Gələcəkdə elastik displeylər mobil qurğuların xarici görünüşünü dəyişəcək. İstifadə üçün yararlı olan ilk nümunəni “Sony” şirkəti nümayiş etdirib.
Bazasında kompakt futuristik qurğuların yaradılması mümkün olan yüksək elastiklik qabiliyyətinə malik displeylər haqqında danışılanlar yenilik deyil, lakin indiyədək ictimaiyyətə təqdim edilən nümunələr praktiki istifadə üçün o qədər də yararlı olmamışdır.
“Sony” şirkəti “SID 2010” konfransında qalınlığı 80 mkm olan OLED-displeyi nümyaiş etdirməklə “Elektron kağız”ın reallığa çevrilməsinə bir addım da yaxınlaşdığını göstərib. Təqdim edilən nümunənin eni 4,1 düymdür. 432×240 piksel təsvir ölçüsünə malik yeni ekranın 1000:1 kontrastlıq nisbəti ilə 16 milyon rəng çaları təsvir etmək imkanı var. www.sony.net saytının məlumatına görə, ekran o qədər elastikdir ki, onu 4 mm radiusda olan silindr ətrafına sarımaq mümkündür, əyilmiş vəziyyətdə isə video görüntünü nümayiş etdirmək qabiliyyətinə malikdir. Hətta 1000 tsikl büküldükdən sonra belə təsvirlərin keyfiyyətində ciddi nöqsanlar müşahidə edilmir.