§ 2. SƏMƏRƏLİ GÖZLƏMƏ NƏZƏRİYYƏSİ
XX əsrin 70-ci illərinin ortalarından makroiqtisadi nəzəriyyələr sırasına yeni bir nəzəriyyə də daxil olmuşdu. Bu tələbin idarə olunmasının ənənəvi keynsçi nəzəriyyəsi - amerikan iqtisadiyyatının makroiqtisadi problemlərinin səmərəli həll edə bilmədiyi, keynsçi siyasətin inflyasiya ilə səciyyələndiyi dövrdə ABŞ-da yaranmış səmərəli gözləmə nəzəriyyəsidir. Onun görkəmli nümayəndələri R.Lukas, T.Sarcent, N.Uolles, C.Mut və başqaları olmuşdu. T.Lukas 1996-cı ildə Nobel mükafatı almışdı. Bu nəzəriyyənin adı iqtisadi vəziyyətin dəyişməsinə təsərrüfat subyektlərinin münasibətinin xarakterini əks etdirir. Şəxsin özünün əvvəlki təcrübəsini nəzərə alan, bütün mövcud informasiyanı istifadə edən, sonra isə iqtisadi vəziyyətin inkişafının mümkün istiqamətini müəyyən dərəcədə görməyi bacaran münasibət səmərəli adlanır. Səmərəli gözləmə anlayışını ilk dəfə iqtisadi ədəbiyyata 1961-ci ildə C.F.Mut gətirmişdi. Səmərəli gözləmə nəzəriyyəsi "yeni klassik makroiqtisadi nəzəriyyə" də adlanır və bəziləri buna gələcəyin nüfuzlu nəzəriyyəsi kimi böyük ümid bəsləyir. Səmərəli gözləmə nəzəriyyəsi metodoloji əsası monetarizmlə eyni olan neoklassik təsəvvürlü makroiqtisadi nəzəriyyədir. Bu nəzəriyyə prinsipcə neoklassik istiqamət kimi azad sahibkarlıq konsepsiyasına və iqtisadiyyatın öz-özünə bazar tənzimlənməsinə əsaslanmışdı. O həm də mikroiqtisadi nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyə iqtisadçıların çoxdan gözlədiyi makro və mikro nəzəriyyələr arasında əlaqə yaratmağa çalışır. Səmərəli gözləmə nəzəriyyəsi təklif siyasətinin köməyi, iqtisadi sabitsizliyin həll edilməsini mümkün hesab edən konsepsiyalarla təmsil olunduğundan diqqəti cəlb etmişdi. Səmərəli gözləmə nəzəriyyəçilərinin fikrincə dövlət iqtisadiyyata nə qədər az müdaxilə edərsə o qədər yaxşıdır. Hesab edirlər ki, məhz bu müdaxilə iqtisadiyyatın sabitliyini pozur, onu daima şok vəziyyətinə salır. Onlar son dövrlərin inflyasiyasının sürətini isə tamamilə təklif və qiymətlə əlaqədar olan təsadüfi şoklarla izah etmişlər.
Səmərəli gözləmə nəzəriyyəsi Keynsin makroiqtisadi nəzəriyyəsini tənqid edən və ona alternativ olan nəzəriyyədir. Səmərəli gözləmə nəzəriyyəçiləri monetarist qaydanın xeyrinə keynsçi diskretsion siyasətdən imtina etməyi məqsədəuyğun hesab edirlər. Onlar göstərirlər ki, diskresion siyasət iqtisadi sabitsizliyi gücləndirir.
Səmərəli gözləmə nəzəriyyəçilərinin dəlillərinə görə keynsçi ucuz pul siyasəti istehsalın real həcminin və məşğulluğun arzu olunan artımına deyil, inflyasiyaya səbəb olmuşdu. Bu nəzəriyyəyə görə bazar subyektləri ekspansiya siyasətinin qiymətlərin artmasını görə bilir və əmtəələrin qiymətinə, nominal əmək haqqı dərəcəsinə, nominal faiz dərəcələrinə aid olan qərar qəbul edərək onun gözlənilən nəticələrini nəzərə alır. Səmərəli gözləmə nəzəriyyəçiləri göstərirlər ki, məcmu təklif əyrisi şaquli xəttdir və məcmu tələbin genişlənməsi dərhal qiymətin səviyyəsinin uyğun artmasına səbəb olur, ona görə də istehsalın həcmi ölkədə dəyişməz qalır.
Səmərəli gözləmə nəzəriyyəçiləri əsaslı surətdə aşağıdakı müddəa xarakterli ilkin şərtlərə əsaslanmışlar: təsərrüfat prosesinin iştirakçıları iqtisadiyyatın necə fəaliyyət göstərdiyini başa düşür; siyasi və digər dəyişikliklərin gələcək nəticələrini qiymətləndirməyi bacarır; özlərinin mənafeyinə cavab verən davranış xəttini seçə bilir. Səmərəli gözləmə nəzəriyyəsinə "yeni klassik makroiqtisadi nəzəriyyə" xarakteri verən müddəa isə onların yüksək bazar rəqabətliliyinə malik olmasıdır; qiymət və əmək haqqının səviyyəsi isə "tələb və təklifin dəyişməsinə dərhal uyğunlaşır" fikrində olmalarıdır.
Səmərəli gözləmə nəzəriyyəsinin əsasını "əhalinin özünün ümidinə ümumi münasibəti diskretsion sabitləşdirmə siyasətini səmərəsiz edir" müddəası təşkil edir. Bu nəzəriyyəyə görə siyasətin səmərəsizliyi siyasi səhvlərlə, yaxud vaxtında qərar qəbul etməyi bacarmamaqla deyil, bu siyasətin gözlənilən nəticələrinə insanların münasibətləri ilə şərtlənir. Səmərəli gözləmə nəzəriyyəçiləri göstərirlər ki, əhali sabitləşdirmə siyasətinin gözlənilən nəticələrinə münasibət bildirdikdə, onun səmərəliliyi sıfra bərabər olur.
Beləliklə, iqtisadiyyatın makroiqtisadi problemlərinə səmərəli gözləmə nəzəriyyəsi mövqeyindən yanaşma istər-istəməz aşağıdakı ən radikal antikeynsçi nəticələrə gətirib çıxarır: Hökumət ancaq inflyasiyanın sürəti kimi nominal dəyişikliklərə təsir etməyi bacarır, lakin onlar istehsal və məşğulluq kimi real kəmiyyətlərə münasibətdə gücsüzdür; antitsiklik sabitləşdirmə siyasətini həyata keçirmək üçün heç bir imkan yoxdur. Bunlar isə səmərəli gözləmə nəzəriyyəsinin "yeni klassik makroiqtisadiyyat" adını almasını təbii edir.
Səmərəli gözləmə nəzəriyyəçiləri iqtisadi nəzəriyyədə hamının qəbul etdiyi insanların davranışlarında özlərini səmərəli aparmaları qənaətini əsas götürərək öz diqqətlərini hər şeydən əvvəl cari inflyasiyaya, xüsusən də iqtisadi siyasətin təntənə ilə deyilən tədbirlərinə, pul kütləsinin elan edilmiş artım istiqamətlərinə, valyuta kursunun dinamikasına cəmləşdirmişlər. Onlar hesab edirlər ki, səmərəli davranan iqtisadi subyektlər (sahibkarlar, istehlakçılar və fəhlələr) inflyasiyanın həqiqi inkişafına əks olan hər hansı sxem əsasında qiymət gözləməsini yaratmırlar. Bazar subyektləri onların pul mənafelərinə məxsus olan predmetlərə dair gözləmə yaratdıqda informasiya toplayır və dərk edir. Son nəticədə iqtisadi subyektlər, onların əlində inflyasiya prosesinə aid olan bütün bu informasiyaların onların şəxsi mənafelərinə uyğun olan qərarları qəbul etmək üçün səmərəli istifadə etmək imkanlarına malik olurlar.
Səmərəli gözləmə nəzəriyyəsi praktiki olaraq siyasətçilərin inflyasiya və işsizlik arasında seçmə yol verən istənilən variantlarından imtina etmək deməkdir. Bu nəzəriyyə işsizliyin təbii səviyyəsi fərziyyəsinin variantlarından biridir. Təbii səviyyə fərziyyəsi işsizliyin və inflyasiyanın yüksək artım sürətlərinin eyni zamanda baş verməsini, daha doğrusu, iqtisadiyyatın staqflyasiya vəziyyətində olmasını mümkün sayır.
Təbii səviyyə fərziyyəsinin digər variantı uyğunlaşdırılmış gözləmə nəzəriyyəsidir. Bu nəzəriyyə M.Fridmen tərəfindən irəli sürülmüşdü. Uyğunlaşdırılmış gözləmə nəzəriyyəsi güman edir ki, nominal əmək haqqının dəyişməsi qiymətin səviyyəsindəki dəyişiklikdən geri qalır. Məhz bu vaxt qalığı mənfəətin yüksəldilməsini mümkün edir ki, bu da öz növbəsində məşğulluğu müvəqqəti stimullaşdırır. Lakin nominal əmək haqqı bir az keçəndən sonra mənfəətin azalmasına səbəb olmaqla istehsala və məşğulluğa olan qısamüddətli stimulu ləğv edərək yüksələcəkdir. Buna görə də uzunmüddətli planda inflyasiya və işsizliyin səviyyəsi arasında alternativlik yoxdur. Uzunmüddətli Fillips əyrisi şaquli düz xətt şəklindədir. Bu isə o deməkdir ki, Keynsin stimullaşdırıcı siyasəti işsizliyin səviyyəsini azaltmaq əvəzinə inflyasiyanın getdikcə artmasına gətirib çıxarır.
Uyğunlaşdırılmış gözləmə nəzəriyyəsində yalnız qısamüddətli planda inflyasiyanın və işsizliyin alternativliyi mümkün sayılır. Lakin uzunmüddətli planda bu cür alternativliyin olmadığı qeyd olunur. Səmərəli gözləmə nəzəriyyəçiləri isə göstərirlər ki, makroiqtisadi siyasət, onun nəticələri fəhlələr tərəfindən əvvəlcədən nəzərə alındığından (səmərəsiz olması üzündən) inflyasiya və işsizlik arasında hətta qısa müddətdə də alternativ əlaqə yoxdur.
İşsizliyin səviyyəsini təbii səviyyədən aşağı salmağa göstərilən hər cür cəhd Fillips əyrisini pozan qüvvələri hərəkətə gətirir və onu sağa çəkir: Fillips əyrisinə görə işsizlik və inflyasiya arasında sabit alternativ əks əlaqə mövcuddur, daha doğrusu hər ikisi eyni zamanda baş vermir və onlar əks istiqamətdə dəyişir. Fillips əyrisi modelində inflyasiyanın yüksək səviyyəsi adətən işsizliyin səviyyəsinin azalması ilə müşayiət olunur.
Beləliklə, təbii səviyyə fərziyyəsinin səmərəli gözləmə ehtimalına əsaslanan variantının tərəfdarları hesab edirlər ki, işçilər stimullaşdırıcı siyasətin inflyasiyalı səmərəsini görürlər. Bu nominal əmək haqqının artırılması tələblərində əks etdirilir, nəticədə qısa müddətdə məşğulluğun heç bir artımı olmur. Uyğunlaşdırılmış gözləmə variantının tərəfdarları hesab edirlər ki, Fillips əyrisində əks olunmuş ənənəvi əlaqələr mövcud deyil. Tələbin idarə olunmasına aid stimullaşdırıcı siyasət işsizliyi tez bir zamanda sabit azaltmadan inflyasiyanın artmasına səbəb olur.
Deməli, təbii səviyyə fərziyyəsinin müxtəlif variantlarının (səmərəli gözləmə və uyğunlaşdırılmış gözləmə) birgə gəldikləri nəticəyə əsasən tələbin stimullaşdırılması siyasəti uzunmüddətli planda istehsalın real həcminə və məşğulluğa təsir göstərə bilmir, ancaq yalnız qiymətin səviyyəsinə təsir göstərə bilir.
Dostları ilə paylaş: |