Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
#16910
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   23

 
QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 
 
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində  və deltasında yerləşirdi. Yayın  əvvəlində 
gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu 
qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə  də misirlilər öz ölkələrini “Qara 
torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu 
vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan 
insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, 
kolluqları  qırır, bəndlər düzəldir, kanallar çəkir,  əkinçiliklə  məşğul olurdular. Misirlilərin başlıca 
məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. 
Onlar torpaqları toxa və sadə  xışlarla  şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz 
becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə  məşğul olurdular. Bacarıqlı 
dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.  
Qədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti meydana gəldi. Tayfa başçıları, adlı-sanlı 
əyanlar qəbilə üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə əhalinin bir hissəsini kəndlilər 
təşkil edirdi. Misir dövlətlərinin padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular fironun 
ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, yaxud yaxın qohumu firon olurdu. Onlar işğalçılıq 
müharibələri aparır, cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil edirdilər. 
Misir fironları özləri üçün ehramlar (piramidalar) tikdirmişlər. Ehramların inşası “tarixin atası” 
Herodotun “Tarix” əsərində geniş  təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin ehramlarda dəfn 
edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən 
axirət dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların  əzəmətini nümayiş etdirməli idi. Qədim 
Misirdə fironun sərdabəsinə o dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları qoyurdular. 
Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir. 
Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı aslan bədənli nəhəng heykəl - sfinks 
yonulmuşdur. Bu nəhəng heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası” adlandırılmışdır. Bəlkə  də, 
sfinks ehramların qoruyucusu məqsədi ilə qoyulmuşdur. 
Misirdə  işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750 heroqlif var idi. Yazı üçün papirusdan 
istifadə edilirdi. Qədim Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur. Misirlilər bənd
binalar tikmək üçün hesablamalar aparırdılar. Hesab və  həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı 
həmişə ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər ulduzları müşahidə etmələri 
nəticəsində astronomiya elmini yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə əsasən təqvim 
tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə 
işlərini bacarırdılar.  
Misirdə dövlət idarələrində  və  məbədlərdə  məktəblər açılırdı. Bu məktəblərdə  oğlanlar oxuyurdular. 
Kiçik məktəblilər qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində yazırdılar. Məktəblərdə 
varlıların balaları oxuyurdu. 
Qədim Misirdə musiqi və  rəqs sənəti yüksək inkişaf etmişdi. Nəfəs, zərb və simli musiqi alətləri 
mövcud idi. Rəqqasələr bəzən döyüş  səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə dini 
mərasimləri səhnələşdirirdilər.  
Qədim Misirdə allahları heyvan başlı insan şəklində  təsvir edirdilər. Bu da ovçuluqla bağlı idi. 
Misirlilərin etiqadına görə, ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar. Elə buna görə də 
misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. 
Osiris dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu mühakimə edir. Məbədlərə kahinlər 
rəhbərlik edirdilər. Məbəd allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki məbədin 80 min 
qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar 
zümrəsinə dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə durum firon təkhakimiyyətliliyi 
ilə ziddiyyət yaradırdı. Məsələn, IV Amenxotepin (1372-1354) dövründə  kəskin qarşıdurma baş verir. 
Ehnaton adını  qəbul etmiş IV Amenxotep dini islahat keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul 
etdirir. Lakin Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.  
IV Amenxotepin arvadı Nefertiti minilliklər ərzində gözəllik təcəssümü sayılıb. Misir Yaxın Şərqin zəngin 
dövlətlərindən birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını artırmışdı. Misirin 
təsərrüfatında yüksəliş gözə çarpırdı. Müharibələrdən  əsir gətirilmiş  əhali təsərrüfatda qul kimi işlədilirdi. 
Təcavüzkar xarici siyasətdən imtina etmiş III Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun 
fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb sahilində Amon allahın  şərəfinə inşaat 
işləri aparmış və onun adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən olan Fiv yerləşirdi. 
Bu  şəhər Yeni səltənət dövründə ölkənin paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv 
şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində Amonun şərəfinə tikinti işləri görmüşdü. O, 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
20
Amon məbədinin giriş hissəsinin hər iki tərəfindən kəsik ehram şəklində darvaza ucaltdırmışdı. 
