______________Milli Kitabxana_____________
109
vergi toplayanlardan təmizlədi. Əvvəllər kahinlər dini
mərasimlərin həyata keçirilməsi üçün əhalidən cürbəcür vergi
toplayırdılar: mərhumu dəfn etmək üçün onun ailəsindən 7 bardaq
pivə, 420 kökə, bir paltar, bir çəpiş və s. vergi alırdılar.
Uruinimgina dini mərasim vergisini qaydaya saldı və verginin
miqdarını xeyli azaltdı. O, məmurların, kahinlərin, varlıların
əhaliyə və yoxsullara qarşı özbaşına hərəkətlərini məhdudlaşdırdı.
Hökmdar «yoxsul ananın» bağına girib məhsulu vergi əvəzinə
özbaşına götürməyi qadağan etdi. İslahatda yoxsul və kimsəsizləri
müdafiə edən ifadə işlədilmişdi: «Güclü, qul və yetimləri qoy
incitməsin». Bu ifadə sonrakı qanun külliyyatlarında da təkrar
olunurdu.
Umma şəhər-dövlətinin yüksəlişi. Tədricən Umma şəhər-
dövləti güclənirdi. Umma sərhəd torpaqları üstündə Laqaş ilə
uzun müddət ədavət aparmışdı. Umma hökmdarı Luqalzaqqesinin
hakimiyyəti illərində (25 il hakimiyyətdə olmuşdur) Şumeri siyasi
cəhətdən birləşdirmək cəhdi göstərildi. Luqalzaqqesi ilk növbədə
Uruk şəhərini özünə tabe etdi. Bundan sonra o, Laqaşı tutdu və
Uruinimginanı hakimiyyətdən saldı, məbədləri qarət etdi.
Mənbələr məlumat verirlər ki, Laqaşın süqut etməsində
«Hökmdar Uruinimginanın heç bir təqsiri yoxdur». Sənədi tərtib
edən şəxs bununla Uruinimginanın islahatlarına bəraət
qazandırırdı. Laqaş dövlətinin məhv olması Luqaizaqqesinin
günahı kimi qələmə verilirdi. Mənbə qeyd edirdi ki, ölkənin məhv
olmasında «Luqalzaqqesi, Umma hökmdarı təqsirkardır. Qoy
onun himayədarı ilahə Nidaba onu öz günahını daşımağa düçar
etsin».
Luqalzaqqesi Uruk şəhərini paytaxta çevirdi. O öz
hakimiyyətini digər Şumer şəhərlərinə yaydı. Ur, Larsa, Nippur,
Kiş tutuldu. Artıq bütün Şumer Luqalzaqqesinin hakimiyyəti
altına keçdi. Cənubda o, «Aşağı dənizə» (Fars körfəzi) kimi gəlib
çatdı. Şimalda «Gün çıxandan gün batana» qədər olan ərazini
(yəqin ki, şimalda Zaqroş dağları zonasından Aralıq dənizinə kimi
uzanan ərazi nəzərdə tutulur) zəbt etdi. Bununla da Dəclə və Fərat
çayları vasitəsilə «Yuxarı dənizə» yol açıldı.
Akkad dövləti
|