Müstəqil iş üçün sual və tapşırıqlar:
1.Əmək tərbiyəsinin vəzifələri.
2.Müasir dövrdə əmək tərbiyəsinə verilən tələblər.
3.Əməyin elmi əsasları haqqında.
HÜQUQ TƏRBİYƏSİ
Hüquq tərbiyəsi şəxsiyyətin hərtərəfli inkişafı, formalaşması şərtlərindən biri hesab edilir. Digər
tərəfdən mövcud qanunçuluğun möhkəmləndirilməsi özü kütlələrin hüquqi bilik və münasibətlərə
yiyələnməsini tələb edir. İnsan yarandığı gündən müəyyən cəmiyyətin üzvü olur. Bu cəmiyyətdə cəmiyyətin
digər üzvləri kimi onun həyatı müxtəlif cəhətlərdən tənzim olunur. Hüquqi qaydalar da insanın həyat və
fəaliyətini dövlət mövqeyi baxımından tənzim edir. Hüquq qaydaları mövcud inzibati dövlət orqanları
tərəfindən müəyyən edilir. Bütün cəmiyyət üzvlərinin tutduğu mövqe və vəzifəsindən asılı olmayaraq həmin
qanunlara riayət etməsi məcburidir. Deməli, dövlətin hər şəxs qarşısına qoyduğu məcburi tələblərdən biri
hüquqi qanunlara riayət etməkdir. Bunun üçün isə hər bir vətəndaş icra etməli olduqları hüquq qaydaları,
şəxsi hüquqi imtiyazları haqqında məlumata malik olmalıdır. Bu isə həm sistemli təlim və tərbiyə
müəssislərində həm də digər mədəniyyət müəssisəlrində hüquq tərbiyəsi vasitəsilə aparılır. Hüquq tərbiyəsi
tərbiyə olunanlarda hüquqi biliklər yaratmaq və bu məlumatlara uyğun zəruri münasibətlər
formalaşdırılması prosesidir.
Hüquq tərbiyəsinin məzmununa:
- zəruri hüquqi biliklər aşılamaq;
- yüksək vətəndaşlıq hissi fformalaşdırmaq;
- mövcud qanunları və sosial birgə yaşayış qaydalarına hörmət hissi tərbiyə etmək;
- dövlət qanunçuluğunun hər hansı pozuntularına qarşı barışmazlıq;
- hüquq qaydalarının mühafizəsində fəal iştirak etməyə hazır olmaq və s. daxildir.
Bu yuxarıda qeyd edilən məsələlər hüquq tərbiyəsinin əsas istiqamətini təşkil etməli, tərbiyə ilə məşğul
olan bütün müəssisələrdə hüquq tərbiyəsi həmin istiqamətdə aparılmalıdır. İndi isə hüquq tərbiyəsinə tərif
verək.
Hüquq tərbiyəsi tərbiyəçinin rəhbərliyi və müxtəlif vasitələrin tətbiqi ilə insanlarda cəmiyyətdə
mövcud olan hüquq normaları və qaydalarına müvafiq bilik, bacarıq, vərdişlər və bu qanunlara münasibət
formalaşdırmaqdan ibarət pedaqoji prosesdir.
Bu vaxta qədər hüquq tərbiyəsi, əxlaq, ideya-siyasi və s. tərbiyənin tərkib hissələrində verilirdi. Son
vaxtlar isə cəmiyyətin ümumi inkişafı və pedaqoji təcrübələrin nəticələrini nəzərə alaraq hüquq tərbiyəsinin
ayrıca tərbiyə işi kimi verilməsi zərurəti meydana çıxdı.
İnsanlar daşıdıqları yerinə yetirməli olduqları məcburi hüquq və vəzifələri dərk etməlidirlər. Bu isə
hələ kiçik yaşlarından hüquq tərbiyəsi vasitəsilə həyata keçirilir. Hüquq tərbiyəsi sistemli təlim-tərbiyə
müəssisələrində daha mütəşəkkil və məqsədyönlü aparılır. O, hüquq təlimi və hüquq tərbiyəsi olmaqla iki
yerə ayrılır. Hüquq təlimi həm xüsusi dərslərdə, həm də müxtəlif fənlərin tərkibində hüquqi biliklərə
yiyələndirmədir. Bu biliklər insanların hüquqi münasibət, rəftar və davranışının bazasıdır.
