§2. "EKONOMİKSİN PRİNSİPLƏİ" ƏSƏRİ A.MARŞALIN
İQTİSADİ NƏZƏRİYYƏSİNİN ƏSASIDIR
İqtisadi təfəkkür tərzinin formalaşmasının yeni istiqamətini müəyyən edən Marşall nəzəriyyəsinin ümumi prinsiplərini əhatə edən "Ekonomiksin prinsipləri" əsəri, iqtisadi fikir tarixinin yeni mərhələyə qədəm qoyduğunu əks etdirdi.
"Ekonomiksin prinsipləri" əsəri iqtisad elmi sahəsində uzun illər istifadədə olan Milin "Siyasi iqtisadın əsasları" əsərinə bir növ kölgə salmağa başlamışdır. XIX əsrin sonunda üzə çıxan bu əsər haqqında o qədər müsbət rəylər mövcud idi ki, sözün əsil mənasında Marşall XX əsrdə yeni siyasi iqtisad məktəbinin yaradıcısı kimi qələmə verilirdi. Marşall "Ekonomiksin prinsipləri" əsərində (gələcəkdə bunu "Prinsiplər" əsəri adlandıracağıq) Rikardoya və Cevonsa nəsib olmayan bir məsələ həll edildi. Bu da dəyərin mahiyyətinin müəyyənləşdirilməsində müvafiq olaraq tələbin və istehsal xərclərinin oynadığı rolun üzə çıxarılması ilə bağlıdır.
A. Marşalın sağlığında səkkiz dəfə nəşr olunan "Prinsiplər" əsəri, ona böyük şöhrət qazandırmaqla, klassik məktəbə xas olan ideyaları yeni təfəkkür tərzi ilə təkmil rəqabət şəraitində bazar iqtisadiyyatının fəaliyyət mexanizminə xas olan qanunauyğunluqları üzə çıxardı. Bu qanunauyğunluqlar 3 cilddən ibarət olan 6 kitabda ardıcıl şərh olundu. Xronoloji olaraq, eklektik formada da olsa iqtisadi problemlərin qoyuluşuna diqqət yetirsək, aydın olur ki, müəllif əsas diqqətini tələb, təklif və qiymətlə bağlı fəaliyyət göstərən amillərin qarşılıqlı əlaqəsini tədqiq edir. Əmtəələrin dəyərinin tələb və təklif müvazinatı ilə sıx əlaqədə olduğunu göstərməklə, "son hədd" prinsipi əsasında tələb faydalılıq və istehsal xərcləri nəzəriyyəsini əsaslandırmışdır.
Dörd kitabı əhatə edən birinci cilddə Marşall I kitabın tədqiqat obyekti kimi iqtisad elminin ilkin şərhini verir. O iqtisad elmini, sərvəti və insanın bir hissəsini öyrənən elm olduğunu göstərir. Bəşəriyyətin dini və iqtisadi qüvvələrin tə'siri altında formalaşması tarixini, yoxsulluğun mənşəyi və aradan qaldırılması yollarını tədqiq edir.
Maşınlı sənaye və xarici ticarətin inkişaf etdiyi şəraitdə rəqabətin, sərbəst sahibkarlığın fəaliyyət xüsusiyyətləri və meylləri şərh edilir.
Marşall, iqtisad elminin predmetini, insan fəaliyyətinin kəmiyyətlə müəyyənləşən və pulda ifadə olunan stimul və motivasiya ilə əlaqələndirərək, ümumiləşmiş nəticələrdə əks olunduğunu qeyd edir. İqtisadiyyatla bağlı ən adi məşğuliyyətində şüurlu seçimlə əlaqədar olduğunu göstərir.
İnsan həyatının yalnız bir sferasını öyrənən iqtisad elminin real vəziyyəti, şəraiti və mühiti əks etdirən bir proses olduğunu qeyd edən Marşall, eyni zamanda bunları iqtisadi ümumiləşmələr və qanunlar əsasında aparır.
İqtisadi qanunların mahiyyətini təbii qanunlar əsasında, xüsusən bioloji qanunlar əsasında şərh edən Marşall göstərirdi ki, onlar təbii qanunlara nisbətən az dəqiq və daha mürəkkəb xarakter daşıyırlar. Birinci kitabın sonuncu fəsli iqtisadi tədqiqatların qayda və məqsədlərinə həsr edilərək göstərilir ki, bütün iqtisadi ümumiləşmələr və ya qanunlar praktiki məsələlərlə daha çox bağlı olmalıdır. Elmin predmeti çərçivəsində aparılan tədqiqatların heç bir stimullaşdırıcı rola malik olmadığı göstərilir.
Bir neçə əsas iqtisadi məvhumların şərhinə və izahına həsr edilmiş ikinci kitabda, yenə də iqtisad elminin, təlabatın ödənilməsi vasitəsi və cəhd göstərməsinin nəticəsi kimi sərvətin öyrəndiyi qeyd edilir.
Ayrı-ayrı əmtəələrin və şeylərin öz xüsusiyyətlərini və tə'yinatını dəyişdiyinə görə onların təsnifatının aparılması çətinliyi diqqət mərkəzinə gətirilir.
İqtisad elminin, gündəlik həyat tərzinin müşahidəsi praktikasına üstünlük verməsi ilə məşğul olmağı tövsiyə edən Marşall, göstərirdi ki, onun tətbiq olunan məvhumları dəqiq müəyyənləşdirilməlidir.
