Sultanməcid Qənizadə (1866-1937)
Görkəmli maarif xadimi və yazıçı, səhnə sənətinin fədaisi idi. Sultanməcid Hacı Murtuzəli
oğlu Şamaxı şəhərində orta təbəqəni təmsil edən ailədə anadan olub. İlk təhsilinə əvvəlcə buradakı
Seyid Əzim Şirvaninin "Məclis" məktəbində başlayıb və sonra yeni tipli şəhər məktəbində oxuyub.
1883-cü ildə Tiflis Aleksandrinsk Müəllimlər İnstitutuna qəbul olunub. Burada dörd il təhsil alıb və
mövcud imperiya qanunlarına əsasən işləmək üçün Bakıya göndərilib. Bakıda həmtəhsil dostu
Həbib bəy Mahmudbəyov ilə birlikdə məktəb açıblar. Sultanməcid Qənizadə tələbatı nəzərə alaraq,
Şagirdlər üçün dərsliklər işləyib, müntəxəbat tərtib edib.
Bakıdakı teatr həvəskarlarını bir yerə cəm edərək onlarla müxtəlif bayramlarda tamaşalar
hazırlayıb. Həvəskarların truppa halında fəaliyyəti üçün səmərəli işlər görüb, səhnə sənətinə çoxlu
istedadlı gənclər cəlb edib. Pyes qıtlığını, xüsusən kiçik məsxərələrin azlığını nəzərə alaraq
dramaturgiya ilə məşğul olmağa başlayıb. 1891-ci ildə ilk dram əsərini yazıb və "Qönçə xanım"
adlanan həmin faciə əsərini oynamağa senzura icazə verməyib. Təəssüf ki, bu pyesin əlyazması itib.
Sultanməcid Qənizadə Lev Tolstoyun "Əvvəlinci şərabçı" və Vladimir Dyaçenkonun
"Qurbana qurban" pyeslərini Azərbaycan dilinə tərcümə edib. Bu əsərləri həvəskarlar dönə-dönə
tamaşaya hazırlayaraq oynayıblar. Pedaqoq-dramaturq "Xor-xor", "Axşam səbri xeyir olar",
"Dursunəli və ballıbadı", "Yadımdadır" vodevillərini azərbaycancaya iqtibas və təbdil edib. Həmin
vodevil-məsxərələr milli məişət və əxlaqımıza sənətkarlıqla uyğunlaşdırıldığına görə, orijinal dram
əsərləri kimi dəyərli və əhəmiyyətli olub. Həmin əsərlər 1890-1920-ci illərdə müxtəlif şəhərlərdə
mövcud olan Azərbaycan teatr dəstə və truppalarının repertuarlarında çox mühüm yer tutub. Milli
səhnəmizin fədailəri sayılan Cahangir Zeynalov, Mirzağa Əliyev, Sidqi Ruhulla, Abbasmirzə
Şərifzadə, Əbülfət Vəli, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Hüseynqulu Sarabski kimi şöhrətli
sənətkarlar adıçəkilən məsxərələrdə dönə-dönə çıxış ediblər.
Dostları ilə paylaş: |