Özünəməxsus xeyrat məbədlərdən birini Amona həsr etmişdi. Amon məbədi önündəki darvaza qızılla 
işlənmişdi. Luksor məbədlərinin divarlarına qızıl təbəqəsi, döşəməyə isə gümüş vurulmuşdu. Məbədlərə 
gedən yollar lövhə ilə döşənmişdi. Amon məbədinə gedən yolun kənarında qoyun heykəlləri düzülmüşdü. 
Qoyun Amon məbədinin müqəddəs heyvanı hesab edilirdi. Hökmdarın xeyrat məbədi yolu kənarına 
itəbənzər heykəllər qoyulmuşdu. Məbədlərdə fironun əzəmətli və hündür heykəlləri də ucaldılırdı. 
III Amenxotepin vəfatından sonra oğlu IV Amenxotep (e.ə. 1365-1348-cü illər) hakimiyyətə gəldi. O, 
Misirin Asiya vilayətlərindəki siyasi vəziyyətə  məhəl qoymadı, öz fəaliyyətini büsbütün daxili ixtilafların 
aradan qaldırılmasına həsr etdi. Köhnə hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında 
kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri kahinlər ətrafında cəmləşmişdi. Əvvəlki illərin 
uzun sürən müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və onlara qulluq edən kahinləri 
varlandırmışdı. Misirin baş  və  ən nüfuzlu allahlarına həsr olunmuş  məbədlərinin xeyli mal-qarası var idi. 
Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş 
yayılmışdı. Ona bol qurbanlar kəsilir və nəzirlər verilirdi. Adətən quş və heyvan, taxıl və meyvə, içki (şərab 
və pivə), ətriyyat və sair nəzir kimi məbədə gətirilirdi. Məbəddə ərzaq qıtlığı olmurdu, əksinə, həmişə bolluq 
olur, kahinlər və məbəd xidmətçiləri, habelə məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi. 
Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin nümayəndələri cəmləşmişdi. Onların 
içərisində yoxsulluqdan çıxmış  və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial təbəqə nemxu - 
"yetim, kasıb, yetim-yesir" adlanırdı. Yeni əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi 
mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı təbəqədən çıxdığını bildirirdi. 
XVIII sülalənin son dövrlərində "yetim-yesir" (nemxu) təbəqəsinə mənsub olan, lakin artıq varlanmış 
adamlar Misirin inzibati və  təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq edirdilər. Belə varlı  və 
vəzifəli "yetim-yesirlər" yazılarında firon IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə 
qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı  və idarələrdə çalışan "yetim-yesirlər" fironun dayağına 
çevrilmişdilər. Fironun əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar təbəqəsinə etimad 
göstərirdi. Yazılarında fironu onları yaradan kimi qələmə verirdilər.  
Amon ümum Misir allahı hesab olunurdu. Ona həsr olunmuş məbədlər hər yerdə inşa edilmişdi. Amon 
məbədlərinin xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici siyasətinə istiqamət verən  əsas 
qüvvəyə çevrilmişdi. III Amenxotepin dövründə bu allah Amon-Ra, yəni "Amon-günəş" adlandırılırdı. 
Günəş allahına (Raya) Misirin müxtəlif  şəhərlərində sitayiş edirdilər. Fironlar özlərini "Günəşin (Ranın) 
oğlu" adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu Misir dini ənənəsini dəyişdirmədi. 
Günəşə sitayiş  tədricən fironun başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə dairəsi olan 
şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep dini islahat həyata keçirtdi. O, "görünən Günəşə" 
(Aton) sitayişi bərqərar etdi. Günəş şüalı şəkildə təsvir olunurdu, günəş dairəsindən şüalar insan əli şəklində 
uzanırdı. IV Amenxotepin şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə bizə  gəlib 
çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi 
nəticələri tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına ibadət yanaşı aparılırdı. Lakin 
Aton məbədində taxıl adi ölçülərlə yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim  Şərq ölkələrində olduğu 
kimi, Misirdə  də müxtəlif həcmli çəki ölçüsü (əndazə) mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. 
Məbəddə qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal və ərzaq anbarları vardı. "Günəş 
evi" adlanan Aton məbədi zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı. 
Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili (təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi 
yaratdı. O, Amon məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin orta hissəsində (indiki əl-
Amarna) Nilin sağ sahilində yeni paytaxt saldırdı. Adını yeni ibadətin şərəfinə Axetaton, yəni "Günəş üfüqü" 
qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər 
ətrafı  əhalisi, torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan edildi. Eyni zamanda, firon 
Amenxotep (yəni "Amon məmnundur") adını  dəyişdirib Exnaton ("Günəşə  sərfəli") qoydu. Digər  şəxsi 
adlarda Amon Aton ilə  əvəz edildi. Exnatonun ailə üzvləri, onu əhatə edən  əyanlar buna uyğun olaraq 
adlarını  dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. Exnatonun dini islahatı  təkallahlığa 
doğru atılmış ilk addım idi. Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlı-bağatlı böyük 
şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd tikilmişdi. Firon sarayları öz əzəməti ilə  fərqlənirdi. Ən 
böyük saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş, qiymətli daşlarla doldurulmuş, yaxud 
qızıldan üz çəkilmişdi. Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev tikdirmişdilər. Onlar 
Axetatonda sərdabələr tikdirir, divarlarını müxtəlif rəsmlərlə  bəzəyirdilər. Rəsmlərin  əksəriyyəti Exnatona 
həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə yazılarında  əyanların firona minnətdarlığı 
bildirilirdi. Ev və sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən Exnatonun və arvadının ünvanına 
dua-müraciət mətnləri həkk edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və öləndən sonra 
nemətlər diləyirdilər. 
Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi vəziyyətini yaxşılaşdırmadı. Atonun 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
21
şərəfinə yazdığı himn sadə adamların güzəranından bir kəlmə  də olsun bəhs etmir. Burada ancaq Günəş 
allahının qüdrəti təsvir olunur: "Sən (yəni Aton)  səmanın üfüqündə  qəşəng parıldayırsan, həyatın 
başlanğıcını qoymuş diri Günəş dairəsi! Sən  şərq üfüqündə  çıxırsan və bütün yeri öz gözəlliyinlə 
doldurursan. Sən qəşəngsən, böyüksən, nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin  şüaların sənin 
yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti qovursan öz şüalarını saçanda. Hər iki torpaq 
şadlıq edir. Onlar (insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini yuyurlar və geyimlərini 
götürürlər. Onların əlləri sənin parıltını vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir. 
Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar. Gəmilər  şimala üzür, həm də  cənuba və 
bütün yollar sən nur saçanda açılır. Çayda balıqlar sənin görüşünə  çıxırlar. Sənin  şüaların dənizə cumur. 
Sənin  şüaların hər bir əkinə qida verir. Sən çıxanda o canlanır və göyərir sənə görə... Sən uzaq səmanı 
yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan... Sən mənim ürəyimdəsən, elə birisi yoxdur ki, 
sənin oğlun Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin..." Exnaton ancaq günəşin yer 
kürəsinə bəxş etdiyi işıq və şüanın müsbət nəticələrinə dini don geyindirmiş və onun şərəfinə mədh demişdi. 
Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl tuturdu, "yetim-yesir" təbəqəsindən əyanlığa qəbul 
edirdi, lakin başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni dini təlimin sosial və ictimai-
iqtisadi bünövrəsi yox idi. Əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü. Atona 
sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını ləğv etmək məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi 
arasında dərin köklərə malik idi. Amon məbədlərinin var-dövləti  əsrlər boyu yığılmışdı, bu da onun 
kahinlərini iqtisadi cəhətdən möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə də ibadətinin 
tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən 
sonra Amon kahinlərinin və dindarlarının  əl-qolu açıldı. Hadisələr göstərdi ki, Aton ibadəti Misirdə  dərin 
kök sala bilməmişdi. Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi. 
Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub saxlaya bilmədilər. Hakimiyyətə gəlmiş firon 
Semnexkara Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün ən gözəl və incə 
qadınlarından idi. Nefertitinin Exnatondan altı  qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən 
müddət Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar. Lakin bununla yanaşı, Fiva Amon 
allahına ibadəti dirçəltməyə başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən dirçəlməsinin 
qarşısını ala bilmədi, bəlkə  də ona sitayişi bərpa etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş 
həyatına yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş üçün yaşayır") Tutanxatonun 
arvadı elan edilmişdi. Onlar Aton ilə yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon 
ideologiyasının təzyiqinə  məruz qaldı. Bir müddət sonra o, adını  dəyişdirib Tutanxamon, yəni "Amon 
həyatına yaraşan" qoydu. Arvadı isə Anexesenpaamon adını qəbul etdi. Eyni zamanda, Axetaton əyanları ilə 
birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı Fiv ziyafətlərində iştirak edirdi. 
Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı. Ehtimal ki, əldən gedən Asiya 
vilayətlərində Misir hakimiyyətini bərpa edə bilmişdi. Yəqin ki, hərbi əməliyyatlarda sərkərdə Xoremxeb də 
iştirak edirdi. Amona ibadətin tam bərpa edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox 
Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu. Ehtimal edilir ki, Eye gənc Tutanxamonun 
adından Misiri idarə edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını qəti olaraq bərpa etdi. Tutanxamonun 
hakimiyyəti uzun sürmədi. O, təxminən on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə yeraltı 
sərdabədə dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında "hökmdarlar dərəsi"ndə tikilmişdi. Fiva kahinləri 
Tutanxamonun bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun lövhələrini, onun surətini 
əks etdirən qızıl dəbilqəsini, müxtəlif heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun 
sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon sərdabələri hələ o zaman talan edilmişdi. 
Sərdabə qarətçilərini tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və Nefertiti sərdabələrinin 
qalanı XIX əsr qarətçiləri Atona (Günəşə) ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə 
Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki, Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə 
bir  şey apara bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi tikilərkən, Tutanxamonun yeraltı 
sərdabəsinin girişi torpaq və çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər. 
Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir qüdrətli dövlətə çevrildi. Tutanxamonun 
övladı olmadığından hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir mənbələri onun fəaliyyəti 
haqqında heç bir məlumat vermir. Lakin Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma 
müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: "Mənim  ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin 
həddi-buluğa çatmış  oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə gedərəm, o da Misirin 
hökmdarı olar". Het hökmdarı III Murşil tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium 
belə qeyri-adi müraciətə  təəccüb edir. Hadisənin düzgün olub-olmamağını yoxlamaq üçün o, Misirə elçi 
göndərir. Misir fironəsi yenidən Het hökmdarına müraciət edib yazır: "Sən nə üçün deyirsən ki, onlar məni 
aldatmaq istəyirlər.  Əgər hökmranlıq etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət etməzdim, 
çünki bu mənim üçün və  mənim ölkəm üçün həqarətdir... Mənim  ərim vəfat etmiş  və  mənim övladım 
yoxdur. Məgər mən öz nökərimi götürüb özümə  ər etməliyəm? Mən heç bir ölkəyə müraciət etməmişəm, 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
22
mən ancaq sizə yazmışam. Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver; o, mənim ərim 
və Misir torpağının fironu olar". 
Tutanxamonun dul arvadının məqsədi tam aydın deyildi. Lakin belə bir nəticə çıxartmaq olar ki, o, Het 
dövləti ilə yaxınlaşmaqla Aralıq dənizi ərazisində Misirin təsirini bərpa etmək və daxildə aparacağı siyasətdə 
müəyyən müxalifət qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları, xüsusilə hakimiyyətə 
göz dikən dövlət xadimləri və Amon kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna görə 
Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini 
Misir sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə evlənmək istəyirdi. Lakin Anxesenpaamon 
qohumu olan qoca Eyeyə ərə getdi. 
Eye hələ Exnatonun dövründə yüksək vəzifəli  şəxs idi və Aton məbədinin pərəstişkarlarından biri 
olmuşdu. O, Nefertitinin dayəsi Teyeyə evlənmişdi. Eye "Allahın atası" rütbəsini daşıyırdı. Bu zaman 
Exnaton ilahiləşdirilmişdi və ona "Allah" kimi sitayiş edirdilər. Beləliklə, Eye rəsmən fironun "atası" elan 
edilmişdi. Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi yüksəlmişdi. Ola bilsin ki, Eye 
gənc Tutanxamonun qəyyumu kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında oldu. 
Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334-1306-ci illər) adı ilə bağlıdır. O, yerli 
hakimlərdən idi. Xoremxeb ali kahin dairələri ilə möhkəm əlaqədə idi, müxtəlif inzibati və hərbi vəzifələrdə 
olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət 
çevrilişi etdi və hakimiyyəti  əlinə keçirtdi. Öz hakimiyyətini qanunlaşdırmaq üçün o, Exnatonun arvadı 
Nefertitinin bacısına evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu, allahın arzusunu yerinə 
yetirdiyini qeyd edir. O, III Tutmosu "öz atalarının atası" adlandırırdı. 
Hakimiyyətə gəldikdən sonra Xoremxeb Amon allahına ibadəti tamamilə bərpa etdi. O, Aton ibadətini 
qəti ləğv etmək üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli saray və malikanələri, 
məbədləri dağıtdı. Xoremxeb "Axetatonlu cinayətkar" adlandırdığı Exnatonun adını bütün abidələrdən 
sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə caladı. Tutanxamon və Eyenin də adları onun 
göstərişi ilə abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi elan etdi. Xoremxeb 
hakimiyyətdə olmuş fironların siyahısından Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi. 
Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 
möcüzəsindən biridir. Qədim Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk qüdrətli imperiya 
olmuşdur. Bu dövlət xalqını tam itaətə  gətirmiş güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri-
sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir. 
Qədim Misir mədəniyyətinin mühüm cizgilərı - misirlilərin özlərinin «qeyri-normallıq» hesab etdikləri 
«ölümə qarşı etiraz» olmuşdur. Ölməzliyə olan güclü meyl misirlilərin bütün dünyagörüşünü müəyyən etmiş, 
Misirin bütün dini fikrinə daxil olmuş  və  qədim Misir mədəniyyətini formalaşdırmışdır. Heç bır dünya 
sivilizasiyasında ölümə qarşı etiraz Misirdəki kimi bu qədər konkret, parlaq, bitkin ifadəyə malik 
olmamışdır. Ölməzliyə cəhd ölülər kultunun yaranmasına gətirib çıxarmışdır. Bu isə Misirin həm dini, həm 
də mədəni həyatında mühüm rol oynamışdır. Bunu Misirin iqtisadi, siyasi və hərbi həyatına aid etsək onda 
həmin kultun necə əhəmiyyət daşıdığı bir daha məlum olur. Misirlilərin ölümlə razılaşmamağı belə bir dini 
etiqadı yaratmışdır ki, ölüm heç də son demək deyildir. Yerdə gözəl  əbədi həyat uzana bilər. Ölən adam 
özünün dirilməsini gözləməlidir. Bunun üçün ölənin ölməz ruhlarından biri onun bədəni ilə  təzədən 
birləşməli və həyat yenidən başlamalıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin qayğısına qalmalıdır. 
Bu qayğı üçün əsas vasitə mumiyalama idi. Mumiya hazırlamaq sənəti Misirdə ən hörmətli sənət olmuşdur. 
Bununla yanaşı ölənin bədəninin saxlanılması üçün xüsusi məqbərələr yaradılırdı. Bu məqsədlə ehramlar 
tikilirdi. 
Lakin ehramlar yalnız Misir hökmdarları - fironlar və əyanlar üçün tikilirdi. Ancaq Misir kahinlərinin 
dini təliminə görə təkcə hökmdarlar və əyanlar deyil, hər bir adam əbədi həyat qüvvəsi olan «Ka»- ya malik 
idi. Bunun üçün dəfn adətinə ciddi əməl olunmalı idi. Bütün bunlara baxmayaraq mərhumun mumiyasının 
düzəldilməsi baha başa gəldiyinə görə kasıb adamların cəsədləri sadəcə olaraq həsirə bükülür, qəbiristanlığın 
kənarındakı yarğanlarda basdırılırdı. Ehramlar qədim Misirdə adamların bərabərsizliyinin əyani sübutu kimi 
zəmanəmizə qədər gəlib çatmışdır.  
E.ə. III-II minilliklərdə ehramlar və allahlar üçün məbədlər tikilməyə başlanmışdır. Ehram tikintiləri 
xalqa çox ağır başa gəlirdi.  Ən qədim Misir ehramı firon Coserin şərəfinə tikilmişdir. Bu tikili 5 min il 
bundan əvvəl tikilmişdir. Lakin ən məşhur və nəhəng ehram Xeopsun şərəfinə ucaldılan ehramdır, 20 ilə 100 
minlərlə adamın əməyi ilə tikilmiş ehramın hündürlüyü 147 metr (hazırda 137 metr), meydanı 55000 m
2
-dir. 
Ehram tikintisində işlədilən daşların hər birinin çəkisi 2-3 tondur. Alimlərin hesablamasına görə bu tikilidə 
2.300000 ədəd həmin çəkidə daşlardan istifadə olunmuşdur. Sonralar, yəni 2 min il bundan əvvəl ehramları 
daşdan yox, kərpicdən tikməyə başladılar. Bu isə nisbətən ucuz başa gəlirdi. 
E.ə. I minilliyin əvvəlində ehram tikintisi dayandırılmışdır. Fironların qəbri gözdən-könüldən uzaq 
yerlərdə gizlədilirdi. Lakin ehram kimi bu gizli yerləri də çapıb talayırdılar. Fironların qəbirləri Qədim Misir 
tarixinin bütün dövrlərində talanmışdır. Qədim misirlilərin öz hökmdarlarını ilahiləşdirib ondan 


Yüklə 270,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin