PEŞƏKAR TEATRIN TƏŞƏKKLÜ
Milli xalq oyun-tamaşalarımızın tarixi neçə min illər əvvələ bağlı olsa da, peşəkar teatrımızın
yaranması və təşəkkülü XIX əsrin ortalarından o yana gedib çıxmır. Bu tarixin özündə də hələ
dürüstləşdirilməyən məqamlar qalmaqdadır.
1841-ci ildə Qarabağın incisi sayılan Şuşa şəhəri qəza mərkəzinə çevrilib. Bununla bağlı
şəhərdə inzibati idarə binaları ilə yanaşı, mədəniyyət obyektləri də tikilməyə başlayıb. Şəhər teziiklə
Qafqazın mədəniyyət mərkəzlərindən birinə çevrilib. On doqquzuncu əsrin qırxıncı illərində Şuşada
Lamberkerin sirk binası fəaliyyət göstərib. Burada musiqi məclisləri də qurulub. "Kavkaz" qəzetinin
1848-ci ildə çıxan 43-cü sayında "A.S." imzalı şəxs yazır ki, şuşalılar estetik cəhətdən inkişaf
ediblər, incəsənəti dəra edə bilən zövqə malikdirlər. Gözəl dekorasiyalarla göstərilən teatr
tamaşalarına əhali həvəs və maraqla baxır. Teatr salonunda bəzəkii lojalar qurulub və şəhərin
tamaşalar oynayan bacarıqlı teatr həvəskarları vardır. Təəssüflər olsun ki, məqalə müəllifi oynanılan
tamaşanın bədii mətni və təşkilatçıları, ifaçıların kimliyi, oyunların nə vaxtlar və hansı prinsiplərlə
göstərildiyi barədə məlumat verməyib. Arxivlərdə də bu barədə tutarlı tarixi sənəd əldə etmək, hələ
ki, mümkün olmayıb.
Azərbaycanda ilk teatr binalarından birinin də qədim tarixə malik və XIX əsrdə quberniya
mərkəzi olan Şamaxıda tikildiyi məlumdur. Teatr (bunu əyləncə evi kimi də qəbul etmək olar)
binasının qurulduğu və orada tamaşa oynanıldığı barədə "Kavkaz" qəzetinin 6 iyul 1858-ci il tarixli
sayında məlumat var. Orada yazılıb ki, Şamaxı ziyalıları 1857-ci il dekabrın 6-da xeyriyyə
məqsədilə tamaşa veriblər. Tamaşadan əvvəl dekorasiyalar çəkiblər, tələm-tələslk afişalar yazıblar.
Dalbadal beş tamaşa oynanılıb. Bina darısqal və tamaşa göstərilməsi üçün əlverişsiz olduğuna görə
ziyalılar şəhərdə məxsusi teatr binası tikməyi qərarlaşdırıblar.
Teatr binasının inşası üçün şəhər knyazı vasitəsilə qubernatordan icazə alnııb. Şamaxının
əsas küçələrindən birində bu məqsədlə mağazalar kompleksi yerləşən bina seçilib. Şəhərin
mütərəqqi fikirli gənc ziyalısı Ata bəy Zeynal bəy oğlu mağazaların sahiblərinin pullarını ödəyib.
Eyni zamanda teatr binasının inşası, daha doğrusu, qurulması üçün könüllü Şəküdə külli miqdarda
ianə verib. Şəhərin baş memarının müavini Qasım bəy binanın yenidən qurulmasını öhdəsinə
götürüb. Bir aya mağaza teatr tamaşası göstərmək üçün yararlı hala salınıb və hətta salonun sağ-
solunda 14 loja qurulub.
"Kavkaz" qəzetinin yazdığına görə, 1858-ci il aprelin 17-də həmin binada ilk teatr tamaşası
göstərilib. Qəzet onu da yazır ki, teatr binasını tikənlər və burada tamaşa göstərən səhnə həvəskarları
(artistlər) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar.