Sərvət anlayışının texniki və maddi tərəflərini göstərən Marşall qeyd edirdi ki, o hər şeydən əvvəl malik olmaq istədiyimiz şeylərdən ibarət olub, insanın birbaşa və ya dolayı tələbatını ödəyir. Lakin hər bir belə şeyi sərvət saymaq olmaz.61
İstədiyimiz şeyləri və ya ne'mətləri Marşall maddi və ya şəxsi və qeyri-maddi ne'mətlərə bölürdü. O, göstərirdi ki, maddi ne'mətlər faydalı maddi şeylərdən ibarət olub, onlar sərəncam vermək və istifadə etmək hüququnu onlardan qazanc götürməyi və ya gələcəkdə qazanc əldə etməyi əks etdirir.
Sərvət anlayışı, hər cür şəxsi sərvətlərin daxil olduğundan ona geniş baxan Marşall onda fərdi və kollektiv sərvətin layını müəyyənləşdirmişdir.
Milli və kosmololit sərvəti fərqləndirən Marşall, sərvətə sahib olmanın hüquqi əsasını şərh etmiş, onun dəyər anlayışı ilə sıx əlaqədar olduğunu göstərmişdir. O, Smitin dəyərin mahiyyətinə olan ikinci münasibətini, yə'ni onun hər hansı bir predmetin faydalılığını, bə'zən də onun başqa ne'mətlərin alınması qabiliyyətini əks etdirdiyini misal çəkir. Bununla da dəyərin mahiyyətinə olan öz şəxsi mülahizəsini belə ifadə edir: "... dəyər anlayışı nisbidir, konkret yerdə və konkret vaxtda iki şey arasındakı münasibəti bildirir".62
Sərvətin mahiyyətindən sonra Marşall ardıcıl olaraq istehsalı, istehlakı, əməyi, əhalinin yaşayış vasitələrini tədqiq edir. Göstərir ki, insan hər cür maddi şeyləri deyil, ancaq faydalı olanları istehsal və istehlak edir. Məhsularlıq anlayışını da faydalılıq baxımından şərh edərək, qeyd edir ki, "ilkin olaraq onu, istehsal vasitələrini və uzunmüddətli tələbatın mənbələrini əks etdirən anlayış kimi başa düşmək lazımdır".63
"Ən zəruri yaşayış vasitələri" ilə məhsuldarlıq anlayışlarını müqayisə edərək Marşall göstərir ki, "Layiqli həyat" şəraitinin yaradılması, müxtəlif iqlim şəraitləri, yaşayış tərzi və adətlərindən asılı olduğundan bir halda yaşayış vasitələrini artıq, digər halda isə çatışmaz edir. Ona görə də məhsuldarlıq işçinin özünün saxlanılması ilə əlaqədar meydana gəlir. Bu baxımdan Marşall qeyd edirdi ki, zəhmətkeşlərin hər cür təbəqəsinin əmək haqqı, onların yüksək əmək məhsuldarlığını tə'min etməlidir. Ən zəruri yaşayış vasitələrini qiymətləndirərkən mövcud yeri və vaxtı nəzərə almaq lazımdır.
Marşall ən böyük elmi xidməti kimi, onun insan həyatı üçün zəruri olan yaşayış vasitələri səviyyəsindən az istehlak etməli, itkilərin törənməsinə səbəb olduğunu göstərməsidir. İstehlak üçün zəruri olan şeylərin ödənilməsindən məhrum olma məhsuldarlığı aşağı salmaqla qənaətə deyil, itkiyə səbəb olur. Bununla yanaşı ən'ənəvi zəruri yaşayış vasitələrinin, yə'ni içki və tütün mə'mulatlarına, dəbdə olan paltarlara, modaya üstünlük verilməsi çox yerlərdə onun məhsuldarlıq elementinə çevrilməsinə səbəb olur. Beləliklə, "məhsuldarlıq anlayışını", "ən zəruri", "zəruri", "layiqli" həyat vasitələri prizmasından tədqiq edən Marşall belə qənaətə gəlir ki, onun özü əmək məhsuldarlığının artması ilə bağlı meydana gəlir. Əmək məhsuldarlığının səviyyəsinə tə'minat verən yaşayış vasitələrindən az istehsal etmənin, qənaətə deyil, itkiyə səbəb olduğunu qeyd edən Marşall gəlir və kapital konsepsiyasını əsaslandırır.
Sənaye-ticarət kapitalının inkişafı ilə əlaqədar olaraq pul gəlirlərinin artımını əlaqələndirən Marşall qeyd edir ki, hər hansı bir işlə məşğul olan adam belə nominal gəliri əldə etməsinə qadirdir.
Sahibkarlıq nöqteyi-nəzərincə "xalis gəlir", "faiz", "mənfəət", "xalis qazanc", "idarəetmə gəliri", "saxta renta" kimi anlayışlar şərh edilir.
Kapital anlayışını konkret və ümumi formada şərh edən Marşall göstərirdi ki, birinci şəraitdə ona Smitin göstərdiyi kimi əmlakın o hissəsini aid etmək olar ki, ondan gəlir əldə etmək mümkündür. Lakin, ümumi şəkildə götürdükdə istehsal amillərindən üçündən, torpaq, əmək və kapital kimi milli gəlirin yaradılmasındakı rolu üzə çıxartmaq mümkündür.
İqtisad elmində formalaşan baxışları nəzərə alan Marşall göstərirdi ki, adətən "kapital" və "sərvət" anlayışlarının istər-istəməz sinonim ifadələr kimi işlədilir. Ancaq nəzərə almaq lazımdır ki, kapital anlayışından istehsal amilləri haqqında söhbət edərkən istifadə etmək lazımdır. Sərvət anlayışından isə istehlak predmetləri və şeylərində əks olunan və müəyyən zövqü ödəyən istehsal nəticələri barəsində danışarkən istifadə etmək lazımdır.
III kitab tələbat və onların ödənilməsinə həsr edilmişdir.
Bu kitabın əvvəlki kitablarla olan əlaqəsini şərh edən müəllif, daha ətlaflı şəkildə tələb və təklif məsələlərinə xüsusi diqqət yetirilir.
