1. Mədəniyyət müəssisələrindəki idman məşğələlərinin məqsədi.
2. Fiziki təlim və fiziki tərbiyə anlayışlarının müqayisəsi.
3. Müxtəlif tip müəssisələrdə idman məşğələləri.
ƏMƏK TƏRBİYƏSİ
Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir
olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək bacarığına, əməyə, əmək
adamlarına müsbət münasibətlərə malik olmasıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər,
istehsalın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarığı və vərdişlərinə malik olmalıdır. Bu əmək
bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası
qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir. İnsanların əməyə hazır
şəkildə formalaşdırılması birinci həyati zərurətdir. İnkişaf etmiş demokratik cəmiyyət tələb edir ki, böyüyən
nəsl əmək əsasında tərbiyə alsın, hələ kiçik yaşlarından quruculuq və yaradıcılıq fəaliyyətində iştirak
etsinlər. Quruculuq işində əmək fəaliyyətində iştirak etməklə onlarda zəruri əmək bacarıq və vərdişləri
tərbiyə edilsin. Əmək tərbiyəsi həm də insan şəxsiyyətinin, insanlarda zəruri əxlaqi keyfiyyətlərin
formalaşmasında böyük əhəmiyyətə malikdir. Əmək prosesi özü onda iştirak edənlərin şəxsiyyətinə təsir
göstərir, onlarda iradə, dözümlülük, dostluq, yoldaşlıq, əməkdaşlıq, kollektivçilik, qarşılıqlı yardım kimi
əxlaqi keyfiyyətlər formalaşdırır, tənbəllik, məsuliyyətsizlik, tüfeylilik və s. kimi əxlaqi nöqsanları aradan
qaldırır.
Əmək tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır.
Əmək tərbiyəsi müəllim və tərbiyəçinin rəhbərliyi altında böyüyən nəsldə, ümumiyyətlə insanlarda
həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin, əməyə, əmək adamlarına məhəbbət hissi
formalaşdırılması prosesidir. Ona görə də əmək tərbiyəsi, əmək təlimi və əmək tərbiyəsi olmaqla iki hissəyə
ayrılır.
Əmək təlimi xüsusi əmək dərslərində aparılır. Bu dərslərdə əmək fəaliyyətinin maddi istehsal prosesi
haqqında zəruri elmi məlumatlar verlir, müvafiq bacarıq və vərdişlər formalaşdırlır.
Birinci sinifdən başlayaraq uşaqlar əmək dərslərində əməyə hazırlanırlar. Orta ümumtəhsil
məktəblərində əmək təlimi xüsusi proqram əsasında aparılır. Bu proqram təhsil nazirliyində təsdiq edilir,
respublikanın bütün məktəbləri üçün eyni və zəruri olub bütün siniflər üzrə əmək təliminin məzmununu
əhatə edir. Kiçik siniflərdə əmək təlimi əsasən öyrədici xarakter daşıyırsa, yuxarı siniflərdə artıq yeniyetmə
və gənclər məhsuldar əməkdə ihtirak edirlər. Beləki, IX-XI siniflərdə yeniyetmələr istehsalat təcrübələrində
istehsalın müəyyən sahəsində məhsuldar əməkdə bilavasitə iştirak edir, məhsul istehsal edir, öz əməklərinin
bəhrəsini görürlər. Orta məktəblərdə əməyə düzgün və şüurlu münasibət tərbiyə edilməsi imkanları genişdir.
Buna uşaq və yeniyetmələrin təlim əməyi, əmək dərsləri ictimai-faydalı işlərdə iştirakı və s. aid etmək olar.
Səmərəli təşkil olunması təlim prosesində tərbiyə olunanlar əməyə alışır, biliklərinin qiymətləndirilməsi ilə
əməklərinin nəticəsini görür, əməyi sevir, kiçik yaşlarından ona hazırlanır. İstənilən şəraitdə əmək təlim işi
ilə əlaqələndirilməlir; bu həm əməyi, həm də təlimin şüurluluğunu təmin edir. Kənd təsərrüfatına aid
təcrübələr zamanı aqrotexniki üsullardan, üzvi və mədəni kübrələrdən vaxtında və yerində istifadə edilir,
kənd təsərrüfatı maşınları işlədilir.
Bu zaman müəllim uşaq əməyinin elmiliyini, elmlə təcrübəni əlaqələndirməyi tərbiyə olunanların
diqqət mərkəzinə gətirməlidir. Əmək tərbiyəsi müəyyən pedaqoji tələblər əsasında aparılır. Bunları
aşağıdakı şəkildə təsnif etmək olar:
- Əmək fəaliyyətindən tərbiyə vasitəsi kimi istifadə edilməlidir. İstehsal fəaliyyətində (kiçik vəya
böyük) iştirak elə şəkildə qurulmalıdır ki, bu prosesdə iştirak edən hər kəs əməyinin nəticəsini görərkən
özünü cəmiyyət üçün faydalı şəxs hesab edə bilsin. Əməyinin nəticəsinin əhəmiyyətini dərk etsin, bununla
fərəhlənsin. Qarşıya çıxan əmək çətinliklərindən qorxmasın, bu çətinliyi aradan qaldırmaq istiqamətlərini
arasın.