Təəssüflər olsun ki, nə 1840-ci illərdə Şuşada, nə də 6 dekabr 1857-ci ildə və yaxud 17 aprel
1858-ci ildə Şamaxıda göstərilən tamaşaların hansı əsərlər əsasında oynanıldığı, kimlər tərəfindən
hazırlandığı, ifaçıların kimliyi barədə əlimizdə heç bir sənəd (afişa, proqram, məlumat-resenziya və
sairə) yoxdur. Ona görə də milli peşəkar teatrımızın təşəkkül tarixini nə 1857-ci ildən, nə də 1858-ci
ildən götürmək elmi-tədqiqi cəhətdən, tarixi dürüstlük baxımından, hələ ki, əsassızdır. Bəlkə də, nə
vaxtsa həmin tamaşaların göstərilmə tarixlərini təsdiqləyən sənədləri əldə etmək mümkün oldu.
Onda milli peşəkar teatrımızın tarixini 15-20 il irəli çəkinəyə mənəvi və tarixi haqqımız olar.
XIX əsrin ikinci yarısından başlayaraq, neft sənayesinin inkişafı sayəsində Bakının mədəni
həyatında dirçəliş başlayıb. Şəhərdə məktəblər açılıb, rus dilində tamaşa-konsert müəssisələri
yaradılıb. Bu məktəblərdən biri də azərbaycanlı uşaqların təhsilləri üçün nəzərdə tutulmuş realnı
məktəb (gimnaziya) idi. Məktəbin şagirdləri müntəzəm olmasa da, hərdən rus dilində oynanılan teatr
tamaşalarına baxırdılar.
Növbəti dəfə 1873-cü ildə Bakı realnı məktəbin son şinif şagirdi, gələcəyin görkəmli
dramaturqu Nəcəf bəy Vəzirov teatr tamaşasma baxıb. O, ana dilində tamaşa hazırlamaq qərarına
gəlib və flkrini görkəmli maarifpərvər, iki il sonra Azərbaycan dilində ilk nəşr sayılan "Əkinçi"
qəzetinin (1875) redaktoru və naşiri olan Həsən bəy Zərdabiyə bildirib. Zərdabi Mirzə Fətəli
Axundzadənin "Təmsilat"ını oxuyub tanış olmaq və oynamağa bir məsxərə seçmək üçün ona verib.
Nəcəf bəy Vəzirov dramaturqun "Lənkəran xanının vəziri" komediyasını seçib. Tezliklə məhz onun
rəhbərliyi və təşkilatçılığı (çağdaş dillə rejissorluğu) ilə şagirdlər əsəri tamaşaya hazırlamağa
başlayıblar. Həsən bəy Zərdabi məşqlərdə pedaqoq kimi, nəzarətçi sifətilə iştirak edib və hazırlıq
prosesinə məsuliyyəti öhdəsinə götürüb.
"Lənkəran xanının vəziri" tamaşası Novruz bayramı münasibətilə hazırlanıb. İlk tamaşa mart
ayının 10-da "Nəciblər klubu" binasında ("Sobraniye" binası da adlanıb) göstərilib. Afişada əsərin
adı "Sərgüzəşti-vəziri-xani Sərab" yazılıb.
Milli mədəniyyətimizdə yeni səhifə açan teatr tamaşasında əsas rolları məktəbin şagirdləri
Əlyar (Lənkəran xanının vəziri), Səməd (vəzir Mirzə Həbib), Nəcəf (Ziba xanım), Əsgər (Nisə
xanım) oynayıblar. İlk afişada göstərilən "Nəcəf" Nəcəf bəy Vəzirov, "Adıgözəl" isə gələcəyin
ictimai xadimi və bir neçə pyes yazan Əsgər ağa Haqverdi oğlu Adıgözəlov Goranidir.
Tiflisdə çıxan "Kavkaz" qəzeti 25 mart 1873-cü ildə çıxan sayında ilk milli teatr tamaşası
barədə ətraflı məlumat verib. Qəzet yazıb ki, teatr tamaşası hazırlamaqda məqsəd o olub ki,
müsəlman əhlinə zövq verilsin. Həm də yığılan pul xeyriyyə məqsədinə sərf olunsun. Tamaşadan
150 manat pul yığılıb. Maraqlıdır ki, teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması,
kasıb şagirdlərə məsrəf edilməsi həmin vaxtdan ənənə şəklini alıb.
