Yaradıcı fəal təlim – müəllimin rəhbərliyi ilə məlum biliklər, hadisə, proses və obyektlərin müqayisəsi, təcrübə əsasında şagirdlərin müstəqil və fəal əməyi ilə yeni bilik və bacarıqların əldə olunmasına şərait yardan təlim. Yaradıcı fəal təlimin əsas xüsusiyyəti öyrənmə prosesində şagirdlərin fəaliyyətinin produktiv xarakter daşımasıdır.
Vərdiş – insanda məqsədəuyğun hərəkətlərin icra və tənzim olunmasının qismən avtomatlaşmasıdır. Burada məhz hərəkətlərin şüursuz olaraq tənzim edilməsindən bəhs olunur, çünki işlərin tənzim olunması və hərəkətlərin tənzim olunması eyni şey deyildir. Vərdiş bu və ya digər ideal və praktik fəaliyyət növlərini təşkil edən yolların və əməliyyatların mənimsənilməsi prosesinin məhsulu kimi dərk oluna bilər. Təkrar, əməli cəhdlər, təmrinlər, məşqlər, mümarisələr olmadan vərdiş təşəkkül tapmır. Yaranmış vərdiş hərəkətin icrasının avtomatlaşmış forması kimi təzahür etdiyindən biliyin praktikada tətbiqi üzərində şüurun ciddi nəzarəti tələb olunmur. Bu da təlim prosesində şagirdin yeni biliklər qazanması üçün əlverişli şərait yaradır.
Şəxsiyyət – ictimai münasibətlərə daxil olmuş və ictimai inkişafın xadimi olan sosial varlıqdır. Şəxsiyyətin fərdiyyəti dedikdə insanın psixoloji xüsusiyyətlərinin təkrarolunmaz uzlaşması başa düşülür. Buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hisslərin və fəaliyyət motivlərinin məcmusu, formalaşmış qabiliyyətlər daxildir. Şəxsiyyətin nisbətən davamlı və nisbətən dəyişkən xüsusiyyətləri şəxsiyyətin əlamətlərinin (bütövlükdə və qarşılıqlı əlaqədə) mürəkkəb vəhdəti kimi onun dinamik strukturunu təşkil edir. Təbii, üzvü cəhətlər və əlamətlər şəxsiyyətin strukturunda onun sosial cəhətdən şərtlənən elementləri kimi mövcuddur. Təbii (anatomik, fizioloji və digər keyfiyyətlər) və sosial cəhətlər şəxsiyyətin strukturunda vəhdət təşkil edir və mexaniki surətdə bir-birlərinə qarşı qoyula bilməz. Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində, fəaliyyətdə təzahür etdirir. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir.