I-Kollektiv əlaqə formalarına daxildir:
Sinif valideyn yığıncaqları;
Valideynlər üçün məsləhət saatları;
Valideynlər üçün “Açıq qapı” günləri;
Valideyn konfransları;
Valideynlərin ayrı-ayrı siniflər ilə tematik məsləhətlərin və praktik məşğələlərin təşkili;
Müntəzəm şəkildə keçirilən pedaqoji söhbətlər.
II- Fərdi əlaqə formalarına daxildir:
Sinif rəhbərinin bu və ya digər şagirdin ailəsinə getməsi;
Valideynlərin məktəbə dəvət olunması və s.
III- Qrup halında əlaqə formalarına daxildir:
Tez-tez intizamı pozan, pedaqoji təsirlərdən nəticə çıxarmayan iki və daha artıq məktəblinin valideynlərin sinfə çağırılması;
Pedaqoji və psixoloji maariflənməyə ehtiyacı olan bir sinfin valideynləri üçün pedaqoji lektoriyalar.
Müəllim adları qeyd olunan formaların hər biri haqqında şagirdlərə məlumat verməlidir. Bunların izahından sonra onun aşağıdakı məsələlərə toxunması vacibdir: Valideynlərlə aparılan pedaqoji, nəzəri və metodiki işlərin əksəriyyəti /xüsusən, pedaqoji savadın artırılması üçün zəruri olanlar/ kollektiv xarakter daşıyır.
Mühazirə və söhbətin məzmununu dərk etmək imkanı bütün dinləyicilərdə eyni olmur. Bununla əlaqədar olaraq, oxunan mühazirələr, aparılan söhbətlər, müzakirələr, disputlar heç də həmişə pedaqoji cəhətdən məqsədəuyğun nəticə vermir. Zəruri pedaqoji nəticəni əldə etmək üçün valideynlərlə fərdi surətdə işləmək lazımdır.
Aparılmış elmi tədqiqatlarla müəyyən edilmişdir ki, valideynlərin pedaqoji savadının artırılması, diferensial yanaşma daha səmərəli nəticə əldə edilməsinə şərait yaradır. Pedaqoji biliyin təbliğində diferensial yanaşma dedikdə, hər hansı bir meyar əsasında müəyyənləşdirilmiş valideyn qrupları ilə məqsədəuyğun və planlı şəkildə aparılan nəzəri-metodiki işlər nəzərdə tutulur.
Bu zaman müəllim müxtəlif situasiyalarda hər bir qrup üçün daha səmərəli olan vasitə və yollardan istifadə edir. Valideynlərlə aparılan işin məqsədindən asılı olaraq diferensiasiyanın meyarı müxtəlif ola bilər:“Valideynin məktəbə münasibəti”,“Ailənin strukturu”, “Valideynin pedaqoji hazırlıq səviyyəsi” və s. Pedaqoji savad səviyyəsinə görə, valideynləri əsasən, üç qrupa ayırmaq məqsədəuyğundur. Bu qruplar aşağıdakılardır:
Birinci qrupa daxil olan valideynlər yüksək pedaqoji savadları və uşaqların tərbiyəsinə göstərdikləri maraq və həvəsə görə digərlərindən fərqlənirlər. Belə valideynlər daim yeni ədəbiyyatı izləyir və öz pedaqoji təhsillərini müntəzəm olaraq artırırlar. Onların çoxu valideyn komitəsinin üzvüdür, məktəbin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirirlər.
İkinci qrupa daxil olan valideynlər uşaqların tərbiyəsi işinə böyük maraq göstərirlər. Lakin, onlar kifayət qədər pedaqoji hazırlığa malik deyildirlər. Bu səbəbdən də övladlarının tərbiyəsində həmişə müvəffəqiyyət qazana bilmirlər.
Bəzən onlarla uşaqlar arasında qısa müddətli münaqişələr yaranır. Belə hallarda onlar sinif rəhbərinə müraciət edir, onunla məsləhətləşirlər. Onlar məktəbin müxtəlif tədbirlərində də fəal iştirak edir, uşaqlarının yaxşı oxuması üçün əllərindən gələni əsirgəmirlər.
