Ailədə qeyri-düzgün tərbiyə tipləri
Nəzarətsizlik. Bu zaman valideynlər yalnız öz işləri ilə məşğul olur və uşaqlara lazımınca diqqət yetirə bilmirlər. Nəticədə onlar özbaşına qalır və istədikləri kimi şənlənmək axtarışında olur və “küçə” kompaniyalarının təsiri altına düşürlər.
Hiperqəyyumluq. Burada uşağın həyatında baş verən hadisələrə həddindən artıq diqqət yetirmə və nəzarətetmə özünü göstərir ki, bu zaman uşaq daima sərt əmrlər, çoxsaylı qadağalar eşidir. Nəticədə o, qeyri-təşəbbüskar, qorxaq, öz qüvvəsinə inamsız kimi böyüyür və öz-özünü müdafiə etmək, öz maraqlarının müdafiəçisi kimi çıxış etməkdən məhrum olur.
Burada tədricən “nə üçün başqalarına hər şey olar, mənə olmaz” fikri, meyli ortaya çıxır. Yeniyetmələrdə bütün bunların hamısı valideyn məcburiyyətinə qarşı “qiyamlarla” nəticələnir. Onlar prinsipial olaraq bilərəkdən bütün qadağaları pozur və evdən qaçırlar.
Hiperqəyyumluğun digər növü ailədə “pərəstiş” tipli tərbiyədir. Uşaq daim diqqət mərkəzində olmağa adət edir, arzuları və bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilir. Daim onu tərifləyirlər, nəticədə isə o, öz imkanlarını düzgün qiymətləndirə və eqosentrizmini dəf edə bilmir, kollektiv onu başa düşmür. Bu hisslər ona pis təsir edir, nəticədə o, hamını təqsirləndirir, özü barədə qətiyyən düşünmür ki, onun səhvləri var. Həmin səhvlər uşağa onun irəlidəki həyatı boyu xoşagəlməz hisslər, həyəcanlar gətirən xarakter formalaşdırır.
Sərt tərbiyə. Ən kiçik səhvlərə görə uşağın ciddi şəkildə cəzalandırılması ilə müşayiət olunur və uşaq daim qorxu içində böyüyür. K.D.Uşinski qeyd edirdi ki, qorxu bütün nöqsanların əsasını təşkil edir. Qəddarlıq, sərtlik, başqasının məcbur etdiyi şəraitə uyğunlaşma, başqasının dediyi kimi hərəkətetmə-bütün bunların hamısı qorxudan yaranır.
Dostları ilə paylaş: |