PEDAQOGİKANINOBYEKTİ VƏ PREDMETİ
Pedaqogika insanın formalaşması haqqında elm olub, qədim tarixə malikdir. Beləki, insan yaranan gündən onun mövcudluğu uğrunda mübarizəsi, özünü təmin etməsi, qoruması, malik olduğu həyat təcrübəsinin böyüyən nəslə ötürməsi problemi mövcud olmuşdur. Bu isə bütün dövr və zamanlar üçün həmişə aktual bir problem məsələ kimi çıxış etmişdir. Həmin problemlər isə cəmiyyətin ictimai, iqtisadi inkişafı ilə müəyyən edilmiş, məhsuldar qüvvələrin inkişafından asılı olaraq dəyişmişdir. Məsələn, məhsuldar qüvvələrin ən zəif inkişaf etdiyi ibtidai icma dövründə mövcud olan primitiv fəaliyyət üsullarını icmanın bütün üzvləri böyüyən nəslə öyrədirdi. Lakin inkişaf etmiş cəmiyyətdə isə həm fəaliyyət üsulları, həm də bəşər təcrübəsi və onun tərkib hissələri, elm, istehsalat və s. inkişaf etdiyi üçün onların da böyüyən
nəslə ötürülməsi və ona verilən tələbələr də dəyişmiş, mürəkkəbləşmişdir.
İnkişaf etmiş cəmiyyətdə artıq şəxsiyyət formalaşdırılması, təcrübənin ötürülməsi prosesi mürəkkəbləşmiş və xüsusi fəaliyyət sistemi tələb edirdi. Bu isə pedaqogika elminin meydana gəlməsi, elm kimi inkişaf edib formalaşmasına səbəb olmuşdur.
Pedaqogika qədim yunan «paydaqoqos» sözündən olub, hərfi mənası «uşaq ötürən» deməkdir. Onun obyekti insanın formalaşdırılması, həyata hazırlanması, həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. Predmeti isə bu prosesin pedaqoji nöqteyi nəzərdən tədqiq edilməsidir.
İnsanın həyata hazırlanması, geniş mənada insan anadan olandan ölənə kimi müxtəlif səviyyə və formalarda aparılır, davam etdirilir. Ümumiyyətlə, cəmiyyət özünə davamçı, varis hazırlayır, yəni cəmiyyyətin mövcudluğu tələbi özü insanların həyata hazırlanmasını tələb edir. Bu tələb isə həm sistemli təlim müəssisələrində, həm cəmiyyətdə mövcud olan bütün birlik, təşkilat, fəaliyyət sahələrində, ailədə və s.
müxtəlif səviyyədə yerinə yetirilir. Həmin birlik və təşkilatların bilavasitə vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olaraq, insanların həyata hazırlanması işi həyata keçirilir. Bu nöqteyi-nəzərdən pedaqogikanın aşağıdakı anlayışlarını göstərmək olar. Pedaqoji gerçəklik, pedaqoji proses, təlim, tərbiyə, təhsil (B. Əhmədov, A. Rzayev – «Pedaqogikadan mühazirə konspektləri» B. Maarif, 1983).
Pedaqoji gerçəklik ümumiyyətlə, cəmiyyətin insanların həyata hazırlanması prosesini əhatə edir. Bura cəmiyyətə daxil olan bütün idarə, təşkilat, birlik, müəssisə, istehsal və qeyri-istehsal sahələrində təcrübənin insanlara ötürülməsi daxildir. Məsələn, istehsal prosesində rəhbər-işçi münasibətləri, qarşılıqlı yardım, işçilər arasında səmərəli münasibət, ünsiyyət formalarının yaradılması, hər bir işçini fərdi
xüsusiyyətlərindən – bacarıq və qabiliyyətlərindən əmək məhsuldarlığının artırılmasında istifadə edilməsi və s.
