Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə258/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   470
MİLLİ OPERANIN TƏŞƏKKÜLÜ VƏ  

İNKİŞAF MƏRHƏLƏSİ  

(1908-1925) 

 

Azərbaycanın müxtəlif xalq oyun-tamaşalarında musiqidən geniş istifadə edilib. Bu 



musiqilər öz xarakterlərinə görə bugünkü opera və musiqili komediya tamaşalarının müəyyən 

səciyyələrini daşıyıb. Məişət tamaşalarında, ya mərasim oyunlarında, məhəbbət dastanlarının 

söylənilməsində tək ifalar (ariyalar), deyişmələr (duetlər), söyləmə-oxumalar (ariozalar), məzhəkəli 

mahnılar (kupletlər), məsxərəli höcətləşmələr olub. Estetik tutum baxımından həmin vasitələr 

əsilində Azərbaycan, geniş mənada isə Şərq opera və operetta janrının genetik köklərini təşkil edir. 

Lakin təəssüflər olsun ki, musiqişünaslıq və teatrşünaslıq elmimiz milli oyun mədəniyyətimizi 

haqqında söhbət gedən prizınadan araşdırmayıb. 

Bununla belə, milli mədəniyyətimizdə ilk professional opera Üzeyir bəy Hacıbəyovun "Leyli 

və Məcnun" əsəri sayılır. Bəstəkar bu operanı 1907-ci ildə tamamlayıb. 

Əlbəttə ki, ənənə olmadan belə bir möhtəşəm iş görmək dahiliyə  dəlalət edir. Üzeyir bəy 

Hacıbəyovun qəlbində musiqili əsər yaratmaq ideyası 1897-ci ildə baş qaldırıb. Əslən Şuşalı olan, 

Peterburqda təhsil alıb vətənə qayıdan  Əbdürrəhim bəy Haqverdiyev yerli həvəskarlarla "Məcnun 

Leylinin qəbri başında" adlı  səhnə hazırlayıb. Həmin musiqili oyun-tamaşa  Şuşada göstərilib. 

Tamaşada Məcnun rolunu Qarabağ mahalının məşhur xanəndəsi Cabbar Qaryağdı  oğlu oxuyub-

oynayıb. Gələcəyin böyük dühası Üzeyir bəy Hacıbəyov həmin tamaşada xorda iştirak edib. 

Bəstəkar öz xatirələrində göstərir ki, bu tamaşa onun qəlbini riqqətə gətirib və yaddaşında dərin iz 

buraxıb. 

Qori Müəllimlər Seminariyasını bitirəndən sonra bir il Qarabağda müəllimlik edən Üzeyir 

bəy 1905-ci ildə Bakıya gəlib və az sonra "Leyli və Məcnun" operası üzərində işləməyə başlayıb. 

Librettonu dahi Məhəmməd Füzulinin eyniadlı məhəbbət poemasının motivləri əsasında Üzeyir bəy 

özü və qardaşı Ceyhun bəy Hacıbəyli yazıblar. Operada "Mahur Hindi", "Çahargah", "Şur", "Kürd-

Şahnaz", "Rast", "Segah", "Bayatı Kürd" muğamlarından istifadə edilib. Həmin dövrdə Üzeyir bəy 

Avropa not sistemini bilmirdi və buna görə də opera direksion üslubda yazılıb. 

"Leyli və  Məcnun" operasının ilk tamaşası 1908-ci il yanvar ayının 12-də Tağıyev teatrı 

binasında göstərilib. Operanın tamaşasına quruluşu rejissor Hüseyn Ərəblinski verib. ilk tamaşanın 

dirijoru  Əbdürrəhim bəy Haqverdiyev olub. Üzeyir bəy özü orkestrdə skripka çalıb. Orkestrdə 

həmçinin müəllimlərdən  Əli Terequlov, Ağəli Qasımov,  Şirin Axundov, Fərhad Ağazadə  Şərqli, 

Qayıbov, İsmayılov və başqaları çalıblar. Suflyorluğu Əliabbas Rzayev edib. Tarda soloları tarzən 

Qurban Pirimov ifa edib. Bu tarzən əlli ildən çox milli muğam operalarımızın əsas tarzəni olub. 