Tələbat və fəaliyyət arasındakı əlaqəni tədqiq edən Marşall göstərirdi ki, insanın müxtəlif şeylərə olan tələbatının artması onları hüdudsuz edir. Tələbatın artımı eyni zamanda şeyin faydalılığı ilə bağlı olub insanların istəyindən irəli gəlir. Tələbatın hüdüdsuz xarakter daşımasına baxmayaraq, ayrılıqda hər bir tələbatın nisbi mə'nada son həddi var. Bu insan naturasından irəli gələrək şeyin ümumi faydalılığı ilə bağlı olub, onun hər birini ehtiyata çevrilməsi ilə onun faydalılığının aşağı düşməsinə səbəb olur. Faydalılığın azalması qanununu onun "son hədd" prinsipi ilə əlaqədar olduğunu şərh edən Marşall qeyd edir ki, son faydalılıq, faydalılığın elə kəmiyyətini təşkil edir ki, onun hazırlanması məqsədəuyğun hesab olunur. Beləliklə hər bir adamın, hər hansı şeyin faydalılığının azalması, onun mövcud kəmiyyətindən hər vahid artımı ilə müşahidə olunur.
Faydalılığın azalması qanununu qiymət vasitəsilə izah edən Marşall göstərir ki, hər hansı məhsula, məsələn çaya olan daimi tələb baxımından onun alınması kəmiyyətini izah edir. Qeyd edir ki, alıcının hər funt çay üçün ödəməyə hazır olduğu qiymət, bu onun tələbin son qiymətidir. Beləliklə aydın olur ki, faydalığının azalması qanunu özünü, insanın hər hansı bir şeyi daha çox istifadə etdiyi şəraitdə digər şərtlər daxilində onun az miqdar hər əlavə vahidi üçün ödəməyə hazır olduğu qiymət azalacaqdır. Başqa sözlə ona tələbin son qiyməti azalacaqdır.
Pulun son faydalılığını izah edən Marşall, onun dövlətli adam üçün deyil, kasıb üçün daha çox əhəmiyyət daşıdığını qeyd edir. Bu baxımdan da hər hansı şeyin alınmasına olan həvəsin artması üçün onun böyük faydalılığa malik olması zəruridir. Bu dövlətlilər üçün deyil, kasıblar üçün nəzərdə tutulmalıdır.
Tələb haqqında tam təsəvvürə malik olmaq üçün Marşall qeyd edir ki, müxtəlif qiymətlərə təklif olunan hər hansı əmtəənin alınması üçün alıcının bunlardan hər birini almağa hazır olduğu kəmiyyət vasitəsilə müəyyən etmək olar. Belə şəraitdə tələbin artmasına xüsusi əhəmiyyət vermək lazımdır. Lakin, tələbi bir kəmiyyətlə deyil, qiymət siyahısında insanın almağa hazır olduğu müxtəlif kəmiyyətlər vasitəsilə daha dəqiq izah etmək olar. Beləliklə, əmtəələrin müxtəlif qiymətlərlə müxtəlif kəmiyyətli tələbin formalaşması prosesi və tələb əyrisinin əmələ gəlməsi izah edilir. Fərdi tələbi izah etdikdən sonra o, məcmu tələbi izah edir və bununla da tələb qanununun mahiyyətini şərh edir.
Marşall göstərir ki, tələbin fərdi və məcmu xarakter daşımasından irili-xırdalı bazarların fəaliyyət göstərməsindən asılı olmayaraq bir ümumi tələb qanunu fəaliyyət göstərir. Onun da mahiyyəti ondan ibarətdir ki, nə qədər satılmaq üçün çox məhsul nəzərdə tutulubsa, ona bir o qədər aşağı qiymət qoyulmalıdır ki, o özünə alıcı tapa bilsin.
Əmtəələrin kəmiyyətinə olan tələb onların qiymətinin aşağı olduğu şəraitdə artacaq, qiymətlər yüksəldikcə isə aşağı düşəcək.
Lakin qiymətin aşağı düşməsi ilə tələbin artması arasında eyni qəti nisbəti gözləmək mümkün deyil.64 Bu meyli xarakter daşıyaraq müxtəlif nisbətlərdə müşahidə oluna bilər.
Eyni zamanda biz görürük ki, fərdin hər hansı bir əmtəəni almaq istəyi, bərabər şəraitdə həmin təklif olunan əmtəənin hər vahid artımı ilə aşağı düşəcəkdir.
Marşall bu prosesi tələbatın elastikliyi adlandırmaqla, eyni zamanda tələbin elastikliyini də müəyyən edir. O qeyd edir ki, ayrıca bir adamın tələbində nə baş verirsə, bu bütün bazarın tələbində də baş verir. Marşall tələbin elastikliyi (cəld reaksiya) ilə bağlı belə ümumiləşmə edir: bazarda tələbin elastiklik dərəcəsi, onun həcmi mövcud qiymətlərin aşağı salınması ilə nə ölçüdə artacaq və yaxud mövcud qiymətlərin artımı ilə o nə qədər azalacaq.
Müxtəlif istehlak növlərinin seçilməsinə həsr edilmiş fəsildə müəllif, cari və gələcək dövr üçün tələbatın ödənilməsi üçün vəsaitlərin bölgüsünü izah edir.
Dəyər və faydalılıq fəslində qiymət və faydalılığın qarşılıqlı əlaqəsi şərh edilir. Eyni zamanda istehlak artıqlığı ilə fərdin tələbi arasındakı əlaqə də izah edilir. Burada istər kasıb, istərsə də dövlətli adamlar üçün eyni istehlak şeylərinin, məsələn, çayın və duzun daşıdığı əhəmiyyət nəzərdə tutulmaqla onların bərabər proporsiyada fəaliyyət göstərdiyi qeyd olunur və burada qiymətin faydalılığın real ölçüsünə çevrilməsi prosesi izah edilir.
Maddi ne'mətlərin insanların rifah halının yaxşılaşmasındakı rolu izah edən müəllif qeyd edir ki, mülkiyyətdən fərqli olaraq varlıların orta təbəqəsini və yoxsulların əldə etdiyi gəlir səviyyələri onların rifahları ilə olan əlaqə bir başadır. Çünki, insanın öz gəlirindən olan tələbatının ödənilməsi, yaşayış vasitələrinə malik olduğu ondan başlanır. Sonradan gəlirinin hər faiz artırılması ilə yaşayış vasitələrinin çoxaldılmasına səbəb olur.
Bu da belə bir tezisi əsaslandırır ki, insanlar yaşadıqlarına görə işləyirlər, lakin işlədiklərinə görə yaşamırlar.
İstehsal amillərinə həsr edilmiş ideyalar demək olar ki, Marşall iqtisadi tə'liminin əsasıdır. Çünki, o burada istehsal amillərinə, torpağa, əməyə, kapitala olan ən'ənəvi klassik baxışla ilk dəfə olaraq o bu amillər cərgəsinə təşkili də daxil etmişdir. Eyni zamanda istehsal amillərinə, özündən əvvəlki baxışlara nisbətən tamamilə fərqli şəkildə yaşamır. O göstərir ki, ümumiyyətlə, istehsalın iki amili mövcuddur: təbiət və insan. Kapital və təşkilat insan fəaliyyətinin nəticəsidir və təbiət vasitəsi ilə həyata keçirilir. İnsanın və təbiətin mövcud qüvvəsi və xüsusiyyəti şəraitində bilik və təşkilati işlər sərvət artımının səbəb və nəticəsi kimi üzə çıxır.
İnsan hər cür şəraitdə istehsal problemlərinin məqsədinə və amilinə çevrilir. Eyni zamanda o, istehlak probleminə də aiddir. Bunlardan irəli gələn problemlər "bölgü və mübadilə" üçün ikili əhəmiyyətə malikdirlər.
Əməyin əsas motivi hər şeydən əvvəl hər hansı maddi qazancı əldə etmək istəyidir. Buna görə də əmək özü özünü mükafatlandırsa da lakin onunla əldə olunan qiymət onun təklifini tənzimləyir.
Torpaq amilinin mahiyyətini şərh edərkən Marşall onun məhsuldarlığına diqqət yetirir və onun mexaniki və kimyəvi üsullarını fərqləndirir. İnsan qabiliyyətinin əksinin xüsusiyyətlərinin dəyişilməsinə qadir olduğu sübut olunur. O qeyd edirdi ki, hər şəraitdə əlavə kapital və əməkdən əldə olunan gəlir gec və ya tez azalır.
Torpağın məhsuldarlığının azalmasını əmək və kapital tətbiqi baxımından izah edir və son e'mal həddinin verimini şərh edir. İzafi məhsulun rentaya olan münasibəti müəyyən edilir. Bu əsasdan da Marşall qeyd edir ki, hər cür məhsuldarlığın ölçüsü, müəyyən məkan və vaxtla uzlaşdırılmalıdır.
Hər cür şəraitdə məhsuldarlıq ölçüsü nisbi xarakter daşıyır.
Əhali artımının tarixi doktorinasını tədqiq edən Marşall əsas diqqətini Maltus nəzəriyyəsinə yetirir. Maltus nəzəriyyəsində texniki tərəqqinin rolunun nəzərə alınmamasını qeyd edən Marşall göstərir ki, bunu heç də ona irad tutmur. Əksinə bu əsasdan kəbin kəsmək və doğum əmsallarını müəyyənləşdirir. İqlim şəraitinin, yaş həddinin, yerli adət-ən'ənələrin əhali sakinliyinə olan tə'siri, eləcə də kənd və şəhər yerlərində əhali artımı amillərini müəyyən etməklə İngiltərə əhalisinin tarixini tədqiq edir.
Əhalinin sağlamlığı, mövcud yaşayış vasitələrinin səviyyəsi, peşə tərkibi də öyrənilir. Zəiflərdən imtina olunmanın təbiətini şərh edərkən Marşall göstərirdi ki, məhz əhalinin sağlam və güclü hissəsinin artımı üçün geniş məkanın yaradılmaması zəiflərin yaşamasına səbəb olur.
Təhsilin, peşə hazırlığının, əhalinin artımındakı rolu qeyd olunur və onun milli kapitala çevrilməsi istiqaməti göstərilir.
Sərvətin artımını tədqiq edən Marşall qeyd edir ki, kapitalın az tətbiq olunan olduqca bahalı növləri, olduqca gəlirlidir və onların yığıma yönəldilməsi sür'ətlidir. Təhlükəsizliyi əmanətin mühüm şərti hesab edən Marşall, pul iqtisadiyyatının inkişafını tədqiq edir. Pulun artımı sahibkarlıq qabiliyyətinin məhdudluğu əmanət işinin təşkilinə olan diqqətin artmasını qeyd edir. Üstəlik gəlirin kapitaldan əldə olub olmamasından asılı olmayaraq yığım mənbəyi kimi qeyd edən Marşall, eyni zamanda onun dövlət yığımında təşkil etdiyini göstərir. Bu istiqamətdə kooperativ hərəkatının müxtəlif formalarının üstünlüyə malik olduğu da qeyd olunur.
Beş fəsildə ardıcıl olaraq istehsalın təşkili problemi tədqiq edilir. İstehsalın təşkilinin onun səmərəliliyinə və məhsuldarlığına olan tə'siri məsələlərini tədqiq edən Marşall əmək bölgüsünün maşınlı istehsalın əhəmiyyətini qeyd edir.
