Sinif saatının müddəti nə qədər olmalıdır? Bunun üçün də qəti hökm vermək olmaz. Sinif saatı o vaxt qurtara bilər ki, artıq uşaqlar özləri onun qurtarmasını hiss etsinlər. Amma sinif saatı uşaqlar yorulanadək davam etdirilməməlidir. Buna baxmayaraq, V-VI siniflərdə sinif saatı 40-45 dəqiqə, yuxarı siniflərdə isə, əgər mövzu aktual və maraqlıdırsa, bir saata qədər artırıla bilər. Sinif saatlarından nəsihət, öyüd vermək üçün istifadə edilməsi arzuolunmazdır. Uşaqlar hiss etməlidirlər ki, onları tərbiyə işi aparmaq üçün deyil, sadəcə olaraq, səmimi söhbət, bir-biri ilə ünsiyyət yaratmaq üçün yığmışlar.