VI DƏRS
ÜMUMİ TARİX (PARAQRAF 21, 22)
PARAQRAF 21.Almaniyada reformasiyanın başlanması.
XVI əsrin əvvəllərində Almaniyada feodal dağınıqlığı hələ də qalırdı. İmperator hakimiyyəti zəifləmişdi. Katolik kilsəsi ölkədə hökmranlıq edirdi. Ölkə ərazisinin xeyli hissəsini kilsə mülkləri təşkil edirdi. Kilsə əhalidən məhsulun onda bir hissəsini vergi kimi alır, vəzifələr və indulgensiyalar (CƏNNƏT QƏBZLƏRİ) satırdı. Almaniyada əhalinin bütün təbəqələri katolik kilsəsindən narazı idi.
1517-ci ildə Vittenberq şəhərindəki universitetin ilahiyyatçı professoru Martin Lüter «cənnət qəbzləri» ilə alver olunması əleyhinə çıxış etdi.Papa Lüteri bidətçilikdə təqsirləndirdi və Almaniyaya xüsusi fərman göndərib onu lənətlədi. Martin Lüter Papanın fərmanını universitet tələbələrinin gözləri qarşısında tonqalda yandırdı. Roma Papasının tərəfini saxlayan imperator Lüteri Vorms şəhərində keçirilən qurultaya çağırdı. Burada Lüteri həbs etməyə cəhd göstərdilər. Lakin cəngavərlər buna imkan vermədilər.
Martin Lüter çıxışları ilə reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda mübarizənin başlanğıcını qoydu.Reformasiyanı şəhərlilər, kəndlilər və knyazlar müdafiə edirdilər.Şəhərlilər kilsə vergilərinin azaldılmasını, monastırların bağlanmasını tələb edirdilər.Cəngavərlər isə kilsə torpaqlarına sahib olmaq istəyirdilər.Knyazlar kilsənin Papaya deyil, onlara tabe olmasına çalışırdılar.Kəndlilər və yoxsul şəhərlilər isə katolik kilsəsinə qarşı çıxmaqla yanaşı, feodal qaydalarına qarşı da mübarizə aparırdılar.Bu artıq feodal cəmiyyətinə qarşı xalq reformasiyası idi.
Dostları ilə paylaş: |