İstehsalın təşkilində ayrı-ayrı rayonlarda ixtisaslaşdırılmış istehsalın təmərküzləşməsinə üstünlük verilməsini qeyd edir.
İstehsalın təşkili prosesində iri miqyaslı istehsalın xüsusi rol oynadığını qeyd edən Marşall onun mahiyyətini e'mal sənayesinin timsalında izah edir və onun xammal qənaətindəki üstünlükləri göstərilir. Eyni zamanda müxtəlif istiqamətlərdə iri miqyaslı istehsalla firmaların müqayisəsini verir. Onların müxtəlif istiqamətlərindəki fəaliyyətləri tədqiq edilir.
İstehsalın təşkili prosesində müəyyən müəssisənin idarə olunmasına xüsusi üstünlüyün verilməsini qeyd edən Marşall ilk dəfə olaraq onun istehsalın dördüncü amilli kimi qeyd edir.
İstehsalın təşkili ilə idarə olunmasını fərqləndirən Marşall göstərir ki, sahibkarlıq qabiliyyəti əsasən idarəetmə prosesində meydana gəlir. İstehsalın təşkilindən baş çıxardan, xüsusi fərdi qabiliyyətə malik olub, risk etməyi bacaran biznesmenlərin fəaliyyəti nəticəsində əldə olunan gəlirlərin artırılması, xüsusi fəaliyyət növü kimi qiymətləndirilir.
Kapitala sahib olmayıb, ona qabiliyyəti ilə sərəncam verən biznesmenin əldə etdiyi gəlirin miqyasının artırılması mütərəqqi demokratik ölkələrin ən böyük iqtisadi nailiyyəti olduğu qeyd olunur.
İqtisadiyyatda "daimi verimi tə'min etməklə" artmaqda olan "verimə" keçidin tə'min olunması kollektiv məhsuldarlığın yüksək artımının nəticəsi olduğu qeyd olunur.
Marşall V kitabında tələbin, təklifin və dəyərin ümumi münasibətlərin tədqiqinə həsr edir. Bazarlar haqqında mə'lumatla başlanan kitab, onun məkan baxımından həddinin, ölçüsünün, təşkilinin müəyyənlədirilməsinə diqqət yetirir.
Konkret olaraq tələb və təklif arasındakı nisbəti tədqiq edir və onun fərdi səviyyəsini ilkin olaraq müəyyənləşdirən istək və cəhd arasındakı müvazinatı şərh edir. Göstərir ki, təsadüfi barter mal mübadiləsi şəraitində tam müvazinat fəaliyyət göstərmir. Lakin müstəsna hallarda belə proses baş verə bilər və onu taxıl bazarı timsalında izah edir və göstərir ki, burada müvəqqəti olsa da müvazinata nail olmaq olur. Çünki taxıl bazarında bir qayda olaraq pula olan tələbat geniş şəkildə dəyişmir, lakin əmək bazarında belə dəyişiklik həddindən artıq yüksəkdir.
Normal tələb və təklif şəraitində müvazinatı tədqiq edən Marşall göstərir ki, o tədrici xarakter daşıyır. İstehsal xərclərinin firma səviyyəsində təhlil etməklə onun tədrici müvazinat üçün daşıdığı əhəmiyyət qeyd olunur. İstehsal xərclərinin istehsal amillərinin əvəz olunması ilə əlaqədar dəyişikliklərinin tələb və təklifin tədrici müvazinatına olan tə'siri göstərilir. Təklif şkalası ilə tələb qiyməti arasındakı müvazinatın kəmiyyət müvazinatı və qiymət müvazinatı ilə bağlılığı izah olunur. Bununla əlaqədar qeyd olunur ki, təklif olunan məhsulların qiyməti ilə onların real istehsal xərcləri arasında möhkəm sıxı əlaqə fəaliyyət göstərmir. Ona görə də firma tələb səviyyəsini nəzərə almaqla "vaxtın müddəti ilə" müvazinatın normal vəziyyətini yaratmalıdır.
Faydalılığın dəyərə olan tə'siri qısa müddətli xarakter daşıyırsa, lakin istehsal xərcləri isə vaxtın müddəti ilə bağlıdır.
İnvestisiyanın resursların bölgüsünə olan tə'siri müxtəlif səviyyələrdə ev təsərrüfatı, sahibkarlıq fəaliyyəti, dövlət təsərrüfatı şəraitindəki xüsusiyyətləri göstərir. Bu istiqamətdə son istehsal xərcləri ilə dəyər arasındakı nisbətin öyrənilməsindəki çətinlik izah edilir.
"Əvəz olunmanın" son həddin müvazinat nöqtəsinin tapılması üçün olan əhəmiyyətinin müəyyənləşdirilməsi vacib cəhət kimi qeyd olunur.
Göstərilir ki, məhz əvəz olunma vasitəsi ilə müvazinatı bərpa etmək və ya yaratmaq olar. Əvəz olunma ideyasının təkcə istehlak şeyləri alternativ son həddinə deyil, eyni zamanda onun istehsal amilləri üçün tətbiq olunmasının xüsusi əhəmiyyəti var.
Əsərin V fəslində normal tələb və təklifin müvazinatını uzun və qısa müddət ərzində müəyyənləşdirilməsi ideyası demək olar ki, müvazinat prosesinin fasiləsiz xarakter daşıdığını göstərir.
Nəzərə almaq lazımdır ki, vaxt amillinin bütün iqtisadi problemlərdə roluna diqqətin yetirilməsi olduqca mürəkkəb məsələlərdəndir. Bu problemlə əlaqədar Marşall tədqiqatında ilk dəfə olaraq xarici və daxili, əsas və əlavə istehsal xərcləri arasında fərqin qoyulması ideyasını da irəli sürmüşdür.