- Əmək uşağın yaşına, gücünə uyğun qurulmalıdır. Bu tələb əmək proqramlarında öz əksini tapır.
Əmək təlimi uşaqların fiziki, intellektual, psixoloji inkişaf səviyyəsinə uyğun qurulur. Əməyin bütün
sahələrində, yəni təlimdənkanar ictimai-faydalı və digər tədbirlərdə bu tələb nəzərə alınmalıdır. Bu tələb
həmçinin mədəniyyət müəssisələrində təşkil edilən əmək fəaliyyətlərində, texniki və yaradıcı, tikişçilik və s.
dərnəklərin təşkilində də nəzərə alınır. Bu müəssisələrdə təşkil edilən yaradıcı əmək fəaliyyəti zehni əməklə
fiziki əməyi birləşdirməli, iştirakçıların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməli, onlarda yeni əxlaqi
keyfiyyətlər formalaşdırmalı, özünətəhsili stimullaşdırmalıdır.
- Əmək tərbiyəsi uşaq və gənclərin fiziki inkişafına təkan verməlidir. Əmək prosesində işlədilən
alətlər, görülən işlər onların əzələlərini inkişaf etdirib, möhkəmləndirməlidir. İş şəraiti elə qurulmalıdır ki,
bədəninin quruluşu, qaməti, mütənasibliyi, görmə qabiliyyəti və s. düzgün inkişaf etsin.
- Əmək təlimi və tərbiyəsində sistematiklik və ardıcıllığa xüsusi fikir verilməlidir. Uşaq və
yeniyetmələrdə əmək adətləri formalaşdırmaq üçün onların hər gün əmək fəaliyyətində iştirak etməsini
təmin etmək lazımdır. Yaradılmış əmək adətləri isə böyüyən və inkişaf edən insanı əməyə psixoloji
cəhətdən hazırlayır, onlarda ictimai fəallıq formalaşdırır.
- Əmək tərbiyəsi prosesində fərdi əməklə kollektiv əmək əlaqələndirilməlidir. Fərdi əmək tərbiyə
olunanlarda müvafiq əmək vərdişləri, fərdi məsuliyyət formalaşdırır, iradəni inkişaf etdirib möhkəmləndirir.
Kollektiv əməkdə isə bu cəhət kollektiv səylə birləşir, ictimai əhəmiyyət kəsb edir, daha səmərəli şəkil alır.
Kollektiv əməkdə əsas cəhət onlan ibarətdir ki, ümumi əmək kollektiv üzvləri arasında bölüşdürülür,
kollektiv üzvləri fəaliyyət baxımından bir-birindən asılı olur, kollektiv əməyin müvəffəqiyyətli nəticəsi hər
fərdin əməyindən asılı olması hər fərdin məsuliyyətini birə-iki artırır, onlar daha diqqətli olmağa çalışırlar.
Əgər fərdi əmək zamanı fərd yalnız öz işinin nəticəsi üçün məsuliyyət daşıyırsa, kollektiv əmək zamanı isə
bütün kollektivin əməyi üçün məsuliyyət daşıyır.
- Əməyin müxtəlif növləri mövcuddur. Ailədə özünəxidmət əməyinin əsası qoyulur, məktəbəqədər
tərbiyə müəssisələri və təhsil müəssisələrində davam etdirilir.
Həmçinin özünəxidmət əməyi bütün istehsal müəssisələri, fəaliyyətin bütün sahələrində mövcuddur və
hər kəsdən tələb olunan zəruri fəaliyyət növlərindən biridir. Əməyin bu növünə gigiyenik qaydalar, şəxsi
əşyaları, dərs və iş ləvazimatlarını təmiz və səliqəli saxlamaq və s. aiddir. Özünəxidmət əməyi ictimai-
faydalı əməyin ilk mərhələsidir. Özünəxidmət əməyi şagirdin, tələbənin, işçinin bilavasitə özü, iş yeri, ailəsi,
onu əhatə edən mikromühitlə bağlıdır. İctimai-faydalı əmək isə cəmiyyətin xeyrinə pulsuz əməkdir. Əməyin
bu növü rayon, şəhər üzrə keçirilən kampaniya xarakterli fəaliyyət növüdür.
Nəticəsində maddi nemət əldə edilən fəaliyyət məhsuldar əmək adlanır. Bu fəaliyyətin ən geniş forması
olub. Əvvəli ümumtəhsil məktəblərindən başlanır. Əmək dərslərində uşaq və gənclər müxtəlif məişət
əşyaları (stol, stul və s. əmək alətləri) düzəldir, məktəbyani sahələrdə müxtəlif kənd təsərrüfatı məhsulları
yetişdirir və s. məhsuldar əmək sahələrində çalışırlar.