Beləliklə, 10 mart 1873-cü il Azərbaycan milli peşəkar teatrının doğum günü sayılır. Bu
tarix, həmçinin Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi qəbul olunub. Çünki Bakıdakı
bütün mövcud həvəskarlar truppaları uzun illər müstəqil fəaliyyətdən sonra məhz 1919-cu ildə
birləşərək "Dövlət Teatrosu" ("Hökumət Teatrosuo da adlanıb) kimi institusional mədəniyyətin
faktına çevrilib. Bu barədə aşağıdakı dərslərdə daha geniş məlumat veriləcək.
İlk işlərindən ruhlanan və müəllimlərinin təşəkkürlərini qazanan şagirdlər elə bu il aprel
ayının 17-də daha bir tamaşa hazırlayaraq oynamışlar. Növbəti tamaşa üçün Mirzə Fətəli
Axundzadənin "Hekayəti-sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") komediyası seçilib. Bu tamaşanın
da əsas təşkilatçısı Nəcəf bəy Vəzirov olub.
Həsən bəy Zərdabi tamaşaların hazırlanıb oynanılması barədə Tiflisdə yaşayan Mirzə Fətəli
Axundzadəyə 1873-cü il iyunun 13-də məktub yazıb. Zərdabi öz məktubunda bildirib ki, bizim
tamaşaçılar hissləri qıcıqlandıran hadisələrə daha çox meyillidir. Vəd edib ki, payızda tələbələr
(şagirdlər) qayıdanda dramaturqun təzə əsərini tamaşaya hazırlayacaqdır.
Azərbaycan dilində teatr tamaşaları oynanılmasından müəyyən təşvişə düşən senzor Mirzə
Fətəli Axundzadənin pyeslərini daha "diqqətlə" oxumağa başlayıb. Hətta bəzi komediyalarda, cüzi
də olsa, bəzi ixtisarlar edəndən sonra onları oynamağı izinli sayıb.
"Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından sonra Bakıda bir müddət
azərbaycanca əsərlər oynanılmadı. Bunun da əsas səbəbi o idi ki, Nəcəf bəy Vəzirov Peterburqa
(sonra Moskvaya) ali təhsil almağa getmişdi. Həsən bəy Zərdabi isə əsas gücünü və səyini ana
dilimizdə ilk qəzetin çap olunmasma icazə verilMəsmə sərf edirdi. Əsgər ağa Gorani də Moskvanın
Razumovski adına kənd Təsərrüfatı Akademiyasma qəbul olunmuşdu.
Bakı şəhərindən bu fədakarlıq təşəbbüsünün sorağı həm Azərbaycanın, həm də Qafqazın
soydaşlarımız sıx yaşayan şəhərlərinə də çatdı. Oralarda yaşayan ziyalılarımzda da tamaşalar
oynamağa maraq və həvəs oyandı. Bir-birinin ardınca Tiflisdə (əvvəlcə 1873-cü ildə, sonralar 1877-
ci ildən başlayaraq), Şuşada (1874), Qubada (1875), Şəkidə (1879), İrəvanda (1882), Naxçıvanda
(1883) teatr həvəskarları olan ziyalılar və məktəb şagirdləri tamaşalar oynamağa başladılar.
Başqa millətdən olan və azərbaycanca sərbəst danışan Alma xanım və onun əri Stepan
Safrazovlar 1882-ci ildən başlayaraq məmləkətimizin müxtəlif şəhərlərini gəzərək yerli
həvəskarlarla tamaşalar verirdilər. Onların səyyar repertuarının əsasını Mirzə Fətəli Axundzadənin
komediyaları və Vasaq Mədətovun azərbaycanca yazdığı "Qırt-qırt", "Fətəli şah" vodevilləri təşkil
edirdi. Tədricən Nəcəf bəy Vəzirovun kiçik məsxərələri də teatr həvəskarlarının diqqət mərkəzində
olub.