Əsərin sonrakı dörd fəslində son istehsal xərclərini tədqiq edən Marşall onun dəyərə olan nisbətini aydınlaşdırır. Burada da son istehsal xərclərinin formalaşmasının ümumi prinsipləri, onun əsas və əlavə hissələrinin məhsulun dəyərinə olan nisbəti eləcə də onun məhsulun tələb və təklifinə olan tə'siri öyrənilir.
Xalis məhsulun mahiyyəti ilə əlaqədar Marşall olduqca tutarlı əsasla qeyd edir ki, əmək haqqı, mənfəət, renta, gəlirin formaları kimi onlar məhsulun həqiqi mahiyyətini əks etdirir. Bununla yanaşı o qeyd edir ki, təbiət elmlərində olduğu kimi, iqtisad elmində də onun elementlərinə xalis şəkildə rast gəlmək mümkün deyildir.
Ona görə də xalis məhsul anlayışı da nisbi xarakter daşıyır.
Renta və diferensial renta arasındakı fərqin və uyğun cəhətləri göstərən Marşall qeyd edir ki, onların gəlir forması kimi mövcud olması hər şəraitdə torpağın məhdudluğu ilə əlaqədardır. Rentanın, pis torpaqların mövcud olması ilə əlaqədar meydana gəlməsini qeyd etməklə yanaşı, eyni zamanda pis torpağın son hədd kimi mövcudluğunu göstərir və istehsalın pis amillərinin olması, yaxşı amillərdən rentanı artırmır, əksinə onu azaldır.
Kənd təsərrüfatında son istehsal xərclərinin dəyərə olan nisbətini müəyyən etməklə onun mövcud əkin sahələrində və yeni salınan əkin sahələrində kəsb etdiyi xüsusiyyətlər izah edilir. Eyni zamanda belə bir ümumiləşmə edilir ki, müxtəlif məhsuldarlıq səviyyəsinə malik olan torpaq sahələrin mgvcud olması renta ilə törədilir. Lakin istehsal prosesi şəraitində renta, istifadə olunan resursa görə üstəlik dəyər kimi görsənir. Bu da məhsullara olan tələbin artımı və təklif olunan əməyin yüksəlməsi ilə əlaqədardır.
Kənd təsərrüfatında rentanın əmələ gəlməsi ilə şəhərlərdə onların yaranması arasındakı fərqli cəhətləri qeyd edən Marşall burada gedən rəqabət prosesinin xüsusiyyətlərini vergiyə cəlb olunması cəhətləri şərh edir.
Rentanın əmələ gəlməsi, istehsal xərclərinin həddinin müəyyən edilməsi, Marşala normal mənfəətin əldə olunması mexanizmini müəyyən etməyə imkan vermişdir. O qeyd edirdi ki, əmtəənin normal istehsal xərclərinə, onun istehsalı ilə bağlı edilən riskə görə elə haqq daxil edilməlidir ki, o istehsalçının xərcini, itirdiklərini, sə'y və bacarığını əhatə edən mənfəətin yaradılmasına imkan yaratsın. Bu baxımdan müxtəlif maraq dairələrinə uyğun olaraq görəcəkləri hər hansı bir iş üçün (dəmir yollarının su kəmərlərinin və s.) birgə xərc çəkmələrinə səbəb olur. Əsərdə torpaq sahələrinin qiyməti, icarə haqqlarının müəyyən olunması, tikinti işlərinin aparılması və eyni torpaq sahələrində onlarla bağlı rəqabətin aparılması, torpağa olan tələbin formalaşması prosesi də şərh edilir. Maraqlı məsələlərdən biri də normal tələb və təklifin müvazinatı məsələsini, verimin artımı qanunu və maksimum ödəmə prinsipi çərçivəsində şərh olunmasıdır. Burada normal tələb və təklifin daimi azalan və artan verim şəraitindəki xüsusiyyətlərini, vergi səviyyəsini, istehsalın miqyasını, istehsal xərclərinin həcmi təhlil edilir.65
İnhisar nəzəriyyəsinə həsr edilmiş V kitabın XIV fəsli inhisarçının məhsulların kəmiyyətindən və müəyyən etdiyi qiymət səviyyəsindən əldə etdiyi qazancla əhalinin aşağı qiymətlərdən əldə etdiyi qazanc müqayisə edilir.
İnhisar şəraitində tələblə təklif tarazlaşdırılır ki, inhisarçı öz məhsulunu xalis gəlir gətirdiyi halda reallaşdırır. Xalis gəlirin tərkibinə normal mənfəət, kapitalın istifadə olunmasına görə faiz və ziyana görə sığorta daxil edilir. Əgər adam özü öz istehsalını idarə edirsə, onda idarə etməyə görə gəlir çox halarda inhisar gəliri formasını alır.
İstehsal olunan əmtəələrin kəmiyyətindən asılı olmayaraq inhisara görə verginin müəyyənləşdirilməsi istehlakın miqyasını ixtisar etmədiyini göstərən Marşall, qeyd edir ki, belə şəraitdə inhisar gəlirinin məbləği dəyişilir.
Ona görə də verginin tətbiqi inhisarçının fəaliyyətinin dəyişdirilməsinə tə'sir göstərir. Hətta əgər bu vergi proporsional olaraq inhisar gəliri ilə tətbiq olunsa da elə ciddi dəyişiklik baş verməyəcəkdir. Lakin, bu vergi istehsal olunan məhsula görə tətbiq olunsa, onda, inhisarçı istehsalının miqyasını dəyişdirməyə məcbur qalacaqdır.