Mədəniyyət müəssisələrində insanların mövcud tələblərə uyğun formalaşdırılması işinə misal olaraq asudə vaxtın səmərəli təşkili, insanların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən təlim işləri – dərnəklər, texniki yaradıcılıq birlikləri, müxtəlif yaşlı insanlarda yeni biliklər yaratmağa və bacarıqlar formalaşdırmağa xidmət edən marağa görə məşğələləri; münasibət formalaşdıran məşğələlər, aktual tərbiyə və ideoloji problemlərə həsr edilmiş tədbirləri və s. göstərmək olar.
Ailə tərbiyəsi də pedaqoji gerçəkliyə daxildir. Ailə cəmiyyətdəki ictimai və iqtisadi münasibətlərin güzgüsü olmaqla pedaqoji məqsədlərin həyata keçirilməsində, ümumiyyətlə insanların həyata hazırlanması prosesində mühüm rol oynayır. Ailə tərbiyəsinə ata-ana, valideyn övlad münasibətləri, uşaqların fiziki sağlamlığı, düzgün, - yəni cəmiyyətin tələblərinə uyğun şəkildə tərbiyə olunması daxildir.
Ailə, onun göstərdiyi tərbiyəvi təsirlər insanları bütün ömrü boyu müşayət edir. Ailənin qorunması, ailədə sağlam qarşılıqlı münasitbətlərin təşkili ailə başçılarından, onların pedaqoji ustalığından çox asılıdır.
Pedaqoji proses isə sistemli təlim və tərbiyə müəssisələrində insanların həyata hazırlanması prosesini əhatə edir. Bu uşaq bağçalarından başlayaraq müxtəlif tip təhsil müəssisələri, orta ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, seminariyalar; ali təhsil müəssisələri (institutlar, universitetlər, ali hərbi məktəblər, akademiyalar, musiqi və rəssamlıq akademiyaları və s.) aspirantura, elmi-tədqiqat işləri, müxtəlif
yaradıcılıq fəaliyyətləri və s. əhatə edir. Məhz insanların sistemli, məqsədyönlü şəkildə həyata hazırlanması işi pedaqoji proses qarşısında qoyulmuş birinci, əsas vəzifədir. Daha doğrusu, pedaqoji proses insanların bilavasitə həyata hazırlanmasına
xidmət edir.
Təlim – öyrədənin rəhbərliyi ilə öyrənənlərin həyatı dərk etməsi və bu əsasda bilik, bacarıq, vərdişlərə Tərbiyə – insanlarda fəaliyyət formalaşdırma, yəni insanlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları, davranış qaydalarına yiyələndirmə prosesidir. Deməli pedaqogika insanları bilik, bacarıq, vərdişlərə yiyələndirərək, onlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydalarına uyğun münasibət formalaşdıraraq, həyata hazırlanması haqqında elmdir. İnsanların həyata hazırlanması problemi bütün dövrlərdə mövcud olmuş və onun vəzifələri hər dövrün özünün ictimai-iqtisadi tələbləri əsasında müəyyən edilmişdir
Müasir dövrdə pedaqogikanın vəzifələri cəmiyyətin tələbləri baxımından təlim, tərbiyə və təhsilin aktual problemlərini, pedaqoji gerçəklik problemlərini, insanların həyatının və fəaliyyəıtinin düzgün qurulmasında pedaqogikanın rolunu; pedaqoji prosesin ayrı-ayrı sahələrinin məqsədi, məzmunu, vasitələri, səmərəli üsullarını müəyyən etməkdən ,inkişaf etdirib zənginləşdirməkdən ibarətdir.
İnsanların həyata hazırlanması bəşəri və əbədi prosesdir. Çünki o, insanlara, insan cəmiyyətinə, onun mövcudluğuna aid olan bir prosesdir. Onun aşağıdakı mənbələri mövcuddur.
1. Nəzəri klassik irs – bura klassik pedaqoqların nəzəri fikirləri, müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin pedaqoji görüşləri, təlim, tərbiyə, təhsil haqqında fikirləri; həmçinin müxtəlif fəlsəfi, dini cərəyanların pedaqogikaya təsiri daxildir.