Operanı tamaşaya "Nicat" cəmiyyətinin teatr truppasının aktyorları hazırlayıblar. Məcnun 

rolunu dramatik aktyor kimi tanınan Hüseynqulu Sarabski ifa edib. O, otuz beş ildən çox bu rolun 

misilsiz ifaçısı sayılıb. Leylinin partiyasını çayçı şagirdi Əbdülrəhim Fərəcov oxuyub. İlk tamaşada 

digər  əsas rolları Mirzə Muxtar Məmmədov (Qeysin atası), Hənifə (Məhəmmədhənifə  də yazılıb) 

Terequlov (Nofəl), İmran Qasımov kəngərli (Zeyd və Fəttah), C.Vəzirov (Leylinin anası), Rüstəm 

Kazımov (Qeysin anası), B.Vəzirov (Ərəb), Yusif Məmmədov (Ərəb), Səfərov (Ərəb) ifa ediblər. 

Ceyhun Hacıbəyli "C.Dağıstanlı" imzası ilə İbn Səlam və "N.N." imzası ilə Nofəl rollarını oynayıb. 

Üzeyir bəy Hacıbəyov 1909-cu ildə özünün librettosu əsasında "Şeyx Sənan" operasını 

tamamlayıb. Yeri gəlmişkən qeyd edim ki, bundan sonra "Koroğlu" operasından başqa bütün opera 

və operetta əsərlərinin librettosunu Üzeyir bəy özü yazıb. 

"Şeyx Sənan"ın ilk tamaşası 1909-cu il noyabrın 30-da oynanılıb. "Nicat" cəmiyyəti teatr 

truppasının hazırladığı tamaşa Nikitin qardaşları sirkində göstərilib. Tamaşanın quruluşçu rejissoru 

Hüseyn  Ərəblinski olub. İlk tamaşaya dirijorluğu Üzeyir bəy Hacıbəyov özü edib. Əsas rolları 

Hüseynqulu Sarabski (Şeyx Sənan) və Leyla təxəllüsü ilə Tamara Boqatko (Xumar), Mirzağa 

Əliyev (Giqo), Hənifə Terequlov (Xumarın atası) ifa ediblər. Az sonra Əhməd Bədəlbəyov 




"Ağdamski" təxəllüsü ilə opera, növbəti ildən operetta tamaşalarında qadın rollarının  əsas ifaçısı 

olub. 


Bakıda məxsusi opera truppası yox idi və tamaşaları "Nicat"ın dram aktyorları oynayırdılar. 

Uzun illər bu truppa Üzeyir bəylə onun musiqi əsərlərini ifa etmək hüququnu özündə saxlamaq 

barədə müqavilə bağlayıb. 1912-1917-ci illər arasında müəyyən vaxtlar, az da olsa, "Səfa" mədəni-

maarif cəmiyyətinin teatr truppası da operalar oynayıb. 1916-cı ildən isə Bakıda opera və 

operettaları, əsasən, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" (qısa şəkildə 

"Müdiriyyət" kimi də yazılıb) adlanan truppa ifa edib. 

Üzeyir bəy Hacıbəyov növbəti muğam operasını Əbdülqasim Firdovsinin məşhur "Şahnamə" 

poemasından götürülmüş süjet əsasında yazıb. "Rüstəm və Söhrab" adlanan operanın ilk tamaşası 12 

noyabr 1910-cu ildə Tağıyev teatrında göstərilib. Tamaşanı "Nicat" truppası hazırlayıb və bəstəkar 

özü tamaşaya dirijorluq edib. 

"Rüstəm və Söhrab" operasında  əsas rolları Hüseynqulu Sarabski (Söhrab), Əhməd 

Ağdamski (Təhminə), Hənifə Terequlov (İran  şahı Keykavus), Mirzə Muxtar Məmmədov 

(Səmənqən şahı), Rafiq (Vəzir) oynayıblar. Müxtəlif əyanların rollarında səhnəyə Əliş Haqverdiyev, 

Bağır Cabbarzadə, Əbülfət Vəli, Hacı İmran Qasımov, Rüstəm Kazımov çıxıblar. Tamaşada Xəlil 

Hüseynov rejissor müavini, Əbülfət Vəli məsul müdir və Əliabbas Rzayev suflyor olublar. 