İnhisar qiyməti ilə rəqabət qiymətini müqayisə edən Marşall göstərir ki, əgər inhisarçı istehsalçı, bazara çıxartdığı əmtəənin təklif qiyməti, bu əməyə olan təlb qiyməti ilə uyğun gələrsə, onda o inhisarçı gəlirindən məhrum olar.
Çünki, inhisarçı gəlirinin maksimum səviyyədə tə'min edən əmtəələrin kəmiyyətin həmişə az olur. Onda elə görünə bilər ki, mövcud inhisar şəraitində istehsal olunan əmtəələrin kəmiyyəti həmişə az olur, lakin onun istehlakçı üçün qiyməti, olmadığı şəraitdəkindən yüksəkdir.
İş burasındadır ki, istehsal bir əldə cəmləşdiyi şəraitdə mövcud istehsal xərclərinin məbləği, adətən bir neçə rəqabət aparanlara nisbətən az olur.
Çünki, rəqabət aparanlar öz mövcud mövqeylərini möhkəmlətmək diqqəti cəlb etmək, tamamilə məcmu xərclərini artırmağa məcbur olurlar. Xüsusən müxtəlif növlü reklam xərclərini buna misal çəkmək olar. Lakin iri istehsal da müxtəlif qənaətlərin həyata keçirilməsinə, texnoloji təkmilləşdirməyə, yenilikçiyə nail olmaq imkanlarına malik olurlar.
Əgər dəmir yolu bir inhisarçının əlindədirsə, onda onun xidmətindən istifadə edənlərin ona tələbi artdıqca "inhisar gəlirinin qiyməti" azalır. Ancaq inhisar prosesi pozularsa, dəmir yolunda rəqabət baş verərsə, belə şəraitdə köhnə dəmir yolu kompaniyası sərnişin daşınmasını aşağı taariflərlə həyata keçirtmək məcburiyyətində qalırlar. Deməli, inhisar xammal prosesi ilkin şəraitdə inhisar gəlirinin artımına, rəqabətin əmələ gəlməsinə səbəb olursa, sonrakı şəraitində inhisar gəlirinin azalmasına və rəqabətin dərinləşməsinə və azalan inhisar gəliri həcmində həmin məhsuldan və xidmətindən istifadə edənlər qazanırlar və onlar daha çox faydalana bilirlər.
Göründüyü kimi Marşall bununla sübut edir ki, inhisar iqtisadi məsələləri həll etmir, əksinə onların praktiki həlli məsələsini qaldırır.66
Əsərin sonuncu, XV fəsli tələb və təklif müvazinatı nəzəriyyəsinin ümumi xülasəsinə həsr edilmişdir.
Burada yenidən bazarlar haqqında, tələb və təklifin müvəqqəti və normal müvazinatı barədə, vaxt amilinin rolu ilə əlaqədar xülasələr qeyd edilmişdir.
Marşall "Prinsiplərin" iqtisadi tədqiqatının sonuncu VI kitabı milli gəlirin bölgüsünə həsr edilmişdir.
Bölgü prosesinin, işçilərlə kapital və torpaq sahibləri arasındakı gedişatı vasitəsilə öyrənən Marşall onun fiziokratlar və klassik məktəb nümayəndələri tərəfindən qəbul edilmiş formasına öz münasibətini bildirmişdir.
Gəlirlərin formalaşmasında əsas yer tutan əmək haqqının müəyyən edilməsində konkret iqtisadi şəraitin nəzərə almağın vacibliyini qeyd edən Marşall, artıq ona qədər mövcud olan "əmək haqqının dəmir qanunu" tezisinə həyat səviyyəsinin dəyişilməsi ilə diqqətin verilməsini göstərir.
Bununla əlaqədar maddi ne'mətlərin bölgüsü forması kimi əmək haqqının, Rikardonun, Milin, Maltusun və digər iqtisadçıların bu istiqamətdə göstərdikləri fikirlərin sadəliyini qeyd edən Marşall, göstərir ki, bu məsələ olduqca mürəkkəbdir.
Əməyə və kapitala olan tələbin məhsuldarlıq nöqteyi-nəzərincə tədqiq edən Marşall, belə qənaətə gəlir ki, ilkin bölgü əgər normal əmək məhsuldarlığı ilə əlaqədardırsa, lakin sonrakı törəmə bölgü, əmək məhsuldarlığının yüksəldilməsi ilə əlaqədar olmalıdır. İstehsal amillərinin təklifinə tə'sir göstərən amillərin, eyni zamanda tələbə və bölgüyə də tə'sir göstərir. Bu istiqamətdə də istifadə olunan amillərin hər birinin son həddini və son məhsuldarlığını aydınlaşdırır və o göstərir ki, yalnız belə şəraitdə tələb və təklif arasında dəyişiklik baş verə bilər. Əmək və kapitala olan tələb və təklifin dəyişilməsi, onların tətbiqinin son məhsuldarlığından asılılığı, rəqabət şəraiti ilə bağlı olduğu qeyd olunur.
Marşall belə bir fikirə əsaslanır ki, kapitalın məhsuldarlığı ondan əldə olunan gəlirin ölçüsündən asılıdır.67 Çünki kapital tətbiqi, insan əməyindən ucuz başa gəlirsə, onda sahibkar işçilərin bir qismini işdən xaric etmək məcburiyyətində qalır və ya əksinə. Ona görə də kapitalın rəqabəti ilə bu ya digər maşının hər hansı bir sahədəki tətbiqi rəqabətini fərqləndirmək lazımdır. Əgər maşın hər hansı konkret əmək növünü əvəz edə bilərsə, lakin kapital ümumiyyətlə əməyi əvəz edə bilməz. Lakin bir formadakı əməyi başqa formadakı əməklə əvəz olunmasına şərait yarada bilər. Bu da qısa müddətə əmək nəticələrinin gözləməsini, uzun müddətli gözləmə ilə əvəz olunmasına səbəb olacaq.