2. Müasir pedaqoji nəzəriyyələr.
3. Maarif, təlim, təhsil, tərbiyə və onların aktual problemləri haqqında dövlət sərəncam və qərarları.
4. Xüsusi metodikalar.
5. Qabaqcıl təcrübə.
Nəzəri klassik irsə qədim dövrlərdən son zamanlara qədər klassik filosofların təlim və tərbiyəyə aid mövqeyləri, nəzəri işləri, müxtəlif tarixi dövrlərdə mövcud olmuş təhsil sistemləri daxildir. Həmçinin, klassik pedaqoqların nəzəri fikirləri və təcrübi işləri də bura daxildir. Müasir pedaqoji nəzəriyyələrə isə, indiki dövrdə yaşayan pedaqoqların nəzəri fikirləri, pedaqoji təcrübələrin nəticələri, təlim, tərbiyə və təhsilin ayrı-ayrı sahələrinə aid nəzəri fikirləri, elmi kəşfləri daxildir.
Təlim, tərbiyə və təhsil haqqındakı qərar və qətnamələrdə maarif və təhsil qarşısında qoyulan vəzifələr öz əksini tapır. Bu qərarlar da cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu vəzifələr öz əksini tapır. Daha doğrusu, bu qərarlarla inkişaf, texniki, ictimai-siyasi tərəqqi ilə təlim, tərbiyə, təhsil – pedaqoji proses əlaqələndirilir.
Ümumi pedaqoji nəzəriyyələr xüsusi metodikalar vasitəsi ilə reallaşır və təsdiq edilir. Xüsusi metodikalar müəyyən mənada, pedaqoji yeniliklərin mənbəyi kimi çıxış edir. Beləki, təlim, təhsil və tərbiyəyə aid yeniliklər əvvəlcə xüsusi metodikalarda üzə çıxarılır, sınaqdan keçirilir, sonra digər sahələrə tədbiq edilərək həyata vəsiqə alır. Deməli, xüsusi metodikalar nəzəri cəhətdən ümumpedaqoji müddəalara istinad etməklə, həm də onların inkişaf edib zənginləşdirilməsinə səbəb olur. Qabaqcıl müəllimlərin yaradıcılıq işləri də pedaqogikanın inkişafında əhəmiyyətli yer tutur. Beləki, müəllimlərin öz işlərinə yaradıcı yanaşması nəticəsində yeni qabaqcıl təcrübələr meydana çıxır. Belə səmərəli işlər, təcrübələr əsasında isə yeni ideyalar, elmi fikirlər, nəticələr üzə çıxarılır, müəyyən edilir. Yeni tədqiqat sahələri üzə çıxarılır. Hər bir elmdə olduğu kimi, pedaqogikanın da xüsusi tədqiqat metodları mövcuddur. Bu tədqiqat üsulları pedaqoji prosesin və pedaqoji fəaliyyətin spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmişdir və pedaqoji prosesin xüsusiyyətlərini özündə əks etdirir.
Pedaqogikanın ən ümumi tədqiqat metodlarını aşağıdakı şəkildə ümumiləşdirmək olar: müşahidə, müsahibə, eksperiment, sənədlər, elmi pedaqoji mənbələr, ədəbiyyatın öyrənilməsi, tərbiyə olunanların yaradıcılıq fəaliyyətlərinin öyrənilməsi. Bu tədqiqat metodları pedaqoji gerçəkliyin butun sahələrindəki tədqiqatlara da tədbiq olunur. Bu metodların tədbiqi zamanı tədqiq edilən sahənin, prosesin spesifik xüsusiyyətləri nəzərə alınır.
Hər hansı bir pedaqoji işi təbii vəziyyətdə öyrənmək üçün pedaqoji müşahidələrdən istifadə edilir. Pedaqoji müşahidə işin, prosesin gedişinə hər bir müdaxilə etmədən onu mövcud vəziyyətdə öyrənməyə xidmət edilir. Onu təşkil edərkən tədqiqatçı əvvəlcədən tərtib etdiyi plan əsasında hərəkət edir. Müşahidə
zamanı tədqiqatçı, müəllim, tərbiyəçi, təlimatçı araşdırmaq istədiyi məsələnin mövcüd, yəni indiki zamandakı vəziyyətini öyrənməyə çalışır. Ona görə də müşahidə zamanı müşahidəçi işin qedişinə heç bir müdaxilə etmir.