Tədqiqatlar göstərir ki, hüquqi pozğuntularına çox zaman səbəb insanların qanunları bilməməsindən
irəli gəlir. Ona görə də təlim prosesində hüquq normalarına dair sistemli və ardıcıl biliklər mənimsədilir. Bu
biliklər onlarda həmçinin dövlət qanunları qraşısında məsuliyyət və cavabdehlik də formalaşdırır. Hüquq
təlimi vasitəsilə hər bir vətəndaşa yaşadığı cəmiyyətin, daha konkret desək, dövlətin qanunları şüurlu
surətdə dərk etdirilir, onlarda nəinki özlərinin bu qanunlara riayət etməyə, həmçinin onu pozanlara qarşı
mübariz və barışmaz olma inamı yaradılır. Orta ümumtəhsil məktəblərinin birinci sinfindən başlayaraq
uşaqlara həm müvafiq biliklər verilir, həm də ona münasibət formalaşdırılır. Bu xüsusi proqram əsasında
aparılır. Digər təhsil müəssisələrində universitet, kollec, seminariya, orta ixtisas məktəbləri, hərbi məktəblər
və s. də hüquqi biliklər xüsusi hüquq dərslərində aparılır. Bu dərslərdə hər kəsin öz şəxsi hüquq və vəzifələri
istehsalat prosesində icra edilən qanunlar, beynəlxalq hüquq normalarının həyat və fəaliyyət üçün zəruri
formaları haqqında biliklər mənimsədilir. İstehsalat müəssisələri, mədəniyyət və digər müəssisələrdə də
ehtiyac yarandıqda yeni hüquqi məlumatlar verilir.
Hüquq təlimi hüquq tərbiyəsi ilə parallel aparıldıqda daha səmərəli nəticə verir. Müəllim və tərbiyəçi
aşılanan hər bir hüquqi biliyin tərbiyə olunanın şəxsi keyfiyyətinə çevrilməsinə nail olmalıdır. Yəni
aşılanmış hər bir hüquqi bilik insanların həyatında, mövqeyində fəal şəkildə təzahür etməlidir. Hüquqi
düşüncə insanın fəal həyat mövqeyinə çevrilməlidir. Hüquq tərbiyəsi vasitəsilə insanlarda barışmazlıqla
yanaşı mübarizlik, qanunsuzluğa qarşı çıxma, durğunluğa, inamsızlığa, qorxaqlığa, etinasızlığa, mütiliyə
qarşı çıxma kimi hisslər də tərbiyə olunur.
Hüquq tərbiyəsi həmçinin insanların sosial, hüquqi fəallığını yüksəldir. İnsanların müxtəlif sosial vəziyyətdə
hüquqları da müxtəlif olur. İnsan inkişaf edib böyüdükcə onun vəzifələri, həyat hadisələrinə münasibətidə dəyişir.
Məsələn, kiçik yaşlarında insan qayğı içində bəslənir, sonra təlim vəzifələri icra edir, yeniyetmə və gənclik
dövründə həm ailədə həm də ictimayətdə müxtəlif vəzifələr yerinə yetiri, ailə qurur, ata və ya analıq edir, rəsmi
fəaliyyət göstərir və s.
Bu dövrələrin hər birində insanlar müxtəlif qanunlara riayət etməlidirlər ki, bu da tərbiyə prosesində
onlara tədricən aşılanır.
Hüquq tərbiyəsində həm təlim, həm də tərbiyənin bütün prinsipləri fəaliyyət göstərir. Çünki bu
prosesdə həm hüquqi gerçəkliklər dər edtdirilir, həm də ona münasibət formalaşdırılır.
Hüquq tərbiyəsində həmçinin həm təlim, həm də tərbiyə üsullarından istifadə edilir.
Qeyd etdik ki, hüquq tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır.
