinə görə bir vaxtlar Əylisdə on iki kilsə olub. Saday Sadıqlıya həmin kilsələrdən səkkizinin yeri məlumdur. Yerdə qalanların xarabalığı hardadı, bunu heç doktor Abasəliyev də bilmir. Əslində movcud olan səkkiz kilsəni də kilsə adlandırmaq olmaz, yeri bilinir, uçuq-söküklərdi. Onlardan ən  qədiminə əylislilər İstazın deyirlər. İndinin özündə heç bir əylislini inandıra bilməzsən ki, həqiqətdə İstazın deyilən bir söz yoxdu. Bunun gerçək ifadəsi Astvasadundu, söz erməni dilindədi. Allah evi deməkdi. İndi onun zirzəmiyə dirənən ikicə divarı qalıb. Nə zamansa bura ermənilərin Məkkəsi, Mədinəsi olub. Yalnız zirzəmisi salamat qalan bu «erməni Məkkəsi» kənddən xeyli aralıda, çılpaq dağların dibində, dərmana bir ağac bitməyən, bir əlcə kölgə üzünə həsrət qalan, yayın cırcırama istisində daşı, qayası təndir kimi alışıb yanan yerdə idi və indi zirzəmidə çobanlar və mal-heyvan daldalanırdı. Sanki salamat divarlar da Allahın evinin nişanəsi kimi qalmış və zaman-zaman insanlara xatırladır ki, Allahın evi bir özgə yerdə deyil elə burdadır, budur.

     Digər üç məbəddən biri ( Əylisdə kimsə xatirlamır ki, onları nə zaman dağıdıblar) Ağ kilsə, o biriləri Yetim kilsə və Meydan kilsə imiş. Ümumiyyətlə salamat qalanlar Vuraqırdda - Vəngdə Daş kilsə və Dop idi - keçmişdəki möhtəşəmliyi qoruyub saxlayan abidələr baxımsız və Allahsız qalmışdılar. Kilsələrin dördünü elə tikmişdilər ki, hərəsinin arxasında bir dağ dayanırdı. Təbii ki, Əylisin müsəlman əhalisi bunun fərqinə vara bilməzdilər. Ancaq bu, belə idi və kilsənin belə tikildiyini, hər kilsənin arxasından bir dağ yüksəldiyini, belə bir ahəngdar düzülüşü, anlam üçün erməni olub tarixin əlifbasın bilməyə ehtiyac yoxdu. Hər  kilsə arxasında dayanan dağın rəngindədir, sanki onu tikməmişdilər, eləcə dağdan kəsib elə o dağın qucağına qoymuşdular ki, Allah ətrafı seyr eləyəndə əziyyət çəkməsin, rahat-rahat baxa bilsin.  Ayrı-ayrılıqda hər kilsə yaxasında tikildiyi dağın doğmaca balasıydı elə bil. Saday Sadıqlı doktor Abasəliyevin özündəncə həmən yay eşitmşdi ki, Vəng ermənicə  « monastr» deməkdir. Saday ilk dəfə bax elə orda Vəng kilsəsinin həyətində gələcək qayınatasına rast gəldi. İlk kəlmədən söhbətləri tutdu, söhbətləşdilər, o vaxtlar bir-birinə qarşılıqlı ehtiyac hiss etdilər və xoş münasibətlər  sonradan dostluğa çevrildi.  Həmin yay onlar (adətən ikilikdə, hərdənbir Azadə də onlara qoşulurdu) bağ-baxçadan keçib, bulaqdan içib, kilsələrə baş çəkib doyunca gəzib dolaşdılar. Hava sərin olan vaxtlarda hətta dağın o üzünə aşıb qonşu kəndlərə gəzməyə gedirdilər. Çox vaxt axsamlar danışır, səhərlər qərarlaşdırdıqları yerdə görüşürdülər. Bəzən Abasəliyev lap ertədən qalxıb Sadaygilə gəlir, onu tələsdirirdi, « tələs, cavan oğlan, bir azdan gün qalxacaq ». O zamanlar Abasəliyev Sadaya cavan oğlan deyirdi.

