Əxlaq tərbiyəsinin məzmunu.
Əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış
qaydaları, yeni sosial və məişət münasibətləri də daxildir. Əxlaq ictimai şüur forması olduğuna görə onun
məzmunu da cəmiyyətlə bərabər dəyişir, hər cəmiyyət özünün iqtisadi-ictimai tələblərinə uyğun əxlaq
normaları, qaydaları müəyyən edir. Bu qaydalar bütün cəmiyyət üzvləri üçün zəruri-məcburi, hamı üçün
məqbul hesab edilən qaydalardır. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyri-
məqbul, hərəkətlər hesab olunub nə cəmiyyət, nə də ki, digər cəmiyyət üzvləri tərəfindən qəbul edilmir.
Əxlaq tərbiyəsinin məzmununa vətənpərvərlik, dostluq və yoldaşlıq, qarşılıqlı yardım,
beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq
insanlara humanist münasibət, onu əhatə edən mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.
Vətənpərvərlik – öz doğma vətəninə, ölkəsinə, diyarına məhəbbət, onun düşmənlərinə qarşı
barışmazlıq ifadə olunan əxlaqı keyfiyyətlərdir. Bu aparıcı əxlaqi keyfiyyət olub digər əxlaqi keyfiyyətlərin
əsasını qoyur. Belə ki hər bir müsbət əxlaqi keyfiyyətin əsasını öz millətinə, vətəninə, xalqına, doğma, kiçik
kəndinə məhəbbət təşkil edir. Bütün müsbət keyfiyyətləri insanlara, vətəninə olan müsbət münasibətlər
stimullaşdırır. Vətənpərvərlik tarixi anlayışdır. Xalqın, insanların vətənpərliyinin əsasını onların yaşadığı,
fəaliyyət göstərdiyi vətənə, onları qoruyan, müdafiə edən, maddi vəziyyətini yaxşılaşdırmağa, fəaliyyətinin
mədəni səviyyəsini yüksəltməyə çalışan dövlətə, ictimai quruluşa məhəbbət, müsbət münasibət təşkil edir.
Vətənpərvərlik tərbiyəsi insanın yaşadığı mikro mühitdən, doğma ata yurdunu, kəndini, gücə və
şəhərini sevməkdən başlayır. Bu məhəbbət böyük vətənə, onu qoruyan dövlətə yaradılacaq məhəbbətin
əsasını təşkil edir.
Milli vətənpərvərlik tərbiyəsi sistemli təlim müəssisələrində təlim və dərsdənkənar tədbirlər
vasitəsilə həyata keçirilir. Məsələn tarix dərslərindən xalqın keçdiyi şərəfli tarixi yolu, müharibələrdə
qələbə və məğlubiyyətini, onların səbəblərini və s. öyrənərkən öyrənənlərdə doğma vətənlərinə məhəbbət,
onun suverenliyi, müstəqilliyi üğründa mübarizlik, düşmənlərinə qarşı nifrət, milli sayıqlıq hissləri tərbiyə
olunur. Kimya, biologiya, coğrafiya dərslərində ölkənin malik olduğu təbii sərvətləri öyrənməklə onlarda
milli iftixar hissi və s. tərbiyə olunur.
Sinifdənkənar və məktəbdənkənar tədbirlər isə dövrün aktual vətənpərvərlik məsələləri, problemlərinə
həsr olunur.
Mədəniyyət müəssisələri və müxtəlif müəssisələr də əxlaq tərbiyəsinin digər tərkib hissələrinə
nisbətən vətənpərvərlik tərbiyəsinə aid daha çox tədbirlər keçirilir, tərbiyə işləri aparılır. Çünki milli
vətənpərvərlik insanların tərbiyə münasibətlərinin əsasını təşkil edir. Şüurlu fəaliyyət prosesində insanlar
özlərinin maddi ehtiyacını ödəməklə yanaşı həmçinin yaşadığı ölkənin dövlətin də mənafeyini müdafiə
etdiyini dərk edirlər. Məsələn açılan hər bir zavod hər sahibkara mənfəət gətirməklə yanaşı həm də, çoxlu
sayda insanların işlə təmin olması, ölkənin iqtisadi potensialının yüksəlməsi deməkdir. Hər bir işçinin
şüurlu fəaliyyəti həmin işçinin maddi təminatı ilə yanaşı əmək məhsuldarlığını artırır, bu isə ölkədə
istehsalın inkişafına təkan verir. Bu münasibətlər isə mədəniyyət müəssisələrində və həmçinin müxtəlif iş
yerlərində, fəaliyyət sahələrində aparılan mədəni–tərbiyəvi tədbirlər vasitəsilə, təlim xarakterli məşğələlər
vasitəsilə yaradılır.
Vətənpərvərlik tərbiyəsinin əsaslı qolunu hərbi- vətənpərvərlik tərbiyəsi təşkil edir. Hərbi
vətənpərvərlik tərbiyəsi vasitəsilə gənclər vətənin müdafiəsinə hər zaman hazır olma, onun yolunda ölümə
belə getməyə hazırolma ruhunda tərbiyə olunurlar. Hərbi vətəpərvərlik tərbiyəsi orta məktəblərdə həm
xüsusi dərslərdə, həm də idman oyunlarında, bu məqsədlə keçirilən sinifdənkənar tədbirlər vasitəsilə
həyata keçirilir. Bu iş həmçinin sistemli və xüsusi hazırlıq kimi hərbi – əsgəri xidmətlərlə də həyata
keçirilir. Hərbi – əsgəri xidmət zamanı gənclər əməli zəruri döyüş bacarıq və qabiliyyətlərinə yiyələnirlər.
Həm də onlara vətənin siyasi müdafiəsinə aid nəzəri məlumatlar verilir, müxtəlif tədbirlər və siyasi
biliklər vasitəsilə vətənə məhəbbət formalaşdırılır.
Hərbi vətənpərvərlik tərbiyəsinə mədəniyyət müəssisələri, məktəbdən kənar uşaq tərbiyə
müəssisələrində də xüsusi yer verilir. Məktəbdən kənar uşaq tərbiyə müəssisələrində müxtəlif hərbi – idman
oyunları, yarışları vasitəsilə yeniyetmə və gənclərə həm əməli hərbi vərdişlər, hərbi strategiya, taktika
öyrədilir, həm də onlarda bu oyunlar prosesində əzmkarlıq, prinsipallıq, siyasi sayıqlıq, dözümlülük,
cəldlik, çeviklik kimi keyfiyyətlər yaradılır və tərbiyə olunur. Bu keyfiyyətlər isə vətənpərvərlik, vətənin
müdafiəsi üçün zəruri və vacib əxlaqi keyfiyyətlərdir.
Hərbi vətənpərvərlik tərbiyəsi sahəsində mədəniyyət müəssisələrində də xüsusi işlər görülür, tədbirlər
keçirilir, fəaliyyət göstərir. Belə ki, bu müəssisələrdə dövrü olaraq əhali arasında mülki müdafiə
tədbirləri, dövrün aktual siyasi hadisələriinin təhlilinə həsr olunmuş müxtəlif tədbirlər (disput, müzakirələr,
mühazirələr, vətən qəhramanları, milli qəhramanlarla görüş və s.) keçirilir. Bu tədbirlərin keçirilməsində
məqsəd insanların – vətəndaşların malik olduğu hərbi bilikləri təkrar etdirmək, yeni silah növləri və ondan
qorunma üsulları barədə anlayışlar yaratmaq, özünü və ailəsini kütləvi, və s. silahlardan müdafiənin yeni
üsullarını öyrətməkdən ibarətdir. Belə tədbirlər vasitəsilə insanlar fövqaladə vəziyyətlərdə yerinə
yetirməli işlər, səmərəli və ağıllı müdafiə tədbirləri ilə tanış olurlar. Bunlar isə onlarda milli sayıqlıq,
ictimai mülkiyyətə şüurlu münasibət və s. bu kimi zəruri hərbi vətənpərvərliyə aid keyfiyyətləri daha da
möhkəmləndirir.
Əməyə və əmək adamlarına şüurlu münasibət də əxlaq tərbiyəsində əsaslı yer tutur. Əmək
tərbiyəsinin sosial–ictimai tərəfini insanların əmək fəaliyyətinin əsasını vətənin xeyrinə şüurla çalışması;
əməyi birinci və əsaslı yaşayış vasitəsi kimi dərk etməsi; bütün əmək növlərinə məhəbbət və hörmət, şüurlu
fəaliyyət növü seçmək və s. təşkil edir. Əvvəlcə evdə, sonra isə məktəbdə müxtəlif fəaliyyət növləri ilə
məşqul olan hər bir insan belə bir qənaətə gəlməlidir ki, həyatda hamı hər hansı bir əmək fəaliyyəti ilə
məşqul olmalı, xalq təsərrüfatının bu və ya digər sahəsində çalışmalıdır. Bu tələb hər bir insan üçün
məcburi həyati tələbdir.
Əməyə şüurlu münasibət tərbiyəsi dedikdə hər kəsin öz əmək fəaliyyətinə vicdanla yanaşması,
doğruculuğu, düzlüyü, işində yaradıcılığı nəzərdə tutulur.
İşinə vicdanla yanaşmaq həmçinin hər kəsdən fəaliyyət zamanı ciddi cəhd, dözümlülük, hövsələ tələb
edir. Əməyə düzgün münasibətin ictimai – əxlaqi cəhətini düzgün peşə seçmə təşkil edir. Bu isə
insanların əməyə şüurlu münasibəti ilə bağlıdır. Müasir xüsusi sahibkarlıq dövründə əməyə belə şüurlu
münasibət, imkan, maraq və bacarıqdan asılı olaraq peşə seçmə xüsusilə vacibdir. Tərbiyə olunanların
diqqəti özünün fiziki və intelektual səviyyəsinə yönəldilməli, hər kəs özünün malik olduğu fiziki və əqli
imkanlarını obyektiv qiymətləndirməsi bacarmalıdır. Peşə seçməyə də məhz bu imkanlar baxımından
yanaşılmalıdır. Hər kəs elə peşə seçməlidir ki, həmin peşə ilə həm özünə, həm də cəmiyyətə fayda verə
bilsin. Çünki Sovetlər birliyi dövründə peşə seçmə nisbətən şablon və marağın nəzərə alınmaması şəklində
həyata keçirdi.