Bundan başqa hüquq tərbiyəsi sinifdən və məktəbdən kanar tərbiyə, mədəniyyət istehsalat, dövlət,
səhiyyə müəssisələrində, idman kompleksləri və digər kollektivlərdə, birliklərdə aparılır. Sinifdənkanar
tədbirlərdə və digər müəssisələrdə aparılan hüquq tərbiyəsi sistemli təhsil müəssisələrində aparılan hüquq
tərbiyəsi işini davam etdirir və tamamlayır. İnsanlar kollektivdə formalaşır və onların yaradıcılıq
qabiliyyətləri, həyata, insanlara münasibəti formalaşır, möhkəmləndirilir, inkişaf etdirilir. Məktəbdənkanar
tədbirlərdə həm yeniyetmə gənclər, həm də yaşlı adamlar cinayətlərdən çəkindirilir, ictimai təhlükəli
əməllərin qarşısı alınır. Bu zaman tərbiyə olunanlarda həm də hüquqi mədəniyyətin də formalaşdırılması
vacibdir. Məktəbdənkanar tərbiyə müəssisələri mədəniyyət və digər müəssislərində aparılan tərbiyə işləri
digər tərbiyə işi ilə əlaqəli kompleks şəklində aparılmalıdır. Əxlaq tərbiyəsi ilə hüquq tərbiyəsinin qarşılıqlı
əlaqədə aparılmasının daha geniş tərbiyəvi imkanları mövcuddur. Beləki, istər əxlaq, istərsə də hüquq
cəmiyyətin müəyyən etdiyi normalardır. Hər ikisi ictimai şüur formasıdır. Əlaqəli formalaşdırma prosesində
insanlar dərk edirlər ki, hüquq normalarını inzibati dövlət orqanları yaradır və həmin orqanlar da onu
müdafiə edir. Əxlaq isə insanların uzun illər boyu yaratdıqları xeyr, şər, ədalətli-ədalətsiz və s. münasibətlər
sistemidir. Onu insanlar yaratmış, ictimai rəy də qoruyur. Lakin bunlar bir-birilə əlaqədardır, biri digərini
mövcudluğunu təmin edir, biri, gicərini qoruyur.
Məktəbdənkanar və mədəniyyət müəssisələrində hüquq tərbiyəsinin aşağıdakı üsulları və formaları
mövcuddur;
A) Şifahi, sözlü;
B) Təcrübi;
C) Əyani.
Şifahi formaya mühazirə, məruzə, oxucu konfransları, disputlar, görüşlər, tematik gecələr və s. aiddir.
Təcrübi formaya ekskursiyalar, milisin gənc dostları klubları, hüquqa dair kitab sərgiləri, müharibə və
əmək qəhrəmanlarının şəxsi əşyaları və s. daxildir.
Hüquqi tədbirlər prosesində hüquq tərbiyəsi üzrə işin formaları müvəqqəti və daimi olmaqla iki yerə
bölünür. Müvəqqəti fəaliyyət göstərən formalara mühazirələr, söhbətlər, məruzələr, görüşlər, sual-cavab və
tematik gecələr, şifahi jurnallar, disput və olimpiadalar, bədii və sənədli filmlərə baxış, məhkəmə
iclaslarında iştirak və s. daxildir.
Daimi fəaliyyət göstərən formalara isə «Xalq universitetləri», «hüquq fakültələri» və ya lektoriyaları,
«Gənc hüquqşünas», «16 yaşlılar klubu», «Qılınc və qalxan», «Polisin gənc dostları», «Gənc ləpirçilər
guşəsi» daxildir.
Mühazirə və söhəbətlər zamanı dövlət və hüquq haqqında nəzəriyyələr, hüquq normalarının və
qanunlarının demokratik prinsipləri izah olunur. Mühazirə və söhbətlər kütlələri hüquqi cəhətdən
maarifləndirir, hüquqi şüur və mədəniyyəti yüksəldir, hüquq pozğunluqlarının profilaktikasına şərait yaradır.
Tematik və sual-cavab gecələri müəyyən hüquqi bir problemə həsr olunur. Tematik gecələr «Sənin
vətəndaşlıq borcun», «Cəmiyyətdə hüquq və əxlaq», «Qanun və yeniyetmə», «Hüquqi borc», «Hüquqi
barışmazlıq» və s. mövzularına həsr edilə bilər.
Sual-cavab gecələrində iştirakçılar hüquq normaları və qaydaları, ayrı-ayrı cəmiyyətdə hökm sürən
qanunçuluq, vətəndaşların hüquqi azadlıqları, ailə və nikah məsələləri ilə əlaqədar onları maraqlandıran
suallara cavab alırlar.