Hələlik yalnız həvəskarlıq səciyyəsi daşıyan teatr tamaşalarını hazırlayıb göstərən ziyalıların
əsas məqsədləri xalqı maarifləndirmək və müəyyən mənada da camaatı əyləndirib onlara zövq
vermək idi. Təbii ki, bu zövqvermədə sənətin başlıca estetik prinsipləri gözlənilə bilməzdi. Hələ
peşəkar aktyorlar yox idi və nəinki peşəkar, heç həvəskar rejissuaradan da danışmağa dəyməzdi,
çünki bu anlayış yox idi. Tamaşalar rol bölünüb bir-iki gün ötəri məşq edilməklə oynanılırdı. Sözləri
səhnədə suflyor deyir və ifaçılar təkrarlayırdılar. Tamaşalar, əsasən, Novruz, Orucluq, Qurban
bayramiarında, ayrı-ayrı məktəblərin müxtəlif mərasimlərində oynanılırdı. Amma bütün bunlara
baxmayaraq, həvəskarlar özləri də hiss etmədən, peşəkar teatr sənətinin inkişaf yollarını sırf
professionallığa doğru əzınlə, fədakarlıqla aparırdılar.
Yay aylarında əslən qarabağlı olan ziyalılar, Rusiyanın və Avropanın müxtəlif şəhərlərində
ali təhsil alan tələbələr Şuşaya yığılırdılar. Onlar və maarifçiliyə meyilli yerli gənclər, şəhər
məktəblərinin yuxarı sinif şagirdləri burada böyük konsertlər təşkil edir, müxtəlif mədəni tədbirlər
keçirirdilər. Mədəniyyət hadisələri içərisində teatr tamaşaları göstərmək xüsusi yer tuturdu. Bu işdə
müəllimlər Yusif bəy və Mirzə Muxtar Məmmədov xüsusi səy göstərirdilər. On dörd yaşlı
Əbdürrəhim bəy Haqverdiyevdə teatr sənətinə marağı da məhz Yusif bəy oyadıb. Mirzə Muxtar
Məmmədov Azərbaycanın ilk peşəkar aktyorlarından sayılır.
Tiflis şəhərində əhalinin böyük qismini təşkil edən azərbaycanlıların teatr tamaşaları
oynamaları da tədricən müntəzəm hal alaraq hər aya təsadüf edirdi. Bakıda bu işi, əsasən,
müəllimlər və şagirdlər görürdülər. Teatr tamaşalarını oynamaq üçün Bakıda məxsusi bina yox idi.
Bu çətinliyi aradan qaldırmaq məqsədilə Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə özünün taxıl
anbarının özülü üzərində teatr binası inşa etdirib.
Peşəkar teatr təşəkkül tapdığı ildən sonra təxminən on üç-on dörd il ərzində, əsasən,
həvəskarlar tamaşa hazırlamaq cəhdində olublar. Onların bəziləri bir, bəziləri iki, bəziləri uzağı üç-
dörd tamaşadan sonra bu işdən ayrılır, öz peşələrinin dalınca gedirdilər. Ona görə də mərasimdən
mərasimə, bayramdan-bayrama yada düşən "teatr çıxarmaq" həvəsində olanlar tez-tez dəyişirdilər.
1873-1886-ci illər Bakıda peşəkar teatrın təşəkkülünün və tədricən inkişaf etməsinin ilk
mərhələsi sayılır. Tiflis, İrəvan, Naxçıvan, Gəncə teatrları, müxtəlif əyalətlərdə səhnə sənətinin
yaranına mərhələləri barədə ayrı-ayrı fəsillərdə bəhs olunacaq. Ona görə də məhz Akademik Milli
Dram Teatrının həvəskarlıq mərhələləri kimi Bakının teatr prosesinin müxtəlif əsas dövrlərindən
bəhs olunacaq.
Dostları ilə paylaş: |