Mədəniyyət müəssisələrində isə müxtəlif dərnəklərdə bu və ya digər əmək sahəsini öyrənməklə maddi
məhsul istehsal edirlər. Məsələn texniki dərnəklərdə texniki sahədə yaradıcılıq işlərini tətbiq edərək, yeni
texniki vəsait hazırlanır və sınaqdan keçirilir. Bu isə yeni texniki tərəqqilərinin əmək məhsuldarlığının
artırmasının əsası və ya vasitəsi olur.
İslah əmək koloniyalarında müxtəlif növ əmək fəaliyyətlərindən xüsusi tərbiyə vasitəsi kimi istifadə
edilir. Burada yeniyetmə və gənclərə həm müxtəlif peşələr öyrədilir, məhsul istehsal edilir, həm də bu
prosesdə yeniyetmə və gəncdə digər əxlaqi keyfiyyət formalaşdırılır.
Əmək tərbiyəsinin məzmunu müxtəlif təlim-tərbiyə müəssisələri üçün müvafiq nazirliklər və baş
idarələr tərəfindən müəyyən edilir. Məsələn, orta ümumtəhsil məktəblərində əmək tərbiyəsi məktəblərin
tərbiyə edilməsinin nümunəvi məzmununda göstərilir. Bu proqramda I sinifdən başlayaraq XI sinifə qədər
hər sinif üzrə (yəni ayrı-ayrı siniflər üzrə) əmək bacarıq və vərdişləri, mənimsədiləcək biliklərin konkret
məzmunu verilmişdir.
Əmək tərbiyəsinin gənclərin peşə yönümü sahəsində də əhəmiyyətli rolu vardır. Peşə – xalq
təsərrüfatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vərdişlərə yiyələnmədir, həmin sahədə
fəaliyyətə qoşula bilmək üçün yiyələnmiş zəruri əmək keyfiyyətləridir. Peşə yönümü isə yeniyetmə və
gənclərin peşə seçməsi üçün ali məktəb və ictimayyətin həyata keçirdiyi xüsusi tədbirlər sistemidir.
Yeniyetmə və gənclərin peşə marağının öyrənilməsi, qabiliyyətlərin müəyyənləşdirilməsi, peşələrə aid
məlumat, peşəyə aid bilik, bacarıq və vərdişlər, seçilmiş peşə üzrə işə düzəlmə, peşəyə uyğunlaşma,
yenidənoriyentasiya və s. peşə yönümünün məzmununu təşkil edir.
Peşə maarifi, peşə məsləhəti, peşə təmayülü peşə yönümünün komponentləri hesab edilir. Peşə yönümü
yeniyetmə və gənclərin peşə nöqteyi-nəzəridən öyrənilməsindən başlayaraq yenidən oriyentasiyasına qədər
olan bütün işlər sistemini əhatə edir. Peşənin səhv seçilməsi, peşə üzrə yenidən iş aparılaraq qabiliyyətə
uyğun peşə seçilməsi prosesi yenidənoriyentasiya adlanır.
Peşə ilə ixtisas məfhumu bir-birinə oxşar olsa da hər məffhumun öz mahiyyəti vardır. Peşə daha geniş
anlayış olub, bir neçə ixtisası əhatə edir və s.
Məsələn, müəllimlik peşəsi fənlərin tədrisi üzrə bir neçə ixtisasları əhatə edir. Mühəndislik peşəsi
fəaliyyət sahələrinə görə çoxlu ixtisasları əhatə edir.
Peşə seçilməsində əsas məsələ xalq təsərrüfatının müasir dövrdə tələblərini nəzərə almaqdır. Peşəyə
istiqamətləndirmədə həm müasir sənayenin inkişafı, onun tələbləri, həm də ölkənin inkişaf prespektivləri,
dövlətin və xalqın mənafeyi nəzərə alınmalıdır. Bu prosesdə həmin məsələlər yüksək vətəndaşlıq hissi
əsasında həyata keçirilir.
Peşəyə istiqamətləndirmə işində həmçinin istehsal və qeyri-isehsal sahələrinin mahiyyətinin açılması,
fəaliyyət növləri haqqında məlumat verilməsi də əhəmiyyətli yer tutur. Peşəyə istiqamətləndirmə orta
ümumtəhsil məktəblərdə yuxarı siniflərdə aparılır.
Mədəniyyət müəssisələrində isə peşə yönümünün səmərəli aparılması işinə daha geniş imkan vardır.
Bu müəssisələrdə nəzəri işlə əməli iş əlaqəli, əyani şəkildə aparılır. Beləki, yeniyetmə və gənclər asudə
vaxtlarında öz marağına görə dərnəklərdə birləşir. Bu dərnəklər və digər işlər vasitəsilə gənclər həmin
fəaliyyət prosesində bilavasitə məşğul olur, fəaliyyətin əsas məğzi ilə tanış olur. Seçdiyi və ya seçəcəyi
peşənin sirlərini öyrənir və bu işlə öz imkanlarını, bu fəaliyyət növündə çalışa biləcəyini şüurlu surətdə dərk
edir. Bu zaman artıq peşələr haqqındakı romantika reallaşır, yeniyetmə və gənclər həmin peşəyə şüurlu
yanaşırlar.
Dostları ilə paylaş: