b) Rəvayətlərin təhqiq olunmadan və sənədsiz nəqli Rəvayət təfsirinin əsas zəif nöqtələrindən biri də nəqlləri təhqiq
etmədən verməkdir. Alimlərin bir qismi Quranı təfsir edərkən
etdikləri nəqlləri araşdırmamış və bunun nəticəsində də təfsirlərə
bir çox uydurma rəvayətlər girmişdir. Düzdür, İbn Cərir ət-Təbəri
(vəfatı-311/923) kimi rəvayətləri cərh və tədil yönlərini araşdıraraq
ələ alan müfəssirlər olmuşsa da, bunların sayı həddindən azdır.
c) İsrailiyyat Rəvayətlərə görə İsrail, Hz. Yaqubun adı və ya ləqəbidir. Yaqub
(ə.s.) da Quranda keçən məşhur on iki yəhudi boyunun (əsbat)
atasıdır. İbrani dilində olan israil kəlməsi, isra (qul) və il (Allah)
sözlərdən törəyib “Allahın qulu” deməkdir.
Rəvayət təfsirlərinin zəif nöqtələrindən birisi də israiliyyatdır.
İsrailiyyat kəlməsi “israiliyyə” sözünün cəmidir. İsrail rəvayətləri
yəhudi, xristian və digər dinlərə əsaslanan rəvayətlərdir. Bu
rəvayətlərdə yəhudi ünsürü xristian ünsürünə nisbətən güclü-
dür, çünki müsəlmanlar yəhudilərlə daha çox ünsiyyətdə olmuş,
Mədinədə onlarla bir icma daxilində yaşamışlar.