Üzeyir bəy Hacıbəyov "Rüstəm və Söhrab" operasını yeni variantda işləyib və əsər 1925-ci il 

martın 6-da göstərilib. "Rüstəm və Söhrab" operasında "Rast", "Şur", "Çahargah", "Səmayi şəms", 

"Rahab", "Bayatı Kürd", "Qacar", "Şüştər", "Şikəsteyi-fars" muğamlarından istifadə olunub. 

Bəstəkar müəyyən gərgin psixoloji məqamlarda həmçinin  "Mənsuriyyə", "Əraq", "Müxalif" kimi 

şöbələrdən istifadə edib. 

"Leyli və Məcnun" operasının uğuru çox adamları bu janrda əsər yazmağa təhrik edib. 1911-

ci il martın 6-da Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" operası tamaşaçılara göstərilib. Libretto 

Nizami Gəncəvinin "Xosrov və  Şirin" poeması  əsasında yazılıb. Tarzən Aleksandr Oqenezaşvili 

operanm musiqi partiturasının direksion üsulda hazırlanmasında müəyyən işlər görüb. Operada əsas 

partiyaları Cabbar Qaryağdı (Fərhad), Məcid Behbudov (Xosrov), Mirzə Muxtar Məmmədov 

(Şapur), "Xumar" təxəllüsü ilə Tamara Boqatko (Yasəmən), Cəmil Nəcəfov (Şirin) oxuyublar. 

Tamaşanın librettosunda və musiqi tərtibatında ciddi qüsurlar vardı. Buna görə  də opera 

repertuarda az yaşayıb. Beş il ərzində "Xosrov və Şirin" operasının yeni musiqi redaksiyasında və 

təzə quruluşlarda oynanılması da uğur qazanmayıb. 

1912-ci il martın 10-da Üzeyir bəy Hacıbəyovun növbəti muğam operası  "Şah Abbas və 

Xurşid banu" Tağıyev teatrında oynanılıb. Tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski, 

rejissor müavini Xəlil Hüseynov, dirijoru Müslüm bəy Maqomayev, xorbaşı (xormeyster) Hənifə 

Terequlov olublar. 

"Şeyx Sənan" operası ilə müqayisədə maraqla qarşılanan "Şah Abbas və Xurşid banu" 

operasında  əsas rollarda Hüseynqulu Sarabski (Şah Abbas), Mirzə Muxtar Məmmədov (Vəzir), 

Əhməd Ağdamski və Cəlil Bağdadbəyov (Xurşid banu), Hənifə Terequlov (Məstavər), Mirmahmud 

Kazımovski (Divanə) çıxış ediblər. Opera həmin il oktyabrın 26-da və noyabrın 16-da da təkrar 

oynanılıb. 

Üzeyir bəy Hacıbəyovun 1912-ci ildə daha bir operası səhnədə göstərilib. İlk tamaşası mayın 

18-də oynanılan "Əsli və  Kərəm" operasının mövzusu xalq dastanından götürülüb. Tamaşanın 

quruluşçu rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslüm bəy Maqomayev, xorbaşısı  Hənifə 

Terequlov olublar. Qısa müddətdə böyük şöhrət qazanan operada aparıcı rolları Hüseynqulu 

Sarabski və Hüseynağa Hacıbababəyov (Kərəm), Cəlil Bağdadbəyov və  Əhməd Ağdamski (Əsli), 

Mirzə Muxtar Məmmədov (İsfahan şahı), Hənifə Terequlov və Məmmədtağı Bağırov (Keşiş Arsen) 

ifa ediblər. 

"Əsli və  Kərəm" operasının  ən mürəkkəb partiyaları  "Şahnaz", "Segah", "Bayatı  Şiraz", 

"Rast", "Şur" muğamları üzərində işlənilib. Bu opera uzun müddət hər il təzə quruluşlarda göstərilib. 



