Sinif saatlarını keçirərkən sinif rəhbəri aşağıdakı məsələləri həll etməlidir:
Mövzunun seçilməsi;
Keçirilmə yeri və vaxtı; “Sinif saatı”nın planının tərtibi və keçirilməsinə hazırlıq;
Əksər məktəblilərin hazırlıq prosesinə cəlb olunması;
Şagirdlər arasında tapşırıqların bölünməsi;
Şagirdlərin tərbiyə səviyyəsini, sinfin xüsusiyyətlərini, onların yaş xüsusiyyətlərini nəzərə almaq imkanı və s.
Sinif saatının məzmunu necə olmalıdır? Sinif saatı şagirdlərin təhsilinin və tərbiyəsinin qarşısında duran vəzifələri əhatə etməlidir. Şagirdlərin mənəvi problemlərini öyrənmək, onların dünyagörüşünü formalaşdırmaq, Azərbaycanın müstəqilliyi və suverenliyi, dövlətçiliyi haqqında bilik və təsəvvürlərini genişləndirmək, bu yolda canlarını qurban verənləri və hazırda Azərbaycanı qurub yaradanları, inkişaf etdirənləri, müstəqilliyimizi möhkəmləndirib dünyaya tanıtdıran ümummilli liderimiz H.Əliyevin gərgin əməyini, fəaliyyətini anlatmaq, vətənimizin dostları və düşmənlərini tanıtmaq, dövlətimizin əsas rəmzlərini, Əsas Qanunu öyrətmək, hər bir məktəblinin mənəvi aləmini zənginləşdirmək sinif saatının məzmununda özünə möhkəm yer tutmalıdır. Göstərilən məzmun konkret mövzularda öz əksini tapmalı və sinif rəhbərinin iş planına daxil edilməlidir.
Sinif saatı mövzuya və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, sinfin hazırlıq səviyyəsinə müvafiq olaraq müxtəlif formalar-da – söhbət, müzakirə, görüş, disput, viktorina, şifahi jurnal kimi də təşkil edilə bilər. Sinif saatı sinfin ali orqanı kimi sinfin mühüm işlərinin əsas təşkili formasıdır. Sinif saatının keçirilməsinə verilən əsas tələb bütün şagirdlərin bu tədbirlərdə fəal iştirakıdır. Onlar bir-birinə oxşamamalı və təkrar olunmamalıdır. Sinif saatı rəngarəngliyi ilə seçilməlidir.
Şagirdlər və sinif rəhbəri seçilmiş mövzuya əvvəlcədən hazırlaşırlar. Bundan sonra qoyulmuş məsələnin müzakirəsi başlanır. Məktəblilər qısa məlumatlarla çıxış edir, məsələyə aid mühakimə yürüdür və suallara cavab verirlər.
Bu cür tədbirlərin keçirilməsində şagirdlər böyük həvəs və maraqla iştirak edir, məcburiyyət olmadan seçilmiş mövzu üzrə verilmiş tapşırıqları yerinə yetirir, bu və ya digər problemin müzakirəsində öz müstəqilliklərini, qabiliyyətlərini, bacarıq və biliklərini nümayiş etdirirlər.
Sinif saatının bu cür təşkili şagirdə hiss olunan dərəcədə pedaqoji təsir göstərir, onun kim olduğunu dərk etməyə, tərbiyənin şüurlu və fəal subyektinə çevrilməsinə kömək edir. Sinif saatı mövzudan asılı olaraq məktəbdənkənar da keçirilə bilər.
Məsələn; əgər sinif saatı təbiətin qorunmasına həsr olunubsa, əlbəttə, bu mövzu təbiətin qoynunda – bulaq başında, yaxud nəbatət bağında keçirilə bilər. Yaxud yol hərəkəti qaydalarına həsr olunmuş sinif saatı yaxşı olar ki, DYP-nin tədris mərkəzində və ya xüsusi tərtib edilmiş sinif otağında təşkil edilsin.
Məktəb təcrübəsindən məlumdur ki, sinif saatının, əsasən, üç funksiyası var: maarifləndirici, istiqamətverici və təşkiledici funksiya.
Dostları ilə paylaş: |