       O yay günlərin hər biri, Əylisdə Abasəliyevlə birgə keçən vaxtlar yalnız Əylis haqda olan maraqlı əhvalatlarla deyil, həm də havasındakı səfalı quru istisiyilə uzun illər bir bayram təəssüratı kimi Sadayın yaddaşından silinmədi. Bir də təzə-tər yaşıllığıyla, bir də neçə-neçə çeşmələrinin dadıyla və təbii ki, ən çox da adamlarının mehribanlığıyla yaddaşına həkk olundu.

      Axşamlar danışdılar ki, sabah görüşüb, ikilikdə Vuraqırddan xeyli aralıda yerləşən Əylisin çoban yataqlarına baş çəksinlər. Bundan irəli də yay tətillərində Saday istəmişdi, gedib çoban yataqlarını görsün. Sadayın uşaqlıq dostu, yeddi il onunla bir sinifdə oxuyan Camal elə yedinci sinifdə məkdəbdən aralanıb qoca çobana qoşularaq kolxozun mal-qarasını, qoyun-danasını otarmağa getmişdi. O vaxtdan bu vaxta Camalın yay aylarında kəndə gəlməyə imkanı olmurdu. Təkbaşına dağlar aşıb uşaqlıq dostu ilə görüşmək Sadaya  da çətin idi. Vəng kilsəsinə qədər olan yol dümdüz idi, həmin o dümdüz yolun sonunda çayın qırağına düşüb yoxuş cığıra çıxdılar. Dağlardan sızan balaca Əylis cayının suyu adi bir bulaq axarı qədər olar, ya olmazdı. Həm də onun suyu ürək yanğısını biran da söndürən bulaq suyu qədər soyuq deyildi. Amma uzun yolun istiliyi canlarını bürüyəndə elə bu çayın suyu da kara gəlirdi. Birtəhər dəhnənin yanına çatdılar. Elə orada anladılar ki, bələdçi və at, yaxud eşşək olmasa ora gedib çıxa bilməyəcəklər. Elə buna görə də çobanların açdığı dar cığırla geri dönüb günortaya yaxın Əylisin ən uca nöqtəsində qərar tutan Vəng kilsəsinə yetişdilər.

       Saday kilsəyə uşaqlıqdan bələd idi. Orada saysız-hesabsız göyərçinlər məskən salmışdı. Ona görə də cammat arasında  bu yerin ikinci adı « Göyərçin bazarı » idi. Onlar kilsənin həyətinə girəndə göyərçinlərdən əsər-əlamət qalmamışdı. Görünür, quşlar su və dən dalınca bağlara, tarlalara uçub getmişdilər. Elə buna görə də kilsənin qalın divarlarının arasında mövcud dünya və atmosferlə heç bir əlaqəsi olmayan sakitlik və səsizlik, insansızlıq və zamansızlıq hakim idi. Hətta kilsənin içini dolduran hava da bu dünyanın havası deyildi, yad hava idi. Düz xətlə boyunca uzanıb künbəzin dörd pəncərəsini yarıb keçən gün işığı həmişəki Əylis işığına bənzəmirdi, sanki çox uzaq və gözəgörünməz bir məkandan axıb gəlirdi. Künbəzin aşağı hissəsində axır macallarda əmələ gəlmiş, yarıqdan sızan gün işığı nəsə yad dünyanın sirli-sehirli ovqatını yaradırdı. Çayın qırağından başlayıb  yuxarı, kilsəyə aparan daş pilləkənlər Sadayın uşaqlıq yuxularına çox girmişdi.

     Uşaq vaxtlarında Saday çayın qırağından başlayıb yuxarıya, addım-addım kilsəyə tərəf dikələn daş pilləkənləri görmüşdü, o pilləkənlərə dayaq olan dayanan meydançanı görmüşdü. Və bununla yanaşı o  yüksəklikdən geriyə, çayın qırağına yenən, möhkəm daşlardan hörülü daracıq yol da yadındaydı. Amma doktor Abasəliyevlə uğursuz səfərdən geri döndükləri gün Sadaya elə gəldi ki, ömründə heç zaman bu kilsəni, ona qalxan daş yolu, daş divarları, bu qəribə, qədim Vuraqırdda olan yeganə yolu görməyib.