Görüşlər insanlarda hüquqi mühafizəyə maraq oyadır, onları hüquq işçiləri ilə yaxınlaşdırır, inzibati
işçilərə qarşı olan qorxu xofunu aradan qaldırır; hüquq işçiləri bu görüşlər zamanı hər müəssisənin rejimi,
prinsipləri, intizamları ilə tanış olur, lazımi məsləhətlər verirlər.
Şifahi jurnallar – 4-6 səhifədən ibarət xüsusiburaxılışdır, onun hər nömrəsi bir adla çıxır, hər səhifə
mövzuya uyğun yarımbaşlıqlara bölünür. Şifahi jurnallar tərbiyəçi və təlimatçının rəhbərliyi altında inzibati
orqan işçilərinin müəssisə fəallarının, əmək və müharibə veteranlarının köməyilə hazırlanır və təbliğ edilir.
Məhkəmə iclasına baxış həddi-buluğa çatmış yeniyetmələrlə gənclərlə, əvvəlcədən xalq hakimi ilə
razılaşdırılaraq aparılır, il boyu 2-3 məhkəmə prosesində iştirak edilə bilinər. İclasdan sonra hakim və ya
tərbiyəçi hadisənin baş vermə səbəbi, qanun və cəza haqqında əlavə dəqiqləşdirici məlumatlar verirlər.
Hüquq bilikləri olimpiadaları yeniyetmə və gənclərin hüquqi bilik səviyyələrini aşkara çıxarmaq,
onlarda hüququ qorumağa maraq yaratmaq məqsədi nə xidmət edir. Həmin olimpiadalar müsabiqə şəklində
aparılır. Hüquq tərbiyəsi üzrə daimi iş forması kimi «Polisin gənc dostları» dərnəyini göstərmək olar.
«Polisin gənc dostları» (PGC) dəstələri yeniyetmələrin cinayət xarakterli əməllərinin qarşısını almaqda,
onların qanun keşiyində durmalarında, qanunun pozulması hallarına qarşı çıxmaqda əhəmiyyətli yer tutan
vasitədir. Bu dəstə əsasən yeniyetmə, gənc və nisbətən yaşlı işçilərdən ibarət olur, onların işinə polislər
nəzarət edir.
16 yaşlılar klubu – 16 yaşına, yəni vətəndaşlıq hüququna çatmış yeniyetmələri əhatə edir. Klub əsasən
aşağıdakı bölmələr üzrə fəaliyyət göstərir:
1. Yeniyetmələri əməyə, ali məktəb həyatına hazırlayan bölmə.
2. Yeniyetmələri əsgəri xidmətə hazırlayan bölmə.
3. Yeniyetmələri ailə həyatına hazırlayan bölmə.
Bu klub mədəniyyət müəssisələrində, evlər idarəsində, polis şöbələrində təşkil edilir.
Bu bölmələrdə fəaliyyət göstərən yeniyetmələr öz hüquq və vəzifələrini dərk edir, düzgün peşə seçir,
ailə, vətən, valideyn qarşısında vəzifəsini başa düşür.
Gənc hüquqşünaslar klubu həm orta ümumtəhsil məktəblərində, həm xalq məhkəmələri nəzdində,
mədəniyyət müəssisələrində təşkil edilir. Klubda məşğələləri xalq hakimləri aparırlar. Gənc hüquqşünaslar
klubu hüquqşünaslarla prokurorluq, xalq məhkəməsi, daxili işlər şöbəsinin əməkdaşları və alimlərlə görüşlər
təşkil edir, «Gənc hüquqşünas», «Qılınc və qalxan», «Qanun keşiyində», «Qanun naminə», «Nümunəvi
davranış uğrunda» və s. adla divar qəzeti buraxır, bədii əsərlərin müzakirəsini keçirir, səhnəciklər hazırlayır,
orta məktəbin bütün siniflərində bilavasitə onların hüquq tərbiyəsinə, məktəbdə, küçədə, ictimai yerlərdə,
ailədə nümunəvi davranışa xidmət edən söhbətlər aparırlar.
Yeniyetmə və gənclərin hüquq tərbiyəsində həmçinin teatr, kino, kütləvi informasiya vasitələrinin də
əhəmiyyətli rolu mövcuddur.
Dostları ilə paylaş: |