Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır, uşağım!
... Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır, uşağım!
Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır, uşağım!”
Ailədə uşaqların tərbiyəsində kökə bağlılıq, keçmişin yaxşı xüsusiyyətlərinin təcəssümü üçün pedaqoj, psixoloji materiallar önəmlidir. Xalqımızın qədim, ulu dastanı olan “Kitabi-Dədə Qorqud”da əksini tapan etnik-psixoloji xüsusiyyətlər ailədaxili münasibətlərin formalaşması və bu zəmində uşaqların tərbiyəsində zəngin xəzinədir.
Mütəffəkirlərin yaradıcılığına nəzər saldıqda görünür ki, onlar tərbiyə və tərəqqi işində ailə münasibətlərinə xüsusi diqqət yetirmişlər.
Mütəfəkkirlər ailənin möhkəmləndirilməsini cəmiyyətin sağlam əsaslar, mütərəqqi qaydalar üzrə inkişafı üçün zəruri hesab etmişlər. F.Köçərli bu xüsusda yazırdı: “Ər və övrət (arvad)... bir bədənin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə, bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi rəqabət gərəkdir”.
Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində bu münasibətlər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub.
Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hörmət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində vahid tələbləri gözləmək ailədaxili münasibətlərdə əsas faktordur.
İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlərin ilk gündən bu məsələlərə məsuliyyətlə yanaşmaları zəruridir. Çağanın dünyaya gəlişi onun vasitəsiz-emosional ünsiyyəti ilə xarakterizə olunur ki, bunun əsasında da valideyn-ana durur.
Uşaqlar doğulduqları gündən özünəməxsus sosial-psixoloji ailə mühitinə düşür... Müəyyən edilmişdir ki, dilsiz-ağızsız çağa üç aylıq olanda mədəniyyət onun bütün həyatına nüfuz edir. Bu kontektdə, uşaqların psixi inkişafında, tərbiyə və təlimində valideynlərin xüsusilə də, ananın rolu önəmlidir.
M.T.Sidqi bu xüsusda yazırdı ki, “Uşağın əvvəlinci müəllimi təbii ki, validəsidir. Burada ananın öhdəsinə daha çox məsuliyyət düşür. Çünki uşağa birinci tərbiyə və təlim verən anadır”.
Pedaqoji və psixoloji tədqiqatlardan aydın olmuşdur ki, uşağın sağlam psixoloji inkişafa malik olması üçün onun ana ilə ünsiyyəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəbbət, qayğı, ülvi hisslərin məcmusu kimi qiymətləndirmək mümkündür. Bu dövrlərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.
Ailədaxili münasibətlərdə ana ilə bərabər atanın da rolu önəmlidir. Onları ailə tərbiyəsinin qoşa qanadları adlandırırlar. Azərbaycan ailəsində həm ata, həm də ana uşaqlar üçün yaşayır. Deyimlərimizdəki “Dörd göz uşaq üçündür”, “Anasız uşaq evdə xar olar, atasız uşaq çöldə” və s. bu kimi kəlmələrin fəlsəfi, psixoloji kökləri aydındır.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, valideynlər uşaqların ayrı-ayrı yaş dövrlərinin qanunauyğunluqlarını bilməli və onların rəftar və davranışlarında cinsi tərbiyənin xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidirlər.
Hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Prob-lemlə bağlı xüsusilə böhranlı yaş dövrlərində bir sıra cəhətlər üzə çıxır. Bunlar tərbiyə işi üçün çox vacibdir. Digər tərəfdən Azərbaycan ailəsi üçün xüsusi aktuallıq kəsb edən cinsi tərbiyə və cinsi fərqlərin psixologiyasının nəzərə alınması şəxsiyyətin formalaşmasında vacib məsələdir.
Cinsi tərbiyənin psixoloji aspektlərini geniş təhlil edən pedaqoq və psixoloqlar bu məsələlərin kökünü lap uşaqlıqdan başlanmasını vurğulayırlar. Oğlan, yaxud qız uşaqları ilə ünsiyyət, rəftar və davranış onların gələcəkdə kişi, yaxud qadınlıq etalonlarına necə yiyələnmələrinə zəmin yaradır. Uşaq adlanan varlıq doğulduğu ilk gündən etibarən yüksək hissiyyata malik olur. Bu hissiyyat onların ilk anlarındakı davranışından görünür.
Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstəricilərindən biri də onların idrak fəallığının inkişafıdır ki, bu da zamanının tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyatdakı irəliləyişlər uşaqların istedad və zehin qabiliyyətlərinin genişlənməsi məqsədini qarşıya qoyur.
Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prosesin anadangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alimlər qeyd edirlər ki, sağlam psixoloji mühit və şəraitin yaradılmasıdır. Bu mənada müasir dövrdə valideynlərin pedaqoji savadı və mədəniyyətinin yüksəldilməsi vacibdir.
Xüsusilə də, anaların savadlı olması övlad tərbiyəsində və ailədaxili münasibətlərin düzgün qurulmasında zəruridir. Ailədaxili münasibətlər, ailənin psixoloji iqlimi, “ər-arvad”, “valideyn-uşaq” və “uşaq-uşaq” münasibətləri ailə tərbiyəsinin əsaslarıdır. Çünki ailədaxili və onun ətrafdakı psixoloji iqlim şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir və şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sahəsini təşkil edir.
Dostları ilə paylaş: |