Müşahidə metodu pedaqoji gerçəkliyin bütün sahələrində tətbiq edilir. Beləki, təlimin müxtəlif mərhələləri, təlimdə tərbiyə işlərinin qoyuluşu, təhsilin bütün sahələri, məktəbşünaslıq, məktəbin idarə olunması, pedaqoji ustalıq, məktəbdənkənar tərbiyə müəssisələrindəki təlim işləri, dərnəklər, tərbiyəvi tədbirlər, digər asudə vaxt tədbirlərin tərbiyəvi əhəmiyyəti, mədəniyyət müəssisələrinin tərbiyə fəaliyyəti,
teatr və digər müəssisələrin tərbiyə fəaliyyəti, inzibati dövlət orqanlarının tərbiyə fəaliyyəti və s. sahələrdə aparılan tədqiqat işlərində geniş istifadə edilir. Pedaqoji müşahidədən təkcə tədqiqatçılar deyil, həm də tərbiyə və təlimlə bu və digər səviyyədə məşğul olan şəxslər öz fəaliyyətlərini səmərəli təşkil etmək üçün də istifadə edirlər. Məsələn, hər müəllim dərs dediyi şagirdləri, təlimatçı, işlədiyi insanları, dərnək rəhbəri dərnək üzvlərini öyrənmək, onların inkişaf səviyyələrini düzgün müəyyənləşdirmək üçün, qabaqcıl müəllimin iş təcrübəsini öyrənmək məqsədi ilə müşahidələr aparılır. Rejissor - aktyor münasibətlərini üzə çıxarmaq və ya rejissorun aktyora təsiri vasitələrini öyrənmək üçün rejissorun məşq zamanı fəaliyyəti teatr
tədqiqatçıları müşahidə edilir və s.
Məktəbdənkənar və ya mədəniyyət müəssisələrində aparılan tərbiyə işləri – tədbirlərin uşaqlara, yaşlılara göstərdiyi təsiri öyrənmək üçün işin təşkili və gedişi üzərində müşahidə aparılır. Müşahidənin səmərəli və obyektiv aparılması üçün aşağıdakı şərtlərə riayət olunmalıdır; müşahidə məqsədi dəqiq və aydın olmalıdır; müşahidə obyekti əvvəlcədən myəyyən olunmalıdır; müşahidə zamanı hadisənin gedişinə heç bir müdaxilə edilməməlidir; müşahidənin nəticələri qeyd edilməli və ümumiləşdirilməlidir.
Müsahibə hər hansı bir pedaqoji məsələni sual-cavab, söhbət vasitəsilə aydınlaşdırmağa deyilir. Müşahidə zamanı hadisəyə müdaxilə edilmədiyi üçün onun mahiyyəti bəzən tam şəkildə açılmır. Bu nöqteyi nəzərdən müsahibə əhəmiyyətli yer tutur. Müsahibədən həm mövcud vəziyyəti öyrənmək, həm tədqiqatın gedişi prosesində, həm də nəticəni aydanlaşdırmaq üçün istifadə edilir. Müsahibə həm yazılı, həm də şifahi şəkildə aparıla bilər. Hər iki halda nəticə ümumiləşdirilməlidir. Müsahibə təbii və normal psixoloji şəraitdə, lakonik, məntiqi, aydın cümlələrlə aparıldıqda daha səmərəli nəticə verir. Pedaqoji müsahibə metodundan pedaqoji gerçəkliyin bütün sahələrində aparılan tədqiqatlar zamanı geniş istifadə edilir.
Pedaqoji eksperiment tədqiq edilən pedaqoji məsələni xüsusi təşkil edilmiş şəraitdə öyrənməyə deyilir. Tədqiqat zamanı irəli sürülmüş fərziyyə məhz eksperiment vasitəsilə təcrübədən keçirilir, yoxlanılır. Eksperiment zamanı öyrənilən hadisə, pedaqoji fakt əvvəlki, təbii vəziyyətindən fərqli, tədqiqatçının irəli sürdüyü fərziyyə əsasında təşkil edilir. Məsələn, təlimə aid aparılan tədqiqat irəli sürülmüş fərziyyə təlim prosesində tədqiqatçının irəli çürdüyü metod əsasında xüsusi şəraitdə aparılır.
