______________Milli Kitabxana_____________
270
təqlid edildiyini də inkar etmək olmaz.
İkinci qrupa aid olan şüşə qablar armudu formada olduğu
halda, üçüncü qrupun nümunələri özünün şaquli kompozisiyaları
ilə fərqlənir.
Üçüncü qrupa daxil olan qablar, əsasən, Mingəçevirdə
tapılmışdır. Onları gövdələrinin zahiri formalarına görə üç tipə
bölmək olar. Birinci tip qabların gövdəsi küpə şəklində olduğu
halda, ikinci tip qablarda gövdə uzunsovlaşmış şəkil almışdır.
Üçüncü tip qablar isə konik formaları ilə fərqlənirlər. I-III əsrlərə
aid olan bu üç tipdən başqa Mingəçevirdə IV-VIII əsrlərin
dördkünc prizma şəkilli şüşə qabları da tapılmışdır.
Dördüncü qrup qablar müxtəlif formalı dekorativ-
ornamental bəzəkləri ilə fərqlənir. Onlardan III-IV əsrlərdə
hazırlanmış uzunsov naxışlı qabları göstərmək olar. Belə naxışlar
Mingəçevirin I əsrə aid keramik qablarında da vardır. Bu növ şüşə
qablar Mingəçevirdə IX-XIII əsrlərdə də istehsal edilmişdir. Şüşə
qabların badamı çıxıntılarla bəzədilməsi onlara metal məmulatının
görkəmini verir.
Beşinci qrupa zərif, dairəvi oturacağı olan şüşə piyalələr
daxil edilir. Bu tipli qablar İsmayıllı rayonunun Qalagah və
Şamaxı rayonunun Xınıslı kəndlərindən tapılmışdır. Onlar I-II
əsrlərə aiddir. Bu qabların zahiri bəzəyində qabartma ünsürlərə
tez-tez rast gəlirik.
Sonuncu, altıncı qrupa şaquli formalı piyalələr aiddir. Bir
qayda olaraq, onların dairə şəkilli alçaq dayaqları olur.
Şüşə sənəti Qafqaz Albaniyasının digər dekorativ sənətləri
ilə (məsələn, keramika və torevtika sənətləri ilə) sıx əlaqədə
yaranmış və inkişaf etmişdir. Bu sənət ölkədə maddi mədəniyyətin
formalaşmasında görkəmli rol oynamış və orta əsrlərdə
Azərbaycanda orijinal şüşə sənətinin yaranması üçün zəngin
mənbə olmuşdur.
Qədim incəsənətimizin ikinci inkişaf dövründə (I-VII əsrlər)
bədii şüşə sənəti bir çox səbəblərə görə tənəzzülə uğramış
dulusçuluğun zəifləməsini daha da sürətləndirmişdir. Bu yeni
sənət ikinci dövrün ictimai amillərinə daha çox uyğun idi; bu vaxt
dini təsəvvürlər getdikcə zəifləyir, feodal saraylarında eyş-işrət,
|