"Milli gəlir" və "milli dividend" anlayışlarını şərh edən Marşall göstərir ki, sonuncunun əhəmiyyəti yeni tələbatların ödənilməsi üçün nəzərdə tutulacaq milli gəlirin bölgüsü üçün əhəmiyyətlidir.
İstehsal və istehlak korrelyasiyasını tədqiq edən Marşall qeyd edir ki, məhsulların iqtisadi tə'yinatından asılı olaraq milin dividend, məcmu xalis məhsulun həcmi ilə uyğun gələ bilər.
Əmək haqqının səviyyəsinin artımını əmək məhsuldarlığının yüksəldilməsi ilə əlaqələndirən Marşall qeyd edirdi ki, bərabər şərait daxilində hər hansı sahədə xalis əmək məhsuldarlığının yüksəldilməsi, digər sahələrdə real əmək haqqının yüksəldilməsinə səbəb olur.68 Bunu ayaqqabı istehsalı timsalında şərh edir.
Müxtəlif kateqoriyalı işçilər arasındakı münasibətə toxunan Marşall, göstərir ki, idarəetmə qabiliyyəti təklifinin artımı fiziki əməklə məşğul olanların əmək haqqını yüksəldir.
Belə şəraitdə təkmil rəqabətin rolu, bazarın ideal vəziyyəti nəzərə alınmalı, risk etməyin həddi müəyyənləşdirilməlidir.
Kapital və əmək arasındakı rəqabətə toxunan Marşall göstərir ki, onların tətbiqi sferasından asılı olaraq uzun və qısa müddətli gözləmələri arasındakı həddi nəzərə almaq lazımdır. Kapital artımı onun tətbiqinin son istehsal xərclərini azaldır və real əmək haqqını yüksəldir.
Beləliklə də, qeyd olunur ki, işçilərin gəlirlərinin səviyyəsi avans edilmiş kapitalın həcmindən asılıdır.
Kapital və əmək münasibətini əhatə edən bölgü sistemi göstərir ki, onda bu iki amilin qarşılıqlı fəaliyyəti olduqca əhəmiyyətlidir. Çünki kapital tətbiqi sferasını nəzərə almadan əmək tətbiqi haqqında danışmaq əslində bölgü nəzəriyyəsindən uzaqlaşmaq deməkdir. Əməyin enerjisindən, çevikliyindən asılı olaraq kapitalın bol nəticəsi əldə edilir və ondan asılı olaraq əmək nəticələri də qiymətləndirilir. Kapital və əmək arasındakı əməkdaşlığa xüsusi əhəmiyyət verən Marşall göstərdi ki, bu bir növ əyrici ilə toxucunun əməkdaşlığına bənzəyir. Hər birinin çiçəklənməsi, digərinin enerji və gücündən asılıdır. Halbuki, bunların hər biri müvəqqəti, bə'zən də daimi başqasının hesabına milli dividendlərdən bir qədər artıq pay ala bilərlər. Lakin müasir dünyada xüsusi sahibkarlıq vəziyyəti elədir ki, hərənin az bir miqdar əldə etdiyi kapital, ona gözləmək imkanı vermir. Çünki, onlar bu az kapitalla böyük bir sənayeləşmə mexanizminin qarşısında dururlar.
Kapital sahibləri ilə fəhlələrin maraq işləri onlara yaxınlaşır və uzaqlaşır. Ona görə də idarə edənlər həm kapital sahiblərindən həm də fəhlələrdən möhkəm yapışıb, kapitalın və əmək haqqının artırılması və öz sahibkar mənfəətlərinin yüksəldilməsi uğrunda əzmlə çalışırlar.
Bu istiqamətdə əməyə görə gəlir, kapitala görə faiz və mənfəət, sahibkarlıq qabiliyyətinə görə mənfəət, torpaq rentası, torpaqdan istifadə etmə ətraflı şəkildə tədqiq edilir.
Əvvəlki səkkiz fəslin qısa xülasəsini şərh etməklə Marşall bölgüyə bir daha ümumi səpkidə yanaşır.
Bölgü sistemində və onun tənzimlənməsində istehsalın müxtəlif maddi və insan amillərinin rolunun nəzərə alınması, onların qarşılıqlı tə'sirə mə'ruz qalmasının diqqət mərkəzində saxlanılması zərurəti qeyd olunur. Beləliklə də kapitalın necə artması hesabına, iş qüvvəsindən nə cür istifadə etmək imkanları haqqında problemin diqqət mərkəzində saxlanılması, onların əmək məhsuldarlıqlarının yüksəldilməsi göstərilir. Son hədd məhsulunun müəyyən edilməsi, işçilərin işlə tə'min olunması, son məhsuldarlığın nəzərə alınması bölgü prosesi üçün vacibliyi şərh edilir.
Kapitalın və əməyin tətbiqinin miqyası əsasında ümumi tərəqqinin müəyyən olunması, onun milli gəlirin səviyyəsinə tə'siri tədqiq olunur. Xarici ticarətin, emal sənayesinin inkişafı kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı əmək məsrəflərinin azaldılması tərəqqinin həm səbəbi, həm də nəticəsi kimi qeyd olunur.
Tərəqqi ilə həyat səviyyəsi arasındakı əlaqəni göstərən Marşall "Ümumi qaydalar" əsasında milli gəlirin əldə olunmasına və bölgüsünü şərh edir və sosial tərəqqinin istiqamətlərini izah edir.
VI kitab Azad sənayenin və sahibkarlığın artımı, iqtisad elminin inkişafı, iqtisad elminin predmeti və metodu, iqtisad elmində abstrakt düşüncələrdən istifadə, kapitalın mahiyyəti, barter ticarəti və s. əlavələrlə yekunlaşır.
Dostları ilə paylaş: |