Üçüncü qrupa daxil olan valideynlər pedaqoji savadlarının aşağı olmalarına görə övladlarının tərbiyəsinə maraq göstərmirlər. Belə ailələrdə tez-tez uşaqlarla valideynlər arasında münaqişələr baş verir.
Birinci qrupa daxil olan valideynlərlə iş zamanı, ilk növbədə, onların pedaqoji ustalığına və təcrübəsinə arxalanmaq və onlara metodik xarakter daşıyan tapşırıqlar vermək lazımdır. Belə valideynlər ikinci və üçüncü qrupa daxil olan valideynlər üçün müxtəlif yığıncaqlarda və elmi-metodiki konfranslarda mühazirələr oxumasını, söhbətlər etməsini, müxtəlif sinifdənxaric tədbirlərdə iştirakını təşkil etmək məqsədəuyğundur. Bu valideynləri ən yeni pedaqoji ədəbiyyatla tanış etmək, onların pedaqoji məharətlərini artırmaq qayğısına qalmaq lazımdır.
Məktəb ikinci qrup valideynlərin nəzəri biliyini artırmağa çalışmalıdır. Bu məqsədlə onlarla “uşağın asudə vaxtının təşkili”, “Mədəni davranış qaydaları” və s. məsələləri əhatə edən söhbətlər aparmaq faydalı olar. Bu valideynlərə tez-tez illüstrativ nümunə əsasında misallar gətirmək və izahedici konkret situasiyada nə üçün belə etmək lazım olduğunu izah etmək, xarakter daşıyan tapşırıqlar vermək lazımdır.
Bu cür tapşırıqların həlli, bir tərəfdən valideynlərin nəzəri biliklərini artırır, digər tərəfdən qazandıqları bilikləri əməli olaraq tətbiq etmək bacarığını formalaşdırır. Bu qrup valideynlərin müxtəlif situasiyalarda necə hərəkət etdiklərini öyrənmək, onların səhvlərini müzakirə etmək də faydalı olardı. Müntəzəm olaraq keçirilən tematik yığıncaqlar da xüsusi əhəmiyyətə malikdir.
Üçüncü qrupa daxil olan valideynlərlə daha çox fərdi söhbətlər etmək lazımdır. Bu söhbətlərdə valideynlərin səhvlərini izah etmək vacibdir. Müntəzəm olaraq aparılan fərdi söhbətlər bir müddət sonra bu valideynlərlə qrup şəklində məşğul olmaq imkanı yarandığı zaman onlara alternativ xarakterli tapşırıqlar təklif edilə bilər.
Belə tip tapşırıqlar valideynlərin hər hansı bir situasiyaya münasibətini və səhvini öyrənməyə imkanı verir. Sonra səhvlər müzakirə olunur, müəllimlər tədricən bu valideynlərlə izahedici xarakter daşıyan tapşırıqlar verə bilərlər. Belə tapşırıqlar valideynlərə sərbəst fikir yürütmək imkanı yaradır. Söhbətlər, tematik yığıncaqlar, sual-cavab axşamları və s. tədricən səmərəsini verir.
Beləliklə, valideynlərlə əlaqə sistemli, məqsədyönlü, planauyğun şəkildə olmalı, ailə tərbiyəsinin müsbət ənənələrinə əsaslan-malıdır. Sinif rəhbərinin ailələrlə işinin əsas məqsədi şagirdlərin tərbiyəsində vahid tələbkarlığı müəyyənləşdirməkdir. Sinif rəhbərinin apardığı tərbiyə işinin səmərəliliyi məktəb və ailənin qarşısında dayanan, tərbiyə vəzifələrinə cavab verən müxtəlif forma və metodların, habelə işin məzmununun hansı səviyyədə uzlaşmasından çox asılıdır.
Dostları ilə paylaş: |