        Qulu elə həmin Qulu idi, dəyişməmişdi. Nə zaman ki, tutması tuturdu, dərhal evdən çıxır, səhərdən axşamacan bir hovur toxtamadan darvazanın qabağında fırlanır, ağzı köpüklənə-köpüklənə öz-özüylə danışırdı. Onu danışdıran səbəb isə guya bu idi ki, kimsə hər gün su arxına zəhər tökür və o zəhər də onun həyətinə axır. Qulu həmən "mərdimazarları" ağlı kəsən dərəcədə, beləcə zərərsizləşdirirdi. O, evinin üstünə daş atan, damına dırmaşan uşaqlara nifrin yağdırırdı. Ayrı yerlərdən gələn, qozbel arvadı və evdə qalıb qarımış naxoş qızı ilə yaxınlıq eləmək istəyən hansısa cavan oğlanları hədələyirdi.

Doktor Abasəliyev pul çıxarıb Qulunun cibinə basdı. O, susdu və təəccüblə uzun-uzadı doktor Abasəliyevə baxdı.

-      Nədir, Qulu. Tanımadın məni? - doktor soruşdu. Pessimis Qulu bir qədər

fikirləşdi və birdən doktorun çiyninə vurub dedi:

-      Zülfü deyilsən? Böyründəki yoldaşını isə o saat tanıdım, uşaq olanda bütün

günü boş-boşuna aralıqda veyillənirdi. - Bu dəfə Qulu  doktorun çiynini bir az da bərk dürtmələdi - Bəri bax, Zülfü, sən hara, bura hara?

-      Gəldim, baxım görüm sən öz cinlərinlə necə yola gedirsən - deyə doktor

Abasəliyev cavab verdi və ehmalca Sadaya göz vurdu. Hə, Pessimis, yenə onlar sənə nə pıçıldayırlar? Gecə gəlirlər, yoxsa gündüzlər də qır-saqqız olub yaxandan əl çəkmirlər?

-      Söz tapdı danışmağa, - Qulu rəncidə oldu - adını da doxtur qoyub.

-      Deməli cinlərlə dostluğu  pozmusan? De  görüm bu il həyətdə bir şey əkə

bildin?


-      Əlbəttə əkmişəm, elə şey olar? - Pessimis Qulu uca səslə dilləndi və tez də

söhbəti dəyişdi. - Heç denən bu alçaqlar qoyurlar ki, əkdiyimizdən bir şey ələ gələ?

-      Deyirsən, cinləri yanından qovmusan, hə?

-      Belə yerdə cin durmaz! Buranın adamları cindən dəhşətlidir. - Pessimis Qulu

darvazanı təpiklə itələyib açdı - Budur, özün bax, əclaflar həyətə gələn suyu zəhərlədilər, nə ki ağac var quruyub.

Saday həyətə göz gəzdirdi: əsasən ərik, orda-burda gilənar, armud, fındıq, şaftalı ağaclarıydı. Gilas ağacına məmələri dizinəcən sallanan keçi bağlanmışdı. Divarın dibində əkilən zirinc kollarının dibində bir neçə toyuq və cücə eşənək atırdı. Həyətə heç nə əkilməmişdi. Heç bir ağac-zad da qurumamışdı.

Onlar Qulunun darvazasından çıxanda:

-      Sən ki bilirsən, cavan oğlan, bu çoxdanın dəlisidi - Abasəliyev dedi. Onlar daş

döşənmiş dar yolla üzü aşağı gedəndə yan-yörədəki evlərə nəzər sala-sala Sadaya gözlənilməz, qorxulu və qəribə əhvalat danışdı.

