ÇİMNAZ BABAYEVA (23 DEKABR 1946)
Coşğun, ancaq "yüyənli" temperamenti, həssas musiqi duyumu var. Akademik rəqs ifadə
vasitələrinə emosionallıq gətirməkdə səriştəlidir.
Çimnaz Məmməd qızı Babayeva 23 dekabr 1946-cı ildə Bakıda doğulub. Bakı Xoreoqrafiya
Məktəbində təhsil alıb. Təhsilini bitirən ildən (1964) Azərbaycan Dövlət Opera və Balet Teatrında
solist işləyib. 1977-ci ildə teatrda məşqçi-pedaqoq ştatına keçib. Əri xalq artisti, balet ustası
Vladimir Pletnyov olub.
Çimnaz Babayeva böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın "Qızıl açar" baletində
Buratino rolu ilə qədəm basıb. ADOBT-nin səhnəsində Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov),
Aişə, Sari ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Qız, Nəsiminin sevgilisi ("Şur" və
"Nəsimi dastanı", Fikrət Əmirov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Jizel ("Jizel",
Adolf Adan), Xanım ("Xanım və xuliqan", Dmitri Şostakoviç), Kitri ("Don kixot", Lüdviq Minkus)
partiyalarını məharətlə ifa edib.
Balet artisti 1970-ci il mayın 21-də Azərbaycan Respublikasının əməkdar artisti, 10 yanvar
1978-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1974-cü ildə Nəsiminin sevgilisi ("Nəsimi
dastanı", Fikrət Əmirov) partiyasma görə Azərbaycan Respublikasının Dövlət mükafatı ilə
təltiflənib.
Zərif plastikası səhnə cazibəsi ilə seçilən Çimnaz Babayeva 1981-2000-ci illərdə teatrda
məşqçi-pedaqoq işləyib. Əri Vladimir Pletnyovla birgə "Xanəndənin taleyi" (Cahangir Cahangirov)
operasının rəqs nömrələrini qurublar.
|