Mədəniyyət müəssisələrində insanların tərbiyəsinin səmərəli təşkilinə aid aparılan tədqiqat işi həmin müəssisədə tədqiqatçının irəli sürdüyü metod əsasında, təklif etdiyi xüsusi şəraitdə aparılır.
Eksperiment metodu istehsal müəssisələrində işçilərin təkmilləşdirilməsi, yeni bacarıq və vərdişlərə yiyələnə; inzibati dövlət orqanlarının tərbiyə fəaliyyəti; mədəniyyət, səhiyyə, idman kompleksləri, kütləvi infformaçiya vasitələrinin tərbiyəvi fəaliyyətinə aid tədqiqat işlərində də tədbiq edilir. Müaisr dövrdə pedaqoji eksperiment ən aktual problemlərdən biridir.
Pedaqoji eksperiment zamanı tədqiqatçı ona lazım olan şəraiti özü yaradır. Səmərəli nəticə almaq üçün şəraiti istədiyi zaman dəyişir. Pedaqoji eksperiment üsulundan təqdiqatçılarla yanaşı tərbiyə işi ilə məşğul olan yaradıcı şəxslər də istifadə edirlər.
Pedaqoji eksperiment üsuluna keçid dövrlərində daha çox ehtiyac vardır. Çünki yeni ictimai-iqtisadi quruluşa keçid, yeni insan formalaşdırılması prosesi yeni-yeni eksperimentlər qoymağı tələb edir. Sənədlərin araşdırılması və öyrənilməsi də tədqiqat işində böyük əhmiyyətə malikdir.
Təhsil müəssisələrində təhsil alanların təlim müvəffəqiyyətini, müxtəlif dövrlərdə aparılan tərbiyə tədbirləri, tərbiyəvi işlərin təşkili, tərbiyə tədbirlərinin formalarını, məktəbkənar tərbiyə müəssisələri, mədəniyyət müəssisələri, ayrı-ayrı dövrlərdə incəsənətin və digər ictimai təşkilatların apardıqları tərbiyə tədbirləri,
onların insan formalaşdırılması işindəki rolunu öyrənməkdə sənədlər və onların araşdırılması əhəmiyyətli yer tutur. Həmçinin, pedaqogika tarixinə aid tədqiqatlarda, məktəb və maarif müəssisələrinin yaranması, təşkili formalarının öyrənilməsində də sənədlər, yazılı ədəbiyyat, arxiv materiallarının öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.
Tərbiyə olunanların yaradıcılıq fəaliyyətinin öyrənilməsi də əhəmiyyətli pedaqoji tədqiqat metodlarından biridir. Yaradıcılıq fəaliyyəti dedikdə tərbiyə olunanların çəkdiyi şəkillər, bədii əsərlər, əl işləri, bədii tikişlər, quraşdırılmış cihazlar, modellər, maketlər, yazılmış musiqi əsərləri, müxtəlif məzmunlu tablolar və s. nəzərdə tutulur. Tədqiqat işində hər hansı bir məsələnin araşdırılmasında tərbiyə olunanların bu yaradıcılıq işlərinə də müraciət edilir. Buna xüsusilə insanların asudə vaxtlarının səmərəli təşkilinə aid aparılan tədqiqat işlərində daha çox ehtiyac olur. Bu metodlardan başqa pedaqogikanın təhlil və tərkib, induktiv və deduktiv, riyazi hesablama kimi üsulları da mövcuddur ki, tədqiqat prosesində bunlardan da istifadə edilir.
Yuxarıda qeyd edilən tədqiqat üsulları biri-biri ilə qarşılıqlı əlaqədədir, biri- digərinin mövcudluğunu təmin edir.
Dostları ilə paylaş: |