1915-ci ildə Üzeyir bəy Hacıbəyovun "Harun və Leyla", Rza Zaki Lətifbəyovun "Nigar və 

Neman" operaları yazılsa da, bu əsərlər tamaşaya qoyulmayıb.  Əbdülqədir  İsmayılzadə Vüsaqinin 

librettosu  əsasında Hüseynqulu Sarabskinin musiqi tərtibatı verdiyi "Seyfəlmülk" operası da 

tamaşaçılara göstərilməyib. O dövrdə  Gəncədə yaşayan Məşədi Cəmil  Əmirovun da bu adda bir 

operası var. 

Aktyorluq edən və  bəzən rejissor yardımçısı kimi çalışan Hacıbaba  Şərifovun "Mehr və 

Mah" operası 1916-cı ildə oynanılıb. Bu illərdə bir neçə müəllifin "Əsli və  Kərəm", "Leyli və 

Məcnun" operaları  səhnə üzü görsə  də, heç biri sənət nailiyyətinə çevrilə  və  əsaslı  uğur qazana 

bilməyib. 

Zülfüqar bəy Hacıbəyov xalq dastanı əsasında bəstələdiyi "Aşıq Qərib" operasını 1915-ci ilin 

sonlarında bitirib. Lakin opera 1916-cı il mayın 13-də  Xəlil Hüseynovun quruluşunda oynanılıb. 

Dirijorluğu bəstəkar özü edib və xorbaşı  Hənifə Terequlov olub. Üzeyir bəy Hacıbəyov tamaşaya 

məsul müdir idi. 

"Aşıq Qərib" tamaşasında rolları Hüseynqulu Sarabski (Rəsul-Aşıq Qərib), Hüseynağa 

Hacıbababəyov (Qəribin anası), Yeva Olenskaya (Qəribin bacısı Qəni), Mirzə Muxtar Məmmədov 

(Hacı), Sidqi Ruhulla (Mahmud), Əhməd Ağdamski (Şahsənəm), Mirzağa Əliyev (Aşıq Vəli), Xəlil 

Hüseynov (Türk paşası), Cəlil Bağdadbəyov (Aşıq Səlim və Dərviş), Yunis Nərimanov (Qara qız) 

oynayıblar. Operadakı ərəb rəqslərini Rza Darablı və Əbülhəsən Anaplı ifa ediblər. 

Müstəqil teatr truppalarının fəaliyyət göstərdikləri dövrdə sonuncu muğam operası Müslüm 

bəy Maqomayevin "Şah  İsmayıl"  əsəri olub. Librettonu Mirzə  Əbdülqədir  İsmayılzadə yazıb. 

Operanın rejissorluğunu  əvvəlcə Hüseyn Ərəblinski edib və sonra əsər üzərindəki işi premyeraya 

qədər Abbasmirzə Şərifzadə tamamlayıb. Opera 7 mart 1919-cu ildə göstərilib. 

"Şah İsmayıl" operasında baş rolları Hüseynqulu Sarabski (Şah İsmayıl), Hənifə Terequlov 

(Aslan şah), Aleksandra Olenskaya (Gülzar) oynayıblar. 

Orta Asiyanın Daşkənd, Səmərqənd, Aşqabad, Buxara, Mərv, Volqaboyunun Hacıtərxan, 

Orenburq, Türkiyənin İstanbul, Trabzon, Sarıqamış, İranın Tehran, Ənzəli, Təbriz, Qafqazın Tiflis, 

İrəvan, Batum, Ağınəscid (indiki Simferopol) kinıi  şəhərlərində ilk opera tamaşalarını 

Azərbaycandan gəlmiş müxtəlif teatr truppaları və dəstələri göstəriblər. 

1919-cu ilin payızından 1925-ci ilin avqust ayınadək opera tamaşaları bugünkü Akademik 

Milli Dram Teatrında oynanılıb. 1925-ci ilin payızından, yəni növbəti teatr mövsümündən opera 

truppası AMDT-dan ayrılaraq "Rus Operası" adlanan teatra birləşib. Kollektivin adı afişalarda "Türk 

Operası" kimi göstərilib. Sonralar Azərbaycan Dövlət Opera və Balet Teatrı adlanan bu kollektiv 

1925-1935-ci illərdə ayda üç-dörd dəfə muğam operası oynayıb. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin