§4. AVSTRİYA MƏKTƏBİNİN ƏHƏMİYYƏTİ
Avstriya məktəbinin məzmunu və xüsusiyyətləri haqqında yuxarıda deyilənlər onun iqtisad elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini və vacib xidmətləri olduğunu sübut edir. Konkret olaraq bu xidmətlər əsasən aşağıdakılardan ibarətdir:
Birincisi, Avstriya məktəbi ilk dəfə olaraq iqtisad elminə son faydalıq anlıyışını gətirmişdir. Əgər klassik məktəbə görə məsrəflər son nəticəni müəyyən edirsə, Avstriya məktəbinə görə nəticə (son məhsulun faydalığı) məsrəfləri (istehsal resurslarının qiymətlərini) müəyyənləşdirir;
İkincisi, insandan kənarda dayanan obyektiv iqtisadi amilləri iqtisadi təhlilin mərkəzində saxlayan klassik məktəbdən fərqli olaraq Avstriya məktəbi əsas diqqətini fərdlərin iqtisadi fəaliyyətini yönəldən subyektiv psixoloji qərarlarının və davranışlarının öyrənilməsinə yönəltmişdir. Nəticədə o, iqtisad elminin həqiqətən şəxsiyyətin mənafeyinə xidmət etməsi, insana doğru çevrilməsi üçün şərait yaranmışdır.
Üçüncüsü, öz tədqiqatında orta kəmiyyətlərlə çıxış edən klassik məktəbin əvəzinə Avstriya məktəbi iqtisadi tədqiqatda son kəmiyyətlərdən istifadənin əsasını qoymuşdur. Sonradan bu prinsip universal xarakter kəsb etmiş və faydalıq nəzəriyyəsi çərçivəsindən xeyli kənara çıxmışdır.
Şübhəsiz, Avstriya məktəbinin iqtisadi baxışlarında bir sıra metodoloji çatışmazlıqlar və dəqiqsizliklər vardır. Bu baxımdan Avstriya məktəbinin ən əsas çatışmazlığı klassik məktəb tərəfindən dəyərin məsrəflər əsasında müəyyən olunmasını əvvəldən axıradək səhv hesab etməsidir. Qeyd etmək lazımdır ki, Avstriya məktəbi bazar subyektləri arasında, əsasən son məhsulun faydasını özü üçün qiymətləndirən alıcının (istehlakçının) subyektiv davranışını müəyyən etməyə imkan verir və beləliklə də bazar mexanizminin yalnız bir ünsürü olan tələbin mövqeyindən çıxış edir. Lakin məlumdur ki, bazarın digər vacib subyekti satıcıdır (istehsalçıdır), onun isə mal və xidmətlər təklifi ilə bağlı bir sıra problemləri vardır. Həmin problemlərin əsasında isə ictimai məsrəflər və iqtisadi resursların qiyməti dayanır. Deməli, vahid bazar problemlərinin öyrənilməsi üçün ictimai məsrəflərlə (klassik məktəb) və faydalığı (Avstriya məktəbi) birləşdirmək, məsrəfləri və nəticəni vəhdət halında tədqiq edən ümumi bir nəzəriyyə yaratmaq lazımdır. İqtisad elmində bu vəzifə ilk dəfə XIX əsrin axırlarında neoklassik istiqamətin əsas nümayəndəsi, vahid bazar nəzəriyyəsinin ilkin yaradıcısı A.Marşall tərəfindən yerinə yetirildi və həmin istiqamətin digər tərəfdarları C.Klark, K.Viksel, F.Edcuort, L.Valras və s. tərəfindən daha da inkişaf etdirildi.
Dostları ilə paylaş: |