Məsələn orta ümumtəhsil məktəblərini bitirən hər kəs mütləq ali məktəbə daxil olmalı idi. Bu
münasibətə ictimai rəy çox güclü idi. Ona görə də orta məktəbi bitirən hər bir gənc mütləq ali məktəbə daxil
olmağa çalışırdı. Burada ön planda ali məktəbə daxil olma gedirdi. Seçilmiş sahədə faydalı əmək isə arxa
plana keçirdi. Bu isə istehsalatda durğunluq yaranmasına, əmək məhsuldarlığının aşağı düşməsinə səbəb
olurdu.
Əxlaq tərbiyəsinin mühüm komponentlərindən biri də intizamlıdır. İntizam tərbiyəsi əxlaq tərbiyəsinin
qiymətli, əhəmiyyətli və vacib keyfiyyətidir. Belə ki, intizam insanın bütün fəaliyyətinin ilk göstəricisidir.
Ona görə də hələ tərbiyənin ilk mərhələsində onun səmərəli şəkildə formalaşmasına ciddi fikir verilir.
İntizam yaşından asılı olmayaraq hər kəsin özünün–özünə rəhbərliyi, fəaliyyətinin şüurlu istiqamətidir.
Humanizm mühüm əxlaqi keyfiyyətdir. Bu, başqa insanlara, onların əməyi, fəaliyyəti, şəxsiyyətinə
hörmət üzərində qurulur. Şəxsiyyətin hərtərəfli inkişafı şərtlərindən biri də humanistlikdir.
Humanizm dedikdə həm də başqa insanların xoşbəxtliyi uğrunda mübarizə, onların istedad, bacarıq və
yaradıjclıq qabiliyyətlərinin üzə çıxarılması, inkişafı üçün şərait yaratmaq, insanlar arasında səmimi
münasibətlər yaratmaq da başa düşülür. Humanist münasibətlər bütün insanlara ictimai mövqeyindən asılı
olmayaraq bərabər hüquqlu şəxslər kimi baxmaq: insanların ehtiyaclarına diqqətli olub onlara kömək etmək:
insanların qəlbinə dəyməmək – onlara qarşı diqqətli olmaq; başqalarını anlamaq, başa düşmək bacarığı və
hövsələsi; zəifləri müdafiəyə hazır olmaq və s. daxildir. Bu münasibətlər insanların bütün həyat boyunca
onlara aşılanmalıdır. Humanizmin əsasını başqalarına hörmət və qayğıkeşliklə yanaşmaq təşkil edir.
Başqalarına hörmətlə yanaşan insanlarda isə özündən razılıq, başqalarına yuxarıdan aşağı baxma
münasibətləri olmur, onlar yüksək ünsiyyət mədəniyyətinə malik olurlar.
Başqalarını incitməmək, təhqir etməmək, onlar üçün arzu olunmaz vəziyyət yaratmamağa əsaslanan
diqqətlilik insanlara əmək sevərlilik kimi yanaşma özü insanı yuxarıda qeyd edilən şəkildə hərəkət
etməyə məcbur edir.
Dözümlülük və genişürəklilik insanlarda başqalarının zəif cəhətlərini, çətinliklərini başa düşərək
onları bağışlamaq haqqında pis fikrə düşməmək münasibətləri formalaşdırılır. Bura həmçinin başqalarının
çətinliklərini vaxtında görüb hiss edərək ona imkan dairəsndə kömək etmək, heç olmazsa dərdinə şərik
olmaq da daxildir. Bu münasibətlər insanlarda kiçik yaşlarından formalaşdırılmalıdır, əks halda onlarda
başqalarına, onları əhatə edən insanlara qarşı etinasızlıq və qəddarlıq yarana bilər.
Humanizmin mühüm tərkib hissələrindən biri də zəifləri müdafiə etməkdir. Bu uşaqlarda kiçik
yaşlarından başlanır və əvvəlcə heyvanları, bitkiləri qoruma, göcalara, analara kömək formalarından
başlayaraq getdigcə mürəkkəbləşən işlər şəklində aparılır.
Humanist münasibətlər tərbiyənin digər tərkib hissələri kimi sistemli təlim-tərbiyə müəssisələrində
paralel şəkildə həmçinin təhsil müddəti bitdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda da aparılır. Yaşlı
insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər
sahələrində daha geniş şəkildə aparılır. İdarə və müəssisələrdə ayrı-ayrı tədbirlərin tərkibində verilir.
Məsələn mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə
real şəkildə mövcud olan) aktlarına qarşı etiraz tədbirlərində, xəstələrə, qaçqın və köçkünlərə,
valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında və digər şəkildə həyata keçirilir.
Dostları ilə paylaş: |