-      Cavan oğlan, sənə bir söhbət eləmək istəyirəm, amma qorxuram mənim özümü



də dəli sayasan. Həqiqətən də Əylisdə çoxlu cin var. Cin deyəndə mən ruhları nəzərdə tuturam. Heç bilirsən Qulunun evində hansı ruh yaşayır? Bir vaxt burada Minas  adında çəpgöz daşyonan yaşayırdı. Çox kilsənin daşını  bu nəslin ustaları yonub hazırlayıblar. Minas ömrü boyu daşla əlləşib: məzar daşı, dəyirman daşı yonub, yola döşənən daş çəkicləyib, belə-belə işlərdən çox görüb. Dəli Qulunun babası Abdulla da eynən nəvəsi kimi tənbəlin, yekəbaşın biriydi. Bazarda araba dartırdı,daha doğrusu, çaydan çayxanaya su daşıyır, qazandığı qəpik-quruşun başına elə oradaca daş salırdı. Gərək ki, belə bir hadisə baş verib: elə ki, Ədif  bəy Əylisdəki erməniləri qırmaq əmri verir, bu çaqqal Abdulla qorxusuz-hürküsüz şirə dönür. Özünü salır məhləyə, balta götürüb cumur Minasın evinə. Minas həyətdə sakitcə oturub  daş yonurmuş. Hiyləgər Abdulla əvvəl Minasın başını kəsir, sonra onun arvadına, yazıq tifillərinə də aman vermir. İndi, əzizim, ədalət naminə özün de, bu Qulu Minasın evində aydan-arı, sudan duru yaşaya  bilərmi? Allah haqqı, yaşaya bilməz! Minasın əzablı ruhu heç vaxt ona dinclik verməz. Allah o qədər unutqan deyil ki, belə alçaqlığı bağışlasın.

       Görünür Vuraqırdın mistik  mənzərəsi doktor Abasəliyevi də bərk təsirləndirmişdi. O tez-tez addımlarına ara verir, ayaqları altında küçəyə döşənən, min illərin sürtüb hamarladığı çay daşlarına nəzər salırdı. Dağıdılmış qədim evlərə sonsuz heyrət içində baxır, gözünü həyətlərdən, ağaclardan ayıra bilmirdi. Ola bilsin ki, məhz həmin gün, Pessimis Qulu ilə söhbətdən sonra, məhz çoxillik qənaətləri pisxoloqu təhrik eləmişdi ki, beynində közərən çək-çevirlərinin səbəbini aydınlaşdıra bilsin. O əsəbi halda, həm də anlaşılmaz qəribə bir səslə dedi,- Erməni evi zəbt eləyən hər bir əylisli ailəsində pisxi xəstə var - dedi. - Mən bunu sənə həkim kimi deyirəm. O evlərdə dinclik görən kimsə varmi? Əgər tərəddüd eləyirsən, Vuraqurddan aşağıdakı evləri bircə-bircə sayaq. Götürək Daş kilsənin yanında Mırıq Müzəffərin evini. Heç kim deyə bilməz ki, özünün, yaxud arvadının başı yerində deyil, normal adamdılar.  Çünki onların doğulduğu və böyüdüyü ev basqınlar zamanı ələ keçirilməyib. Amma onların uşaqlarına fikir ver, hamısı pisixi xəstədir. Kəmağıllılığın klassik forması göz qabağındadır. Bir vaxtlar xəstəxanamızda Müzəffərin iki qızını müalicə eləmişəm. Necə lazımdır elə, kefin isləyən kimi müalicə eləmişəm. Ola bilsin, sən o qızları elə indicə küçədə, bulaq başında görəsən. Elə bil xəstə quzudular. Bir adama salam verməzlər, kimsə ilə kəlmə kəsməzlər. Çünki tutulduqları azar sağalmazdır. Məncə, bu xəstəlik deyil, cəzadır. Günaha görə Allahın insanlara verdiyi cəzadır... Mırıq Müzəffərdən azca aşağıda Qaban Qurbanın evidir. Görürsənmi, nəvəsi nə kökdədir? Dırmaşır hasara, ordan gəlib gedənin başına daş yağdırır. Bax hələ talanlar zamanı zəbt edilən evlərin günü-güzaranı necədir? Götür Bəyaz qocanın oğlu Qafili - üzdən ağıllı-başlı adamdır. Əslində isə başdan xarabdır. Ona ayrı nə ad verim ki, qarşılaşanda məni yalan olmasın bir saat çənəsinin altına salıb qara atın belinə qalxan Məhəmmədin Sina dağına - Allahla görüşə yollanmasından danışır. Yaxşı, xəstə-xüstəni qoyaq bir qırağa. Sağlam, ya qeyri sağlam olsun, bu boyda Əylisdə bir nəfər tapmazsan ki, o zaman erməniyə nahaq qan uddurub, indi isə qulağı dincdir. Özün qulağınla eşidirsən - Məxsəti Aleksin (erməni, Yerusəlimdə İsus məbədinin nümayəndəsi) evinə soxulan Qəzənfər hər axşam balalarıyla döyüşdədir, qışqırır onların üstünə, hədələyir, söyür... O qardaşlar isə hər an bir-birinin boğazını quş boğazı kimi üzməyə hazırdı. Budur bax, valideyinlərin günahı ucbatından övladlar hansı zülümü ayaqlayırlar. Ayaq altına salıb tapdaladığımız ruhlar imkan vermirlər ki, bu fani dünyada rahat yaşayaq. Qəssab Məhəmməd küçənin tam ortasında Keşiş Mkrtçın qızını xançalla doğradı. Məhəmmədin ahıl vaxtını görmədim,amma Bakıya gəlib-gedənlər deyirdi ki, o it olub hürürmüş, gözləri tutulub, sonra da iflic olub, ağzı əyilib durub qulağının dibində. Hələ bu nədir ki, oğraşın qarnını ishal doğrayıb, deyirlər ayaq yoluna girib gücənəndə dalından çıxan gurultu Zəngəzura çatırmış. İndi hamı onun adı gələndə burnunu tutub qəbrinə tüpürür. Bir sözlə, cavan oğlan, inanmıram ki, bu yerlərə bir də xoş gün qismət ola. Görürəm ki, heç indiki əylislilər də buna inanmırlar. Qulunun evindən azca arallanandan dərhal sonra doktor Abasəliyev ilk alaqapını araladı, həyətə girdilər. Ev sahibi Nubar eyvanda oturub yun didir, dodağının altında öz-özüylə nəsə mırtdanırdı.

     - Keçin içəri, keçin - deyə onları salamladı - xoş gəlmisiniz. Gün hardan çıxdı, doktor, biz də yada düşdük. Deyirlər bir aydır burdasan, üzünü ilk dəfə görürəm.      

       Doktor Abasəliyev:

     - Taxsır kimdədir? Heç ayağını evdən bayıra qoyursan ki, camaat da səni görə bilsin - dedi və həyətə göz gəzdirdi. - Göz dəyməsin, həyət-bacan gülür. Deyəsən, sudan korluğun yoxdur.

     - Allah hər kəsə ürəyincə versin, Zülfü qardaş. Hələ ki, qapı-bacaya baxmağa taqətim var. Mudaramız sudur, şükür bu il kəsildiyi olmayıb, irəlikindən də bol gəlib. Bu saat samavarı alışdırım, bir qəsəng çay verim sizə.

     - Zəhmət çəkmə, indi gedirik. İki-üç dəqiqəliyə gəldik, görək necəsən. Olmaya hələ də tək qalırsan.

     - Tək qalıram, doktor, tək, - Nubar arvad göynədi. Qızın biri körpə-körpə qəhr oldu, alçağın birinə vuruldu, sonra da başına nöyüt əmdərib cavan canını yandırdı. İki qızı yetim qaldı. Oğlum da gedib bir rusla evləndi, bir əlcə əppəyə döndü, onu da it apardı, odu -budu buralara üzükməyib.

      -  Bu evdə yaşayan ermənilər yadına gəlir, ay Nubar?

      -  Arakel idi də, sən mənnən də yaxşı bilirsən. Arvadı Esxinin qayadan atılmağı elə bil dünən olub. Mən ömrümdə heylə qəsəng qadın görməmişəm. Nə təhər yanıqlı oxuyurdu, ay Allah?! Həm öz dilində, həm də müsəlmanca. Səbəbkar Allah lənət eləmiş Ədif bəy idi. Onun dəstəsi Əylisə girən kimi, bədbəxt ağlını itirdi. Yadındadır də gün işaracaq çıxırdı Xişkeşenin ortasına, qayaların başına qalxıb oxuyurdu:


Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin